Toy monopolistləri qanunları tanımırlar

524
Bu günlərdə toy məclisləri baş tutmuş şəxslər bizimlə söhbət zamanı hətta cəhd etsələr də, şadlıq evlərində menyuda dəyişikliyə nail ola bilmədiklərini söylədilər. Dediklərinə görə, ödədikləri məbləğə görə onlara çek və ya qəbz də verilməyib.
Dünən İqtisadiyyat və Sənaye Nazirliyi şənlik məclisləri təşkil etmək istəyənlərin hüquqları mövzusunda açıqlama yayıb. Açıqlamada bildirilir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq, istehlakçıların malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar, xidmətlər almaq, bu barədə dolğun və düzgün məlumat əldə etmək və s. hüquqları var. Nazirlik qeyd edib ki, şənlik məclisləri təşkil etmək istəyənlərə hüquqlarının qorunması üçün aşağıda qeyd olunanlara diqqət yetirmələri tövsiyə edilir:

– Məclislərin keçirilməsi üçün şadlıq evinə sifariş verilməzdən əvvəl, obyektin vəzifəli şəxsi tərəfindən təsdiq edilmiş və göstərilən xidmətlərin adları, xassələri, qiymətləri və digər şərtləri əks olunmuş qiymət cədvəllərinin (menyunun) təqdim olunmasına;

– qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, içkilərin, desertlərin və s. siyahısına yalnız müəyyən etdiyiniz malların daxil olunmasına;

– məclisdə səsləndirmək istədiyiniz musiqi, əyləncəli proqramlar, rəqs nömrələri, kəbin kəsilməsi və s. xidmətlərin siyahısının yalnız müəyyən etdiyiniz xidmətlərdən ibarət olmasına;

– məclisdə qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və göstəriləcək xidmətlərin və s. konkret adları, miqdarı, qiymətləri və s. əks olunmuş müqavilə bağlanılmasına;

– göstərilmiş xidmət müqabilində ödədiyiniz məbləği təsdiq edən ödəniş sənədlərinin (kassa çeki, qəbz) ödəniş edildikdən dərhal sonra təqdim olunmasına.

İqtisadiyyat və Sənaye Nazirliyi vurğulayıb ki, məclislərin təşkili zamanı hüquqlarınızı pozan, o cümlədən əlavə çeşiddə mal və ya xidmət almağa məcbur etməyə cəhd edən şadlıq evləri barədə 012 498-15-01 və ya 012 498-15-04 saylı telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya 195-2 telefon nömrəsi ilə Nazirliyin Telefon Məlumat Mərkəzinə müraciət etməyi tövsiyə edib.

Mövzu ilə bağlı bu günlərdə toyları olmuş bir neçə şəxslə söhbətləşdik. Bakıdakı şadlıq evlərindən birində toy məclisi olmuş jurnalist Vüqar Quliyev dedi ki, 1 stolun qiyməti ona münasib qiymətə başa gəlib: “Qiymət bir qədər ucuz olsa da, yeməklərin keyfiyyətindən razı qaldıq. Amma menyuya dəyişiklik edilməsi barədə təklifimlə razılaşmadılar. Dedilər ki, istəyirsən çıxart, istəyirsən çıxartma qiymət 17 manatdır. Beləcə, razılaşmalı oldum”. Bütün bunlara rəğmən, V. Quliyev toydan ziyanla çıxmadıqlarını bildirdi: “Toya 250 nəfər dəvət etmişdik, 150 nəfər gəldi. Amma toyda təklif edilən musiqi nömrələri bizi qətiyyən qane etmədi. Seçim imkanı da olmadı. Bildirdilər ki, əgər əlavə musiqiçi dəvət etmək istəyirsinizsə, onun xərcini özünüz çəkməlisiniz. Bizim isə buna imkanımız yox idi”.

Vüqar bəy şadlıq evinə etdiyi ödənişlərə görə, ona hər hansı qəbz, çek verilmədiyini də sözlərinə əlavə etdi.

Toy monopolistləri qanunları tanımırlar

Başqa bir müsahibimiz Tural Rəcəbov da bu günlərdə ailə həyatı quranlardandır. Tural bəy menyunun qiymətində şadlıq evi rəhbərliyinin ona güzəşt etdiyini söylədi: “Şirin dilimi işə saldım, işə yaradı. Amma kamera və fotoqraf xidmətlərinə görə elə bir məbləğ söyləndi ki, bizi qətiyyən qane etmədi”. T. Rəcəbov isə toyuna 350 nəfər dəvət etdiyini və məclisi maddi ziyansız başa vurduğunu dedi: “Ödədiyimiz məbləğə görə isə bizə şadlıq evi tərəfindən qəbz və ya çek verilmədi”.

Mövzu ilə bağlı bu günlərdə ailə həyatı qurmuş bir xanımın da fikirlərini öyrəndik. Samirə İbrahimova (ad şərtidir-red) menyuda dəyişiklik etmək barədə cəhd göstərdiklərini, amma buna nail olmadıqlarını vurğuladı: “Şadlıq evinin rəhbərliyi başa düşür ki, sən onsuz da toy ab-havasındasan, ona görə də bundan istifadə edir. Hər halda toy ərəfəsində kim qanqaraldıcı bir vəziyyətlə üzləşmək istəyər ki?”

S. İbrahimova şadlıq evində onu narahat edən bir məqamı da qeyd etdi: “Şadlıq evinin fotoqrafı toyda çəkdiyi şəkillərin diskini bizə pulsuz verməyəcəyini bildirdi və buna görə 150 manat tələb etdi. Başqa bir təklif də verdi ki, əgər qiyməti 350 manat olan şəkil albomunu alsaq, diski bizə pulsuz verər. Biz də ikincini seçdik”.

Müsahibimiz sadə vətəndaşların şadlıq evlərində hökm sürən vəziyyətə təsir imkanlarının olmadığını dedi: “Bu iş dövlət tərəfindən tənzimlənməlidir. Sən, mən şadlıq evlərini monopoliyaya almış insanlara heç nə edə bilmərik və ya bilmirik. Etiraz edirsən, şadlıq evindən deyirlər ki, bizdə vəziyyət budur, xoşun gəlmir get başqa şadlıq evini seç. Qalırsan mat-məəttəl. Bir daha deyirəm, mənim fikrimcə, bu məsələ birbaşa dövlət tərəfindən inzibati yolla tənzimlənməlidir. Qanunlarımız var, amma onlar icra olunmur. Dövlət qurumları dövlətin qəbul etdiyi qanunların icrasına ciddi şəkildə nəzarət etməlidirlər”.

Nicat İntiqam