“Toylarımızda muğamlarımıza çox az yer verilir”

1023

Tanınmış müğənni, “Toylar kralı” Nəriman Mingəçevirli bu günlərdə Mingəçevir şəhəri ilə bağlı daha bir klipini çəkdirmək niyyətindədir. Biz də fürsətdən istifadə edib, müğənni ilə görüşdük və bizi maraqlandıran bəzi suallarımızı sənətçiyə ünvanladıq. Dediyinə görə, atası Zərdab rayonunda ailə həyatı qurduqdan sonra Mingəçevirə gəlib. Nəriman Mingəçevirli də Mingəçevirdə doğulub boya-başa çatıb. Ailədə 8 uşaq olduqlarını bildirən müğənni atasının həyatdan tez köçməsi ilə bağlı bütün ailə qayğılarının onun üzərinə düşdüyünü dedi: “Mənim musiqiyə həvəsim lap uşaqlıq illərindən olub. Atamın və iki bacımın gözəl səsi olub. Həmişə həyət-bacada zümzümə edərdilər. Atam televiziya, radioda muğam verilişlərinə diqqətlə qulaq asırdı. Hətta bizə də deyirdi ki, siz də dinləyin. Atam dünyasını erkən dəyişdi. Çox çətinliklər çəkdik. Ailə qayğıları bir qardaş kimi mənim öhdəmə düşdü. Atamın ən böyük arzusu o idi ki, bizlərdən birimiz musiqi sahəsində özümüzü sınayaq. Bakı şəhərində Mədəni-Maarif texnikumunu bitirdikdən sonra Mingəçevirə gəldim; Mədəniyyət şöbəsində işə düzəldim. Ailə qayğıları ilə bağlı sənət fəaliyyətimə bir az gec başladım. Sonra da müharibə şəraiti idi. Bir Azərbaycan vətəndaşı kimi cəbhə bölgələrimizdəki qardaşlarımıza dəstək olmaq üçün tez-tez cəbhə bölgələrinə konsert verməyə gedirdik. Hətta səngərdə konsert verəndə mühasirəyə də düşmüşdük. 2000-ci ildə bacı və qardaşlarımın hamIsını yerbəyer etdikdən sonra öz üzərimdə işləməyə qərar verdim və Bakı şəhərinə yollandım. Bəstəkar  Qismət Əliyevdən imkanım daxilində – bir az ucuz mahnılar alıb oxuyurdum. Lakin heç bir irəliləyiş olmurdu. Qismət Əliyev məni bəstəkar dostu  Natiq Şuşalının yanına apardı. Natiq Şuşalı məni dinlədikdən sonra dedi ki, yaxşı səsin var, səninlə işləmək olar. Sözləri şairə Dilarə xanım Şahidə aid “Səndən mənə xəbər verir” mahnısını Natiq müəllim mənə verdi və bu mahnını ifa etdim. İfadan sonra mahnı bütün Azərbaycana yayıldı. Azərbaycanın bütün bölgələrindən zənglər gəlməyə başladı. Toy-toyun ardınca oldu. Aradan 4 ay keçdikdən sonra mənə lirik bir mahnı – “Unut dedin, unutdum” mahnısını da verdi və bu mahnılarıma klip çəkdirməyimi də istədi. Artıq bütün bölgələrdə tanınırdım. Müğənniyə də nə lazımdır, tamaşaçı sevgisi, o da var idi. Beləliklə, “Gəl ol anam gəlini”, “Zərdab”, “Həyat məni ağlatdıqca gülürəm” və s. mahnılarıma kliplər də çəkdirdim. 2005-ci ildə disklər, albomlar çıxartdıq. Yəni hər kəsin bir çətinliyi olur, amma gərək bu çətinlikdən çıxmağı da bacarasan. Hər kəsin öz bacarığına görə xalq onu qiymətləndirir”.

– Toylarımızda səsgücləndiricilərin səsindən əsəblər tarıma çəkilir, toydan zövq ala bilmirsən, məcburən toydan çıxmaq istəyirsən. Toy yaxşı şeydir, amma hər şeyin əndazəsi olmalıdır. Səsgücləndiricini o qədər yüksək qoyurlar ki, bilmirsən müğənni nə oxuyur? Buna bir müğənni kimi sizin münasibətiniz necədir?

– Düzdür, bəzən müğənnilərimiz toylarda səsgücləndiricini o qədər yüksək edirlər ki, toy çox maraqsız alınır. Mənim rəhbərlik etdiyim “Amin” instrumental ansambılı 1997-ci ildə yaranıb. Toylarda ən çox diqqət etdiyim məqam səsin asta olmasıdır. Bir dəfə kənd toyunda idik, bir nəfər dedi ki, səsi qaldırın. Mağar toylarında gərək səs o qədər olsun ki, toyun səsi o biri kəndə gedib çıxsın. Bir nəfər öz iradını bildirdi ki, bunlar heç nə çala bilmir, bunları haradan gətirmisiniz. Tamada həmin kənddən idi. Mikrofonu əlinə alıb bildirdi ki, ay millət, siz bizə yad o qədər beyni xarab edən mahnılara qulaq asmısınız ki, təmiz oxuyan adamları qəbul edə bilmirsiniz. Ondan sonra camaatın elə bil ağlına batdı ki, doğrudan da musiqini astadan dinləmək daha yaxşıdır. Bu kişinin sözlərini kənd ağsaqqalları da alqışladılar”.

– Seçiminiz olsa, kənd toylarına üstünlük verərsiniz, yoxsa şadlıq saraylarında keçirilən toylara?

– Mən deyərdim ki, müğənninin, xanəndənin inkişafı üçün keçmiş toylarımız çox güclü idi. İndi yox. İndi müğənni inkişaf edə bilmir. Səbəbi də odur ki, 4-5 saat toy ərzində toy sahibi deyir ki, amanın günüdür, oynaq mahnılara daha çox yer verin. Toylarımızda muğamlarımıza çox az yer verilir. Bu da müğənnini çox geri aparır. Çox gözəl olar ki, toylarımıza, heç olmasa, muğam üçlükləri də gəlsin. İnkişaf üçün muğamlarımız yaddan çıxmasın gərək”.

– Toy tutmaq üçün çətinlik çəkmirsiniz?

– “Toylar kralı”olduqdan sonra deyərdim ki, məsuliyyət də bir az artıb. Gərək elə oxuyaq ki, bu ada layiq olaq və qoruyub saxlaya bilək adımızı. Ona görə də çalışıram ki, yeni mahnılar üzərində işləyəm, bir sözlə, yenilik yaratmaq tamaşaçı zövqünə oxşamaq lazımdır.

– Oxuduğunuz mahnılarda sanki nakam bir sevginin izi sezilir…

– Hər kəsin gənc yaşlarında bir sevgisi olur. Təbii ki, mənim də olub. İstədiyim var idi, onu çox sevirdim. Hər yerdə gözüm onu axtarırdı. Lakin qismət olmadı. İndi bu sevgimi mahnılarıma yönəltmişəm, yəni o sevgini mahnılarımda axtarıram.

– Ən populyar ifalarınızdan biri də Mingəçevir haqqında olan mahnınızdır. Bu mahnıya klip də çəkdirmisiniz. Bu mahnı necə yarandı?

– Mən öz yaşadığım doğma şəhərimi sevirəm. Ona görə də Vahid Əzizin  sözlərinə bəstələnmiş mahnını ifa etdim və bu mahnı çox sevildi, bütün televiziya kanallarında efirə verilib. İndi Mingəçevir yenidən qurulur, sanki yeni bir Mingəçevir yaranır. Ona görə də bu gözəlliyin şəninə daha bir mahnı yazdırmaq ürəyimdən keçir. Fürsətdən istifadə edib, şəhərimizin İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova buradan öz təşəkkürümü bildirirəm. Doğrudan da, şəhərimiz günü-gündən inkişaf edir, gözəlləşir.

– Sənətinizi övladlarınızdan davam etdirmək istəyən varmı?

– İstərdim ki, oğlum sənətimin davamçısı olsun. İnşallah, onu zaman göstərər, oğlum hələ məktəblidir…

Esmira Hidayətova, Mingəçevir