Torpaq, yoxsa biz?…

52

Köhnə kişilər “sovet”in oğlan cağında, 50-60 il bundan əvvəl, unun, çörəyin bol vaxtında belə ötən günlərdən bəhs edərkən ən çox danışdıqları mövzu əkib-becərdikləri buğda unundan bişirilən çörəyin ətirindən, dadından olardı. Lap qədimdən zəngin əkinçilik ənənələri, geniş dəmyə əkin sahələri olan kəndimiz həm də zəhmətsevər insanları ilə fəxr də bilər. Pay torpağında daha çox taxıl becərməyə üstünlük verən insanlar “nə əkərsən, onu biçərsən” məsəlinin əksinə olaraq, nə qədər çalışsalar da, əkdiklərini biçə bilmirlər. Suvarma suyuna həsrət torpağında bağ salmaq, tərəvəz becərmək imkanları olmayan kəndlilər böyük ümidlə əkinçiliyə üz tutsalar da, nəticəsi o qədər də ürəkaçan olmur. Bu, insanlarımızı ruhdan salmır, ən azından ailəsi və ev təsərrüfatını dolandırmaq üçün əkinçiliyi davam etdirir. Burada böyük Türk şairi Nəcib Fazil Qısakürək nəsihəti yada düşür:

Tohum saç, bitmezse toprak utansın!

Hədəfə varmayan mızrak utansın!

Şairin ruhuna hörmətsizlik olmasın, ürəyimizin sevgisi, sabahımızın ümidi, əlimizin qabarı ilə oxşayıb, alnımızın təri ilə suvardığımız torpaq niyə utanmalıdır ki?!

Əslində torpaq deyil, biz insanlar utanmalıyıq. Toxum daş-kəsək altında deyil, torpaqdan cücərir, özü də şuma dönmüş torpaqdan. Dədə-babadan eşitmişik ki, əvvəlcə şum, sonra da toxum. Təkağızlı kotanı, xışı ilə lazımi dərinlikdə şum qaldırıb, toxum səpən əkinçi son nəticəyə sevinməyə bilməzdi. Bu gün, heç bir mexanizatorluq təhsili olmayan, şum deyil, daha çox traktor sürməyi bacaran neçə-neçə texnika sahibləri əkinçiliklə məşğul olmaq istəyənlərin ümidlərini alt-üst edirlər. Yüz il bundan əvvəlki əkinçilərin nə alaq, nə də ziyanvericilərə qaşı dərmanı vardı. Zəmisində görünən tək-tük alaqları əl ilə təmizləyər, şumu kifayət qədər dərin sürdüyünə görə siçanlara qarşı mübarizə aparmağa indiki qədər ehtiyac duymazdı.

İndi vəziyyət necədir? Şuma səpdiyin toxumdan əvvəl alaq otları boylanır torpaqdan. Toxum cücərməmiş siçanlar səfərbər olub öz işlərini görürlər. Sanki, əkin sahəsinə siçan toxumu səpmisən. Bunların səbəbləri nədir?

Şum traktorlarının əksər sürücüləri mövsümdə kifayət qədər qazanmaq üçün kövşəni alt-üst edib, qaraldıb pulunu alır. Şum kifayət qədər dərin olmadığı üçün siçan ailələri həmişə eyni yeri daimi yaşayış məskəninə çevirir. Üstəlik, onlara qarşı istifadə etdiyimiz dərman da daha çox vitamin kimi görünür. Öz təcrübəmdən deyə bilərəm ki, siçanlar dozasını necə lazımdırsa hazırlayıb dəliklərinə qoyduğum zəhərli taxıl dənələrinin üstünü yalayaraq ağardıb yuvalarından kənara çıxardır. Keçmişdə əkin sahələrinə dərman qoyulanda kənddə mal-qaranı qorumaq üçün elanlar asılırdı, indi qoz boyda siçana zəhər təsir eləmir.

Gələk toxum məsələsinə. Kimdən və haradan toxum almaq istəsən, hamı tərifləyir, yüksək məhsuldarlığa malik olduğundan dəm vurur. Aldandığını bilə-bilə alırsan toxumu, çünkü ötən il də əkdiyin toxumu elə bu qayda ilə almışdın. Əkinçini kənd təsərrüfatının yüksək sürətlə inkişaf etdiyi, daha da intensivləşmək potensialı olan ölkəmizdə hər regionun torpaq xüsusiyyətlərinə görə keyfiyyətli toxumla təmin etmək, gözlədiyi nəticə ilə sevindirmək olmazmı?

Əkinçiliyin inkişafı üçün dövlətimiz tərəfindən görülən tədbirlər son dərəcə əhəmiyyətlidir, lakin mütəxəssis çatışmazlığı, şumun, toxumun keyfiyyətinə nəzarətin olmaması, bu işi icra edənlərin məsuliyyət daşımamaları, göstərilən yardımlardan səmərəli istifadə etməyi bacrmamaq öz mənfi nəticəsini yaradır, çəkdiyimiz zəhmətin müqabilində götürdüyümüz məhsulla həm özümüz məyus oluruq, həm də torpağı “utandırırıq”. Torpağın “dilini” bilməyən pay sahibləri ya ondan tamamilə üz döndərir – dəyər-dəyməzinə satır, ya da icarəyə verməklə çətinliklərdən yaxasını qurtarmağa çalışır.

Su problemindən də bəhs etməmək olmaz. Hal-hazırda kəndin içməli suyundan narazı olan əhalinin xeyli hissəsi ya quyu qazdırıb, satın alır, ya da qonşu Uzunmeşə kəndindən gətirir.

Kənd əhalisinin istifadəsində kifayət qədər həyətyanı torpaq sahələri olmasına baxmayaraq bazara layiq nə məhsuldar bağ, nə də tərəvəz yetişdirə bilir. Özümüz kənddə yaşasaq da, bazar yolunda yoruluruq il boyunca. Elə bir dövrdə yaşayırıq ki, indi “zamanla ayaqlaşmaq” ifadəsi yerində saymaq, tənəzzül etmək deməkdir. Dicital dünyanın nəbzi indi “zamanı qabaqla”maqla vurur.

Kəndimizin ərazisindən keçən “Alpançay”ın adətən yayın ortasına qədər sululuğu olur, ancaq suvarma üçün kifayət etmır. İnsan əməlinin nəticəsi olaraq yaranmış qlobal isinmə problemi insanlardan getdikcə daha sərt şəkildə intiqam almaqdadır. Ona görə də su qıtlığının kəskin forma almasının önününə keçmək üçün bu çayın yuxarı axarlarının keçdiyi dərələrdə bənd qurub dəryaça yaratmaq olar. Bu, həm içməli, həm də suvarma suyunun qorunmasına, onun səmərəli istifadəsinə şərait yaratmış olar.

Ölkəmizin ərzaq məhsulları, xüsusilə də, taxılla dayanıqlı təminatı, ixracdan asılılğımızı minumuma endirmək üçün torpaqdan düzgün istifadə istiqamətində maarifləndirmə işlərinin aparılmasına, mütəxəssis məsləhətlərinə böyük ehtiyac hiss olunur. Mövcud imkanlardan maksimum faydalanmaq üçün torpağı “utandırmaq” yerinə, özümüz utanaraq ondan lazımi diqqət və qayğımızı əsirgəməməliyik. Unutmamalıyıq ki, bolluğa gedən yol kənddən başlayır.

 

Rahib Alpanlı (Sədullayev),

ADPU Quba filialının baş müəllimi,

qabaqcıl təhsil işçisi