Türk dünyası ədəbi birlikləri arasında əməkdaşlığa töhfə

465

 Türk dünyası ədəbi birlikləri arasında əməkdaşlığa töhfə

 

Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk Dünyasının gənc yazarlarını birləşdirən qurumlar arasında məsləhət mühitinin yaradılması” adlı layihə çərçivəsində noyabrın 27-dekabrın 1-i müxtəlif türk ölkələri və şəhərlərdən bir qrup gənc şair Bakıda səfərdə oldu.  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan layihə çərçivəsində Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Qaqauziya (Moldova), Çuvaşiya (RF), Tatarıstan (RF), İraq (Türkmaneli), Moskva (RF)   kimi ölkələr və şəhərlərdən təşrif buyurmuş gənc yazarlar azərbaycanlı həmkarları ilə tanış olmaqla yanaşı, bir sıra önəmli görüş və müzakirələrdə iştirak etdilər.

İlk olaraq, Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edən qonaqlar həmçinin xiyabanda dəfn edilmiş və ədəbiyyatımızın görkəmli yazarlarının, o cümlədən İsa Muğannanın, Bəxtiyar Vahabzadənin məzarlarını ziyarət etdilər. Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edən qonaqlara  Azərbaycanın yaxın tarixində baş vermiş 20 yanvar qətliamı, Qarabağ müharibəsi, eləcə də Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını azad etməsi barədə məlumat verildi.

Qısa zamanda kitabsevərlərin marağına səbəb olan “kitabevim” marketin rəhbəri, yazar Şəmil Sədiq gənc şairlərlərlə görüşdü. Rəhbəri olduğu qurumun kitab nəşri, tərcüməsi və satışı ilə bağlı gördüyü işlərdən danışdı. Bildirdi ki, gələcəkdə türk dünyası gənc yazarların əsərlərindən ibarət toplunun ölkəmizdə işıq üzü görməsi faydalı olar. Qonaqlara “Odərlər” romanını hədiyyə edən natiq yaxın gələcəkdə qonaqlarla əməkdaşlığa hazır olduğunu bildirdi.

 

 

Növbəti gün qonaqlar ölkəmizdə fəaliyyət göstərən Moskva Dövlət Universitetinin Bakı filialında oldular. Təhsil ocağının fəaliyyəti, tələbələrə yaradılan şəraitlə tanış olan  qonaqlar gördüklərindən məmnun qaldıqlarını söylədilər.

 

   Müzakirələr, təkliflər

Layihə çərçivəsində konfrans  TUSİAB-ın ofisində baş tutdu. Türk dünyası ədəbi birliklər arasında əlaqələrin daha da möhkəmlənməsi, türk dünyası ədəbiyyatının öyrənilməsi və tanıdılması, eləcə də müxtəlif türk xalqlarının gənc yazarlarının yaradıcılıqlarını daha da stimullaşdırılmasına həsr edilmiş konfrans səmərəli və maraqlı müzakirələrlə yadda qaldı. İlk olaraq, TUSİAB-ın ölkəmizdəki fəaliyyətinə həsr edilmiş tanıtım çarxı nümayiş etdirildi.

Tədbirin mahiyyəti barədə məlumat verən DGTYB-nin üzvü, gənc yazar Əfsanə Ələsgərli ədəbi birliklər arasında əlaqələrin güclənməsi və türk dünyası gənc yazarlarının əsərlərinin dha da tanıdılması üçün qarşılıqlı əməkdaşlığı vacib saydı. DGTYB-nin Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı təşkilatın indiyə kimi türk dünyası ədəbiyyatı ilə bağlı nəşrlərin, xüsusilə “Türkün səsi” almanaxının çap edildiyini vurğuladı. TUSİAB başqanı Yavuz Keleş istedadlı gənclərlə görüşdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, türk dünyasının işıqlı gələcəyi məhz onlardan asılıdır. natiq türk dünyası ilə bağlı bir sıra layihələrə dəstək verdiklərini söylədi. TUSİAB-ın dış iletişim üzrə əməkdaşı, köşə yazarı, şair Səlcuq Düzgün türk gənclərinin milli-mənəvi dəyərlərimizə, tariximizə, soykökümüzə sahib çıxmalı olduğumuzu vurğuladı. AYB-nin mətbuat xidmətinin rəhbəri, Gənc Şairlər Birliyinin rəhbəri Xəyal Rza bir neçə il öncə  Mikayıl Müşfiqin ad günü–5 iyun tarixinin türk dünyası Şairlər Günü elan edilməsi təşəbbüsü ilə çıxış etdiyini vurğuladı. “Ulduz” jurnalının redaktoru Qulu Ağsəs dərginin son sayının məhz türk dünyası ədəbiyyatına həsr edildiyini vurğuladı və gənc şairlərin əsərlərinə də yer verəcəyini bildirdi.

Konfransda gələcəkdə gənc şairlərin əsərlərinin müxtəlif türk dillərinə çevrilməsi, ümumtürk ədəbi nəşr və elektron resurs yaradılması kimi təkliflər irəli sürüldü. Yekun olaraq, ədəbi birlikləri təmsil edən gənclər gələck fəaliyyəti əks etdirən “Niyyət Protokolu”nu imzaladılar.

 

Qonaqlar həmçinin ATİB-in nümayəndəsi başda olmaqla, millət vəkili Qənirə Paşayeva ilə görüşdülər. Azərbaycanın onlar üçün doğma ölkə olmasını söyləyən gənclər qonaqpərvərliyə və istiqanlılığa görə hamıya təşəkkür etdilər. Gənclərin yaradıcılığı, ədəbiyyatla bağlı fikirləri ilə tanış olan millət vəkili onlara hədiyyə olaraq kitablarını bağışladı. Görüşdə iştirak edən Macar Turan Vəqfinin rəhbəri Andras Biro gənclərin fəallığını yüksək qiymətləndirdi və  iki ildən bir Macarıstanda  keçirilən Turan qurultayı barədə məlumat verdi.

 

 

   Şeir şölənində üçlüyə kim çıxdı?

 

Daha sonra  Akademik Milli Dram teatrında türk dünyası gənc şairlərinin şeir şöləni keçirildi.

Ədəbi ictimaiyyətin tanınmış nümayəndələrinin, sənətçilərinin, ziyalıların iştirak etdiyi tədbirdə müxtəlif türk dillərində səslənən şeirlərin lirikasına köklənmişdi. Müxtəlif türk xalqlarını təmsil edən istedadlı gənc şairlər

Musab Kırca, (Türkiyə),  Haticə Üzgül (Türkiyə), Erkinbek Serikbay (Qazaxıstan), Nilufər Şıxlı (Rusiya, Moskva), Altınbek İsmayil (Qırğızıstan), Şoxista Ortikova (Özbəkistan), Mahfuza Ortikova (Özbəkistan), Alla Büük (Moldova, Qaqauz Yeri), Rıfat Salahov (Tatarıstan), Aybəniz Küzəçi (İraq, Türkməneli), Dmitriy Moiseev ( Çuvaşistan), Kamil Bensgierin ( Yekaterinburq, RF) parlaq ifalarını tamaşaçılar alqışlarla qarşıladı.

Şeir gecəsinin musiqili qonaqları; vətənpərvər mahnıları ilə sevilən Şəmistan Əlizamanlı, əməkdar artist Aybəniz Haşımova,  gənc aşıq Elməddin Məmmədli,  ustad aşıq Məhərrəm Hüseynlinin ifaları şair məclisini daha da rəngarəng etdi. Şəmistan Əlizamanlının ifasında səslənən və türk dünyasına ithaf edilmiş Anayurd marşının sədaları altında gənc şairlər rəqs etdilər.

Şəmistan Əlizamanlı gənc yazarlara yaradıcılıqlarında uğurlar arzuladı, bildirdi ki, türk dünyasının işıqlı gələcəyi məhz belə istedadlı gənclərin əlindədir. Aybəniz Haşimova gənc yaşlarında İraqda çıxış etdiyini söylədi. Bildirdi ki, müğənninin ifasından  təsirlənərək  illər sonra jurnalist-yazar Şəmsəddin Kuzəçi qızına Aybəniz adını qoyub. Şeir şölənində müğənninin öz adaşı, tədbirdə Kərkükü təmsil edən gənc Aybəniz Küzəçi ilə görüşməsi də məclisi daha da xoş ovqata köklədi.

Gənc Ədiblər məktəbi adınan çıxış edən gənc yazar Pərvin artıq ölkəmizdə türkd ünyası ilə bağlı bir sıra vacib beynəlxalq tədbirlər, görüşlər keçirildiyini vurğuladı. Bildirdi ki, gənc yazarların iştirakı ilə bu cür ədəbi görüşlərin keçirilməsi bir-birimizi tanımağa daha çox fürsət yaradır.

Qonaqlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən bir sıra ədəbi birliklərin təmsilçiləri də  münsiflər heyəti qarşısında öz şeirlərini səsləndirdilər.

 

Türkiyə səfirliyinin ölkəmizdəki kültür müşaviri  Seyid Ahmet Arslan, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Almaz Ülvi, Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı, “Birlik” dərgisinin redaktoru İlqar İlkin,   DGTYB Təsisçilər Şurasının üzvü, dos. Dr. Rəsmiyyə Sabirin olduğu münsiflər heyəti səsvermə ilə ən yaxşı üç şeiri müəyyənləşdirdilər. Səsverməyə görə, birinci yerə Rıfat Salah (Tatarıstan), ikinci yerə Mahfuza Ortikova (Özbəkistan), üçüncü yerə Dmitriy Moisseev (Çuvaşıstan) və Nilufər Şıxlı  layiq görüldü və diplomla təltif edildilər. Bir sıra ziyalılar həmçinin “Türk Dünyasına Xidmət” ödülünə layiq görüldülər.

Tədbirdə çıxış edən TÜRKSOY-un Qazaxıstan üzrə təmsilçisi, Qazaxıstan Yazarlar Birliyinin təmsilçisi Malik Otarbayev təmsil etdiyi qurumun türk kültürü ilə bağlı bir çox vacib işlər gördüyünü, uğurlar qazandığını  vurğuladı. TÜRKSOY-un rəhbəri Dusein Kaseinovun salamlarını çatdıran natiq qurum adından türk dünyası ədəbiyyatı ilə bağlı görülən işlərə görə DGTYB-nin fəxri başqanı Əkbər Qoşalı və  gənc yazar Əfsanə Ələsgərlini diplomla təltif etdi.

 

Növbəti gün şairlər Azərbaycan Dil Qurumunun rəhbəri, xalq şairi Sabir Rüstəmxanlının qonağı oldular. Qurumun fəaliyyəti barədə məlumat verən xalq şairi görülən işlərdən, türk dünyası ədəbiyyatı, mədəniyyəti ilə bağlı reallaşdırılan tədbirlərdən danışdı. Bildirdi ki, ədəbiyyatın, sözün dəyəri hər şeydən üstündür. Bu səbəbdən də gənc yazarlara yaradıcılıqlarında uğurlar arzuladı. Qonaqlar həmçinin yazıçıya xatirə hədiyyələri də təqdim etdilər.

 

Şəhərin maraqlı tarixi yerləri ilə də tanış olan qonaqlar milli mətbəxin ləzzətli təamları ilə də tanış oldular.

Qeyd edək ki,  layihə türk coğrafiyasını əhatə edən gənc yazar birlikləri (ümumən Türk Dünyasındakı ədəbi birliklər) arasında məsləhət mühitinin yaradılması, habelə Azərbaycanın gənc qələm sahiblərinin digər türk xalqlarından olan həmyaşıdları ilə fikir mübadiləsi aparmasına, gələcəkdə də ədəbi əməkdaşlığın gücləndirilməsinə xidmət edir.