“Torpaqlarımızın tezliklə azad olunacağı heç kimdə şübhə doğurmamalıdır”

440

“31 mart 1918-ci il, 26 fevral 1992-ci il Azərbaycan xalqının tarixinin qanlı səhifələrindəndir. Analoqu olmayan bu faciələr əzəli və əbədi torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətidir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin imzaladığı 1998-ci il 26 mart tarixli Fərmanın ermənilərin, həmçinin, onların havadarlarının Azərbaycan xalqının başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında çox böyük və əhəmiyyətli rolu vardır”. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar hərbçilərə müraciəti zamanı deyib.

Z.Həsənov xalqımıza qarşı törədilən soyqırımın məhz ulu öndərin sayəsində beynəlxalq aləmdə geniş təbliğ olunmağa başlandığını bildirib: “Artıq 17 ildir ki, 31 mart – Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir. Mən bu gün soyqırım qurbanlarının, ağır zamanlarda xilaskarlıq missiyası ilə köməyə gəlmiş türk qardaşlarımızın, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini hörmətlə, ehtiramla yad edir və əmin olduğumu bildirirəm ki, siz qan yaddaşımızın kəsərli silah olduğunu heç vaxt unutmayacaq, tarixin ibrət dərslərindən nəticə çıxaracaq şəhidlərimizin qisasını alacaqsınız”.

Nazir həmçinin qeyd edib ki, müstəqil dövlətimizin iqtisadiyyatı durmadan dinamik sürətlə inkişaf edir: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı həm daxili, həm də xarici siyasət nəticəsində ölkəmizin nüfuzu dünyada günü-gündən yüksəlir, müdafiə qüdrəti daha da möhkəmlənir. Silahlı Qüvvələrimizin şəxsi heyəti döyüş və mənəvi-psixoloji hazırlıqda yeni-yeni uğurlu nailiyyətlər əldə edir: İşğal altında olan torpaqlarımızın tezliklə azad olunacağı heç kimdə şübhə doğurmamalıdır. Xalqına, dövlətinə və Prezidentinə güvənən Silahlı Qüvvələrimiz qarşısında duran bütün vəzifələri yerinə yetirməyə hər an hazır və qadirdir”.