Trampın qərarı donduruldu

459

Nyu-York Federal Məhkəməsi Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarına qarşı tətbiq edilən qadağanı dondurub. Hakim En Donnelli sözügedən qanunla əlaqədar saxlanılan iki İraq vətəndaşının ölkədən deportasiya edilməməsi barədə hökm verib. Hakim sözügedən ölkələrin vətəndaşlarının deportasiyasının ABŞ-a zərər verə biləcəyini və bu səbəbdən də onların müvəqqəti olaraq Amerikada qalmalarına dair qərar verib.
Qeyd edək ki, Tramp Suriya, İraq, İran, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının ABŞ-a girməsini qadağan edən xüsusi sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindikdən sonra cümə günü Nyu-Yorkun Kennedi Hava limanında iki İraq vətəndaşı saxlanılıb.
Bu həbsdən sonra Amerika Mülki Azadlıqlar Birliyi 2 İraq vətəndaşının sərbəst buraxılması və bəzi müsəlman ölkələrinin vətəndaşlarına qarşı tətbiq edilən qadağanın götürülməsi üçün məhkəməyə müraciət edib.