Tramp impiçment elan edilən üçüncü prezident oldu

0
212

Dekabrın 18-də ABŞ Konqresinin Nümayəndələr palatasında impiçment prosesi çərçivəsində Prezident Donald Trampa qarşı iki maddəlik (Amerika administrasiyasının hazırkı rəhbərinin vəzifədən sui-istifadəsi və Konqresin təhqiqatına maneə olması) ittiham üzrə müzakirələr keçirilib. Səkkiz saat davam edən müzakirələrdən sonra Donald Trampa qarşı impiçment elan olunub. Palata üzvlərinin 230-u maddələrin qəbul olunmasının lehinə, 197-si əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb.

Proses Senatda davam edəcək. Məhz ABŞ Senatı Trampın məhkum olunması və vəzifəsindən kənarlaşdırılması və ya bəraət qazandırılması ilə bağlı son qərar verəcək məhkəmə səlahiyyəti daşıyan qurumdur. Senatdakı 100 senatordan 53-ü respublikaçıdır. Prezidentin vəzifədən kənarlaşdırılması üçün 67 səs toplamaq tələb olunur ki, bu da inandırıcı görünmür.

Nümayəndə palatasındakı demokratlar Senat qarşısında impiçment menecerləri qismində çıxış edəcək və istintaqdan əldə etdikləri nəticələri senatorlarla bölüşəcəklər. Bu menecerlər tarixən Senatın məhkəmə prosesində prokuror rolunu öz üzərinə götürən Konqres üzvləri qismində çıxış ediblər. Nümayəndələr palatasının spikeri Nənsi Pelosi növbəti bir neçə gündə impiçment menecerlərini seçəcək.

Xatırladaq ki, indiyədək Nümayəndələr palatası fəaliyyətdə olan dövlət başçısına qarşı impiçment çərçivəsində ittihamları yalnız iki dəfə təsdiqləyə bilib. Bu prezidentlər Endryü Conson (1868-ci ildə) və Bill Klinton (1998-1999-cu illərdə) olub. Sonradan onların hər ikisi Konqresin yuxarı palatasında bəraət qazanıb.azərtac