Tövbə – bərəkət qapısıdır

495

Allah-Təala (c.c.) Peyğəmbəri Musaya (ə.s.) belə buyurur:

”Ey Musa, filan məhəllədə bizim dostlarımızdan biri vəfat etdi. Get, onunla bağlı nə lazımdırsa, et. Sən getməsən, biz onun işini öz mərhəmətimizlə həll edərik”.

Həzrəti Musa əmr olunduğu məhəlləyə getdi və oradakılardan soruşdu:

– Bu gecə burada Allah-Təalanın dostlarından biri vəfat etdimi?

Adamlar belə dedilər:

– Ey Allahın Peyğəmbəri, bu gecə Allahın dostlarından heç kəs vəfat etmədi, amma filan evdə zamanını pis işlərlə keçirən əxlaqsız bir gənc öldü. Günahlarının çoxluğuna görə heç kəs onu dəfn etməyə getmir.

Musa belə dedi:

– Mən onu axtarıram.

Evi göstərdilər.

Həzrəti Musa o evə getdi və rəhmət mələklərini də orada gördü. Hamısı ayaq üstə durub, əllərində də Allah-Təaladan gətirdikləri rəhmət tabaqlarını tutub, Allah-Təalanının mərhəmətini və lütfünü saçırdılar. Həzrəti Musa yalvararaq Allaha dua etdi:

– Ey Rəbbim, Sən buyurdun ki, o, mənim dostumdur, insanlar isə onun fasiq, günahkar olduğuna şahidlik edirlər, bunun hikməti nədir?

Allah-Təala buyurdu:

– Ey Musa, insanların ona fasiq demələri doğrudur, çünki onun günahlarından xəbərləri var, amma tövbəsindən xəbərləri yoxdur. Mənim bu qulum səhər zamanı üzüüstə torpağa düşdü və tövbə etdi, bizim hüzurumuza sığındı. Mən ki Allaham, onun sözünü və tövbəsini qəbul etdim. Ona mərhəmət etdim ki, bu dərgahına ümidsizlik qapısı olmadığını anlasın.

***

Həzrəti Musa ilə bağlı söylənilən bu hadisə insana tövbənin nə qədər böyük bir imkan, Allah-Təalanın önümüzdə açdığı misilsiz bir mərhəmət qapısı olduğunu anladır.

Kimsə Allah-Təalanın mərhəmətindən ümidini kəsməsin.

Tövbə qapısı ən ağır anımızda belə, üzümüzə açıla, bizi ən ağır vəziyyətdən qurtara bilir.

Deyirlər ki, Xarəzm yayı ən möhkəm yaydır. Bu yayı dartmaq hər igidin işi deyil. Heç bir yaydan atılan ox da Xarəzm yayından çıxan ox qədər uzaq məsafəyə süzə bilməz.

Xətaların, günahların nə qədər olursa-olsun, Xarəzm yayı kimi gərilə bilirsənsə, bütün varlığında, hüceyrəndə peşmançılıq hissi duyursansa, bu, sənin qurtuluşundur. Tövbə öz əməlinə görə vicdanında sızıltı duymaqdır;

Tövbə – azmaqdan doğru yola dönməkdir;

Tövbə – nəfsinin istəklərinə “dur!” deməyi bacarmaqdır;

Tövbə – duyğularını cilovlaya bilməkdir, haramdan imtina etməyi bacarmaqdır;

Tövbə – xətalı olduğunu anlamaq və etiraf etməkdir;

Tövbə – qurtuluş qapısına yönəlməkdir;

Tövbə – doğru səmtə üz tutmaqdır;

Arxasınca tövbə gəlməyən hər hansı bir günah növbəti günahın anasıdır;

Tövbə – tərbiyə yoludur, iradəsini nəfsindən üstün tutmaqdır;

***

Şeytan Adəmin yaranmasına dözmədi, üsyan elədi, ola bilsin ki, sonradan xətasını anladı, amma irqçiliyindən, kinindən, ədavətindən dönə bilmədi. Tövbəsizlik şeytanın yolunu tutmaqdır.

Bir dəfə şeytan Həzrəti-Musanın yanına gəlir və deyir:

– Sən Allahın sevimli Peyğəmbərisən. Nə olar, Allaha dua elə, məni də bağışlasın.

Həzrəti-Musa əl açıb Allah-Təalaya belə dua edir:

– Ey kərəminə qurban olduğum, hər şeyi özün görürsən. Şeytan da səndən əfv diləyir.

Allah-Təala da buyurur:

– Ya Musa, Mən onu da bağışlayaram, amma bir şərtlə: o, Adəmə səcdə etməmişdi. İndi gərək onun məzarı üsütnə getsin və səcdə eləsin ki, Mən də onu bağışlayım.

Hz. Musa Allah-Təalanın buyurduqlarını şeytana çatdırır. Hz. Musanın söylədiklərini dinləyən şeytan:

– Mən o Adəmin heç dirisinə səcdə eləmədim, indi ölüsünəmi səcdə edəcəm?- deyir və arxasını çəvirib gedir. Həzrəti-Musa bu hadisə qarşısında əllərini qaldıraraq:

– Sənin hikmətinə sonsoz şükürlər olsun, ey böyük Rəbbim!- deyə dua edir.

Bəli, şeytan bəlkə də son imkanını qaçırdı o ədalı davranışı ilə.

Şeytanda görünən o təkəbbür nədirsə, tövbə də onun tam ziddi, qarşılığıdır.

***

Allah-Təala Rəsulullahın keçmiş, gələcək, bütün günahlarını bağışlamışdı. Amma yaradılmışların ən üstünü olan Allah Rəsulu gündə ən azı yetmiş dəfə tövbə edirdi.

Tövbə – Allah qapısına sığınmaqdır;

Tövbə – öz zəifliyini etiraf etməkdir, “Allahım hər şeyi bilən Sənsən, mən cahiləm, mənə mənim üçün xeyirli olan nədirsə, onu ver və könlümü verdiyinə razı hala gətir” duasıdır.

Qurani-Kərimdə, hədisi-şəriflərdə tövbə ilə bağlı çox geniş məlumatlar var.

Tövbə – Allah-Təalaya söz verməkdir, “mən xətamı anladım” etirafıdır. “Mən o xətaya bir daha dönməyəcəm” vədidir, “məni xətalardan, günahlardan uzaq tut” yalvarışıdır.

Tövbənin bir başında bəndə, o biri başında isə Allah-Təala var. Allah-Təalanın Əsma-ül-Hüsnasından, yəni gözəl adlarından biri də TƏVVABdır, yəni bəndələrinin tövbəsini qəbul edən.

***

Həzrəti Yunus (ə.s.) Allah-Təalanın verdiyi zaman möhləti tamam olmadan öz qövmünü buraxıb getmişdi. Balığın qarnında tövbə elədi. Balığın qarnı zülmət, dənizin içi zülmət, gecənin özü zülmət. Üç zülmət içində tövbə edən Yunusun duasını eşitdi duaları eşidib qarşılıq verən MUCİB Allah, tövbələri qəbul edən TƏVVAB Allah. Eşitdi, qəbul etdi və Yunusu balığın qarnından, dənizin içindən, gecənin zülmətindən sıyırıb çıxardı, ümmətinin yanına döndərdi. Ümidlərin son dayanacağında günəş şəfəqi kimi insanın üzünə doğan nurdur tövbə.

Tövbə Allahdan başqa kimsəyə sığınmamaqdır, dərdini Rəbbi ilə bölüşməkdir tövbə;

İçindəki təkəbbürdən, mənəmlikdən, xəbislikdən qurtuluş yoludur tövbə.

***

Tövbə ilə yanaşı, əksər hallarda “əstəğfrüllah” sözünü də eşidirik. Tövbə etmək etiraf olduğu kimi, əstəğfrüllah da QAFUR olan, yəni hər cür günahları bağışlayan Allahın mərhəmətinə sığınmaqdır. Tövbənin gücü tövbə edənin səmimiyyətindədir.

Tövbə məqamına ucalmış səmimi ruhlar mütləq Allah-Təalanın mərhəmətindən öz nəsiblərini alarlar. Tövbə içini çölünə çevirirmiş kimi təpədən dırnağa qədər təslim olmaqdır, əyilməkdir, etirafdır, yalvarışdır.

Sən bütün ruhunla təslim olsan, günahlarına görə peşman olsan, yalvara, sızlaya bilsən, əmin ol ki, TƏVVAB olan Allah sənin bu halını qarşılıqsız qoymaz.

İllər uzunu günah işləmiş, insan canına qıymış cəllad belə səmimi bir tövbə ilə qurtuluş qapısından keçə bilər. Kimsə bu fikrə qarşı çıxıb öz həddini aşmasın. Allah-Təalanın mərhəmətini Allah-Təalanın Özündən başqa kimsə bilməz. Özü buyurur ki, günhalarınız yerlə göyün arasını dolduracaq qədər olsa belə ümidinizi kəsməyin.

***

Kimsə düşünə bilər ki, yəni bu qədərmi asandır? Biz bu düşüncə sahibini də qınamırıq. Amma o tövbənin doğru, səmimi olduğunu Allahdan və o qulun özündən savayı kimsə bilməz. Qəlbləri bilən Allahdır. Bir qulun qəlbində xalis, təmənnasız bir tövbə varsa, Allah o tövbəni dəyərləndirər. Kimsə buna şübhə eləməsin.

Tövbə qurtuluş qapısıdır, günahlardan xilas yoludur. Tövbə könül aynamıza düşən çirki, pası silib aparacaq misilsiz iksirdir. Hələ yanında göz yaşı kimi bir yol yoldaşı da olursa, o tövbənin varacağı mənzil Haqq Dərgahıdır.

Tövbə – bərəkət qapısıdır, tövbə etməkdən çəkinməyin.