Torpaq da insan kimidir

0
700

Torpaqla bağlı bu yazını yazmağa başlayanda kəndimizin bir ağsaqqalının dediyi fikir yadıma düşdü. O deyirdi: “İlan ilandır, o da torpağı qənaətlə yalayır ki, qurtarmasın”. Mən o zamanlar bu ifadədəki mənaya o qədər də fikir verməmişdim. Hətta: “Torpaq da qurtara bilərmi?” deyə ona qarşı çıxmışdım. Lakin sonradan bu sualımın nə qədər yersiz olduğunu başa düşəndə çox xəcalət çəkmişdim. Sən demə, meşələr qırılanda, hava korlananda, maddi nemətlər amansızcasına talananda torpaq da tükənirmiş. Bu isə elə onun qurtarması kimi bir şeydir, daha doğrusu, qurtarması anlamındadır.

Bəli, torpaq da insan kimidir. Ona da təmiz hava, təmiz su, diqqət, qayğı lazımdır. Lakin son illər torpaq bu kimi təmizliklərə, nəvazişlərə sanki möhtacdır. Bunlar olmadıqda isə o da insan kimi xəstələnir, can verir. Lakin insandan fərqli olaraq, onun müalicəsi üçün günlər, aylar deyil, əsrlər lazım olur. Digər tərəfdən, onun xəstəliyi bu və ya digər şəkildə insana da keçir. Məsələn, əvvəllər bir adam xəstələnəndə, yaxud zəhərlənəndə qarpız axtarıb tapardılar. İndi iş o yerə çatıb ki, qarpız adamı zəhərləyir. Niyə? Çünki qarpızın çəkisini artırmaq məqsədilə onu yetişdirənlər torpağa o qədər zəhərli maddələr qatırlar ki… Bu yerdə daha bir maraqlı, həm də daha düşündürücü bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Avropada ölənlərin cəsədlərinin çox ləng çürüməsinin şok açıqlaması ilə bağlı Münhendə xüsusi konfrans çağırılıb. Belə ki, Almaniya, İsveçrə və Avstriya qəbiristanlıqlarında cəsədlərin çürümələrinin heç bir əlaməti müşahidə olunmur: 30 il bundan əvvəl basdırılan cəsədlər dünən torpağa tapşırılmış kimi görünür. Konfransda bunun səbəblərini araşdırdıqda bir neçə mülahizə irəli sürülüb. Onların arasında ekoloji vəziyyətin pisləşməsi nəticəsində torpaqdan çürüməyə cavabdeh olan bir sinif bakteriyanın yoxa çıxması və yeyilən qidada konservantların çox böyük miqdarda olması göstərilib.

Torpağı da qidalandırmaq lazımdır, amma…

Bəli, torpaq elə bir başlanğıcdır ki, insanın, eləcə də bütün canlıların inkişafı, təşəkkülü ondan asılıdır. Torpağa arxa çevirmək insanın öz əli ilə özünə qəbir qazması kimi bir şeydir. Odur ki, yeri gələndə onu gübrələməklə qulluq göstərmək də lazımdır, qidalandırmaq da. Lakin hər cür kimyəvi maddələrlə torpağı yormaq, əldən salmaq, gücdən salmaq, sözün həqiqi mənasında, günahdır. Yeri gələndə torpağa da ona lazım olan hər şey qədərincə verilməlidir. Artıq neçə illərdir ki, insan torpağı lüzumsuz maddələrlə həddən artıq yükləyir. Nəticədə müxtəlif kimyəvi maddələr torpağın lap iliyinə işləyir, onu yarımcan edir. Ona görə də torpaq sanki bu yükün altında insan kimi inləyir, imdad diləyir. Yeri gəlmişkən, qeyd edək ki, ötən əsrin 90-cı illərində ölkəmizin pambıq sahələrinin hər hektarında təxminən 30-40 kq, üzüm sahələrində isə 150-180 kq pestisiddən istifadə edilib. Məlumatlara görə, respublikamızın kənd təsərrüfatı torpaqlarında pestisidlərin konsentrasiyası keçmiş Sovet İttifaqının digər ölkələrinə nisbətən daha yüksək olub.

Torpaq təkcə bu kimi maddələrlə gücdən düşmür ki, yarımcan olmur ki… Taxıl biçildikdən sonra ərazini od vurub yandırırlar. Atam çoxillik təcrübəsinə istinadən deyərdi ki, belə olanda uzun illər yığılmış torpağın humus qatı (“Humus” latın sözü olub, mənası “çürüntü” deməkdir. Humusun mənbəyi ali bitkilərin üzvi qalıqları, torpaqda yaşayan heyvanların və mikroorqanizmlərin qalıqlarıdır) da sıradan çıxır, azot itkisinə də yol verilir. Bu isə torpağın gələcək məhsuldarlığına dəhşətli formada ziyan vurmaq deməkdir. Digər bir məsələ. Hətta zəmilərdə istifadə edilən ağır texnikalar torpaqların üst, başqa sözlə desək, məhsuldar qatındakı faydalı mikroelementlərin fəaliyyətini azaldır, üstəlik, su dövranını da pozur. Onu da qeyd edək ki, torpağın üst qatında bir santimetr qalınlığında humusun əmələ gəlməsi üçün əsrlərlə vaxt lazımdır.

Hər il…

Meşələrin qırıldığı ərazilərdə yağışlar tez bir zamanda münbit torpaq qatını yuyub apararaq, torpaqları da məhsul verməyən səhralara çevirir. Əkin sahələrinin, xüsusən isti iqlim şəraitində bol suvarılması torpaqların şoranlaşmasına səbəb olur. Torpaqların radioaktiv maddələrlə çirklənməsi də böyük təhlükə mənbəyidir. Bu maddələr bitkilərə, sonra da heyvanların və insanların orqanizmlərinə keçir, orada toplanaraq müxtəlif xəstəliklər törədir. İndi zəmanəmiz barıt çəlləyinə bənzəyir. Partlayıcı maddələr, mübaribələr, vulkanlar daşqınlar, yanğınlar, zəhərli qazlar, hamısı torpağın sinəsinə vurulan yaralardır. Yaşadığımız planetdə bir tərəfdən ətraf mühitin ekoloji tarazlığı pozulursa, digər tərəfdən əhalinin həyat tərzində, psixologiyasında əsaslı dəyişikliklər baş verir. Ekspertlərin hesablamasına görə, XXI əsrin 2-ci onilliyində dünya üzrə hər 8-10 nəfərə bir hektar münbit torpaq sahəsi düşəcəyi gözlənilir. Mütəxəssislərin fikrincə, hər il dünya deqradasiya və şəhərsalma səbəbindən 12 milyon hektar münbit torpaq itirilir. Hansı ki, həmin bu ərazidə 20 milyon ton taxıl yetişdirmək olar. Bu ərazi Britaniya Krallığının yarısı qədərdir. 2050-ci ildə dünya əhalisinin sayı 9 milyarda çatacaq. 2030-cu ildə ərzağa olan tələbat 50%, suya olan tələbat 30% artacaq. Bunun üçün əlavə 120 milyon hektar məhsuldar torpaq lazımdır. Tələb olunan münbit torpaq ərazisi Cənubi Afrikanın ərazisinə bərabərdir.

Unutmayaq ki, Yer kürəsinin torpaq ehtiyatları həm sahəsinə, həm də keyfiyyətinə görə məhduddur. Hazırda sahəsi 13392,0 milyon hektar olan planetimizin torpaq fondundan 4055 milyon hektarını, yəni üçdə birindən az hissəsini kənd təsərrüfatına yararlı sahələr təşkil edir.

Aztorpaqlı ölkə…

Heç kimə sirr deyil ki, Azərbaycan aztorpaqlı ölkədir. Rəsmi rəqəmlərə görə, ölkəmizin 8,8 milyon hektar torpaq sahəsinin 4,2 milyon hektarı kənd təsərrüfatında istifadə edilir. Hazırda bunun 30 faizindən, yəni 1 milyon 583 min hektarından istifadə olunur. Qalan torpaqlar qışlaq örüş və biçənək sahələridir. Əkinəyararlı torpaqların isə 600 min hektarı ermənilər tərəfindən işğal olunub. Onlar da bu torpaqlara elə divan tuturlar ki…

Respublikamızın torpaq ehtiyatlarının 3 milyon 470 min hektarı bu və digər dərəcədə eroziyaya uğrayıb. Respublikamızda torpaq ehtiyatlarının 1 milyon 421 min hektar suvarılan düzən torpaqların 661 min 937 hektarı şoranlaşmaya məruz qalıb. Eroziya, şoranlaşma və digər amillər torpaq ehtiyatları üçün nə qədər ciddi problemlər yarada biləcəyinin göstəricisidir.

Məlumat üçün bildirək ki, təxmini hesablamalara görə, respublikada zəif və orta dərəcədə şoranlaşmış torpaqların normal vəziyyətə qaytarılması üçün 1 milyard dollara yaxın vəsait lazımdır. Bir şeyi unutmaq lazım deyil ki, torpağı şoranlaşma prosesindən qorumaq, onu bərpa etməkdən çox asan və sərfəlidir.

Ümumdünya Ərzaq Təşkilatının əkilən sahə və məhsuldarlıqla bağlı məlumatında isə ölkəmiz dünya arenasında aqrar məhsuldarlığı az olan ölkələr sırasındadır. Belə ki, məsələn, Belçikada hər hektardan 78 sentner məhsuldarlıq götürüldüyü halda, Azərbaycanda bu rəqəm 20-25 sentner təşkil edir. Təkcə taxıl deyil, digər məhsulların məhsuldarlığı da aşağıdır. Nəzərə alsaq ki, Azərbaycan aqrar ölkə sayıldığından əməkqabiliyyətli adamların 48 faizi kənd və rayonlarda yaşayır, onların da 38 faizi kənd təsərrüfatı ilə məşğul olur, onda torpağın əkin dövriyyəsindən çıxması kənd yerləri üçün çox həssas sosial məsələ olan işsizlik problemini də qabardır.

Son

İnsandan böyük zərbələr alan ana torpaq övladlarını köməyə çağırır. Onun yaralarını sağaltmaq insanların öz əlindədir. Unutmayaq ki, torpaq insanın, o cümlədən bütün canlıların əbədi yeridir. İnsan ondan aralananda cansız və əqidəsiz, gücsüz varlığa çevrilir. Torpaq həm də insanın öləndən sonra sədaqətli dostudur. Gəlin bu sədaqətli dostun qədrini bilək. Onu həddindən artıq yükləməyək. Torpağın xislətində elə

iksir var ki, ona yaxşı qulluq etdikcə cavanlaşır, adamın üzünə gülür…
Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here