Tur-aksiya iştirakçıları təəssüratlarını bölüşdülər

658

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində mingəçevirli məktəblilər ölkəmizin cənub bölgəsində (Lənkaran, Masallı, Astara) 4 gün ekskursiyada olublar. Artıq məktəblilər ekskursiyadan qayıdıblar. Onların səfər təəssüratları ilə maraqlandıq.

Mingəçevir Təbiət-Riyaziyyat və Hümanitar Elmlər Təmayüllü Liseyin şagirdi Yusif Əkbərli bizimlə söhbətində tur-aksiyanın əhəmiyyətindən söz açmaqla yanaşı, Astaranın da gözəlliklərindən ürəkdolusu danışdı: “Asan xidmət”də olduq. Burada yaradılan şəraitdən zövq aldım. Oradakı çay fabrikini də maraqla ziyərət etdim. Onu da deyim ki, mən Xəzər dənizini həmişə xəritədə görmüşdüm. Amma Xəzərin Lənkərana qədər uzanıb getdiyini bilmirdim. Bir məsələni də vurğumaq istərdim. Bölgələrin əhalisinin qonaqpərvərliyi də diqqətimdən yayınmadı”.

Yusifin məktəbli yoldaşı Məmmədov İlkin baş çəkdikləri bölgədə özünə yeni dostlar tapdığını bildirdi: “Mən ilk dəfə idi ki, bu cür aksiyada iştirak edirdim. Çox xoşuma gəldi. Doğrudan da, Azərbaycanın nə gözəl gəzməli, görməli yerləri var imiş. Heyran qaldım bu gözəlliyə. Ölkə rəhbərliyimizə minnətdarlıq edirik ki, biz gənclərin qayğısına qalır, ölkəmizin gəzməli, görməli yerləri ilə tanış olmağımız üçün şərait yaradır”.

Səfərəliyev Nicat, Əhmədov Toğrul da bu ekskursiyadan şən əhval-ruhiyə ilə qayıtdıqlarını dedilər və bildirdilər ki, biz tətildən sonra ilk dərs gününə çox böyük rüh yüksəkliyi ilə gəlmişik.

Mingəçevir Təbiət-Riyaziyyat və Hümanitar Elmlər Təmayüllü Liseyin müəllimi Xəqani Mikayılov da bu aksiyanın iştirakçısı olub. Xəqani müəllim isə səfər təəssüratlarını bu sözlərlə bildirdi: “Səfərimiz çox maraqlı keçdi. Cənub bölgəsi ilə tanışlığımız Lənkarandan başlayaraq Astara və Masallı rayonlarında davam edib. Şagirdlərimiz bölgənin tarix və mədəniyyət abidələri ilə yaxından tanış olmaqla yanaşı, asudə vaxtlarda müxtəlif yarışmalarda da iştirak etdilər. Bu səfər çərçivəsində liseyimizin 4 şagirdi bilik yarışmasına da qatılıblar. Əhmədov Toğrul yarışmanın qalibi olub”.

Esmira Hidayətova, Mingəçevir