Türk elləri: Tuba türkləri – Tubalar (1)

Altaylarda yaşayan və hazırda tarixin səhnəsindən silinib getməkdə olan türk xalqlarından biri də Tuba türkləri və xalq tərəfindən özlərinə verilən adla tanınan Tubalardır. 
1926-cı il istisna olmaqla Tubaları uzun müddət altaylıların tərkibində göstərmişlər. Yalnız 2000-ci il mart ayının 24-də Rusiya Federasiyası Hökumətinin qəbul etdiyi 255 saylı qətnamə ilə Tubalar azsaylı xalq hesab edilmişlər. 2002-ci ildə Rusiya Federasiyasında keçirilən siyahıyaalma zamanı onlar müstəqil xalq kimi göstərildilər. 2002-ci ildə keçirilən seçkilər zamanı Rusiya Federasiyası ərazisində 1565 nəfər Tuba türkünün yaşadığı məlum oldu. Onlardan 1533 nəfəri Altay Respublikasında əsasən Çoysk rayonunda yaşayırlar.

 

Dil

Tubalar dilinin Şimali Altay, yoxsa qırğız-qıpçak (hakas) alt dil qrupuna aid olması məsələsi uzun müddət dilçilər arasında mübahisə obyekti olub. Ədəbi normalar baxımından Tubalar dili Şimali Altay dialektlərinə daha çox yaxındır. Lakin Tubalar dilində  Cənubi Altay dillərinə yaxın olan əlamətlər də az deyil. A. N. Samoyloviç Tubalar dilini qıpçak alt qrupuna aid edib. Əksər müasir dilçilər isə karluk və qıpçak dillərini eyni qrupda birləşdiriblər və nəticədə karluk və qıpçak alt qrupları siyahıdan çıxarılıb. Bu da Tubalar dilinin hansı dil qrupuna aid olması barədə diskussiyaları müəyyən qədər aradan qaldırmış olub. Tuba türklərinin dilində əlifba yoxdur və bu dil kifayət qədər az öyrənilib. Ona görə də tubalılar əsasən Altay dilində danışmağa üstünlük verirlər. Bu da əsassız deyil. Çünki onlar eyni millətdirlər. Burada bir faktın  üstündən sakitcə keçmək mümkün olmur. Bu da Rusiyanın assimilyasiya siyasətinə uyğun şəkildə türk xalqlarını ayrı-ayrı rayonlara bölməklə məhəlli, guya fərqli dillərə onların malik olmasını iddia etmək, bu yolla onları tarixin səhnəsindən silmək istəyi ilə bağlıdır. Faktiki olaraq Tubalar Altayda yaşayan eyniköklü, ancaq cüzi ləhcə ilə bir-birindən fərqlənən türklərdir. Ləhcə fərqini dil kimi qələmə verməkdə məqsəd bu türk xalqlarının daha tez assimilyasiyasını həyata keçirmək siyasətindən başqa bir şey deyil.

 

Qırğız-qıpçak əlamətləri

Tubalar dilində b-və d (həmçinin j) saxlanılıb. İntervokal və auslaut vəziyyətində -b- və -ğ-işlənməsindən asılı olaraq, v və ya j-yə çevrilə bilər.

Tarixi

Tubaların adına ilk dəfə VI əsrə aid  Çin yazılı mənbələrində (salnamələrdə) “dubo” formasında rast gəlinir. Çin dilindən tərcümədə “dubo” tayqada xizəklə ov edən tayfa deməkdir. V. V. Radlov yazır: “Qara tatarlar – tatar dilindən tərcümədə “yış kiji” ( (yaş kişi) mənasını verir”. İş orasındadır ki, bütün bu tatarlar əsasən Katun çayından şərqdəki iynəyarpaqlı meşələrdə yaşayırlar. Ruslar onları cern (qara camaat) və ya çernevımi tataramı (qara tatarlar) adlandırırlar. Onları türk-tuqyulara aid edilən qədim samoyed dubo xalqının (Tofa, Karaqas, Tuba- Altay, Tuvin- Uryanxay) varisləri hesab  edirlər.

1897-ci ildə Rusiyada keçirilən siyahıyaalma zamanı Tuba türklərinin  yaşadıqları ərazi 4 aymaqa (oymaq) – Komlyaş, Sarıkokşa çayı ətrafındakı Yujskaya (Kuzya, Inırqa, Paspaul və Salqanda qəsəbələri), Kuzen (Kayna, Baktısu, Eqinak qəsəbələri) həmçinin kumandinlilərə qonşu olan Bii Komlyaşskaya çayları vadisində (Tuloy, Kebezen, Pıja qəsəbələri) və Teletsk gölünün hər iki tərəfində teleslərlə sərhəddəki Kerqeş-ə bölünürdü. Tuba türkləri 22 seokdan-soydan (komdoş, tyus, çaqat, toqus, kuzen, tibələr, sanmay, baylaqas və başqaları) ibarətdir. Tuba türklərinin dilləri və mədəniyyətlərində Cənubi Altay türklərinə xas olan elementlər kifayət qədərdir. Bu da tubalıların Cənubi və Şimali Altay türkləri ilə sərhəddə yaşamaları ilə əlaqədardır. Bu da, öz növbəsində, tubalıların altay kijilər, kumandinlilər və çelkanlarla mədəni tarixi baxımdan qaynayıb qarışmasına gətirib çıxarıb. Tuba türklərində antropoloji baxımdan monqolid əlamətləri az hiss edilir. Bunun əksinə olaraq, onlarda avropoid irqinə xas olan əlamətlər daha çoxdur. Tuba türklərində sarısaçlı və mavigözlülərə daha çox rast gəlinir.  Qeyd edək ki, etnoqrafik mədəniyyət baxımından Şimali Altayda yaşayanlar ovçuluq, balıqçılıq, əkinçilik, yabanı yeməli meyvələrin yığılmasında özünəməxsus ənənələrə malikdirlər və bu tip məsələlərdə Cənubi Altaylarda yaşayanlardan fərqlənirlər. Bundan əlavə, Tuba türklərində dəfn mərasimləri də fərqlidir. Məsələn, Tuba türkləri ölünü tabuta qoyduqları halda, Cənub Altayda yaşayanlar ölünü kurqanlarda ( kurqan- gor-gur-qan, gor yeri) dəfn edirlər. Bu da onların daha çox dini inamı ilə bağlıdır. Əslində qədim türklərdə məşhur dövlət adamlarını, sərkərdələri əyanları  kurqanlarda dəfn ediblər.  Yəni Cənubi Altayda qədim türk adət-ənənələri bu gün də yaşamaqda davam edir. Tubaların ölünü tabutda dəfn etməsi onlara sonralardan keçib və kurqanla müqayisədə ölünü tabutda dəfn etmək daha rahat və asan başa gəlir. Ola bilsin ki, bu. Altayda ruslar tərəfindən xristianlığın yayılması ilə bağlıdır. Əlbəttə, Tubalarla onlara qonşu olan və onlarla, demək olar, eyni dildə danışan türklər arasında bu fərq onların heç də ayrı-ayrı millət olması anlamına gəlmir. Bu daha çox yeni adət ənənələrin bəzi hallarda köhnə adət-ənənələri sıradan çıxarması və onları əvəz eləməsi ilə bağlıdır. Belə hallara isə dünyanın hər yerində rast gəlinir. Amma yenə də qeyd etmək istəyirik ki, bu gün qədim türk yurdu olan Altayda və Sibirdə yaşayan türkləri ayrı-ayrı məhəlli qruplara bölməklə onları az qala fərqli millət kimi qələmə verməyin arxasında Rusiyanın assimilyasiya siyasəti dayanır.

 

Təsərrüfat

Tuba türklərinin təsərrüfat məşğuliyyətləri bölgədə yaşayan digər xalqlarınkından, demək olar ki, fərqlənmir. Tuba türkləri də tayqa şəraitində ovçuluqla, yabanı meyvələr yığmaqla  məşğul olurlar. Ov zamanı ağac tələlərdən, ov quyularından, vəhşi heyvanlar üçün nəzərdə tutulan xüsusi ağac arakəsmələrdən istifadə edirlər. Uzun müddət Tuba türkləri ov zamanı yay-oxdan istifadə ediblər. Yalnız 19-cu əsrdən başlayaraq, Tuba türkləri ov zamanı tüfəngdən istifadə etməyi öyrəndilər. Ov yalnız hər soya aid edilən ərazilərdə aparılırdı. Hər hansı bir tayfa digərinin ərazisində ov edə bilməzdi. Bu, yazılmamış qanunlardan idi və Altay türkləri buna ciddi şəkildə əməl edirdilər. Amma XIX əsrin ortalarına kimi bəzən bu yazılmamış qanunlar pozulurdu və onda ox-yay işə düşür, günahsız insanlar  məhv edilirdi.

Ovçuluqla məşğul olmaları Tuba türklərinin geyimində də özünü xüsusi ilə göstərib. Tubalılar ov zamanı qısa kətanla örtülən tüklü dəridən tikilən gödəkcələr geyinirdilər. Onlar heyvan dərisindən şalvar, köynək tikirdilər. Ayaqlarına dəri və kətandan hazırlanan iki qatdan ibarət ayaqqabı geyinirdilər. Corab əvəzinə, ayaqlarını quru otlarla sarıyırdılar. Qış çəkmələrini maral ayaqlarından çıxarılmış, yerli dildə kamus adlandırlan dəridən hazırlayırdılar. Papaqlarını isə voylokdan-keçədən hazırlayırdılar.

Gündəlik yeməklərində ən çox qızardılmış arpa (talkan) və vəhşi heyvan ətinə üstünlük verirlər. Tubalıların evləri konus formada olan komalardan ibarət olurdu. Eyni zamanda onlar özlərinə kepere ail adlandırılan 4 künclü evlər də inşa edirdilər. Bu evlərin damı konusvari olurdu. Evlərin üstü, adətən,  tozağacı ilə örtülürdü. Rusların bölgəni işğal etməsi və buraya rusların köçürülməsi prosesinə başladılması Tuba türklərinin də həyatında müəyyən dəyişikliklərə səbəb oldu. Tuba türkləri heyvandarlıqla, arıçılıqla, bostanla məşğul olmağa başladılar və onlar tədricən oturaq həyata keçdilər. Onlar ağacdan hazırlanan rus izbalarında ( komalarında) yaşamağa keçdilər. SSRİ dövründə Tuba türklərinin yaşadıqları ərazilərdəki meşələrin qırılmasına başlandı və bu onlar arasında ovçuluq məşğuliyyətlərinin zəifləməsinə gətirib çıxardı. Yəni əslində Tuba türkləri SSRİ-nin tələbatı üçün meşələrdən ağac qırılmasına cəlb edildilər.

ƏZIZ MUSTAFA