Türk dilinə yeni nəfəs verən tarixi şəxsiyyət: Karamanoğlu Mehmet bəy(1)

522

Hər hansı bir milləti tarixin səhnəsindən silmək istəyən güclər öncə o millətin dilini hədəf alır. Dilin itirilməsi millətin məhv olması və belə demək mümkünsə, onun fəlakətlərə sürüklənməsi deməkdir. Dil hər bir millətin sinəsində döyünən ürəyi anlamına gəlir. Zira insan ürəksiz yaşaya bilmədiyi kimi, millət də dilsiz var ola bilməz. Bu baxımdan tarixboyu türkü yer üzündən silmək istəyən güclər onun dilini hədəf almışlar. Təəssüflər olsun ki, bəzən türk düşmənləri buna nail olmuş və nəticədə dilini mühafizə edə bilməyən bir çox türk boyları və onların qurduqları dövlətlər məhv olub getmişdir. Bu baxımdan ilkin orta əsrlərdən başlayaraq, Türküstandan Anadoluya köç edən türk boyları müntəzəm olaraq düşmən güclər tərəfindən hədəf alınmış və onları ana dillərindən uzaq salmaq üçün ən ağlasığmaz cəhdlərə baş vurulmuşdur. Anadolunun 11-ci yüzillikdən sonra böyük sərkərdə və dövlət xadimi Alparslan tərəfindən əbədi olaraq türk yurduna çevrilməsindən sonra belə düşmənlər öz mənfur niyyətlərindən əl çəkməmişlər. İş orasındadır ki, ilkin orta əsrlərdə Yaxın Şərqdə ədəbi və siyasi mühitdə ərəb və fars dilləri üstünlük təşkil edirdi. Ərəb dili Qurani-Kərim, fars dili isə şeir dili kimi saraylarda işlənir və türkü idarə edən və əslən türk olan dövlət başçıları sarayda rəsmi dil kmi fars dilindən geniş istifadə edirdilər. Bu isə türk düşmənlərinin iştahasını artırmışdı. Təsadüfi deyil ki, məhz 12-ci əsrin sonlarından başlayaraq, xaçlılar Anadolunu hədəf alaraq burada yaşayan türkləri məhvetmə siyasətini həyata keçirməyi qarşılarına əsas məqsəd qoymuşdular. Amma onlar türklərin güclü müqaviməti ilə üzləşirdilər. 13-cü əsrdə isə monqolların hücumları və Anadolunu ələ keçirmələri nəticəsində türk dili yenidən məhvolma təhlükəsi ilə üz-üzə qalmışdı. Anadoluda sadə xalq şirin türk dilində danışdığı və bu dildə gözəl şeir nümunələri yaratdıqları halda, saraylarda türkcə danışmaq, az qala, geridəqalmışlıq, təhqir və həqarət kimi qəbul edilirdi. Bu isə türk dilinin tarixin səhnəsindən çıxması və türkləri millət kimi varlığını itirməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. O dövrdə türkün daha uzaqgörən xadimləri bu təhlükəni hiss edərək, türk dilinin qorunması və onun rəsmi dövlət dili kimi işlədilməsi uğrunda mübarizəyə başlamışdılar. Onlardan biri də Karamanoğlu Mehmet bəy idi. Karamanoğulları əslən Azərbaycandan Sivasa köç edən Hoca Sadəddinin oglu Nur-i Sufinin nəslindəndirlər. Onlar Sivasdan Toros dağlarının ətəklərində yerləşən Larəndə qəsəbəsinə köç etmişlər. Nur-i Sufinin oglu Kəriməddin Karaman bəy 13-cü yüzillikdə Kilikiya bölgəsinin böyük bir hissəsində güc sahibi olmuşdu. Bunu görən Anadolu Səlcuklu Dövlətinin sultani I Əlaiddin Keykubad Kəriməddin bəyə bölgəni idarə etməyi tapşırır.

Burada istər-istəməz bir haşiyə çıxmaq istəyirik. Yunus Əmrədən təxminən iki yüz il sonra dünyaya gələn böyük türk şairi Məhəmməd Füzuli yana-yana: “Ey ərəb, əcəm və türk millətlərinə feyz verən Rəbbim. Sən ərəb qövmünü dünyanın ən bəlağətli, gözəl danışan qövmlərindən etdin. Əcəm hətiblərinin sözlərini İsanın nəfəsi kimi cansıza can verən bir gözəlliyə qovuşdurdun. Mən türkəm və türkcə söyləmək (şeir yazmaq) istəyirəm. Məndən iltifatını əsirgəmə, ey Allahım”,-demişdi. Hadisələrin sonrakı gedişi uca Allah tərəfindən Füzulinin duasının qəbul edildiyini göstərdi və türk dili Balkanlardan Çin səddinə kimi uzanan böyük bir ərazidə yaşayan türklərin rəsmi dövlət dilinə çevrildi. Bu yolda ilk çığır açan və türk dilinin dövlət dili edilməsi uğrunda adını tarixə yazdıran Karamanoğlu Mehmet bəy isə böyük sərkərdə Alparslan kimi adını tariximizə əbədi olaraq həkk etdirdi.
Uşaqlıqdan dilinə məhəbbət
ruhunda böyüdü
Türk tarixində özünəməxsus şərəfli bir iz qoymuş Karamanoğlu Mehmet bəyin anadan olma tarixi dəqiq məlum deyil. Tədqiqatçılar Mehmet bəyin Karamanlıların ən nüfuzlu başçılarından biri olan Kəriməddin Karamanın ailəsində təxminən 1246-cı ildə dünyaya gəldiyini güman edirlər. Mehmet bəyin uşaqlığı və gənclik illəri monqol işğalı dövrünə təsadüf edir. Həmin dövrdə Anadolu özünün ən ağır və keşməkeşli günlərindən birini yaşayırdı. Mehmet bəyin uşaqlığı Toroslarda keçmişdi və o dövrdə monqol işğalı bu uzaq bölgədə bir o qədər də hiss edilmirdi. Toroslarda yaşayan türklərin özlərinə məxsus olan adət-ənənələrini, o cümlədən dədə-babalarının Türküstandan, daha dəqiq ifadə etsək, indiki Türkmənistan və Özbəkistanın Türkmənistana bitişik ərazilərindən Anadoluya köç etdikləri zaman özləri ilə gətirdikləri yaşayış tərzini qoruyub saxlamışdılar. Belə bir mühitdə böyüməsi isə Mehmet bəyin milli ruhda formalaşmasında xüsusi bir rol oynadı. Mehmet bəyin mənsub olduğu ailə Anadoluda kifayət qədər tanınan məşhur Karamanlı soyundan idi. Karamanlılar oğuz türklərinin Salur boyundan idilər. 13-cü əsrin əvvəllərində Anadolunu əbədi türk yurdu edən oğuz-səlcuqluların zəifləməsi prosesi gedirdi. Bunun da nəticəsində Anadoluda türk boylarının Artıqoğulları, Məngücüklülər və Danışməndilər dövlətləri meydana çıxmışdı. Danışməndilər dövlətinin təməlini atanlardan biri isə Karamanlı Nurəddin bəy idi. O, Danışməndilərin daxilində Karamanoğulları bəyliyinin əsasını qoydu. Nurəddin bəy mərkəzi dövlətdən – Danışməndilərdən daha az asılı olmaq, eyni zamanda yeni əraziləri öz tabeliyi altına almaq məqsədi ilə 1220-ci ildə tayfası ilə birgə Sivasdan Anadolunun cənub qərbinə köç etdi. Onlar Ərəğliyə qədər gəlib çıxdılar. Ərəğli olduqca gözəl, səfalı, bol bulaqlı bir yer idi. O dövrdə Ərəğlidə bizanslılar ağalıq edirdilər. Nurəddin bəy hücumla bizanslıları məğlubiyyətə uğratdı və onlar bu yerləri tərk edərək, Bizansın içərilərinə çəkildilər.
Beləliklə, Ərəğlini ələ keçirən Nurəddin bəy tayfası ilə bu gözəl ərazini özlərinə yeni yurd yeri etdi. Bunun ardınca Nurəddin bəy bölgənin strateji bir yerində yerləşən Ərmənəki yeni bəyliyinin mərkəzi elan etdi. Nurəddin bəy həmin dövrdə Səlcuqlu sultanı Əlaiddin Keykubadın ən yaxın müttəfiqi idi və dəfələrlə onun yardımına getmişdi. Əlaiddin bəy Bizansla mübarizədə Nurəddin bəyin dəstəyindən daim istifadə edir və onun köməyi ilə Antalya, Mərsin və Çukuroba bölgələrinin yenidən türklərin nəzarəti altına keçməsinə və oraların islamlaşmasında böyük xidmətlər göstərir. Nurəddin bəy öləndən sonra onun yerinə oğlu Karaman bəy keçdi. Karaman bəy millətini sevən biri idi və monqol işğalı zamanı onlara qarşı xalqın mübarizəsini təşkil etmişdi. Amma o, monqolların Anadolunu işğal etməsinə mane ola bilmədi. Monqollar isə öz növbələrində türklərin dilinə və inanclarına xor baxır, onların öz varlıqlarını itirməsi üçün dillərinə qarşı təxribatlara əl atırdılar. Nəticədə nəinki saraylarda, həm də valiliklərdə rəsmi dil kimi ərəb, ədəbi dil kimi isə fars dilindən istifadə edilməyə başlamışdı. Bu isə ölkədə türk dilində danışan sadə xalq arasında təşvişlə qarşılanmışdı. Səlcuqlu sultanı II Kılıcarslan bir tərəfdən monqollarla münasibətdə tarazlaşdırıcı siyasət yeridir, digər tərəfdən də, monqollara qarşı gizlicə mübarizə aparırdı. Bu işdə Nurəddin bəyin oğlanlarına çox etibar edən II Kılıcarslan Karaman bəyin qardaşı Bonsuz bəyi Səlcuqlu mühafizə alayının komandanı vəzifəsinə təyin etmişdi. O sarayda olanları dərhal qardaşına xəbər verirdi.
Mehmet bəy xilaskarlıq
missiyasını öz üzərinə götürür
Səlcuqlu sultanı ikili siyasət yeridir və yeri gələndə türk bəylərindən işğalçılara qarşı mübarizədə istifadə edirdi. Lakin qarşı tərəf bundan xəbər tutanda onları dərhal monqollara qurban verirdi. Bundan narahat olan türkmən bəyləri Karaman bəyin yanına gələrək, ölkəni həm monqollardan, həm də II Kılıcarslandan xilas etmək üçün ona yardımlarını təklif etdilər. Uzun məsləhətləşmələrdən sonra Karaman bəy buna razılıq verdi. 1263-cü ildə Karaman bəyin başçılığı altında 20 min nəfərlik qoşun Səlcuqlu sultanının ana şəhəri hesab edilən Konyaya daxil oldu. Amma Qavalə qalası yaxınlığında iki qardaş ordu arasında baş verən döyüşdə Karaman bəy məğlub oldu. O, geri çəkilərək Ərmənəkə sığındı. Lakin burada da sultan onu rahat buraxmadı. Çünki Karaman bəyin az sonra yenidən güclənərək ona qarşı təkrar mübarizəyə başlayacağından ehtiyat edirdi. Ona görə də II Kılıcarslan Karaman bəyin yaxınlarından birini ələ aldı və onun vasitəsilə düşməninə zəhər verdirdi. Nəticədə Karaman bəy dünyasını dəyişdi. Karaman bəy vəfat edəndə onun oğlanları Mehmet, Mahmud, Qasım və Xəlil Səlcuqlu sultanı tərəfindən həbs edildilər. Lakin sultan tezliklə öldü və bundan sonra onun vəziri Muiniddin Pərvanə tərəfindən Mehmet bəy və qardaşları həbsdən azad edildilər. Qardaşlar yenidən doğma ata ocağına döndülər. Artıq hər şeydən əlini üzən türkmən bəyləri yenidən Karamanoğulları ətrafında birləşməyə başladılar. Bu işdə Mehmet bəyin xocası Mövlana Arizin böyük xidmətləri oldu. O, xalqın öz dilini qoruması və türk dilinin dövlət dili elan edlməsi uğrunda Anadoluda təbliğat aparır və ətrafına yeni tərəfdarlar toplayırdı. Mövlana Ariz: “Din və dil, bir millətin ruhudur. Tarix boyunca nə dinsiz, nə də dilsiz bir millət olmamışdır. Millətlərə can verən, milli mədəniyyətləri və o mədəniyyəti nəsildən-nəslə keçirərək yaşadan onların dilləridir. Hər millət öz tarixini, dil və ədəbiyyatını onun əlindən almağa çalışan daxili və xarici güclərlə mücadilə etməlidir. Sizlərin kiçik bir qeyrəti, bizi məhv olmaqdan xilas edəcəkdir. Bilin ki, İslamdan öncə Avropaya köç edən Bulgar, Macar və Fin türkləri dillərini qoruya bilmədilər və türklüklərini itirdilər. Dil itincə o dili təmsil edən milli kimlik və dolayısı ilə insan da yox olub gedir”,-deyirdi.
Məhz milli dil və milli mənliyin qorunub saxlanılması uğrunda xalqın ayağa qalxması milli mənlik şüurunun formalaşmasında xüsusi rol oynadı. Qardaşları arasında daha təmkinli olması və idarəetmə işlərində xüsusi bacarığı ilə seçilməsi Mehmet bəyin atasının yerində bölgəni idarə etməsi ilə nəticələndi. Bu işdə müəllimi, Xoca Mövlana Arizin də böyük rolu oldu. 1264-cü ildən başlayaraq, Anadolunun türkmən bəyləri Mehmet bəyin ətrafında birləşməyə və onun hər əmrini can-başla yerinə yetirməyə başladılar. Bu da Mehmet bəyə tədricən ətraf əraziləri yavaş-yavaş öz bəyliyinə qatmağa imkan verdi. Karamanoğlu Mehmet bəy tədricən Göksu, Gülek vadilərini, Ağdənizin cənub və şimal sahillərindən Samsuna qədər olan böyük bir ərazini öz hakimiyyəti altında birləşdirdi. Bunun ardınca o, sultan tərəfindən Karamanın valisi təyin edilən Hütənoğlunu Toroslara çəkdi və ona orada ağır zərbələr endirərək təhlükəsiz hala gətirdi. Bu uğurdan ruhlanan Mehmet bəy Səlcuqlu sultanının ucqarlarındakı ərazilərində nəzarəti ələ aldı. Bundan sonra Avropa dövlətləri də Mehmet bəylə maraqlanmağa və onunla əlaqəyə girməyə başladılar. Çünki Mehmet bəy ipək yolunda möhkəm nizam-intizam yaratmışdı və nəticədə hər iki tərəfə mal daşıyan tacirlər bu ərazidə özlərini olduqca təhlükəsiz hiss edirdilər.

Əziz Mustafa