Türkəçarənin özünə də çarə lazım olur

 Artıq müalicəsi mümkün olmayan xəstəlik, demək olar ki, yoxdur. Tibb sahəsi inkişaf etsə də, hazırkı dövrümüzdə xalq təbabətindən, ara həkimlərindən kömək gözləyənlər az deyil. Xalq təbabəti xalq arasında xəstəliklərin müalicə üsulları və vasitələri haqqında biliklərin nəsildən-nəslə keçirilərək yaşadılan qeyri-ənənəvi təbabət formasıdır. Elmi təbabətdən fərqli olaraq, xalq təbabətinin müalicə vasitələri nəzəri şərtlərə əsaslanmır. Bu müalicə üsulunda dərman preparatlarından deyil, şəfalı dərman bitkilərindən istifadə olunur. Münasibət birmənalı olmasa da, bu müalicə üsulu xalq arasında olduqca məşhurdur. Bəs, görəsən, türkəçarə adlandırılan bu müalicə metodlarının faydası olduğu kimi, zərəri də varmı? Həkim məsləhəti olmadan şəfalı bitkilərdən istifadə etmək olarmı? Çünki hər bir bitkinin faydalı olduğu kimi, zərərli yönləri də ola bilər. Faydalı bilib, istifadə etdiyimiz bitkilər bəzən əks-effekt də verə bilər.

“Şəfalı bitkilərin çoxu reseptsiz, həkim məsləhəti olmadan alınır”

Mövzu haqqında məlumat almaq üçün “Zəfəran” Apteklər Şəbəkəsi ilə əlaqə saxladıq. Apteklər şəbəkəsi nümayəndəsinin sözlərinə görə, apteklərdən əsasən çobanyastığı, səna, kəklikotu bitkisi, arıqladıcı çaylar, öskürək əleyhinə, böyrək üçün, diabet üçün lazımi bitkilər alınır. Aptekdən verilən məlumata görə, alınan şəfalı birkilərin çoxu reseptsiz, həkim məsləhəti olmadan alınır.

“Həkim diaqnozu olmadan xalq təbabətindən istifadə etmək məsləhət deyil”

Mövzu ilə bağlı “Zaman-Azərbaycan”a müsahibə verən həkim-qastroenteroloq Habil Hüseynovun fikrincə, həkim diaqnozu olmadan xalq təbabətindən istifadə etmək məsləhət deyil: “Əgər bir insanın ciddi bir xəstəliyi varsa və xəstəliyə həkim diaqnozu qoyulmadan xalq təbabəti bitkilərindən istifadə edilirsə, bu, sadəcə, xəstəliyin müalicəsini gecikdirər. Nəticədə vaxtında müalicəsi asan olan xəstəlik sağalmayacaq xəstəliyə çevrilər. Buna görə də xalq təbabətindən istifadə etməzdən əvvəl həkimə gedib, müayinə olunmaq lazımdır”.

Bitki toxumlarından, yarpaqlarından istifadə etməyin heç bir zərəri olmadığını deyən həkim əlavə etdi ki, şüyüd toxumunun dəmləməsi, palıd qabığının dəmləməsi və s. kimi dəmləmələrin bir çoxunun orqanizmə heç bir zərəri yoxdur. Ancaq elə bitkilər də var ki, onların tərkibində zəhərli komponentlər var. Belə bitkilərdən həkim və ya mütəxəssisin məsləhəti olmadan istifadə etmək olmaz. Əks halda, orqanizmə mənfi təsiri ola bilər”.

“Ara həkimi” deyil, xalq təbabəti üzrə mütəxəssis desək daha doğru olar”

 “Xalq təbabətindən əsasən hansı xəstəliklərin müalicəsi zamanı istifadə olunur?” sualına H. Hüseynov belə cavab verdi: “Daha çox köp, əzələ ağrıları, sıyrıqlar və bəzən də mədə qastritinin müalicəsi zamanı dərman bitkilərindən istifadə olunur. Bu xəstəliklərin müalicəsi zamanı insanlar çox vaxt həkimə yox, bu işlə məşğul olan şəxslərə müraciət edirlər. Elə insanlar var ki, bitkilər haqqında müəyyən məlumatlara sahibdirlər. Ancaq onlara “ara həkimi” deyil, xalq təbabəti üzrə mütəxəssis desək daha doğru olar”.

“Xalq təbabəti təbabətin köküdür”

Həkim sonda onu da vurğuladı ki, hazırda istifadə olunan dərman preparatlarının əksəriyyəti də həmin o bitkilərdən alınır. Əsrlər əvvəl bu bitkilərdən insanlar tərəfindən dərman vasitəsi kimi istifadə olunub. Sonra isə onların tərkibi araşdırılıb və dərman preparatlarının alınmasında istifadə edilib. Bir sözlə, xalq təbabəti bizim hazırda istifadə etdiyimiz təbabətin kökündə dayanan bir təbabətdir.

“Elə bitkilər var ki, ancaq reseptlə verilir”

Bitkilər haqqında ətraflı məlumat almaq üçün “Herba Flora” şirkətinin müdiri Füzuli Hüseynova müraciət etdik. Onun sözlərinə görə, bitkilərin çoxu reseptsiz satılır: “Ancaq iki dərman bitkisi var ki, onlar, sadəcə, həkim resepti ilə verilir. Bunlar “Qafqaz novruzgülüsü” və “Bataqlıq lavankolusu”dur (badyaqa).

“Bitki satan bilmədən sizə başqa dərman bitkisi verə, yaxud bitkinin təyinatını səhv deyə bilər”

“İstənilən dərman bitkisini apteklərdən tapmaq mümkündür”,-deyən F. Hüseynov əlavə etdi ki, bir qisim insanlar bu bitkiləri apteklərdən deyil, şəhərdə açıq satılan yerlərdən almağa üstünlük verirlər: “Rayonlardan toplanan bitkiləri bir çox insanlar əllərində, küçədə satırlar. Ancaq steril olmayan bu bitkiləri alarkən diqqətli olmaq lazımdır. Çünki satıcı bilmədən sizə başqa dərman bitkisi verə, yaxud bitkinin təyinatını səhv deyə bilər. Məsələn, filan bitki filan xəstəlik üçündür və s. Ancaq onlarda da zərərli heç bir bitki yoxdur. Mən özüm də küçədə bitki satanları gördüyüm zaman yaxınlaşıb həmin bitkilərə baxmışam”.