Türkə tarix yazanlar: Göynüklü Ağ Şəmsəddin

0
819

Osmanlının şöhrətinin yeni zirvələrə ucalmasına yardım edən dahi bir şəxsiyyət və ya xalq arasında da deyildiyi kimi, övliyalar övliyası idi. O, böyük alim, ustad, həkim və vəli, dərvişlər dərvişi, mürşidlər mürşidi idi. O, haqqa gedən yolla yorulmaq bilmədən yürüdü və bununla da heç vaxt adı yaddan çıxmayacaq əbədiyyət yolçusuna çevrildi. O, dünən də bizimlə idi, bu gün də bizimlədir, haqqı sevənlərlədir, sabah da bizimlə olacaq. Bu dahi şəxsiyyət türk-islam dünyasının ən nəhəng simalarından biri olan Göynüklü Ağ Şəmsəddindir. Əsl adı Məhəmməd ibn Həmzə, ləqəbi Ağşeyxdir.

Əziz Mustafa
O özündən sonra türk- islam dünyasında şanlı bir iz buraxaraq ortaq tariximizdə fəthin memarı kimi şərəfli adla xatırlanır. Onun üçün haqq hər şeydən uca idi və o, əsl haqq aşiqi idi. Elə bir uca zirvəyə ucalmışdı ki, o dövrdə onu Qoca Şərqin hər yerində tanıyır və mənəvi, ruhi, cismani təmizliyi qarşısında baş əyirdilər. O, İstanbulun fəthinin mənəvi atası, Fateh I Mehmeti bu müqəddəs vəzifəni həyata keçirməyə həvəsləndirdi və bununla da İstanbulun ələ keçirilməsini reallaşdırmaq üçün sultana ruhi qüvvət verdi. Necə deyərlər, o, Osmanlının şöhrətinin yeni zirvələrə ucalmasına yardım edən dahi bir şəxsiyyət və ya xalq arasında da deyildiyi kimi, övliyalar övliyası idi. O, böyük alim, ustad, həkim və vəli, dərvişlər dərvişi, mürşidlər mürşidi idi. O, haqqa gedən yolla yorulmaq bilmədən yürüdü və bununla da heç vaxt adı yaddan çıxmayacaq əbədiyyət yolçusuna çevrildi. O, dünən də bizimlə idi, bu gün də bizimlədir, haqqı sevənlərlədir, sabah da bizimlə olacaq. Bu dahi şəxsiyyət türk-islam dünyasının ən nəhəng simalarından biri olan Göynüklü Ağ Şəmsəddindir. Əsl adı Məhəmməd ibn Həmzə, ləqəbi Ağşeyxdir. O, əslən azərbaycanlı olan övliya Şihabəddin Sührəverdinin nəslindəndir. Bəzi məlumatlara görə, Ağ Şəmsəddinin soyu həzrəti Əbu Bəkr-Siddiqə qədər gedib çıxır. Ağ Şəmsəddinin həyatını tədqiq edənlər onun təxminən 1390-cı ildə Şamda anadan olduğunu bildirirlər. Amma onun Göynükdə anadan olduğu və sonradan ailəsi ilə Şama köç etməsi barədə də müxtəlif ehtimallar mövcuddur. Çox ağ olduğu üçün uşaqlıqdan bu adla çağırılıb. O, kiçik yaşda ikən Qurani Kərimi əzbərləmiş və möhkəm yaddaşı, iti düşüncəsi və qeyri-adi zəkası ilə ətrafındakıları heyrətə salmışdı. Yeddi yaşı olanda o, atası ilə Anadoluya köç edərək Amasiyanın Kavak nahiyəsində yerləşdi. Kavaka bu ailənin qonşu Azərbaycandan köç etdiyi barədə ehtimallar mövcuddur.

Hacı Bayram Vəlinin tələbəsi
Yeni yerə köç etmələrindən az sonra atası Haqqın rəhmətinə qovuşdu. Ağ Şəmsəddin atasını dəfn edəndən sonra çoxlarını heyrətə salan bir hadisə baş verdi. O dövrdə müxtəlif səbəblər üzündən Anadoluda canavarlar at oynadırdı. Onlar sürü ilə dolaşır, əllərinə keçən canlını parçalayırdılar. İş o yerə gəlib çatmışdı ki, canavarlar hətta qəbristanlıqda basdırılan ölülərə belə rahatlıq vermirdilər. Ağ Şəmsəddinin atası dəfn ediləndən sonrakı gün onun qəbri üstünə gələnlər vahiməli bir mənzərə ilə qarşılaşdılar. Gecə vaxtı bir qurd Ağ Şəmsəddinin atası Şeyx Həmzənin qəbrini dağıdaraq onun cəsədini parçalamaq istəmişdi. Ancaq şeyx qəbirdən əlini çıxararaq qurdu boğaraq öldürmüşdü. Şeyx Həmzənin əli elə canavarın boğazında da qalmışdı. Bunu görən camaat canavarın boğazından onun əlini ayırdılar. Sonra da əli qurda dəydiyi üçün onu məzardan çıxararaq yenidən yudular və kəfənləyərək ikinci dəfə el adəti ilə dəfn etdilər. Bundan sonra el arasında Ağ Şəmsəddinə Qurdboğan oğlu deməyə başladılar. Ağ Şəmsəddin atasının vəfatından sonra da təhsilini davam etdirərək biliyini artırdı və qısa müddətdə xalq arasında islami elmləri dərindən bilən bir şəxs kimi tanındı. Bu arada onu Osmancıq mədrəsəsinə müəllim göndərdilər. O burada günün müəyyən saatlarında dərs verir, sonra isə otağa qapılaraq Allaha ibadətlə məşğul olurdu. Onun bu halını görən el ağsaqqalları Haqq aşiqinə o dövrün ən böyük vəlilərindən biri hesab edilən Hacı Bayram həzrətlərinin yanına getməyi məsləhət gördülər. Ağ Şəmsəddin onların məsləhətlərini nəzərə alaraq, müəllimlikdən əl çəkdi və Ankaraya Hacı Bayram həzrətlərinin yanına gəldi. Ağ Şəmsəddin Ankarada ilk rast gəldiyi bir adamdan Hacı Bayram Vəlini soruşdu. Həmin adam isə qarşıdakı küçədə yanında iki tələbəsi ilə gəzən bır zatı göstərərək: “Gördüyün o adam Hacı Bayramdır. Dükan-dükan gəzərək dükan sahiblərindən para toplayır”,-dedi. Ağ Şəmsəddinə bu heç də yaxşı təsir göstərmədi və o: “Dükan-dükan gəzərək dükan sahiblərindən pul yığan adamın yanına nahaq yerə gəlmişəm”-deyə düşündü. Sonra da Hələbə gedərək digər tanınmış vəlilərdən biri hesab edilən Şeyh Zeynəddin Hafi həzrətlərinin tələbəsi olmaq qərarına gəldi və bu məqsədlə yola çıxdı. Hələbə çatanda yorulmuşdu və bir ev taparaq orada gecələdi. Ancaq qorxulu bir yuxu gördü və əlləri üzündə dəhşət içində oyandı. Səhər namazını qılar-qılmaz, bu dəfə geriyə qayıdaraq təkrar Ankaraya üz tutdu. Halbuki Hələbdən birsaatlıq məsafədəydi. Onu geri dönməyə məcbur edən gördüyü yuxu idi. Yuxuda boynuna taxılan bir zəncir görmüşdü. Zəngirin ucu Hacı Bayram həzrətlərinin əlində idi. O, yuxuda Hələbə getmək istəyirdi. Lakin Hacı Bayram Vəli həzrətləri bonundakı zəngirdən tutaraq onu irəli getməyə qoymur, geriyə – özünə tərəf çəkirdi. Ankaraya gələndə Hacı Bayram həzrətlərini tələbələri ilə tarlada işləyən gördü. O da tələbələrə qoşularaq işləməyə başladı. Amma Hacı Bayram həzrətləri onun heç üzünə də baxmırdı. Yemək vaxtı gələndə Hacı bayram həzrətləri tələbələri ilə oturdu yemək yedilər, artığını da töküb, itə verdilər. Amma bu dəfə də bu müqəddəs şəxs sanki Ağ Şəmsəddini görmürdü. Bunu görən Ağ Şəmsəddin: “Ey nəfsim, sən yalnız köpəklə bir qabda yemək yeməyə layiqsən”,-deyərək itlərlə bir qabdan yeməyə başladı. Bunu görən Hacı Bayram həzrətləri artıq dözə bilmədi:- Gəl, süfrəmizdə otur, bu hərəkətinlə qəlbimizi titrətdin. Zəngirlə zorla yanımıza gətirilən qonağı belə qarşılayarlar”,-deyərək onu yeməyə dəvət etdi. Sonra da Ağ Şəmsəddinə xüsusi iltifat göstərdi. Hacı Bayram Vəli tələbələrindən ən çox Ağ Şəmsəddini imtahana çəkərdi. Bir dəfə həzrət onu 7 gün ac saxladı və sonda ona bir qaşıq sirkə verdi. Ancaq o bundan razı idi və imtahana dözür və nəfsini tərbiyə edirdi. Bunu görən Hacı Bayram həzrətləri təəccüb içində: -Axıra kimi belə etsən bir nura dönəcəksən. Sonra vəfat edəndə səni qəbirdə də tapmayacaqlar,-demişdi. Ağ Şəmsəddin elmini tamamlayaraq Hacı Byram həzrətlərinin razılığı ilə yenidən vətənə döndü. Bunu görən tələbələri Hacı Bayram Vəlidən incidilər : “Biz 40 ildir yanındayıq, amma bizə belə iltifat göstərmədin, ancaq ona kamil bir insan kimi xeyir-dua verdin”,-dedilər.
Həzrət də: “Siz onun kimi ali mərtəbəyə ucala bilmədiniz. O, qısa müddətdə çox şeyi öyrəndi; nə gördüsə götürdü, nə göstərdimsə də qəvvas kimi dəryanın dərinliklərinə daldı, elm dəryasından dürr, inci çıxardı. O, elmi hikməti dərindən öyrəndi, hamınızdan elmli və zəkalı çıxdı. Ağzımı açmamış oncədən bəhs etdiyimi bildi. Ona görə də ona xeyir-dua verdim. O hələ çox mərtəbələrə ucalacaqdır”

Göynüyü özünə məskən seçdi
Xocasından ayrılan Ağ Şəmsəddin, əvvəlcə, Bəybazarı adlı yerdə məskən saldı. Orada bir məscid və dəyirman inşa etdirdi. Sonra İsklipdəki Evlek adlı yerə köçüb burada yaşamağa başladı. Ancaq az sonra yenə də yerini dəyişdirərək bu dəfə Göynüyə gəldi və burada məskunlaşdı. Burada göynüklülər ona hörmət əlaməti olaraq, bir mülk bağışladılar. Mülkü görəndə Ağ Şəmsəddin güldü. Bunun səbəbini ondan soruşanda o belə cavab verdi: “Otuz il bundan əvvəl yolum Göynüyə düşmüşdü. Bu mülkü görüncə oraya meylimi saldım, qəlbim buraya bağlandı. İndi otuz ildən sonra arzuma çatdım”
Bu arada əbədiyyət dünyasına köç edən Hacı Bayram Vəli həzrətləri son nəfəsində: “Mənim namazımı Ağ Şəmsəddin qıldırsın, cənazəmi yusun və kəfənləsin, bunu ona xəbər verin”,-deyə vəsiyyət etdi. Amma Ağ Şəmsəddinin harada olduğu məlum deyldi. Bunu görən tələbələri: “ O yəqin son saatlarında özündə olmayanda bu sözləri söyləyib. Bu vəsiyyət etibarlı hesab edilə blməz”,-dedilər.
Bu arada isə onlar gözlənilmədən Ağ Şəmsəddinin gəldiyini gördülər və şaşırdılar. Ağ Şəmsəddin xocasının vəsiyyəti üzrə onun cənazəsini yudu, kəfənlədi və cənazə namazını qıldırdı. Sonra da onu dəfn etdirdi.
Dəfndən sonra məlum oldu ki, Hacı Bayram Vəlinin 90 min axça borcu qalıb. Ağ Şəmsəddin bu borcun 30 minini ödəməyə hazır olduğunu bəyan etdi. Bunu eşidən borc verənlərdən biri dərhal pulu istədi. Ağ Şəmsəddin ona vəd etdiyi kimi 30 min deyil, 29 min axça verdi. Bunu görən borcverən israrla min axçanın da verilməsini istədi. Bunu görən Ağ Şəmsəddin onu evin önündəki bağçaya dəvət etdi: “Get qalan min axçanı oradan al, ancaq artıq alma”,-dedi.
Borcalan sonralar da deyirdi ki, bağçada otlar gördüm, hərəsinin üzərində bir axça vardı. Min dənə topladım, ancaq yenə də yerinin boş qalmadığını gördüm; bunu görəndə çıxıb axçaları Ağ Şəmsəddinə verdim, nə qədər yalvardımsa da, o, qəbul etmədi”,-dedi.
Xocasını dəfn etdikdən sonra Ağ Şəmsəddin yenidən Göynüyə qayıtdı. Burada da bir məscid və bir dəyirman inşa etdirdi.

Saraya dəvət
Göynükdəki fəaliyyəti Ağ Şəmsəddini o qədər məşhurlaşdırdı ki, onun şöhrəti Osmanlı sarayına qədər gedib çatdı. Artıq hər yerdə onu Göynüklü Ağ Şəmsəddin deyə çağırırdılar. Əslində burada bir haşiyə də çıxmağı özümüzə borc bilirik. Ağ Şəmsəddinin sonralar Göynükdə yaşaması ilə əlaqədar onun Göynüklü adı ilə çağırılması bir qədər inandırıcı görünmür. Çünki, adətən, türklərdə o insanı yaşadığı yerin adı ilə çağırırlar ki, o bu yerdə anadan olsun, burada uşaqlığı və gəncliyini keçirsin və onun dədə-babaları da əslən həmin kənddən olsunlar. Ağ Şəmsəddinin babalarının Azərbaycandan olduğu məlumdur və hazırda Türkiyədə məskunlaşan göynüklülərin də Azərbaycandan getdiyi istisna edilmir. Azərbaycanda Göynük adında üç kəndin (Şəki rayonunda Aşağı və Baş Göynük, Naxçıvanda Göynük kəndləri) olduğunu da oxucularımıza xatırlatmaq istəyirəm. Bura vaxtilə Şəki rayonunun Göynük mahalının da olduğunu və onun sərhədlərinin indiki Gürcüstana qədər gedib çıxdığını nəzərə alanda Türkiyədəki göynüklülərin məhz Azərbaycandan köçməsi daha ağlabatan görünür. Nə isə mətləbdən uzaq düşmədən qeyd edək ki, Ağ Şəmsəddin həmin dövrdə həm də həkim kimi məşhur idi. O, müxtəlif otların bir çox xəstəliklərin dərmanı olduğunu bilirdi və onlarla ən ağır vəziyyətdə olan xəstələri belə müalicə edirdi. Onun bu möcüzəli həkimliyinin şöhrəti saraya da gedib çatmışdı.
İlk dövrlərdə sarayda Ağ Şəmsəddinin bu qabiliyyətinə dərindən fikir verilmirdi. Amma tibdə qazandığı uğurlarının şöhrəti gündən-günə artmaqda davam edirdi. Bunu görəndə onu Ədirnədəki sultan sarayına dəvət etdi. Bununla əlaqədar onun tələbələrindən Şeyx Misirlioğlu Abdurrahim xatırlayır: “Bir dəfə xocamla Ədirnəyə getmişdik. Bizi gözlənilmədən saraya dəvət etdilər. Sultan Murad xanın əsgəri mühafizə alayının rəhbərlərindən olan Süleyman Çələbi xəstə idi. Sultanın həkimləri ona dərman içirirdilər. Xocam onlardan Çələbinin hansı xəstəliyə tutulduğunu soruşdu. Onlar da xəstəliyin adını dedilər. Bunu eşidən xocam onlara müalicəni düzgün aparmadıqlarını söylədi. Onlar isə Çələbinin məhz həmin xəstəliyə dükar olduğunu və müalicəni də düzgün apardıqlarını dedilər. Mən çox üzülmşdüm. Xocamın xəstəliyin səbəbini tapmadığını düşünmüşdüm. Amma xocam xəstəni müalicə üçün otlardan özü dərman hazırladı və onunla Süleyman Çələbini müalicə etdi. Bundan sonra onu tez-tez saraya dəvət etməyə başladılar”.

01-ak semseddin4 copyGünlərin birində Sultan Fateh Mehmetin qızı Cövhərxan xəstələndi. Saray həkimləri onu müalicə edə bilmədilər. Yenə də çarəsiz qalıb Ağ Şəmsəddinə müraciət etdilər. Ağ Şəmsəddin Cövhərxanı da müalicə etdi. Ona görə də Sultan Fateh Mehmet taxta çıxan kimi xalq arasında hörmət qazanan adamların saraya dəvət edilməsini əmr etdi. Onların içində Ağ Şəmsəddin də vardı. Fateh Mehmet Ağ Şəmsəddinə xüsusi hörmət edir və özünü onun şagirdi  adlandırır, ondan hər gün nə isə öyrənirdi. Sultanla Ağ Şəmsəddin arasında müəllim tələbə münasibətindən daha çox, ata-oğul münasibətləri yaranmışdı. Sultan Ağ Şəmsəddinin bir sözünü iki etmirdi. Həmin dövrdə bir müddət Osmanlı daxilində baş verən hadisələr nəticəsində ölkədə zəifləmə hiss edilirdi. Bu isə Bizansı çox sevindirirdi. Xüsusi ilə olduqca gənc olan Fateh Mehmet taxta çıxanda Bizans artıq Osmanlının əvvəlki gücünü itirdiyini düşünərək bayram edirdi. Ancaq Bizansa ən ağır zərbə də məhz onların uşaq hesab etdikləri Sultan Fateh Mehmetdən gəldi.

 

İstanbulun fəthi

Müəllim-tələbə söhbətlərinin birində Ağ Şəmsəddin olduqca ehtiyatlı bir şəkildə ona bildirdi ki, İstanbulun fəthinin vaxtı artıq çatıb və bu işi gecikdirmək olmaz. Əslində Ağ Şəmsəddin öncədən bununla bağlı saray əhlindən özünə yaxın olanların fikirlərini öyrənmiş və onlar da bununla razılaşmışdılar. Fateh Mehmet ətrafındakıların fikrini soruşanda onlar da buna xeyir-dua verdilər və İstanbulun fəthinin gəlib çatdığını söylədilər. Bunu görən Sultan Fateh Mehmet İstanbulu fəth etmək üçün ordunu hərəkətə gətirdi. Sultan Fateh Mehmet  İstanbulun önündə qərargahını quraraq düşmənə İslamı qəbul etməsi və təslim olması barədə xəbər yolladı. Lakin onun bu təklifi Bizans tərəfindən qəbul edilmədi. Bunu görən sultan İstanbulu mühasirəyə aldırdı. Ancaq düşmən inadla müqavimət göstərməkdə davam edirdi. Bunu görən saray adamlarından bəziləri ümidsizliyə dükar oldular. Onlar tezliklə düşmənə əlavə yardım gələcəyini və bundan sonra İstanbulun fəth edilə bilməyəcəyi barədə saray daxilində təbliğata başladılar. Bu ümidsiz sözlər sultanın da qulağına çatdı. O dərhal Göynüklü Ağ Şəmsəddini yanına çağırdı. Bu arada isə Avropadan ərzaq və əsgər gətirən gəmilər dənizdən İstanbula daxil oldular. Bunu görən müsəlmanlar və saray əhli,  o cümlədən əsgərlər də yenidən ümidsizliyə düşdülər. Onlar açıq şəkildə: “Sultan bir sofunun (Ağ Şəmsəddinin) sözü ilə bu qədər əsgərin qırılmasına səbəb oldu. Xəzinəni də göyə sovurdu. Firəngistandan  (Fransa) Bizansa yardım gəldi. Bundan sonra İstanbulu fəth etmək üçün imid yerimiz qalmadı”, – dedilər.

Bunu eşidən sultan Ağ Şəmsəddinin saraya gəlib çıxmasına səbir edə bilməyərək bu dəfə vəziri Vəliyəddin Əhməd paşanı onun yanına göndərərək: “Şeyxdən soruş, gör  qalanı fəth etmək və düşmən üzərində qələbə çalmaq imkanımız varmı?”-deyə tapşırıq verdi. Həmin vaxt Ağ Şəmsəddin saraya çata çatda idi. O, vəzirdən sultanın soruşduqlarını eşidən kimi: “Məhəmməd ümməti ümidini üzməyib düşmən üzərinə hücumu davam etdirsə, onda, inşallah, İstanbul fəth ediləcək”, – deyə cavab verdi. Özü isə saraya girməkdən vaz keçərək qapıda gözləməyi daha məqsədəuyğun hesab etdi. Bu dəfə sultan yenidən vəziri Ağ Şəmsəddinin yanına göndərərək ondan xahiş etdi ki, qalaya hücum gününü müəyyən etsin və ona bildirsin.

Bunu eşidən Ağ Şəmsəddin bir otağa çəkilərək bütün varlığı ilə uca Allaha sarıldı və başını əyərək ona dua etməyə başladı. Bir müddət uca Yaradana yalvardı və birdən mübarək üzü tərlədi.

Sonra başını qaldıraraq vəziri səslədi və ona: “Bu ilin Cəmadiyələvval ayının 20-də səhər filan tərəfdən qalaya hücum etsinlər. O gün şəhər fəth ediləcək və İstanbuldan azan səsləri ucalacaq”, – dedi. Bunun ardınca sultana məktub da yazaraq: “Qul hərəkət edir, Allah Təala istədiyini ona verir. Hökm Allahındır. Lakin qul da əlindən gələn qədər qeyrət göstərməlidir və bu işdə canını əsirgəməməlidir. Rəsulullahın və Əshabının sünnəti budur”,-deyə bildirdi.

Fateh dərhal qoşuna hazırlaşmağı  əmr etdi. Bundan sonra Allaha dualar oxundu və həm saray əhli, həm də ordu səbirlə Göynüklü Ağ Şəmsəddinin dediyi günü gözləməyə başladı. Ağ Şəmsəddinin dediyi gün gəlib çatanda ordu İstanbula doğru hücuma başladı. Bu dəfə orduda bir ruh yüksəkliyi vardı. Sultan Mehmet də Bizansın bu ana şəhərinin alınacağına əmin idi. İstanbula hücum başlayan kimi Ağ Şəmsəddin çadıra girərək, orada üzü üstə qapanaraq Allaha dualar etməyə başladı. Bir arada Sultan Mehmet dözmədi. Çadırın bir hissəsini qaldırıb baxdı: Ağ Şəmsəddin sanki bayılmış vəziyyətdə id. O durmadan İstanbulun fəthi üçün Allaha dualar edirdi. Bunu görən Sultan Mehmet həmin an geri çevrilib qalaya hücum edən əsgərlərinə baxdı. Onların önündə sanki ağ əbalı bir dəstənin getdiyini və onların qala divarlarını aşaraq şəhərə daxil olduğunu gördü. Bunun ardınca da əsgərlərinin həmin yerdən qalaya daxil olduğunun şahidi oldu. Bunun ardınca da İstanbuldan “Allahu Əkbər” sədaları ucalmağa başladı. Beləliklə, İstanbul fəth edildi və kainatın günəşi sonuncu İslam peyğəmbərinin yüz illər bundan əvvəl verdiyi müjdə doğru çıxdı. İstanbul səhər saat 8-də fəth edilmişdi.  Fateh Sultan Mehmet isə şəhərə həmin gün günorta saatlarında ağ atın belində Topqapı istiqamətindən daxil oldu. O, Ayasofyaya doğru irəliləyərək hər yerdə küçələri, evləri diqqətlə gözdən keçirirdi. İstanbulun fəthinin mənəvi atası hesab edilən Ağ Şəmsəddin, vəzirləri, ordu komandanları və Osmanlının tanınmış alimləri də Fatehin yanında idilər. Məğlub olan xalq küçələrdə İstanbulun fatehlərini həsəd və maraqla seyr edirdi. Bu arada qaliblərə rəğbət bəsləyən bəzi bizanslılar Ağ Şəmsəddini padşah hesab edərək ona gül dəstələri verirdilər. O isə gənc padşahı göstərərək:” Padşah budur, gülləri ona verin”,- deyirdi. Fateh də buna cavab olaraq: “Sultan mənəm, ancaq bu qalanın fəthinin mənəvi atası odur”-deyə Ağ Şəmsəddini göstərirdi. İstanbulun fəthindən sonra Ağ Şəmsəddin bir müddət yoxa çıxdı.  Üç gündən sonra onu axtarıb İstanbulun xaraba, viranə qalmış bir məhəlləsində ibadət edən vəziyyətdə tapdılar. Ondan sonra həmin məhəllə Ağ Şəmsəddinin adı ilə  Göynüklü Ağ Şəmsəddin məhəlləsi adlandırıldı. Fateh də İstanbulun fəthindən bir neçə gün sonra Ayasofyanın məscidə çevrilməsi barədə əmr verdi. Ancaq bu məsələdə məğlub olan bizanslıların da razılığı alınmışdı. Ayasofyada qılınan ilk namazda imam vəzifəsini Ağ Şəmsəddin həyata keçirdi. Xütbəsində o İstanbulun fəthini və bununla əlaqədar Peyğəmbər Əfəndimizin müjdəsini xatırladaraq bu şəhərin fəthində iştirak edən əsgərlərin hamısının islam aləminin ən xoşbəxt əsgərləri olduğunu, bu yolda şəhid olanların hamısının birbaşa cənnətə getdiyini, sağ qalanların da vəfat edəndən sonra üzlərinə cənnət qapılarının açılacağını müjdələdi. Bundan sonra İstanbulun Ok meydanında bir zəfər mərasimi keçirildi. Mərasimdə çıxış edən Ağ Şəmsəddin: “Ey qazilər. Bilin və bir daha agah olun: İstanbulu fəth edən sizlər barədə axır zaman Peyğəmbəri, Kainatın Sərvəri belə deyib: “Onlar necə də gözəl əsgərlərdir”. İnşallah, cümləmiz bu zəfərin əvəzini artıqlaması ilə hər iki dünyada alacağıq,”-dedi.

 

Göynüklü Ağ Şəmsəddin Əbu Əyyub Ənsarinin məzarının yerini göstərir

İstanbulun fəthindən sonra Ağ Şəmsəddinin adı istər saray, istər xalq, istərsə də ordu arasında  övliyalar övliyası kimi anılırdı. İstanbulun fəthindən günlər keçəndən sonra Fateh onu ziyarətə getdi. O müəlliminə: “Xocam kitablardan Əshabi İkramın böyüklərindən olan Əbu Əyyub Ənsarinin mübarək qəbrinin İstanbulun qala qüllələrinə yaxın bir yerdə olduğunu oxudum. O yeri tapsaydıq, yaxşı olardı”-dedi. Ağ Şəmsəddin də bununla əlaqədar Fatehi xəbərdar etmək və o mübarək zatın qəbrinin aşkar edilərək üzə çıxarılmasını istədiyini ona çatdırmaq niyyətində idi. İndi sultan özü bunun üçün onun yanına gəlmişdi. Ona görə də o, sultana bu işdə xeyir-dua verdi. Amma məzarı necə tapmaq olardı? Üstündən 700-ildən artıq vaxt keçmiş və bu müddətdə onlarla qəbir yer üzündən silinmiş, itib-batmışdı. Bir müddət o mübarək zatın qəbrini İstanbul ətrafında aradılar, ancaq tapa bilmədilər. Qəbir haradasa Əbu Əyyub Ənsarinin öldüyü yerdə olmalı idi. Bununla əlaqədar o dövrün kitablarında məlumatlar olduqca dəqiq verilmiş, qəbrin yeri də göstərilmişdi. Ancaq bu da müqəddəs zatın qəbrini arayanların köməyinə gəlmirdi. Bunu görən Fateh yenidən Ağ Şəmsəddinin yanına gəldi və ondan bu məsələdə yardım istədi. Ağ Şəmsəddin İstanbul ətrafına çıxaraq uzun müddət ətrafı gəzib-dolaşdı. Sonra gözlənilmədən bir təpəni göstərərək: “Oranı qazın. O müqəddəs zatın qəbri oradadır”, – dedi. Sultan Fateh Mehmet buna mat qalmışdı və səbirlə işin sonunu gözləyirdi. Ağ Şəmsəddin deyən təpəni qazdılar və həqiqətən də, Əbu Əyyub Ənsarinin qəbri orada idi. Bu müqəddəs zatın ruhsuz bədəni sanki dünən haqqın rəhmətinə qovuşmuş kimi tər-təzə qalmış, bədənin bir əzası belə çürüməmişdi. Sultan da heyrətə düşməsini gizlədə bilmirdi. Nəhayət, o özündə güc taparaq xocasından soruşdu: “Bizlər günlərdir axtardıq, ancaq bu müqəddəs zatın məzarını tapa bilmədik. Bəs sən bunu necə müəyyən etdin. Haradan bildin ki, məhz o bu təpənin altında yatır”

Ağ Şəmsəddin gülümsədi və bir anda sanki sifətindəki nur daha da çoxalaraq sultanın qəlbinə bir sərinlik gətirdi: -Ey İslam dünyasının ən xoşbəxt sərkərdəsi, sən bu qalanı fəth etməklə cənnəti qazandın və kainatın son peyğəmbərinin müjdələdiyi ən xoşbəxt komandanlardan oldun. Bu müqəddəs işi həyata keçirmək xoşbəxtliyi sənə nəsib oldu. Bilirsən, Peyğəmbər Əfəndimizin, Uca Allahın sevimlilərinin başı üzərində sağlıqlarında da, o dünyaya köç edəndə də gömüldüyü məzar üstündə nur dolaşır. Mən bu gün İstanbulun ətrafını gəzərkən məhz bu nurun olduğu yeri aradım. Allahın Nuru da məhz həmin təpənin üstündə idi. Dərhal anladım ki, orada məhz Əyyub Ənsari həzrətləri dəfn edilib. Burada İstanbul ətrafında çox əshabələr dəfn edilib. Amma onların arasında Əbu Əyyub Ənsaridən müqəddəsi, Allaha daha çox yaxın olanı yox idi. Ona görə də məzarı üzərində Allahın nuru vardı”,- dedi. Fateh onun bu sözlərindən çox məmnun oldu və Əbu Əyyub Ənsarinin qəbri sahmana salındı. Qəbrin üzərində sultanın əmri ilə bir türbə inşa edildi. Türbənin ətrafında isə Ağ Şəmsəddin və tələbələri üçün xüsusi otaqlar, həmçinin məscid də tikildi. Bu müqəddəs məkan 100 illər boyu müsəlmanların ən çox ziyarət etdikləri yerlərdən biri oldu.

01-ak semseddin3Əbu Əyyub Ənsarinin qəbrinin aşkar edilməsi ilə bağlı xalq arasında maraqlı bir rəvayət dolaşır. Deyilənə görə, Göynüklü Ağ Şəmsəddin Əbu Əyyub Ənsarinin məzarını Fateh Sultan Mehmetə göstərəndən sonra qəbrin ətrafına bir-birindən aralı iki çinar budağı sancır. O bunu qəbri qazacaq insanların səhv etməmələri üçün edir. Ancaq sultan ustadını sınağa çəkmək qərarına gəlir. O, əmr edir ki, çinar budaqlarını xocasının basdırdığı yerdən 20 metr aralı çəksinlər və ortasına da özünün möhürünü qoysunlar. Bundan xəbərsiz Ağ Şəmsəddin səhər təpənin yanına gələndə çinar budaqlarının başqa yerdə olduğunu görür və bundan heyrətlənir. Ancaq özünü itirmir və yanında gələnlərə bir gün əvvəl Fatehə göstərdiyi yeri qazmalarına göstəriş verir. Möhürü isə çıxararaq sultana vermələrini rica edir. Amma yenə də Fateh ustadını sınamaq istəyir. Ona görə də xocasına deyir ki, bu qəbrin, həqiqətən də, Əbu Əyyub Ənsari həzrətlərinə aid olduğunu sübut edəcək başqa bir dəlil göstərsin. Bunu eşidən Ağ Şəmsəddin əmr edir ki, göstərdiyi yerdən 1 metr aralını yenə qazsınlar. O, Fatehə: “İndi qazılan yerdən “Bu qəbir  Halid ibn Zeydindir” sözləri yazılan başdaşı çıxacaq”,-deyir. Elə də olur və bundan sonra Fateh bir daha əmin olur ki, xocası Əbu Əyyub Ənsari həzrətlərinin qəbrinin yerini dəqiq müəyyən edib. Digər bir rəvayətdə isə deyilir ki, İstanbulun fəthindən sonra Fateh xocasının yanına gələrək: “Mən artıq öz üzərimə düşən müqəddəs vəzifəni layiqincə yerinə yetirdim. Artıq rahatam və padşahlıq etmək istəmirəm. Ona görə də məni də öz dərvişlərinin sırasına qəbul et”,-deyir.

Göynüklü Ağ Şəmsəddin də ona cavabında: “Sultanım, sən bizim daddığımız ləzzəti dadacaq olsan, səltənətdən əl çəkməli olacaqsan. Dövlət işini buraxacaqsan. Onda İslam dinini yaymaq işi yarımçıq qalacaq. Amma müsəlmanların sülh və sabitlik içində yaşaya bilmələri üçün dövlətin qalması, səltənətin yaşaması lazımdır. Ona görə də tələbələrlə padşahın bir arada birgə olması çox çətindir. Səni tələbəliyə qəbul etsəm, ölkədə sabitlik pozular, xalqımız zəlil və pərişan olar. Bunun da vəbalı çox böyükdür və son nəticədə Allah-Təalanın qəzəbinə məruz qala bilərik”,-deyir.

Bu sözlərdən çox təsirlənən Fateh xocasına 2 min qızıl verilməsini əmr etdi, lakin  Göynüklü Ağ Şəmsəddin bu dünya malında gözü olmadığını  söyləyərək, bu qızılları qəbul etmədi.

Ağ Şəmsəddin və Fateh haqqında digər bir rəvayət də var. Deyilənə görə, Sultan II Murad Hacı Bayram Vəlini çox sevərdi. İmkan düşən kimi bu müqəddəs zatı ziyarət edərək onunla söhbətləşərdi. Bir dəfə o həzrətin, Hacı Bayram Vəlinin yanına 4 yaşlı oğlu şahzadə Mehmet ilə gəldi. Söhbət əsnasında II Murad İstanbulun alınması gününü görə bilib-bilməyəcəklərini ondan soruşdu. Hacı Bayram Vəli də ona: “O gözəl günü nə sən görəcəksən , nə də mən. Amma bu iki nəfər Göynüklü Ağ Şəmsəddin və şahzadə Mehmet o günlərin xoşbəxtliyini içlərində, ruhlarında yaşadacaq və bundan çox məsud olacaqlar”,-dedi.

 

Göynükdən son məzara

İstanbulun fəthindən sonra Ağ Şəmsəddin Fatehin sarayda yaşamaq barədə təklifini qəbul etməyərək könül rahatlığı içində Göynüyə qayıtdı. O burada tələbələri ilə özünü axirət dünyasına hazırlamağa başladı. Amma sultanla da tez-tez məktublaşardı. Məktublarından birində o, sultana yazırdı: “Bu dünyada bir cismani, bir də ruhi ləzzətə əsaslanan bir həyat var. Birincisi ikincisinə baxanda dəyərsiz və keçicidir. Bu dünyəvi ləzzətə aldanma, İkinci həyat isə ruhidir və onun ləzzəti sonsuzluğa qədərdir. Sən ruhi ləzzəti əsas tut, eyni zamanda məmləkəti, insanları da bu həyata istiqamətləndir, elm adamlarına, haqq yolunu tutan vəlilərə hörmət və qayğı göstər, onları sev”.

Ağ Şəmsəddin Göynükdə 1459-cu ilə kimi yaşadı. Bu müddətdə padşahın göndərdiyi hədiyyələri xeyriyyə işlərinə xərclədi. Eyni zamanda oğullarının tərbiyəsi ilə də məşğul oldu. Bir gün o evdə sonbeşiyi olan oğlu Həmdi Çələbi ilə birlikdə idi. Birdən ağlına nə gəldisə: “Bu kiçik oğlum yetim qalmaması, zəlil olmaması üçün bu dünyanın əziyyətini çəkirəm. Yoxsa fikirləşmədən heç bir şeyə dəyməyən bu fani dinyadan dərhal haqqın dərgahına köçərdim”,-deyir. Bunu eşidən həyat yoldaşı ona ərklə: “Əfəndim, haqq dünyasına köçmək istədiyini deyirsən, ancaq yaşamaq da arzulayırsan, o dünyaya köçmək istəmirsən”.

Bu sözlər ömründə yalan danışmağı sevməyən və həmişə sözünün üstündə duran Ağ Şəmsəddinə çox təsir edir. O dərhal fikirləşmədən ayağa qalxaraq məscidə gedir və orada övladlarını toplayaraq vəsiyyət edir. Bundan sonra onlarla halallaşır və Yasin surəsinin oxunmasını xahiş edir. Bu surə oxunarkən də o ruhunu təslim edir. Onu vəsiyyətinə əsasən Göynükdəki tarixi Süleyman paşa məscidinin bağçasında dəfn edirlər. Sonralar məzarının üzərində türbə inşa edilir.  Göynüklü Ağ Şəmsəddin bir çox tələbələr yetişdirmişdir. Onların arasında 7 oğlu da var.

 

Ağ Şəmsəddinin vəsiyyətlərindən

“Hər hansı işə Bismillah ilə başla. Təmiz ol, daim yaxşılıq et. Tənbəl olma, pislərə qoşulma, yaxşılığa yamanlıq etmə, sənə verilən nemətə az da olsa çox da olsa, şükür et, naşükür olma; naşükürlük insanı cəhənnəmə sürüklər. Heç kimə əsəbiləşmə, heç kimə pis söz demə. İstəyirsən ki, ömrün uzun olsun onda insanların paxıllığını çəkmə. Paxıllıq insanı qurd kimi içindən yeyər və onu vaxtından əvvəl qocaldar. Çox yatma, bu səni işdən, halal zəhmətdən qoyar və kasıb edər. Daim allahı zikr et, zira sənin qurtuluşun Allah və onun Qurani-Kərimi ilədir. Vəli o insandır ki, insanlardan gələn zülmlərə, sıxıntılara səbirlə tab gətirər, onlardan şikayət etməz və ona pislik edənlərə kin saxlamaz. Bir adamla düşmən olmaq istəməz. Vəli torpaq kimidir, torpağa çox pis şeylər atılar, ancaq onda ancaq gözəl şeylər bitər”

 

Hər iki dünya səbir edənlərindir

Ağ Şəmsəddin daha sonra insanın  səbir etməsini onun həyatındakı ən önəmli iş adlandırır və bunu onun varlığı hesab edərdi. Göynüklü Ağ Şəmsəddin deyir: “Hər bir insanın Allaha nə qədər sıx bağlı olması onun üzərinə gələn bəlalara, dərdlərə nə qədər dözümlü olması ilə üzə çıxar. İnsan nə qədər Allahdan gələn bəlalara səbir etsə, o qədər də bu imtahandan üzüağ çıxar. Haqqın rəhmini, mərhəmətini, lütfünü qazanar. Səbir edən insan cənnəti sağ ikən qazanar. Səbir etməyi bacaran insan haqqın dərgahına gedən qapını tapan yolçular kimidir. Çünki bütün peyğəmbərlər, bütün yaxşı övliyalar bu fani həyatda daim sınağa çəkiliblər və yalnız səbirlə haqqın dərgahına qovuşublar, insanlara örnək olublar. Səbr insanın başındakı tacıdır. Səbir olmasa, insan bu tacı itirərək dumanda azan quşlar kimi olacaq”.

Ağ Şəmsəddin digər bir vəsiyyətində isə qulluqdan bəhs edib. O deyir: “Qulluq 5 cürdür: Birincisi, tən(bədən) qulluğudur. Bu, Allah-Təalanın əmrlərinə uyaraq təni qadağan olunmuş şeylərdən qorumaq, onu saf saxlamaqdır. İkincisi insanın nəfsinə qulluq etməsidir.  Bu qulluq nəfsi tərbiyə etməkdən onu artıq tamahlıqdan qorumaq istəmədiyi şeyləri zorla ona qəbul etdirməkdir. Nəfsini tərbiyə edə bilsən, haqqa gedən yolun açarını tapmış olacaqsan. Üçüncüsü, könülə qulluq etməkdir. Könül qulluğu bu dünyadakı şeylərdən üz çevirib axirət dünyasını seçməkdir. Bunun üçün insan özünü bütün hallarda əsl Haqq yolçusu kimi aparmalıdır. Dördüncüsü, sır qulluğudur. Əgər hər şeyi bir kənara qoyub tamamən Allah yolunda çalışsan, onda onun rizasını qazanar və əbədi bir həyata özünü hazırlamış olarsan. Beşinci qulluq can qulluğudur. Can qulluğunun da əsasında Allaha yönəlmək dayanır”.

Göynüklü Ağ Şəmsəddin mənəvi rahatlığa nail olmanın yollarını göstərib. O yazır: “Mənəvi rahatlığa nail olmaq üçün 4 şərt vardır: 1. Az yemək. 2. Az yatmaq. 3. Xalqın arasında az olmaq, az danışıb, çox susmaq. 4. Allah- Təalanı çox zikr etmək”.

Üstündən əsrlər ötsə də, Göynüklü Ağ Şəmsəddin bu gün də milyonlarla insanın qəlbində yaşamaqdadır. O, islam dünyasına orta əsrlərdə doğan bir mənəviyyat, elm, haqq günəşi idi və bu gün də bizimlə birlikdə gələcəyə doğru addımlamaqda davam edir.