Türk elləri: Çulım türkləri (2)

Quruda çulımlılar atlara və itlərə qoşulmuş arabalar və xizəklərlə hərəkət edir, çaylarda isə xüsusi ağac növlərindən (tozağacı) hazırlanan qayıq və gəmilərdən istifadə edirlər. İndinin özündə də çulımlılar dədə-baba adət ənənələrinə uyğun şəkildə yuxarıda adı çəkilən bu nəqliyyat vasitələrindən istifadə etməyə üstünlük verməkdədirlər.
Çulım türkləri günümüzdə də qədim türklər kimi yay (yaylaq) və qış (qışlaq) yaşayış ənənələrini yaşatmaqdadırlar. Çulım yaşayış məskənləri olan uluslar yayda əkinçilik, balıqçılıq, heyvandarlıq, qışda isə ovçuluq üçün nəzərdə tutulub. Əsrlər boyu çulımlılar çöl şəratində yaşayan əksər türklər kimi qışda yarısı yeraltında olan qazmalarda (odıq, qışlaq) yaşayıblar. Qazmalar yarıpiramidalar şəklində inşa edilir və konusvari, düzbucaqlı və ya çoxbucaqlı damla örtülürdülər. Amma tədricən çulımlılar rusların yaşayış məskənləri olan izbalara (ağac daxmalara) üstünlük verməyə başladılar. Evlərin interyerini Çulım türkləri özlərinəməxsus şəkildə bəzəyirlər. Onlar toxunma çuvallardan divarların bəzənməsində daha çox istifadə edirlər. Evlər qışda gil peçlər vasitəsi ilə isidilir. Bu peçlərin üzərində həm də yemək bişirilir. Yatanda və dincələndə isə yer səthindən 80-100 santimetr hündürlükdə qurulan taxta çarpayılardan istifadə edirlər. Evin daxilində qab-qacaq qoyulması üçün xüsusi rəflər olur. Kənd yerlərində yaşayan Çulım türkləri ən qiymətli əşyalarını sandıqlarda (sunduk) saxlayırlar. Adətən tarixdən gələn ənənəyə uyğun olaraq Çulım yaşayış evlərinin ətrafında (və ya ona bitişik) müxtəlif əşyaları saxlamaq üçün ambarlar, saraylar, həmçinin heyvanlar üçün tövlələr inşa edilir.

Yuxarıda qeyd etdiyimiz kimi Çulım mətbəxinin əsasını balıq, vəhşi çöl quşları, yabanı bitkilər təşkil edir. Balığı hisə verərək qurudur və sonra ondan qışda ən dadlı yemək kimi istifadə edirlər. Bundan əlavə arpadan ( təmizlənmiş və qurudulmuş arpadan hazırlanan sıyıq) və süddən hazırlanan (pendir, kəsmik) yeməklərə də üstünlük verilir.

Ümumiyyətlə götürdükdə isə inqilaba qədər çulımlılar Rusiyada ən təsərrüfatçı xalq hesab edilirdilər. Belə ki, 1912-1913-cü illərdə 236 Çulım türkünə aid şəxsi təsərrüfatda 1064 at, 238 təsərrüfatda isə 2134 iribuynuzlu mal qara, o cümlədən 985 sağmal inək, 657 öküz, 13 buzov və 503 düyə vardı. Əhali arasında qoyun saxlayanların da sayı çox idi. Belə ki, həmin dövrdə Çulım türkləri 1306 baş qoyun saxlayırdılar. Ümumiyyətlə götürdükdə isə inqilaba qədər hər bir Çulım türkünün şəxsi təsərrüfatında orta hesabla 16-18 baş heyvan vardı. Həmin dövrdə 216 Çulım türkü həyatyanı sahəyə (bağ-dirrik)  malik idi. Heyvandarlığın geniş inkişaf etdirilməsi çulımlılar üçün gəlirli sahəyə çevrilmişdi. Məsələn, 1912-1913-cü illərdə çulımlılar bazarda 547 baş heyvan satmışdılar və bundan 11 min 273 rubl qazanc əldə etmişdilər. Bu, o vaxt üçün böyük pul demək idi. Yenə də həmin dövrdə 30 Çulım türkü şəxsi bazarda 251,25 pud (4 ton 20 kilo) yağ satmış və bundan 3016 manat gəlir əldə etmişdilər. Amma Rusiyada baş verən inqilab çulımlıların şəxsi təsərrüfatlarının ləğvinə gətirib çıxararaq, onları açlıq və ölümə sürüklədi.

Assimilyasiya siyasəti

XX əsrin əvvəllərindən başlayaraq Çulım türklərinin böyük hissəsi dövlət tərəfindən düşünülmüş şəkildə həyata keçirilən assimilyasiya siyasətinə məruz qaldı. Çulım çayının aşağı axarlarında (Yai, Kii) yaşayan çulımlılar tam şəkildə ruslar tərəfindən assimilyasiyaya uğradılar. Hazırda Çulım türklərinin yaşadığı Tequldet rayonunda, o cümlədən Kaştak və Apkaşevo qəsəbələrində 1856-cı ilə kimi ruslar yaşamayıblar. Yalnız 19-cu əsrin 60-cı illərindən başlayaraq ruslar Tequldet rayonunda görünməyə başladılar. 20-ci əsrin əvvəllərində Tutal-Meletsk (Tequldet rayonu) inzibati ərazisində 1257 nəfər (609 kişi, 548 qadın, 252 ev təsərrüfatı) yaşayırdı. Onlardan yalnız 96 nəfəri rus ( 16 ailə + iki yeni köçürülmüş rus ailəsı) idi. Assimilyasiya və ərazinin ruslaşdırılması siyasəti nəticəsində isə 1996-cı ildə Tequldet rayonunda yaşayan 9138 nəfərdən 7728-i rus, 742 nəfəri Çulım türkü,159 nəfəri ukraynalı, 119 nəfəri belarus, qalanları isə digər millətlərin nümayəndələri idilər.

Çulım türklərinin assimilyasiyası ilə bağlı digər bir fakta nəzər salaq. 20-ci əsrin əvvəllərində çulımlılar 24 qəsəbədə (yurtlarda) yaşayırdılar. Hər bir qəsəbədə təxminən 20-80 nəfər yaşayırdı. Bu qəsəbələrdən ən böyüyü Tutalı hesab edilirdi. Tutalıda Tutal-Boqoqyavlenskaya kilsəsi vardı. Çulım çayının yuxarı axarlarında Yenisey quberniyası ilə sərhəddə çulımlılar yaşayan Rubej, Rubej-1, Kojanov, Piştakov, Budeyev, Köhnə (starıe) Tutalı, Yuxarı (Verx) Skoblinı, Tyuzunovo, Şumilovo, Tarlaqanovo, Kuyanovo, Çunyaşkin, Tutalskoe kəndləri, Verşinka, Bayqalı qəsəbələri və Abkaşevı yurdları yerləşirdi. Həmin dövrdə əhali artımı nəticəsində Çulım türklərindən ibarət Novaya derevnya (Yenikənd), Tızıraçev, Bereqayevo, Xoxlayev, Stanok, Munı və Perevoznoe kəndləri yaranmışdı.

Hazırda həmin kəndlərdən yalnız Skoblino (Verx Skoblını) və Şumilovo qalıb. Assimilyasiya  prosesi nəticəsində digər Çulım kəndləri isə xəritədən silinərək yox olub. Hazırda bölgədəki ( Tomsk ) çulımlıların yarıdan çoxu (379 nəfər, 51 faiz) Tequldet şəhərində yaşayırlar. Çulımlıların digər hissəsi Belıy Yar (88 nəfər), Novoşumilovo (71), Bereqayevo (57nəfər) və Kuyanovdkaya Qar (36 nəfər) qəsəbələrində yaşayırlar. Digər qəsəbələrdə isə çulımlıların sayı tək-tükdür.

Ötən əsrin 50-70-ci illərində isə Pervomaysk, Asinovsk və Zıryansk rayonlarında yaşayan Çulım türkləri assimilyasiyaya uğrayaraq tarixin səhnəsindən silindilər. Onları yalnız soyadlarına və irqi (monqoloid) görünüşlərinə görə ruslardan fərqləndirmək mümkündür.

Yeri gəlmişkən bir faktı də qeyd etmək istəyirik. Bu gün təbii artıma görə nəinki Rusiya Federasiyasında, həm də dünyada sonuncu yerlərdən birini tutan Çulım türkləri halbuki təxminən 100 il bundan əvvəl, adı çəkilən sahə üzrə ruslardan və digər millətlərdən öndə idilər. Məsələn, 1876-1913-cü illərdə Çulım türkləri arasında 2200 uşaq anadan olmuşdu. Amma həmin dövrdə çulımlılar arasında ölüm səviyyəsi də olduqca yüksək idi. Belə ki, 1876-1913-cü illərdə 1585 Çulım türkü dünyasını dəyişmişdi.

1912-1913-cü illərdə ölən 23 çulımlı arasında 16 uşaq (7 nəfər yaşlı) vardı. Amma ölümlə doğum arasında olan 542 nəfər təbii artım belə o dövrdə böyük rəqəm hesab edilirdi.

Çulım türklərinin o dövrdə tam şəkildə assimilyasiyaya uğramasının qarşısını yalnız onların bir hissəsinin dədə-baba adət ənənələrinə sadiq qalması və digər millətlərlə ailə həyatı qurmaması almışdı. Belə ki, 1914-cü ilə kimi  Tutal-Çulım türkləri yalnız özlərinə qohum olan və Yenisey quberniyasının Açinsk dairəsində və Tomsk quberniyasının Mariinsk dairəsinin Kızıldeyev ərazi idarəetmə mərkəzində yaşayan türkdilli xalqlarla ailə həyatı qururdular. Adı çəkilən ərazilərdə yaşayan 1257 nəfərdən 609 nəfəri kişi, 64 nəfəri isə qadın idi. Onlardan isə yalnız 260 nəfər kişi, 300 nəfər isə qadın əmək qabiliyyətli hesab edilirdi.

Amma Rusiyada baş verən inqilabdan sonra Çulım türkləri faciəli günlərini yaşamağa başladılar.

Çulımlıların zorla oturaq həyata keçirilməsi və onların kollektivləşmə prosesinə cəlb edilməsi əhalinin bir hissəsinin ruslar və digər millətlərlə ailə həyatı qurmasına, digər hissəsinin isə iri şəhərlərə köç etməsinə gətirib çıxardı. Nəticədə 1914-1996-cı illərdə çulımlıların sayı faciəli şəkildə azaldı. Buna paralel olaraq qarışıq nikahların sayı da sürətlə artdı. Çulımlılar ən çox belaruslar və latışlarla ailə həyatı qururlar. Bu da çulımlıların sayının sürətlə azalması ilə müşayiət olunmaqdadır. Məsələn, 2002-ci ildə Rusiyada keçirilən əhalinin siyahıya alınması zamanı ölkədə cəmisi 700 nəfər çulım türkünün yaşadığı məlum olub. Onların da arasında yalnız bir nəfər ali təhsillidir. 2000-ci ildə çulımlılar Rusiya hökuməti tərəfindən ayrı xalq kimi (Çulım türkləri adı altında) qeydə alınıblar və ölkənin yerli xalqlarından biri hesab ediliblər. Ötən əsrin 90-cı illərindən başlayaraq çulımlılar arasında da milli özünüdərk prosesi başladı. Onlar həmin dövrdə Çulımlılar Assosiasiyasını yaratdılar və 2004-cü ildə Tyuxtet rayonunda “Çulım” cəmiyyəti (sədri A. F. Kondiakov) yaradıldı və rəsmi şəkildə qeydə alındı. 2005-ci ildə isə ilk dəfə Paseçnoe qəsəbəsində çulımlılar milli bayramaları olan Tumpayramı qeyd etdilər. 2006-cı ildə isə çulımlıların təşəbbüsü və onların həmsədrliyi ilə Krasnoyarsk ölkəsi Vətəndaş Assambleyası nəzdində Azsaylı Xalqların Palatası yaradıldı. Necə deyərlər, gec də olsa çulımlılar özlərini xalq kimi qoruyub saxlamağa çalışırlar. Buna onların nail olub-olmayacaqlarını isə öncədən söyləmək çox çətindir.

Əziz Mustafa