Tolstoydan sonrakı adam

525

Eldar Ryazanov öldü. Azərbaycanda az adam tapılar ki, onun kinolarına baxmamış olsun, xüsusilə də hər il dekabrın son günlərində göstərilən “Taleyin ironiyası və ya həmişə təmizlikdə” filminə.

Əsli rusdurmu, tatardırmı, bilmirəm, amma onu bilirəm ki, son yüz ildə rus xalqına onun qədər xidmət edən az adam tapmaq olar. Həm publisistika ilə məşğul olurdu, televiziyada proqram aparıcısı idi, şair idi, amma əsas işi kino idi, həm ssenarist, həm də rejissor kimi. Tam əminliklə deyə bilərəm ki, rus xalqını, rus ictimai mühitini Ryazanov qədər gözəl təqdim edən rejissor tapmaq mümkün deyil. Həqiqi sənətkar xalqını sevən və sevdirən adamdır. Bu mənada mənə görə, Lev Tolstoy rus xalqı içində hər bucaqdan baxanda diqqətçəkən və hər kəsdən seçilən böyük şəxsiyyətdir. “Rus mənəviyyatının atası” ünvanını ona əbəs yerə verməmişdilər. Təsəvvür edirsinizmi, bir insanı mənsub olduğu xalqın atası kimi tanıyır və təqdim edirlər. Tolstoy rus üçün bu qədər önəmli şəxsdir. Məhz bu cür önəmli, dik duruşu olan şəxsiyyət olduğu üçün də ömrü boyunca kilsə tərəfindən təqib edilib. Bu da əsassız deyildi, çünki Tolstoy kilsənin insanı istismar etdiyini söyləyirdi. Açıqfikirli, həqiqət təəssübkeşi olub. Azərbaycan oxucusu Tolstoyun Azərbaycana gəlin gəlmiş bir rus qızına yazdığı məktublardan xəbərsiz deyil. Məsələ belə olur ki, bizim məşhur Vəkilov sülaləsindən rus ordusunda xidmət edən bir general rus qızı ilə evlənir. Onların 23 və 25 yaşlarında iki oğulları olur və rus ana iki din arasında qalmış bu gənclərin taleyindən narahat olduğu üçün rus xalqının ağsaqqalı hesab elədiyi Tolstoya məktub yazır ki, bu mövzuda onlara məsləhət versin. Tolstoy da həmin xamına, səhv eləmirəmsə, ard-arda üç məktub göndərir və uzun izahatdan sonra məsləhət görür ki, gənclər atalarının dinini, İslamı qəbul eləsinlər və müsəlman kimi yaşasınlar. O dövrdə Tolstoyun bu məktubu yazmasının nə qədər böyük dürüstlük, ədalət və riskli olduğunu təsəvvür edirsinizmi? Bəzən insan sevgisindən bayılır, yəni kimlərsə Tolstoyun cibinə müsəlman vəsiqəsi yazıb qoya bilərlər, amma biz bu iddiadan uzağıq və onun iman edib-etmədiyi barədə heç bir iddia söyləyə bilmərik. Amma onun İslama, Qurana, Sevgili Peyğəmbərimizə rəğbəti, hörməti ortadadır. Ona görə də bu gün mən ruslar haqqında danışanda nə qədər əsəbi olsam belə həm ziyana düşməmək üçün ölçünü gözləyirəm, həm də Tolstoydan həya edirəm. Əslində rusun ən gözəl sifəti elə Tolstoydur. Bu sevmədiklərimiz həqiqi rus deyirlər.

Gələk Ryazanova. Rusların ən zəif tərəfinin içki olduğunu hamımız bilirik. Yaxşı bilirik ki, sərxoş rusdan yaxşı bir şey gözləmək ağlabatan məsələ deyil. Hətta bizimkilər öz işlərini aşırmaq üçün rusu sərxoş edib, sonra da böyük məsələləri kiçik məsrəflərlə həll ediblər. Bu da bir növ kəmfürsətlikdir, amma realdır. Ryazanovun kinolarından ruslar istər sərxoş olsunlar, istər ayıq, ilk baxışdan bir qədər quru, inadkar təsiri bağışlasalar da, hadisələrin inkişafı ilə yeni keyfiyyətləri ortaya çıxır, tamaşaçının rəğbətini qazanırlar. “Unudulmuş fleyta melodiyası”, “İki nəfər üçün vağzal”, “Qaraj”, “İşdə məhəbbət macərası”, “Taleyin ironiyası və ya həmişə təmizlikdə”… hansını sayırsınız-sayın, hamısında bir uyut var, xoş atmosfer var, rus məişətinə, rus insanına sevgi var. Yəni Ryazanov rusları kino janrında dünyaya ən gözəl şəkildə təqdim edən sənətkardır. Ryazanovun göstərdiyi rus sevilməyə layiq rusdur, xeyirxah rusdur, gözəl rusdur. Sənətkarın öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də elə mənsub olduğu xalqı dünyaya sevdirməkdir. Bu mənada ruslar Ryazanova nə böyüklükdə heykəl qoysalar, adına nə qədər bahalı mükafatlar təsis etsələr, haqları var.

Tatarıydımı, rusuydumu, bilmirəm; müsəlman idimi, xristian idimi, onu da bilmirəm, hər kim idisə, işinin ustası idi və ölüb getdi. Hansımız ölüm adlı o qapıdan keçib yolumuza davam etməyəcəyik ki?! Lap nağıldakı kimi, göydən üç alma düşdü və ya filmin sonu. Vəssalam.