Turizm sektoru: Daha böyük hədəflərə doğru

0
431

Ötən il turizm sahəsində rekord il olmuşdur. 2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3.17 milyon nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.4% artım deməkdir. Əlbəttə, bu, olduqca önəmli faktdır. Bunu həm qeyri-neft sektorunun inkişafının təsdiqi, həm də ölkəmizə olan  rəğbətin göstəricisi kimi dəyərləndirmək olar. Bu mənada Prezident İlham Əliyevin turizm sahəsinə göstərdiyi hərtərəfli dəstəyin nəticəsində Azərbaycanda turizm sahəsinin yeni mərhələyə qədəm qoyduğunu və turistlərin məmnunluq səviyyəsinin artdığını demək olar.

Şübhəsiz, bu artımda təbiətinə, coğrafi mövqeyinə,  sabitliyinə görə unikal ölkə kimi tanınan Azərbaycanın beynəlxalq simpozium və konfranslara, idman yarışlarına, musiqi festivallarına ev sahibliyi etməsi,   eləcə də turizmin inkişafı üçün həlledici rol oynayan “ASAN viza”nın fəaliyyətə başlaması və vizanın sadələşdirilmiş elektron yollarla əldə edilməsi önəmli rol oynayıb.

Sevindirici haldır ki, turistlər yalnız paytaxtımızı deyil, bölgələrimizin də tarixi məkanlarını ziyarət edirlər. Məsələn, Kiş Tarix-Memarlıq Qoruğundan verilən məlumata görə, 2019-cu ildə Şəkidəki Kiş məbədini dünyanın 76 ölkəsindən 28 min 334 turist ziyarət edib. Məbədi ziyarət edən əcnəbi turistlərin sayı əvvəlki illə müqayisədə 2 min 868 nəfər artıb. Bu sözləri ölkəmizin  turizm sektoruna böyük töhfə sayılan “Şahdağ” Qış-Yay Turizm Kompleksinə və “Tufan” Dağ-Xizək  Yay-Qış İstirahət Kompleksinə də şamil etmək olar. İki minədək turist isə Yeni ili və sonrakı bayram günlərini sağlamlıq turizminin beynəlxalq mərkəzlərindən birinə çevrilən və şöhrətini ildən-ilə artıran Naftalanda keçirməyə üstünlük verib.

Şübhəsiz, turizm elə sahədir ki, onun potensialının inkişafı ölkənin bütün sahələrinə təsir göstərir, onların inkişafını stimullaşdırır. Bu məqamda dövlətimizin başçısının bu sözlərini xatırlatmaq yerinə düşərdi: “Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”.

Mütəxəssislərin fikrincə, 2020-ci ildə  də ölkəmizə gələcək turistlərin sayında kifayət qədər artım gözlənilir. Belə ki, bu il  beynəlxalq tədbirlər, o cümlədən idman yarışları minlərlə əcnəbi turistin ölkəmizə gəlməsinə şərait yaradacaq.  Yeri gəlmişkən, qeyd edək ki, bu il “Avropa-2020”nin 3 qrup və 1 final oyunu respublikamızda təşkil ediləcək. Bu da o deməkdir ki, Bakıya dünyanın müxtəlif ölkələrindən həmin komandaların minlərlə  azarkeşi təşrif buyuracaq. Ümumiyyətlə, idman yarışları ölkəmizə gələn əcnəbilərin sayının armasına çox böyük töhfələr verir. Dekabrın 25-də 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident İlham Əliyev bildirmişdir ki, ölkəmizdə keçirilən Formula 1 yarışları turist axınında önəmli rol oynayır: “Beləliklə, birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artmışdır. Ondan sonrakı il daha 22 faiz, ondan sonrakı il isə daha 5 faiz. Nəhayət, bu il, artıq on bir ayda 11 faiz artmışdır”.

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə “Lonely Planet” nəşri 2020-ci il üçün dünyanın macəra turizminin inkişafı üçün potensialı olan ölkələrin siyahısını tərtib edib. Britaniyanın macəra turizminin təşviqində əhəmiyyətli rol oynayan BBC Cəmiyyətinin açıqladğı siyahıda Azərbaycan beşinci yerdə qərarlaşıb. Məlumata görə, ölkələr seçilərkən onların təbiəti, müxtəlif dövrlərə aid tarixi abidələri, eləcə də yerli əhalinin qonaqpərvərliyi, ölkədə infrastrukturun kifayət qədər inkişafı və s. nəzərə alınıb. Bütün bunlar isə o deməkdir ki, ölkəmizin Şərq və Qərb mədəniyyətini təmsil etməsi, xüsusən də Bakının müasirliyi və tarixiliyi özündə uğurla cəmləşdirməsi 2020-ci ildə də daha çox turistin ölkəmizə gəlməsinə səbəb olacaq. Şübhəsiz, aparılan islahatlar “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə göstərildiyi kimi, 2025-ci ilədək respublikamızı həm region ölkələri arasında, həm də dünya turizm sektorunda ən çox üstünlük verilən 20 turizm məkanından birinə çevrilməsinə imkan verəcəkdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”