“Turizm qiymətlərində bahalaşma olmayıb”

0
585

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov: “Regionlardakı infrastruktur əvvəlki illərdən qat-qat yaxşıdır. Xidmət səviyyəsi əvvəlki illərə nisbətən təkmilləşib”.

Dünyanın ən gözəl təbiətə malik olan ölkələrindən biri də doğma diyarımız Azərbaycandır. Füsunkar təbiətə malik olan ölkəmiz hər il çoxlu sayda xarici qonaqları qəbul edir. Havası, suyu, meşələri bir sözlə, hər şeyi ilə görənləri valeh edən respublikamız bu il I Avropa Oyunları səbəbi ilə xarici qonaqlara ev sahibliyi edir. Turistlərin istirahət üçün Azərbaycanı seçmələrinə baxmayaraq, yerli əhali arasında istirahət üçün qonşu və digər ölkələrə üz tutanlar da az deyil. Buna səbəb kimi orada qiymətlərin bizdəkinə nisbətən ucuz olmasını göstərirlər. Hətta elə rayonlarımız, istirahət mərkəzlərimiz var ki, orada istirahət etmək xaricə getməkdən baha başa gəlir. Bəs, görəsən, qiymətlərin belə yüksək olmasına səbəb nədir? Ötən illərə nisbətən bu il turizm qiymətlərində bahalaşma varmı? Bütün bu suallarımıza cavab tapmaq üçün “EC Group Travel” turizm şirkəti ilə əlaqə saxladıq. Şirkətin daxili departament meneceri Azər Şükürovun verdiyi məlumata görə, turizmdə builki vəziyyət xeyli ürəkaçandır: “Turizm qiymətlərində ötən illərlə müqayisədə böyük bir fərq yoxdur. Qiymətlərdə nəinki bahalaşma, əksinə, ucuzlaşma var. Ötən illərdə olduğu kimi, bu il də istirahət etmək istəyənlərin çoxu Qəbələ, Quba, Lahıc, İsmayıllı, Masallı, Yardımlı bölgələrinə üstünlük verirlər. İnsanların bu bölgələrə ziyarət etmələrinin səbəbi əsasən meşəlik ərazilər, dağ havası, bulaq, mənzərə, şəlalə görmək istəmələridir. Biz də onların istəyini nəzərə alıb, bu bölgələri məsləhət görürük. Bizə müraciət edənlərin çoxu əsasən yerli əhalidir. Bəzən xarici qonaqlar da olur. Qonşu ölkələrə nisbətən bizdə turizm sahəsində qiymətlər bahadır. Əsasən otellərin qiymətləri bahadır, turların yox. Çünki otel qiymətlərini otel rəhbərləri özləri təyin edirlər. Onu da əlavə edim ki, soydaşlarımız arasında Gürcüstana – Batumiyə gedənlər də az deyil”.

“Bu il ötən illərə nisbətən uçuş biletlərinin qiymətlərində bahalaşma var”

“SeyŞel” turizm şirkətinin satış üzrə meneceri Xuraman Haqverdiyeva isə bildirdi ki, bu il ötən illərlə müqayisədə nisbətən uçuş biletlərinin qiymətlərində bahalaşma var. İnsanların bəziləri Avropa Oyunları səbəbi ilə ölkədə qalmaq istəyir, bəziləri isə xarici ölkələrə getməyi üstün tuturlar. Bizə olunan müraciətlərə əsasən deyə bilərəm ki, insanlar əsasən Avropa ölkələrinə və Türkiyəyə səfər edirlər. Çoxlarının xaricə istirahətə getməsinin əsas səbəbi orada qiymətlərin daha ucuz olmasıdır”.

“Xarici turistləri ölkəmizə cəlb etmək üçün beynəlxalq oyunlar mühüm rol oynayır”

Mövzuya aydınlıq gətirən Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov Azərbaycanda turizmin həmişə inkişaf etdiyini, bundan sonra da edəcəyini bildirdi: “Bunun ən başlıca səbəbi I Avropa Oyunlarının Bakıda keçirilməsidir. Xarici turistləri ölkəmizə cəlb etmək üçün bu cür beynəlxalq oyunlar mühüm rol oynayır. Bizdə bundan əlavə, “Formula 1” yarışları, 2017-ci ildə İslam Həmrəylik Oyunları, beynəlxalq tədbirlər, simpoziumlar, konqreslər keçiriləcək. Bunların hamısı turistlərin cəlb olunması üçün mühüm amildir. Elə xarici məşqçilər, idmançılar, qonaqlar var ki, Azərbaycanla ilk dəfə tanış olurlar. Onlar öz ölkələrində Azərbaycan haqqında, ölkəmizin təbiəti, gözəlliyi, memarlıq abidələri, xalqımızın qonaqpərvərliyi haqqında məlumat verdikdən sonra ümid edirəm ki, ölkəmizdəki xarici turistlərin sayı da artacaq. Hazırda ölkəmizə gələn turistlərin çoxu şimal-qərb zonasına Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Zaqatala, Qax, daha sonra Quba, Qusar, Xaçmaz, əsasən, Nabran zonasına, eyni zamanda cənub zonasında Masallıya, Lerikə, Lənkərana getməyə üstünlük verirlər. Onu da qeyd edim ki, iki il bundan qabaq Azərbaycanda 200-ə yaxın turizm şirkəti var idi, indi isə bu rəqəm 300-ə çatıb. Bu da onu göstərir ki, bu sahədə xeyli irəliləyiş var. Bu il Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə otellərə, turizm şirkətlərinə çoxlu miqdarda Azərbaycan haqqında broşüralar paylanılıb”.

“Yerli xalq bu il daha çox öz ölkəmizdə istirahət etməyə üstünlük verib”

Azərbaycanda daxili turizmin də kifayət qədər inkişaf etdiyini deyən M. Ağakərimov əlavə etdi ki, Azərbaycan Turizm Assosiasiyasının bu il apardığı proqnozlaşdırmaya əsasən, yerli əhali bu il daha çox öz ölkəmizdə istirahət etməyə üstünlük verib: “Buna səbəb həm Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, həm də Gürcüstanda təbii fəlakətlərin baş verməsidir. Əvvəlki illərə nəzər salsaq görərik ki, yerli xalqın çoxu istirahət üçün Batumiyə üz tuturdu. İndi isə çoxları ora getməkdən çəkinir. Təhlükəsizlik nöqteyi-nəzərindən Azərbaycan ən sabit ölkədir. Bu da turizmə öz təsirini göstərir. Regionlardakı infrastruktur əvvəlki illərdən qat-qat yaxşıdır. Xidmət səviyyəsi əvvəlki illərə nisbətən təkmilləşib. Rayonlarımız həm təhlükəsizlik baxımından, həm qiymət baxımından münasibdir. Ümumiyyətlə, bu il də Azərbaycanda turizm qiymətlərində heç bir bahalaşma olmayıb. Yerli xalqdan bu il də xaricə üz tutanlar olub. İstirahətə gedənlərin çoxu əsasən Türkiyəyə Quş adasına, Bodruma, Antalyaya, Kəmərə gedənlərdir”.

“Yerli xalqın bir qismi xaricə müalicəvi turizm üçün üz tutur”

M. Ağakərimov sonda onu da əlavə etdi ki, gəlmə-turizmdə bizdə heç bir problem yoxdur, qiymətlər sabit qalıb. Getmə-turizmdə isə inflyasiya ilə əlaqədar bir az bahalaşma var. Yerli xalqın bir qismi xaricə müalicəvi turizm üçün üz tutur. Ancaq artıq buna ehtiyac yoxdur. Çünki Azərbaycanda Sağlamlıq və Termal Turizm Assosiasiyası yaradılıb. Turistlərin ölkəmizdə ən çox gəldiyi yerlərdən biri də məhz müalicəvi turizm zonası Naftalandır. Burada artıq 3, 4 otel fəaliyyət göstərir. Hər il buraya dünyanın hər yerindən çoxlu sayda turist gəlir.

Nərmin Haqverdiyeva

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here