Toy karvanında maksimum 5 maşın olmalıdır

0
414

Yol polisi toy karvanları ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) bölmə rəisi Vaqif Əsədov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, ilin əvvəlindən bu günə qədər toy karvanlarında 11 yol nəqliyyat hadisəsi baş verib.

Bu hadisələr zamanı 2 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

Buna görə də BŞDYPİ toy sahiblərinə təklif edir ki, toy karvanlarında maksimum 5 avtomobil iştirak etsin. Eyni zamanda, bu avtomobillər karvan şəklində yalnız bir zolaq üzrə sağ tərəfdə hərəkət etsinlər. Hətta bununla bağlı yol polisi animasiya da hazırlayıb.

V. Əsəsdov onu da bildirdi ki, toy karvanında hərəkət edən sürücülərin böyük əksəriyyəti yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Elə buna görə də polis son illər toy karvanlarına nəzərati daha da gücləndirib.

Qeyd edək ki, ilin əvvəlindən bu günə qədər bəy-gəlini müşayiət edən sürücülər yol zolaqlarının lüzumsuz olaraq tutulması, yeri gəldi-gəlmədi səs siqnalından istifadə etdiyi, qarşı hərəkət zolağına çıxaraq nəqliyyatın hərəkətinə mane olduğu üçün 100 sürücü barəsində inzibati qaydada protokol tərtib edilib. Toy karvanında avtoxuliqanlıq edən 10 sürücü isə aşkar edilərək barələrində məhkəmə qərarı ilə inzibati həbs qərarı çıxarılıb.