Toy sevinciniz girovluqda bitməsin!

741
Toy Azərbaycanın ən qədim və gözəl adətlərindən biridir. Bu təkcə bir-birini sevən iki gəncin qovuşduğu gün deyil. Eyni zamanda uzun illərdir görüşməyən qohumların, dostların, yaxınların da bir araya gəldikləri gündür. Toy günü insanların sevinc hissini bölüşdüyü, bir-birlərinin xoşbəxtliklərinə şərik olduqları vaxtdır.
Bu gün valideynlər üçün də xüsusi əhəmiyyət kəsb edir. Onlar sevinc hissi ilə yanaşı, həm də narahatlıq keçirirlər. Həm yeni ailə quracaq övladlarının gələcək ehtiyaclarını təmin etmək (burada ev, cehiz nəzərdə tutulur), həm də toyu yola vermək üçün külli miqdarda maddi vəsait tələb olunur.

Əgər toy sahibləri “qonşudan qalma geri” məsəli ilə hərəkət edirlərsə, onda toy sevinci çox da uzun çəkmir. Borc, kredit hesabına yola verilən şadlıqdan sonra növbə çatır borcları qaytarmağa. Qohumdan, dostdan alınan borcu zamanla qaytarmaq olur, amma vay restorana borclu qalanların halına.

Deməli, bir neçə ay bundan əvvəl qonşumuzda yaşayan bir qadın oğluna kiçik toy mərasimi keçirdi. Bu qadın 5 uşaq anasıdır və həyat yoldaşı təxminən 1 il bundan əvvəl dünyasını dəyişib. Adını qeyd etmək istəmədiyim bu qadın tək işləyib uşaqlarını saxlayır. Bu, kiçik toy olsa da, onu böyük keçirmək istəyən qadına qonşular bu fikrindən daşınması üçün nə qədər məsləhət versələr də razılaşmayıb. Onu da deyim ki, bir çoxlarında olduğu kimi, bizim qonşu qadın da restoran sahibi ilə gəldikləri razılığa əsasən bura olan borcunu toydan sonra yığılan pulla ödəməli idi. Lakin vəziyyət heç də gözlənilən kimi olmayıb. Belə ki, qonaqların “təbrikləri” restoranın borcunu ödəməyə kifayət etməyib. Toy qurtardıqdan sonra restoran sahibi ödənilməyən borcun əvəzinə, qadını girov saxlayıb. Ancaq qonşuların israr etməsi, “buraxın, borc tapıb gətirər” təklifindən sonra restoran sahibi qadının getməsinə icazə verib.

Bu mənim şahidi olduğum vəziyyətdir, amma yaşanan ilk belə hadisə də deyil. Bir müddət bundan əvvəl də Şabran rayonunda restorana borclu qalan toy sahibinin qayınanası girov götürülmüşdü.

Burası bir həqiqətdir ki, insanlar çox zaman özlərini dəbdəbənin, “camaat nə deyər”in güdazına verir. Hamı hər şeyin ən gözəlini etmək istəyir, amma maddi vəziyyətin imkan verdiyi ölçüdə də işi həll etmək olar. Bu barədə qəzetimizə müsahibə verən Əməkdar jurnalist Qulu Məhərrəmli məsələyə el məsəli ilə aydınlıq gətirdi: “Ayağını yorğanına görə uzat” məsəli çox yerində deyilmiş bir kəlamdır. Hesab edirəm ki, hər hansı işə başlayarkən, xeyir iş planlaşdırılarkən öz maddi imkanlarımıza görə hərəkət etməliyik. İnsanlar imkanları çərçivəsində hərəkət etmədikdə həmişə problemlərlə üzləşirlər. Axı insanlar maddi baxımdan bərabər deyillər. Biri çox imkanlı, digəri orta səviyyəli ola bilər. Ona görə də ailələr maddi imkanı özündən daha yüksək olan insanlarla yarışa girdikdə çox ciddi fəsadlarla qarşılaşır. Ailədaxili münaqişələr, iqtisadi cəhətdən ailələrin çökməsi də məhz bunun nəticəsidir. Ona görə də insanlar bir məsələyə başlamazdan əvvəl “yüz ölçüb, bir biçməli”dirlər. Bu hadisənin bir başqa tərəfi. Ancaq məsələnin bir də hüquqi tərəfi var. Məsələn, restoran sahiblərinin bu və ya başqa səbəbdən, lap elə toy sahibi borclu qaldığı təqdirdə, onu girov saxlamaq səlahiyyətləri varmı? Bu addımlarına görə sahibkarları hər hansı bir cəza gözləyirmi? Və ya sahibkar ödənilməyən borcu qarşısında hansı addımı atmalıdır?

“Heç bir sahibkarın vətəndaşı girov

saxlamaq səlahiyyəti yoxdur”

Məsələ ilə bağlı “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən hüquqşünas İlham Məmmədov heç kəsin hər hansı səbəbdən vətəndaşı girov saxlamaq hüququnun olmadığını bildirdi: “Heç kəsin məhkəmənin qərarı olmadan hər hansı bir vətəndaşı və ya qeyri-vətəndaşı girov saxlamaq hüququ yoxdur. Burada girov saxlayan şəxs vətəndaşı azadlıqdan məhrum etdiyi üçün birbaşa cinayət məsuliyyəti daşıyır. Belə vəziyyətlə qarşılaşan vətəndaş şikayət ərizəsilə həmin sahibkarı cinayət məsuliyyətinə cəlb edə bilər. Təbii ki, girov saxlamaqda sahibkarın məqsədi adam oğurluğu deyil, amma məqsəd nə olursa olsun, bu addım cinayət sayılır və qanun heç kəsə belə bir səlahiyyət vermir”.

 

“Sahibkar borclu şəxslə öhdəlik

müqaviləsi bağlaya bilər”

Məsələyə digər tərəfdən yanaşan hüquqşünas sahibkarın zərər çəkdiyi təqdirdə, bunu hüquqi yolla həll etməsinin vacibliyini vurğuladı: “Əgər sahibkar borclu şəxsdən pulunu ala bilmirsə, o məhkəməyə müraciət etməlidir. Məhkəmənin qərarına uyğun olaraq, aidiyyəti qurum borclu şəxs haqqında çıxarılan hökmə əsasən, 48 saat və ya qərara müvafiq olaraq, 2-3 ay, ya da daha uzun müddətdə saxlanıla bilər. Lakin burada öhdəlik, sadəcə, borcu geri qaytarmaqdır. Yəni ortada cinayət tərkibi yoxdur. Mülki tərkib olduğu üçün də sahibkar onunla borcun nə vaxt qaytarılacağına dair öhdəlik müqaviləsi bağlamalıdır”.

Xəyalə Sadıqova