Toylarımızda niyə dava düşür?

691

Rəhmətlik Güllü nənəm deyərdi ki, oğlunun, yəni atamın toyunda (1982-ci il) elə bir dava düşübmüş ki, bir neçə nəfər xəstəxanalıq olubmuş. Dediyim odur ki, toylarımızda dava, qan düşməsi əvvəllər də olub, bu gün də var. Toyda davalar müxtəlif səbəblərdən düşür. Kimisi spirtli içki içir və ağlı başından çıxır, kimisi mahnı üstündə mübahisə edir, kimisinin “qeyrət damarı tutur”, kimisi özünü “bomba oğlan” kimi göstərməyə çalışır və s. Hər nədən olur olsun reallıq budur ki, insanların, xeyir işində narahatlıq, həyəcan yaşanır, maddi zərər dəyir, bəzən hətta toy yarımçıq da saxlanılır.

Siz heç qonşunun, qohumun toyunda dava salıb, səhərisi gün küçəyə çıxmağa utanan adam tanıyırsınız? Şəhər yerində bilmirəm, amma rayonda belə şeylər çox olur. Məlumdur ki, kənd yerində hamı bir-birini yaxşı tanıyır. Zəhrimar içki olmasa, səmimiyyət, mehribanlıq da öz yerində. Amma di gəl, spirtli içki toy günü bu məsələni arxa plana keçirir. Toy günü tutaq ki, dayıoğlu bibioğlunun məclisində dava salır, toy bir neçə dəfə kəsilir, qanqaraçılıq yaşanır. Halbuki dayıoğlu toydan bir gün öncəyədək mağarın tikilməsinə, heyvanın kəsilməsinə, qab-qacağın daşınmasına qədər bütün işlərdə köməkliyini əsirgəməmişdi. Amma toy günü onun bütün bu əziyyəti toy sahibinin gözündən gəldi – dayıoğlunun davasına görə.

Səhərisi gün dayıoğlu yuxudan oyanır və axşamdan bəri nələr yaşandığını xatırlamağa çalışır. Toy qurtarıb, qonaqlar dağılışıb, bibioğlunun dünənki çal-çağırlı məhləsində bir sakitlik hökm sürür. Dayıoğlu içkinin təsirindən dünən baş verənləri xatırlamır deyə, könlündən durub yenə də qohumunun evinə getmək, yardım etmək keçir. Sonra hər şey yadına düşür və əgər hissləri ölməyibsə, xəcalət hissi keçirir, xeyli müddət qohum-əqrəbanın gözünə görünmür. Şəxsən belələrini çox görmüşəm.

 Bəyin başına butulka çırpanlar, zarafatı ciddiyə alanlar…

Bu məqamda qeyd edək ki, internetdə “toyda dava” yazıb axtarış aparanda çoxlu sayda xəbərlər çıxır. Bu barədə xəbər bolluğunun olması məsələnin günümüz üçün nə qədər aktual olduğunu təsqdiqləyir.

Həmin xəbərlərdən bəzi faktları təqdim edirik:

– Sonuncu belə hadisə bu günlərdə Lənkəranda qeydə alınıb. Hadisə avqustun 17-də saat 23.00 radələrində rayonun Qrumba kəndində qeydə alınıb. Toyda yeyib-içən kənd sakini, 40 yaşlı Səxavət Haqverdiyevlə şəxsiyyəti hələlik açıqlanmayan digər həmyerlisi arasında şəxsi mübahisə davaya çevrilib.

Həmyerlilərini ayırmağa cəhd göstərən digər kənd sakini, 31 yaşlı Camal Şəkərov S. Haqverdiyevin bıçağına tuş gəlib. Rayonun hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar.

– Qusarda toy mərasimində qan düşüb. Mərasimdə iştirak edən 1979-cu il təvəllüdlü Talıbov Kamil Şöhrət oğlu naməlum şəxslər tərəfindən döyülüb. Aldığı zərbələrdən sonra halı pisləşən K. Talıbov gecə saatlarında dünyasını dəyişib.

– Bakıda şadlıq evində keçirilən toyda dava olub, bəyin başına butulka çırpıblar. “8-ci kilometr” qəsəbəsində yerləşən şadlıq evində keçirilən toyda dava zamanı aranı sakitləşdirmək istəyən bəyin başına butulka çırpılıb.

– Şəmkir rayonunun Yeniabad kəndində toy məclisi kütləvi davaya çevrilib.

Toy məclisində xeyli miqdarda spirtli içki qəbul edən dostlar bir-biriləri ilə yersiz zarafat ediblər. Çox keçməyib ki, bu zarafat kütləvi davaya çevrilib. Nəticədə 30 yaşlı kənd sakini Mehman Fətəliyev çoxsaylı bıçaq zərbələri alaraq, Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

– Ağcabədi rayonunun Hacıbədəlli kəndində toyda dava düşüb, ölən və yaralananlar var. Dava zamanı Məhərrəmov Sənan Əsgər oğlu dörd nəfəri bıçaqlayıb, onlardan biri xəsarətdən dünyasını dəyişib. Digər üç nəfər isə xəstəxanaya yerləşdirilib.

– Bərdə rayonunda toyda kütləvi dava olub. Hadisə rayonun Böyük Göyüşlü kəndində qeydə alınıb. Toy mərasimi zamanı iki nəfər arasında yaranan mübahisə həmkəndlilər arasında əlbəyaxaya çevrilib. Digərlərinin də müdaxiləsi ilə insident kütləvi davaya çevrilib.

– Mingəçevirdə toy mərasimində baş verən dava bıçaqlanma ilə nəticələnib.

– Bakının Əmircan qəsəbəsində toyda dava düşüb. Hadisə şahidlərinin verdiyi məlumata görə, toyda qonaq qismində iştirak edən qəsəbə sakini Elxan Zahirovla həmyerlisi 25 yaşlı Laçın Qüdrət oğlu Əmirov arasında mübahisə baş verib. Tanışlar toy mağarından ayrılaraq mübahisəni yaxınlıqdakı dəmir yolunun kənarında davam etdiriblər. Mübahisə burada qızışıb. Laçın Əmirov Elxan Zahirovu bıçaqlayıb. Atasının bıçaqlandığını görən Rəsul Elxan oğlu Zahirov üzərində gəzdirdiyi cib bıçağı ilə Laçın Əmirovu vurub. Özünü ayaqda saxlamağı bacaran Laçın əlindəki bıçaqla Rəsula da xəsarət yetirib.

– Lənkəranda toyda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Rvo kəndindəki şadlıq saraylarının birində keçirilən toy məclisi zamanı qeydə alınıb.

 “Onlar şüuraltı olaraq cəmiyyətin fikirlərinə üstünlük verirlər”

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən psixoloq Hüseyn Xəlilov söhbətə yarızarafat-yarıciddi belə başladı: “Müəllim, bu mövzuda elə yazın ki, sabah biz özümüz də toyda həmin adamların hədəfinə gəlməyək (gülür)”.

Müsahibimizin sözlərinə görə, cəmiyyətdə müxtəlif düşüncəyə sahib, müxtəlif tərbiyəli insanlar olduğu kimi, toyda dava salanları da 3 yerə bölmək olar: “Burada birinci səbəb olaraq spirtli içkini qeyd etmək lazımdır. Gəlin bunların hər birinə ayrıca diqqət edək. Birinci qisim insanlar spirtli içkinin təsiri altında cəmiyyətə özlərini göstərmək istəyən insanlardır. Onlar şüuraltı olaraq cəmiyyətin fikirlərinə üstünlük verirlər. Tutaq ki, toyda biri onların mahnısını kəsəndə düşünürlər ki, bəs ətrafdakılar buna nə deyəcəklər? Guya bu insanın mahnısını kəsmək olmaz, kəsilirsə, bu, artıq onun alçaldılmasıdır və s. Yəni bu insanlar şüuraltı olaraq özlərində bir “hekayə” uydururlar və ona inanırlar. Halbuki spirtli içkinin təsiri altında olduqları üçün çox vaxt onların özləri cəmiyyət üçün, o toydakı insanlar üçün əhəmiyyətli şəxs sayılmırlar. Bunların içərisində öncədən toyda dava salmağı planlaşdıranlar da olur. Bu insanlar özlərini göstərmək üçün toyda dava salmağı qabaqcadan planlaşdırırlar. Mənim fikrimcə, bunların hamısı cahillik əlamətidir”.

Hüseyn Xəlilovun dediyinə görə, ikinci qisim insanlar da var ki, toyda dava onların iradəsindən asılı olmayaraq düşür: “Tutaq ki, kimsə onun yaxınına gəlib bir söz deyir, durduğu yerdə kimsə gəlir onu təhqir edir və s. Bu halda əsəbi zəif insanlardan bir çoxu dözmür və affekt vəziyyətində dava iştirakçısı olurlar. Bütün hallarda mən hər bir insana bu cür vəziyyətlərdə səbirli olmağı məsləhət görərdim. Tutaq ki, elə biri mənim özüm – toyda kimsə gəlib mənə sataşırsa, durub dava salası deyiləm ki. Çalışaram o insanı sakitləşdirəm, vəziyyətdən çıxam və s”.

H. Xəlilovun fikrincə, bəzi bölgələr də var ki, orada toyda dava düşür və bu, insanlar tərəfindən normal qəbul olunur: “Həmin bölgələrdə toyda dava düşməyəndə deyirlər ki, bu nə toydur”.

Müsahibimizin qənaətincə, toyda dava salıb sonradan peşmançılıq hissi keçirənlər daha çoxdur: “Amma iş-işdən keçdiyi üçün onların sonrakı peşmançılığı heç bir fayda vermir. Əgər bıçaqlanma, qətl hadisəsi baş veribsə, bu halda peşmançılıq hissi daha dəhşətli olur. Adam var ki, toy günü davaya səbəb olmaqdan özünü zorla saxlayır, yəni kiminsə yersiz hərəkətlərinə dözür və səhərisi günü qarşı tərəf gəlib ondan üzr istəyir ki, bəs içkili olmuşam, peşmanam – bağışla və s. Bax belə olmaq lazımdır”.

Müsahibimiz dedi ki, bu məsələdə ailə tərbiyəsi də çox ciddi rol oynayır.

 

Xuliqanlıq

Qeyd edək ki, bıçaqlanma və qətl hadisəsi baş vermədikdə toyda dava Cinayət Məcəlləsinin Xuliqanlıq maddəsi ilə araşdırılır. Həmin maddəyə görə, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Bu hərəkətlər yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər bir qrup şəxs tərəfindən təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xuliqanlıq silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nicat İntiqam