TQDK qəbul və buraxılış imtahanları keçirib

537

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) qəbul imtahanı, tam (11 illik) orta təhsil bazasında, həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirib.

Həmin gün eyni zamanda ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmayan, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməyən şagirdlər, həmçinin üzrlü səbəbdən 2015-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan şagirdlər buraxılış imtahanı veriblər.

Qeyd olunan imtahanlar bütövlükdə respublikanın 14 şəhər və rayonunda – Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda, ümumilikdə, 64 imtahan mərkəzində təşkil edilib.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

Bütün mərkəzlərdə şagirdlər (abituriyentlər) üçün normal imtahan şəraiti yaradılıb və proses təlimata uyğun aparılıb. İyunun 3-dən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.