TQDK yenilikləri açıqlayıb

516
Gələn ildən ali məktəblərə qəbul ilə bağlı qaydaların liberallaşması nəzərdə tutulur.
 Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ötən gün keçirilən mətbuat konfransında deyib ki, keçən ildən başlayaraq 9 illik bazadan texnikumlara buraxılış imtahanı nəticəsində abituriyentlərin qəbul aparılırdı, lakin gələn ildən 11 illik bazadan texnikumlara qəbul buraxılış imtahanının nəticəsində aparılacaq.

“Onlar qəbul imtahanı vermədən buraxılış imtahanlarının nəticələrinə əsasən texnikumlara qəbul ola biləcəklər. Təbii ki, XI sinif şagirdlərinə həm də ali məktəblərin imtahanlarında iştirak etmək imkanı verilir. Şagirdlərin seçimindən asılı olaraq onlar ya ali məktəblərə sənəd verə bilərlər, istəmirlərsə buraxılış imtahanı nəticəsində texnikuma qəbul ola biləcəklər”, – deyə o vurğulayıb.

M. Abbaszadə əlavə edib ki, daha bir yeniliyə əsasən, gələn ildən III qrupda qabiliyyət tələb edən ixtisasları və IV qrupda qabiliyyət tələb edən idman ixtisaslarına qəbul buraxılış imtahanı və qabiliyyət imtahanı nəticəsində aparılacaq. Onun sözlərinə görə, bu da qəbul imtahanlarında iştirak edən uşaqların daha da ciddi hazırlaşmalarına əlavə imkan yaradacaq: “Uzun illərdir gileylənirik ki, qabiliyyət tələb edən ixtisaslara gedən şagirdlərin göstəriciləri aşağı olur. Bu göstərici 100-200 arasında dəyişir. Son 20 ildə III qrupda yaradıcılıq tələb edən ixtisaslarda (aktyorluq, musiqi, rəssamlıq, rejissorluq) 5 fənndən yaxşı nəticə göstərən uşaqlar az olub. Onlar yaxşı hazırlaşmırlar, bəlkə də onlar üçün çətindir. Amma indi onlara imkan verilir ki, 3 fənndən – Ana dili, Riyaziyyat və Xarici dildən hazırlaşaraq ali məktəbə qəbul ola bilsinlər. Lakin burada bir məsələ var. Əgər onlar buraxılış imtahanında “2” alsalar da attestat alacaq, amma onların balları qabiliyyət imtahanında iştirak etməyə imkan verməyəcək. Buraxılış imtahanında hər bir fənn üzrə 10 bal məhdudiyyəti qoyulur. Onlar hər bir fənn üzrə 30 sualdan ən azı 8-nə cavab verdikləri halda, qabiliyyət imtahanda iştirak edə biləcəklər”.

Əvvəlki illərin məzunlarına gəlincə, TQDK sədri qeyd edib ki, onlar yalnız texnikumlara qəbul olmaq istəyirlərsə, ərizə verərkən bunu sənədlərində qeyd edirlər. Onun sözlərinə görə, bununla da onlar eksternat buraxılış imtahanlarında iştirak edəcəklər: “Əgər onlar qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyirlərsə, yenə də eksternat buraxılış imtahanlarda iştirak etməlidirlər. Əgər ali məktəblərin ümumi ixtisaslarının müsabiqəsində iştirak etmək istəyirlərsə, o zaman onlar qəbul imtahanlarında iştirak etməli olacaqlar”.

M. Abbaszadə vurğulayıb ki, bu qaydalar tam şəkildə 1 nömrəli “Abituriyent” jurnalında çap olunacaq. O qeyd edib ki, qaydalar ekspertlər tərəfindən bəyənilib və təsdiq olunub. Qaydaların hüquqi müstəvidə təsdiqi bu yaxınlarda gözlənilir.

TQDK sədri gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında fənlərin sayı artırılacağını da açıqlayıb. M. Abbaszadə qeyd edib ki, buraxılış imtahanları ilə bağlı təkliflər sentyabr ayında Təhsil Nazirliyinə göndərilib. Bu təkliflər artıq ekspertlər tərəfindən müzakirə olunub, onlara Təhsil Komissiyasında da baxılıb. Artıq Təhsil Nazirliyinin tələbi əsasında buraxılış imtahanlarına əlavə olunacaq üçüncü fənn müəyyənləşib. Onun sözlərinə görə, üçüncü fənn “Xarici dil” fənni olacaq: “Təhsillərini davam etdirən şagirdlər üçün bu problem yaratmayacaq. Çünki ali məktəblərə hazırlaşan abituriyentlər üçün üç qrupda xarici dil fənni var. Tədris prosesində bütün orta məktəblərdə xarici dillər keçilir. Kim hansı xarici dildə dərs keçibsə, o dildə də imtahan verəcək. Buraxılış imtahanında Xarici dil fənninin əlavə olunması yalnız 11-ci siniflər üzrə keçirilən buraxılış imtahanında tətbiq olunacaq. Beləliklə, 11-ci siniflər gələn il buraxılış imtahanında Ana dili, Riyaziyyat və Xarici dildən imtahan verəcək”.

M.Abbaszadə qeyd edib ki, 9-cu sinif üzrə keçiriləcək buraxılış imtahanında isə heç bir əlavə fənn olmayacaq. Onun sözlərinə görə, 9-cu sinif üzrə buraxılış imtahanları iki fənn üzrə-Ana dili və Riyaziyyat fənnindən aparılacaq.