APA-nın xəbərinə görə, bu fikirlər prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin bu gün Bakıda keçirilən üçüncü görüşünün iştirakçılarına ünvanlanan təbrik məktubundandır. Təbrik məktubunda daha sonra bildirilir: “İnanıram ki, artıq müntəzəm şəkil alan görüşlərimiz dostluq və qardaşlıq münasibətimizin daha da genişlənməsi baxımından yeni imkanlar yaradacaq.
Son illər ərzində türk universitetlərin birliyinin qurulması, Türk Akademiyasının təsis olunması və eləcə də bu qəbildən digər müştərək layihələr türkdilli ölkələrin əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Hazırda ölkəmizdə təhsil sahəsində islahatların “Azərbaycan Respublikasının təhsilinin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, reallaşdırılması keyfiyyətcə yeni dövrün başlamasının bariz nümunəsidir. Qardaş türkdilli dövlətlərin bu istiqamətdə nailiyyətlərini, müsbət təcrübələrinin öyrənilməsinin tərəflər üçün faydalı olacağına və ölkələrimizin təhsil sisteminə layiqli töhfələr verəcəyinə inanıram. Ümidvaram ki, görüş zamanı müzakirə olunacaq problemlər, aparılacaq fikir mübadiləsi və qəbul ediləcək qərarlar ölkələrimiz arasında təhsil üzrə əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirərək cəmiyyətlərimizin daha da yetkinləşməsi istiqamətində əhəmiyyətli addım olacaq”.
“Türkdilli ölkələr üçün inkişafın ən önəmli yolu təhsildə keyfiyyəti yüksəltməklə insan kapitalı yetişdirməkdir”
“Gələcəyimizin təminatı olan gənclər arasında ortaq düşüncələrin inkişafı vacibdir. Ümumi və tam orta təhsil sahəsində ortaqlıq, ortaq tarix və ədəbiyyat kitabları, ortaq televiziyanın yaradılması bu tədbirdə müzakirə ediləcək. Türk universitetlər birliyinin yaradılması tələbə və müəllim, diplomların tanınması nöqteyi-nəzərindən əhəmiyyətlidir”. APA-nın xəbərinə görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşündə çıxış edən Türkiyənin təhsil naziri Nəbi Avcı deyib. O bildirib ki, türkdilli ölkələr üçün inkişafın ən önəmli yolu təhsildə keyfiyyəti yüksəltməklə insan kapitalı yetişdirməkdir. Nazir qeyd edib ki, bu məqsədlə hazırlanacaq ortaq tarix, türk dilində dərsliklər gənc nəsillərin bir-birini daha yaxşı anlamalarına, sağlam əlaqələr qurmasına yardım edəcək. Onun sözlərinə görə, bugünkü tədbirdə ortaq ədəbiyyat və tarix dərsliklərinin hazırlanması, ortaq terminlər və ortaq əlifbanın yaradılması istiqamətində müzakirə aparılması bu yolda önəmli işlərin aparıldığını göstərir.