Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair fövqəladə iclası keçirilir

33

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xarici işlər nazirlərinin Qazaxıstanda mövcud vəziyyətlə bağlı onlayn formatda fövqəladə iclası keçirilir. İclasda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun çıxış edib.

Qazaxıstanda baş verən iğtişaşlarda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Nazir Mövlud Çavuşoğlu çıxışında əminliklə bildirib ki, Türk Dövlətləri Təşkilatı mövcud vəziyyətdən çıxmaq üçün Qazaxıstanla həmrəylik nümayiş etdirəcək. “Sülh olan məmləkətdə bərəkət olar” deyən nazir bildirib: “Biz Qazaxıstana güvənir və inanırıq. Türk dünyası olaraq Qazaxıstanın yanında olacağıq. Allahın izni ilə sabitlik və rifah yolunda birlikdə yürüyəcəyik”.

Türk Dövlətləri Təşkilatı Katibliyinin məlumatına görə, Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov, Türkmənistanın Baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev toplantıda iştirak edirlər.

Digər çıxışlardan sonra iclas Nazir Mövlud Çavuşoğlu yekun nitq söyləyəcək.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin açıqlamasına görə, iki gündən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin qoşunlarının ölkədən 10 gün ərzində mərhələli şəkildə çıxarılmasına başlanılacaq.

Məlum hadisələrlə bağlı yanvarın 10-da Qazaxıstanda Ümummilli Matəm Günü elan edilib. Bununla əlaqədar Azərbaycanın Qazaxıstandakı səfirliyindəki bayrağımız endirilib.