“TURAZ Şahini – 2016” başa çatıb

0
672

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində keçirilən “TURAZ Şahini – 2016” taktiki-uçuş təlimləri başa çatıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı orgeneral Abidin Ünal təlimlərin yekun mərhələsini izləyiblər.

Hər iki komandan uğurla başa çatan təlimlərdə uçuş, texniki və təminat heyətlərinin böyük təcrübə qazandıqlarını bildirib. Hərbi pilotların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasında bu kimi təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və növbəti birgə təlimlərin keçirilməsinin zəruriliyi də əminliklə ifadə edilib.

Sonda “TURAZ Şahini – 2016” təlimlərinin iştirakçıları aviasiya bazasının ərazisində xatirə olaraq ağac və gül kolları əkiblər.