Tonoyanın heç elementar hesablamalardan belə xəbəri yoxdur

0
229

“Ermənistanın müdafiə naziri David Tonoyan populist bəyanatlar verməkdə davam edir. Əgər xatırlayırsınızsa, o, bir müddət bundan əvvəl yerli media vasitəsi ilə çıxış edərək ölkəsinin hərbi strategiyasının müdafiədən hücuma dəyişməsi ilə bağlı fikir səsləndirmişdi. Şübhəsiz, onun bu bəyanatı erməni ictimaiyyətini əsas məsələlərdən yayındırmaqdan başqa bir şey deyildi. David Tonoyanın növbəti bəyanatı da buna hesablanıb”. Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistanın müdafiə naziri David Tonoyanın Nyu-Yorkun erməni diasporunun nümayəndələri ilə görüşündə “ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik. Biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” fikrini “İki sahil” qəzetinə şərh edərkən söylədi.

Bildirdi ki, bu günlərdə Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün nəticələrini pozitiv adlandıran Ermənistanın baş naziri Nikol Paşinyandan fərqli olaraq, Tonoyanın belə bir fikir səsləndirməsi işğalçı ölkənin siyasi elitasındakı hərc-mərclikdən xəbər verir: “Davud Tonoyan bu cür sərsəm bəyanatlar verməklə həm də Ermənistanın işğalçı mahiyyətini bir daha nümayiş etdirir. Digər tərəfdən, mənə elə gəlir ki, o bu yolla erməni diasporunu ələ almağa, ondan vəsait qoparmaq niyyətindədir”.

Polkovnik Şair Ramaldanov, həmçinin qeyd etdi ki, bu gün Ermənistan, eləcə də işğalçı ölkənin silahlı qüvvələri özünün ən acı günlərini yaşayır: “Belə ki, Ermənistan ordusunda özünəqəsd hallarının sayı artıb. Əgər əsgər öz canına qıyırsa, deməli, bunun arxasında kifayət qədər müəmmalar var. Həm də komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olması, əsgərlərin alçaldılması və döyülməsi ilə bağlı kifayət qədər faktlar var. Bu səbəblərə görə valideynlər övladlarını hərbi xidmətdən açıq şəkildə yayındırır, onları müxtəlif bəhanələrlə ölkədən çıxarırlar. Şübhəsiz, ordudakı özbaşınalıq, rüşvətxorluq, müəmmalı əsgər ölümləri Ermənistanda ictimai-siyasi vəziyyəti getdikcə gərginləşdirməkdədir. Belə ki, artıq işğalçı ölkədə etiraz aksiyaları baş qaldırıb”.

Ehtiyatda olan polkovnik xüsusi vurğuladı ki, işğalçılıq siyasəti nəticəsində iqtisadiyyatı çökmüş Ermənistanın öz ordusunu gücləndirməyə heç bir iqtisadi imkanı yoxdur: “Sadəcə, bu gün Ermənistan Rusiyanın verdiyi kreditlər hesabına silahlanma həyata keçirir. Özü də Rusiya hansı silahı təklif edirsə, onu alır. Bu da  Ermənistanın özünün istədiyi silahları  almaq imkanının olmamasından bir daha xəbər verir. Amma Azərbaycan istədiyi ölkədən istədiyi silahları alır. Üstəlik, ölkəmizdə silah da istehsal olunur. Artıq milli silahlarımız da var. Bir sözlə, bizim ordumuz daha da modernləşir və gündən-günə qüdrətini artırır.

Bildiyiniz kimi, bu günlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən  müdafiə nazirinin rəhbərliyi altında genişmiqyaslı təlimlər keçirilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan güc variantına getməli olarsa, düşmənə nələr yaşadacağını bu təlimlərdə göstərdi. Təlimə 10 min əsgər və şəxsi heyət, 500-dən çox tank, zirehli maşınlar və 300-dən çox artilleriya qurğuları, minalar və digər döyüş vasitələri cəlb edilmişdi. Təlimlərdə bütün tapşırıqlar uğurla yerinə yetirildi. Bununla da ordumuz qarşıdan gələn əməliyyatların və döyüşlərin təşkili və keçirilməsində çox böyük təcrübə qazandı. Burada bir məsələni xüsusi vurğulamaq istərdim: bu gün Azərbaycan Ordusunun 70%-dən çoxu peşəkar hərbçilərdən ibarətdir. Yəni biz diqqətimizi peşəkarlığa yönəltmişik. 2016-cı ilin aprelində, 2018-ci ilin may ayında keçirdiyi əməliyyatlarla da peşəkar ordumuz nələrə qadir olduğunu nümayiş etdirib.

Qeyd edim ki, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabata görə,  Azərbaycan Ordusu gücünə görə 52-ci, Ermənistan isə 96-cı yerdədir. Bu isə o deməkdir ki, Azərbaycan Ordusu bütün istiqamətlərdə erməni ordusundan müqayisəedilməz dərəcədə üstündür. Bir sözlə, ərazilərin işğaldan azad edilməsi üzrə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Azərbaycan Silahlı  Qüvvələri malik olduğu bütün qüvvə və gücünü düşmənin üzərinə yönəltməyə qadirdir və hazırdır. Yeri gəlmişkən, Azərbaycanın keçirdiyi təlimlərə xarici ekspertlər yüksək qiymət verərək, Ermənistana bir daha fikirləşməyi tövsiyə ediblər. Yəni bütün bunlarla qeyd etmək istəyirəm ki, ordumuz Ermənistan silahlı qüvvələrindən qat-qat güclüdür. Görünür, David Tonoyanın heç elementar hesablamalardan belə xəbəri yoxdur. Olsaydı, bu şəkildə sayıqlamazdı. Bu mənada onun söylədiklərinin heç bir əsası yoxdur”.

Qvami Məhəbbətoğlu, “İki sahil