Transferi düyünə düşənlər…

532

Azərbaycan futbolunda  parlamaq və yox olmaq əslində, an məsələsidir. Ölkəmizdə əksər komandalar paytaxtda yığışdığı üçün bütün futbolçular göz önündədir və onların oyununu tez bir zamanda görə bilirik. Ona görə də 2-3 oyun yaxşı futbol sərgiləyən adama   istedad deyirik. Amma eyni zamanda Azərbaycan futbolunda yox olmaq da an  məsələsidir. Sənin barədə oyun satan futbolçu deyilsə, heç kim araşdırmayacaq, ağına bozuna baxmayacaq və elə də qələmə verəcək və bununla da sənin üstündən xətt çəkiləcək. Və ən əsası çalış Azərbaycanda zədələnməyəsən.  Söhbət milli üzvlərindən getmir. Onu hara gəldi göndərirlər, müalicə etdirirlər. Amma normal bir futbolçu zədə alıb, müalicəsini başa vurub geri qayıdanda ona futbola yeni gəlmiş adam kimi baxırlar… Belə olmaz… Həmin adam illərini futbolda qoyub, onu bir zədəyə görə siyahıdan silmək haqsızlıqdır…

Bu gün zədə probleminə görə, kənarda qalan oyunçular çox saydadır… O qədər ad çəkmək olar ki… Misal üçün Rövşən Əmiraslanov, Tofiq Mikayılov və bu kimi digər oyunçular kölgəyə çəkiliblər. Amma  klubundan asılı vəziyyətdə olduğu üçün transfer təkliflərini dəyərləndirə bilməyən oyunçular da var ki, bu yazıda həmin futbolçulardan bəhs edəcəyik.

 

Rauf Əliyev

Başlayaq Azərbaycan futbolunun 1 nömrəli hücumçusu Rauf  Əliyevdən. “Bakı”nın formasını geyinən 24 yaşlı hücumçu bu klubda özünü heç də rahat hiss eləmir. Məsələ burasındadır ki, Rauf 5 aydır ki, maaş, mükafat üzü görmür. “Qarabağ”dan ayrıldıqdan sonra “Bakı”ya üz tutan hücumçu burada ilk günlərdə yağ içində böyrək kimi saxlanıldı. Onunla Milinko Pantiçin arasından heç su da keçməzdi. Amma  son vaxtlar vəziyyət qəlizdir. Pantiç  əksər yerli oyunçular kimi Raufu da hədəfə alıb. Bu mənada, Əliyev klubda qalmaq istəmir. Amma onun müqaviləsi qüvvədədir. Bizdə olan məlumata görə, elitanın bütün klublarının diqqət mərkəzində olan Əliyevin transfer qiymətinin 500 min dollar olduğu  söylənilir. İndiki məqamda bu məbləği ödəyə biləcək Azərbaycan klubu varmı?

Ümumiyyətlə, Azərbaycanda belə bir qanunauyğunluq var ki, klub böyük məbləğ qarşılığında futbolçu transfer edəndə həftəbecər düzəldir. Pulun böyük hissəsini futbolçunun özü, yerdə qalanını isə  klub ödəyir.  Rauf bəlkə belə fədakarlığa getsə, o zaman klubunu dəyişə bilər. Onun xidmətində maraqlı olan klub isə “Xəzər Lənkəran”dır. Yeni baş məşqçi Oğuz Çətin ilk növbədə məhz Rauf Əliyevin komandaya götürülməsini istəyir, arzulayır…

 

Cavid Hüseynov

Durum eynidir. Milinko Pantiçlə yola gedə bilməyən, maaşların verilməsinə etiraz edən  yarımmüdafiəçi “Bakı”da oynamaq istəmir. Amma bu Cavidin istəyidir, bəs “Bakı” nə istəyir? Sözsüz ki, Bakı 18 aylıq müqaviləsi olan futbolçunu pulsuz heç yerə buraxmaq istəmir. Özü də ilin günün bu vaxtında: Pulunu ver, hara gedirsən get!

Düşünürəm ki, Cavid bir yol tapıb “Bakı”dan getməlidir. Çünki bu adamın baş məşqçini, baş məşqçinin isə bu adamı görməyə gözü yoxdur. Belə olan halda, hansı işbirliyindən və inkişafdan danışmaq  olar? Çətin haqq-hesabdır…

Məlumat üçün deyək ki, Cavidin də xidmətində “Xəzər Ləkəran” maraqlıdır. Onu bundan öncə “İnter” də heyətində görmək istəsə də, transfer məbləğinə görə geri çəkildi.

 

Əfran İsmayılov

Durumu heç də yaxşı olmayan futbolçulardan biri də Əfran İsmayılovdur. Ötən mövsüm zədə və məşqçi ilə yaşadığı problemlər səbəbindən “Bakı”da az-az oynayan Əfran buna görə milli komandadakı yerini də itirdi. Futbolçunun baş məşqçi Milinko Pantiçlə böyük problemləri var. Ona görə də 1 illik müqaviləsi qüvvədə olan oyunçu klubda qalmaq istəmir.  Əfranın xidmətində maraqlı olan klublar hazırda da var. Amma dediyimiz kimi müqaviləsi qüvvədə olan oyunçu konkret addımlar ata bilmir. Hazırda gözləmə mövqeyində olan Əfran rəhbərlik və məşqçilər korpusu ilə iyunun 25-də söhbət aparacaq. Əgər ortaq məxrəc əldə olunsa, İsmayılov transfer vərəqini götürüb, klubdan gedəcək. “Bakı”nın yerli futbolçularının ümidi Zeynal Məmmədova qalıb. Futbolçular hesab edirlər ki, Məmmədov  transfer vərəqi məsələsində onlara yardım edəcək.

 

Vaqif Cavadov

Mövsüm başa çatdıqdan sonra bu və digər problemlər səbəbindən öz işini çətinə salan futbolçulardan biri də Vaqif Cavadov oldu. Bombardiri və kapitanı olduğu “İnter”lə yeni müqavilə imzalamayan Cavadov hazırda klubsuzdur. Yayılan son informasiyaya görə, Vaqif əslində “Xəzər Lənkəran”la yeni sözləşmə imzalayıb. Amma həm klub, həm də digər maraqlı şəxslər bu məsələnin car olunmasını istəmirlər. Sadəcə, “Xəzər Lənkəran” tərəfi də israrla bildirir ki, Vaqif Cavadov onların maraq dairəsində deyil. Amma  unutmayaq, unutmayaq ki, o qədər belə izazdıran sözlər deyilib ki.. Bəlkə də elə bunlardan biridir.

 

Digərləri…

“Rəvan”ın birinci diviziona düşməsindən sonra bir neçə oyunçunun elita klublarına icarəyə verilməsi işi həll olundu. Novruz Məmmədov, Elvin Həsənəliyev, Orxan Lalayev, Ceyhun Cavadov kimi gələcək vəd edən oyunçular bundan sonra da elitada  çıxış edəcəklər.

Amma Kamal Bayramov və Cəmşid Məhərrəmov məsələsində son nöqtə qoyulmayıb. Türkiyənin “Giresunspor” klubunun maraq dairəsində olan hər iki oyunçuya “Rəvan” eyni icarə şərtlərini təklif etsə də, futbolçular bununla razılaşmırlar.

Klubsuz qalan oyunçular arasında Tofiq Mikayılov və Rövşən Əmiraslanov da var. Tofiq hazırda iki elita klubundan cavab gözləyir. “Sumqayıt”la danışıqlar aparan yarımmüdafiəçi   böyük ehtimalla doğma şəhərinin komandasına baxışa gedəcək. Onun xidmətində ellitanın debütantı “Araz Naxçıvan” da maraqlıdır ki, məsələ hələ sual doğurur. Əgər bu iki keçid baş tutmasa, o zaman Tofiq birinci divizionun iddialı klubu “Neftçala”nın uğurları üçün çalışacaq. “Simurq”dan ayrıldıqdan sonra havada qalan Rövşən Əmiraslanovun isə durumu ümumiyyətlə kritikdir. Futbolçu ilə maraqlanan belə yoxdur.

Hər halda, milli komanda üzvlərinin karyerasında belə  sualların  meydana gəlməsi heç də yaxşı hal deyil. Çalışmaq lazımdır ki, bu məsələləri tez bir zamanda yoluna qoyub, klub məsələsini həll etsinlər. Və  klub rəhbərliyi unutmasın ki zorla bazar olmur. Futbolçu isə  yadına salsın ki, indi ayrılmaq istədiyi kluba gedərkən hansı yollardan keçib…

 

ELGİZ ABBASOV