Tullantıları sənətə çevirən siyəzənli mühəndis

332

Qeyri-adi məşğuliyyəti ilə tanınan Siyəzən şəhər sakini Cavid Yəhyayev yararsız avtomobil şinləri və istifadə olunmuş şirə qablarından hazırladığı qeyri-adi fiqurların və bəzək əşyalarının sayını 100-ə çatdırıb. İyirmi ildən artıqdır neftçıxarma sahəsində mühəndis işləyən Cavid Yəhyayev yararsız avtomobil şinlərindən hazırladığı əl işləri ilə IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisində iştirak edib. Onun kolleksiyasında yarasız təkərlərdən düzəltdiyi 60-dan çox qeyri-adi fiqur yer alır. Yararsız avtomobil şinlərinə “yeni həyat” bəxş edən Cavid Yəhyayev daha çox heyvan, quş fiqurları və müxtəlif formalı dibçəklər hazırlayır.

İnsanları təəccübləndirməkdə davam edən siyəzənli mühəndis bu sənəti inkişaf etdirmək və kiçik biznes qurmaq niyyətindədir.

Əsas vaxtını istifadə olunmuş şirə qablarından müxtəlif qeyri-adi fiqurlar hazırlamağa sərf edən C.Yəhyayev ənənəsinə sadiq qalaraq daha çox heyvan, quş, böcək və sair fiqurlar düzəldir. Yararsız şirə qablarından hazırladığı maraqlı eksponatların sayı 30-a çatır.

Artıq 6 ildir ki, bu işlə məşğul olan C.Yəhyayev yaxın gələcəkdə taxtadan küləklə hərəkət edə bilən fiqurlar düzəltmək istəyir.

Cavid Yəhyayev bildirir ki, belə əl işləri düzəltməkdə əsas məqsədi tullantıların sayını azaltmaq və onlardan istifadə etməyin mümkünlüyünü göstərməkdir. azərtac