“Tolerantlıq Azərbaycanla sivil dünya arasında qardaşlıq və dostluq körpüsüdür”

510

Müsahibimiz ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist və ekspert Üzeyir Cəfərovdur:
– Üzeyir müəllim, tolerantlıq azərbaycanlılar üçün nə deməkdir?

– Sizin bu suala tam şəkildə cavab verməzdən öncə biz tolerantlığın qısaca da olsa açmasına diqqət etsək yaxşı olardı. Tolerantlıq bütün dünyada sözün bütöv mənasında dözümlülük mənasını daşıyır. Yəni, bəşər övladının digər inanc və əqidələrə dözümlü yanaşması, insan hüquqları və vicdanı ilə bağlı məsələlərdə doğru-dürüst mövqe nümayiş etdirməsidir. Bu da tolerantlıq kimi ən mühüm yaşam elementlərindən biri sayılan insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşan prinsiplərdir. Tolerantlıq həm də, irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi kimi vacib elementləri özündə ehtiva edən bir yaşam tərzidir. Məhz bu keyfiyyətlərinə görə son illər ölkəmiz dünya dövlətləri arasında gənc müstəqil dövlət olmasına baxmayaraq, tolerant ölkə kimi tanınır və Azərbaycan nümunəsindən geniş istifadə olunur. Müstəqilliyimizin ilk illərində bu istiqamətdə işlər yetərincə geniş təbliğ və təşviq olunmurdusa, artıq indi bu sahədə hərtərəfli işlər həyata keçirilir. Özü də bu işlər təkcə dövlət xətti ilə deyil, eyni zamanda, QHT-lər, ayrı-ayrı fondlar və müstəqil şəxslər və təşkilatlar tərəfindən ən yüksək formada təbliq olunur və bu da sözsüz ki, Azərbaycan adlı məmləkətin daha da geniş tanınmasına, xalqımızın daha da sıx şəkildə dünyadakı inkişaf proseslərinə inteqrasiya olunmasına xidmət edir. Əhali sayı artıq 10 milyona yaxınlaşan ölkəmizin ərazisində yaşayan irqinden, dinindən, dilinden asli olmayan insanlarin tam şəkildə rahat anlaşması, normal insanı münasibətlərin qurulması cəmiyyətimizin məhz tolerantlıq ruhunda tərbiyyə almasının bariz göstəricisidir.

– Azərbaycan tarix boyu tolerant ölkə kimi tanınıb, burada dinindən, millətindən asılı olmadan bütün insanlara xoş münasibət bəslənilib. Sizcə bu nədən irəli gəlir?

– Bir qədər yuxarıda mən bu suala qismən də olsa toxundum. Əsrlər boyu tolerant ölkə kimi tanınmağımızda sözsüz ki, tarix böyük rol oynayıb. Mənə elə gəlir ki, əgər biz tariximizə diqqət yetirsək görərik ki, ulu babalarımızdan bizə gəlib çıxan əksər adət-ənənələrimiz bu gün də saxlanılır və daha da inkişaf etdirilir. Elə bizim sizinlə söhbətimiz müsəlman dünyasının ən  müqəddəs bayramlarından biri olan Novruz Bayramı ərəfəsinə təsadüf edir. Baxın, keçmiş SSRİ dövlətinin ən totalitar dönəmlərində belə xalqımız, millətimiz və Azərbaycanda yaşayan xalqlar bu bayramla yanaşı digər xalqlara məxsus olan bayaramları da bacardığı şəkildə qoruyub saxlaya bilmiş, onu gələcək nəsillərə ötürməyi bacarmışdır. Müsəlmanların bayramlarında yaxından istirak edən digər xalqlar da öz adət-ənənələrinə sadiq qalmışlar.

XX əsrin sonunu əsasən sosialist düşərgəsinin süqutu nəticəsində, dünyanın mövcud siyasi xəritəsinin dəyişməsi, habelə ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra qlobal problemlərin yaranması və gərginləşməsi ilə səciyələndirmək olar. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində mənəviyyat problemləri də kəskinləşmişdir. Bundan başqa, dünya dinləri arasında mövcud fərqlərə əsaslanan “sivilizasiyaların toqquşması” nəzəriyyəsi meydana çıxmış və öz tərəfdarlarını tapmışdır. Bəzi separatçı qruplaşmalar bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə edirlər.

Belə bir şəraitdə bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə ola bilər. Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.

Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır: Babil hökmdarı II Novuxodonosurun (e. ə. 586 il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar. Tarixi mənbələrə əsasən, o vaxtlar Babildə 40 minə qədər əsir var idi. Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmişdir. Müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil edir: “Dində məcburiyyət yoxdur”. Tarixçilərin dediklərinə görə, VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı ehtiram və dözümlülük göstərmişlər.

Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir.

Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı əsl dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı. Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olmuşdur.

Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, güya Azərbaycandan “islam təhlükəsi” gözlənilir. Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin xristianlaşdırılmasından istifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşdı. Şübhəsiz ki, dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də müəyyən xidmətləri var. Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir. Belə ki, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Açılış mərasimində sabiq prezident Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak etmişlər. Qeyd etmək lazımdır ki, Allah evinin bərpasını Moskvada yaşayan azərbaycanlı iş adamı, dini mənsubiyyətinə görə müsəlman olan Aydın Qurbanov öz üzərinə götürmüşdür. Onun vəsaiti hesabına baş kafedral kilsə az bir zamanda bərpa edilərək dindarların ixtiyarına verilmişdir. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi-Müqəddəs Məryamın Miladı baş kilsəsi bərpa olunmuşdur.

– Tolerantlıq Azərbaycanla sivil dünya arasında inteqrasiyaya necə təsir göstərə bilər?

– Bu gün Azərbaycan dövləti çox rahat şəkildə dünya dövlətlərinə bir tolerantlıq dərsi keçir və hamı tərəfindən qəbul edilən humanist siyasət yeridir. Təkcə bir nümunəni, misalı gətirməklə, mən sözlərimlə nə demək istədiyimi bir qədər geniş ağıqlamaq istərdim. Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi Azərbaycan hökumətinin qayğısı ilə əhatə olunub. Təkcə onu qeyd etmək kifayətdir ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsində ibrani bölməsi açılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi mədəniyyətinin qorunması və inkişafı fondu ilə birgə “Yəhudilər Azərbaycanda” kitabının hazırlanmasına başlayıb. Bundan başqa, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilib, 2000-ci ilin sonunda isə dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov Azərbaycanın ən ali mükafatlarından biri sayılan “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

1990-cı ildən respublikada “Azərbaycan-İsrail” dostluq cəmiyyəti, habelə “Soxnut” cəmiyyəti fəaliyyət göstərirlər. Yəhudi bayramlarında qəzetlərdə respublikanın yəhudi icmalarının tanınmış nümayəndələri ilə müsahibələr dərc olunur. Bakıda nəzəriyyəçi-fizik, Nobel mükafatı laureatı Lev Landau, respublikanın əməkdar həkimi Solomon Qusman, müharibə qəhrəmanı Albert Aqarunov və digər tanınmış yəhudi şəxsiyyətlərinin yaşadıqları binalarda xatirə lövhələri vurulmuşdur.  Azərbaycandakı yəhudilərə göstərilən ehtiramdan söhbət açarkən, “Krasnaya sloboda” qəsəbəsini də qeyd etmək lazımdır. Bura keçmiş sovetlər məkanında yəhudilərin yığcam yaşadığı yeganə yerlərdən biridir (4 min nəfərə qədər). Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər qəsəbədə 11 sinaqoq olub. Sovet dövründə onlardan yalnız biri fəaliyyət göstərib.

1996-cı ildən sonra dövlət tərəfindən daha iki sinaqoq qaytarılıb. 2001-ci ilin oktyabr ayında Azərbaycanın hökümət nümayəndələrinin və dünyanın bir çox ölkələrindən gələn qonaqların iştirakı ilə ikimərtəbəli, altıgümbəzli sinaqoqun bərpasına həsr olunmuş təntənəli mərasim keçirilıb. Azərbaycanda antisemitizmə heç vaxt yer olmayıb və indi də yoxdur. Ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xaricdə yüksək qiymətləndirilir və tanınır. Bunun bariz nümunəsi- Roma-Katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin ölkəmizə etdiyi tarixi səfəridir (22-24 may 2002-ci il). Bakıda olarkən o, Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdi. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz burada sığınacaq tapmışdılar.

– Azərbaycanın dinlərarası və millətlərarası dialoq üçün nümunəvi platformaya çevrilməsi və multikulturalizm strategiyasına qoşulması haqqında düşüncələrinizi bilmək istərdik.

– Dözümlülük ənənələrinin qorunub saxlanılmasına Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz böyük töhfəsini verir. Dini icmaların başçıları arasında tam anlaşma və daha sıx əlaqələrin yaranması məqsədilə adı çəkilən idarənin rəhbərliyi mütəmadi olaraq onların iştirakı ilə görüş və seminarlar keçirir. Belə ki, 3 aprel 2004-cü il tarixdə DQİDK-də “Dini stabillik-ümumi stabilliyin ayrılmaz hissəsidir” mövzusunda seminar keçirilmişdir. Tədbirdə dini dözümlülük və terrorizmə qarşı mübarizədə dini icmaların rolu məsələləri müzakirə olunmuş, Azərbaycanın bu bəlaya qarşı beynəlxalq koalisiyanın tərkibində iştirakı dəstəklənmişdir. Eyni zamanda, vurğulanmışdır ki, islamı və ya başqa bir dini terrorizmlə eyniləşdirmək səhvdir.

– Tolerantlıq Qarabağ müharbəsində bizə nə verdi?

– Desəm ki, Qarabağ savaşında tolerant olmağımız bizə çox şeyi verdi, ola bilsin ki, sözlərim kimlərəsə bir qədər qəribə gəlsin. Amma tolerant olmağımız erməni vəhşiliklərinin bizim əsgər və zabitlər tərəfindən təkrarlanmaması ilə müşayət olundu. Bu, çox önəmli bir məqamdır. Biz bunu unutmamalıyıq. Erməni qaniçənlərindən, hansılar ki, Xocalıda, Malıbəylidə, Şuşada, Daşaltıda və digər yüzlərlə işğal edilmiş yaşayış məntəqələrimizdə bizim hərbçilərlə yanaşı mülki insanlarımıza, qoca və uşaqlara, qadın və körpələrə  insanlıqdan kənar münasibət göstərmişdilər, bizim əsgərlə bunun heç cüzi bir hissəsini belə etmədilər. Çünki əsgərlərimizin aldıqları ailə tərbiyəsi, müsəlman inanclısi olması  və digər amillər məhz bizim necə humanist, dözümlü  və səbrli olmağımızın bariz numunəsi sayıla bilər.  Bunu, bəlkə də, dünyanın münaqişə vəziyyətində olan əksər ölkələrində və xalqlarında müşahidə etmək çox çətindir.

 – Ordu üçün tolerantlıq nə deməkdir?

 – Cəmiyyətimiz kimi Silahlı Qüvvələrimiz də çox gəncdir və tədricən təcrübə toplayaraq irəliləyir. Və 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti müasirliklə mənəvi dəyərlərin vəhdətini dövlətin təməl bazasında birləşdirmişdisə, cəmi 23 aydan sonra onların devrilməsi ilə hakimiyyətə gələn bolşevizm bu vəhdətin bir tərəfini tam sıradan çıxarmaq arzusunda idi. Mənəvi dəyərlərə, dini baxışlara tam radikal mövqedən yanaşan “Qırmızı Ordu”nun əsas missiyası millətin milli dəyərlərini əllərindən almaq, keçmişini unutdurmaq və inanclarını tam bir qaranlığa istiqamətləndirmək idi. Sovet İttifaqının yarandığı ilk illərdə, demək olar ki, bu fəaliyyət bir missiya olaraq geniş spektrdə aparılırdısa, müəyyən dövrdən sonra bu prosesdə bir qədər zəifləmə baş verdi. Səbəb isə xalqın öz milli-mənəvi dəyərlərini nəyin bahasına olursa-olsun unutmaması, inancına qarşı çıxmaması və gizlində olsa da bu rituallara əməl etməsi idi.

Azərbaycan XX əsrin sonunda ikinci dəfə öz müstəqilliyini elan etməklə bütün stereotipləri sındırdı, təkcə dövləti anlamda deyil, həm də mənəvi sferada  azadlıq əldə etdi. Həmin azadlıq və digər önəmli atributlar, sözsüz ki, ordu sıralarına da tədricən daxil olmaqdadır və bu proses vətəndaş cəmiyyətindən fərqli olaraq bir qədər spesifik formada inkişaf edir. Bunun da ən əsas səbəblərindən biri ordunun funksiyasının sırf müdafiə və təhlükəsizliklə bağlı olmasıdır. Bunu da hamı çox gözəl başa düşür. Necə deyərlər, inşəallah, cəmiyyətdə gedən müsbət inkişaf dinamikası, sözsüz ki, Silahlı Qüvvələrimizə də sirayət edəcək və çox tezliklə Azərbaycan Silahlı Qüvvələri dünya ordularına bir çox işlərində nümunə göstəriləcək. Bu gün SQ sıralarında Azərbaycanda yaşayan bütün millətlərin, o cümlədən azsaylı xalqların nümayəndələri də çox rahat formada  bərabər şəkildə hərbi xidmət üzrə öz Konstitusiya üzrə vəzifələrini yerinə yetirirlər. Bu da dünyaya tolerantlığın çox gözəl nümunələrindən biri kimi göstərilə biləcək faktdır.

– Azərbaycanı tolerant ölkə kimi dünyaya nümunə göstərirlər. Bəs nə üçün Avropada Azərbaycanın tolerantlıq təcrübəsindən istifadə etmirlər?

– Maraqlı sualdır. Yaxşı olardı ki, bu sualınıza xarici ölkələrin Bakıda fəaliyyət göstərən diplomatik missiya və nümayəndəliklərin yetkililəri cavab versinlər. Əlbəttə ki, biz kimlər üçünsə zorən öz təcrübəmizin öyrənilməsinə məcburiyyət qoya bilmərik. Lakin bizim xalqımızın gözəl ənənələrinin Avropada, Asiyada, elə Amerikada öyrənilməsinə və tətbiq edilməsinə hesab edirəm ki, çox böyük ehtiyac var. Bunu bizimlə həm rəsmi, həm də qeyri-rəsmi görüşlərində xarici ölkələrin diplomatları, sadə vətəndaşları açıq etiraf edirlər və öz rəğbətlərini bildirilər.

– Belə başa düşmək olarmı ki, tolerantlığın Azərbaycanda təbliği və təriflənməsi, onun haqqında xos sözlər deyilməsi Qərbə müəyyən siyasi məqsədlər üçün lazımdır?

– Sözsüz ki, dediyiniz amili də istisna etmək olmaz. Hər bir irili-xırdalı ölkənin öz iqtisadi, siyasi və hərbi maraqları mövcuddur. Məhz öz milli maraqlarından irəli  gələn siyasət çərçivəsində Qərb dövlətləri özlərinə sərf etdiyi məqamda Azərbaycanla bağlı tərifli ifadələr işlədir, amma vacib məsələlər, hansını ki biz prioritet sayırıq, məhz bu məqamlarda sanki seyrçi, bəzən də neytral mövqe nümayiş etdirirlər. Əslində belə olmamalıdır. Hörmət və qarşılıqlı səmimiyyət təkcə fərdlər arasında deyil, eyni zamanda dövlətlər arasında da hər zaman olmalıdır. Necə ki, biz Türkiyə dövlətini özümüzə qardaş və dost ölkə kimi qəbul etməklə yanaşı, türk millətini də özümüzə hər zaman dogma kimi qəbul etmişik və bu ənənə bu gün də artan xətt üzrə davam edir.  Bu misalı mən şəxsən Qərb dövlətləri ilə Azərbaycanın son illərdə olan ikitərəfli və çoxtərəfli münasibətlərimizə şamil etməyə çətinlik çəkirəm.  Bu gün ölkəmiz gecə-gündüz Avropanın, Asiyanın enerji təlabatlarının ödənməsində öz töhvəsini verir. Həmçinin dünyanın münaqişəli bölgələrində sülhyaratma missiyası ilə əsgərlərimiz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirirlər. Bəs belə olan halda niyə bizə qarşı belə ədalətsiz münasibət və mövqe nümayiş etdirilir? 20 ildən çox işğalçılıq siyasəti yeridən bədnam qonşularımız Ermənistana qarşı isə heç bir əməli addımlar atılmır ki, onlar öz ərazi iddialarından birdəfəlik əl çəksinlər, mehriban qonşuluq və dostluq  prinsiplərinə əməl etsinlər.

– Avropada islamafobiyanın güclənməsini tolerantlıqdan geri çəkilmə kimi dəyərləndirmək olarmı?

– Mən belə deməzdim. Amma, çox təəssüflər olsun ki, qeyd etdiyiniz nüanslar da var. Bu gün bəzi maraqlı dairələr aktiv şəkildə islam dinini və dünyasını, bu inanclara bağlı milyonlarla imanlı insanları tamam başqa formada təqdim etməyə çox cəhdlər edirlər. Və bütün bunların fonunda baş verən hər xırda narazılıq və toqquşmaları, problem və qayğıları, həmçinin narahatçılıqları aktiv şəkildə dünyaya əks istiqamətdə tanıtmağa cəhd edirlər. Bu da əsrlər boyu tolerantlıq nümunəsi göstərən insanların gözdən salınmasına gətirib çıxarır. İslamafobiya qorxusu yaradan məkrli qüvvələr var gücləri ilə ən pis niyyət  və arzularını, həmçinin çirkin əməllərini islam dünyasının ayağına yazdırmağa çalışır. Bu da istər-istəməz dünyada onsuz da aşınmaqda olan tolerantlıq nümunələrinin daha da nüfuzdan salınmasına gətirib çıxarır. Milyonlarla insanların ümid və arzuları puç olur.

– Nə üçün Qərb Azərbaycandakı tolerantizmi və multikulturalizmi bu qədər təşviq edir, amma Dağlıq Qarabağ münaqişəsinin həllində monoetnik dövlət olan Ermənistanı müdafiə edərək ermənipərəst mövqe nümayiş etdirir?

– 20 ildən artıqdır ki, biz Dağlıq Qarabağla bağlı dünyanın sərgilədiyi qəribə müəmmanın cavabını tapmağa çalışırıq. Hər addımda Azərbaycanı dünyada nümunə göstərən aparıcı dövlətlər və onların siyasi rəhbərləri nədənsə BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin yerinə yetirilməsində  heç bir əməli addımlar  atmaq istəmirlər. Xüsusən də bu münaqişənin həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələri öz bivec və qətiyyətsiz fəaliyyətləri ilə işğalçı dövlət olan Ermənistanın xeyrinə çalışırlar. Biz burada sözsüz ki, xristian təəssübkeşliyinin açıq təzahürlərini də qeyd etməliyik. Hər üç xristian dövləti öz din qardaşları olan təcavüzkar Ermənistanı beynəlxalq hüquq və normaların yerinə yetirilməsinə qətiyyən dəvət etmək istəmirlər.

– Gələcəkdə bəzi düşmən ölkələr Azərbaycanın tolerantlığınından onun parçalanması üçün istifadə edə bilərlərmi? Ümunmiyyətlə belə təhlükə mümkündürmü?

– Sözsüz ki, Azərbaycan dövlətini və onun xalqının rifahını, inkişafını  istəməyən məkrli qüvvələr, dövlətlər bizim milli son dərəcə yumşaq mentalitetimizdən və tolerantlığımızdan istifadə edərək, bizim özümüzə qarşı xoşagəlməz addımları atmağa çalışacaqlar. Amma, ölkəmizin müvafiq hüquq-mühafizə orqanları gecə-gündüz bu istiqamətdə öz fəaliyyətlərini davam etdirilər. Elə ötən həftələrdə MTN-nin böyük bir şəbəkəni ifşa etməsi hesab edirəm ki, çox uğurlu bir addım  oldu. Özü də bu mütəşəkkil dəstə xeyli vaxt Suriya ərazisində xüsusi hazırlıqlar keçirlərmiş ki, sonradan ölkəmiz daxilində çaxnaşma yaratsın, insanlar arasında panic əhval ruhiyəsin yaşatsınlar. Nəzərə alsaq ki, bu ilin iyununda  Bakıda Birinci Avropa Olimpiya oyunları keçiriləcəkdir, xarici qüvvələrin fəallaşması və bizi gözdən salmaq üçün var qüvvəsi ilə çalışmaları təsadüfi deyildir.

– Azərbaycandakı tolerantlıq sivilizasiyalararası dialoqa öz töhfəsini verə bilərmi?

– Hesab edirəm ki, ölkəmizin müstəqillik tarixi 20 ildən bir qədər çox olsa da, bu illər ərzində yetərincə öz qüvvə və bacarığını sivilizasiyalararası dialoqun daha da inkişaf etdirilməsi üçün sərf etməyi bacarıb. Elə son illər təkcə Bakıda deyil, Gəncədə, Qəbələdə və digər bölgələrimizdə keçirilmiş saysız-hesabsız tədbirləri sadalamaq kifayər edər ki, bu mühüm sahəyə necə böyük önəm verildiyinin bir  daha şahidi olaq. Yaxın tariximizdə baş tutan tədbirlərin qonaqları arasında dünyanın ən aparıcı siyasi xadimləri, keçmiş eks-prezidentlər, baş nazirlər, nazir və biznes sahəsini, iqtisadiyyatı, mədəniyyət və incəsənəti təmsil edən dünya şöhrətli  xadimlər, tanınmış şəxslər iştirak etmişlər. Unutmaq olmaz ki, tolerantlıq Azərbaycanla sivil dünya arasında qardaşlıq və dostluq körpüsüdür

– Dini tolerantlıq və multikulturalizmin gələcəyini necə görürsünüz?

– Həqiqətən də gənc müstəqil dövlət olmasına baxmayaraq Azərbaycan bu gün multikulturalizmin genişlənməsi, daha müasir səviyyədə qəbul edilməsi uğrunda böyük işlər görməkdədir. 2014-cü ilin sonlarında keçirilmiş  Ümumdünya Forumu isə bu mənada xüsusi əhəmiyyət daşıyırdı. Çünki qeyd edildiyi kimi, Azərbaycan tarix boyu digər dinlərin və millətlərin nümayəndələrinə münasibətdə tutduğu mövqeyə görə tam mənada tolerantlıq nümunəsi kimi çıxış edib. Və bu varislik əlaqələrinin əsasında bu gün də ölkəmiz dünyada ən tolerant məkanlardan birini kimi qəbul olunur.  Qədim tarixə, zəngin mədəniyyət və ənənələrə malik  xalqımız bu gün, sözün əsl mənasında, ölkəmizdəki digər xalqlarla möhkəm birlik nümunəsi göstərir.  Çoxmillətli xalqın birliyinin aydın təzahürünü özündə əks etdirən Azərbaycan xalqı digər xalqlarla birlikdə özündə yüksək mədəniyyət nümunələrini təcəssüm etdirməkdədir. Təbii ki, bütün bunların stimulverici amili və tənzimetmə mexanizmi kimi, ilk növbədə, Azərbaycan dövlətinin və dövlətçiliyinin qayğısı və dəstəyi mühüm önəm daşıyır. Qanunvericiliklə hər bir millətin, dinin nümayəndəsinə öz millətinə bərabər hüquq və azadlıqlar verən, irqi ayrı-seçkiliyin heç bir şəkildə təzahürlərinə rast gəlinməyən, millətlərin yanaşı yaşadığı, möhkəm əlaqələrə malik olduğu və bir-birinə mühüm dəyərlər aşıladığı Azərbaycan mədəni nümunələrin, dəyərlərin əlaqələndiricisi, körpüsüdür. Bunu real misallar ilə də sübut etmək mümkündür.

Əgər sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 1800-ə yaxındır. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlətimiz respublikada yayılan digər dinlərə də lazımı qayğını göstərir. 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası Azərbaycan müstəqillik əldə etdikdən sonra Rus Pravoslav kilsəsinə verildi. Salyan Kazarmasi deyilən ərazidə 2001-ci ildə Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın keçmiş Patriarxı, mərhum II Aleksiy bu məbədi müqəddəs elan etdi və ona baş kafedral kilsə statusu verildi. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi – Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olundu. Azərbaycandakı katolik icması da hər zaman dövlət qayğısını öz üzərində hiss edib. 2000-ci ildə dini ayinlərin yerinə yetirilməsi üçün icmaya xüsusi bina verildi və bu bina kiçik kilsəyə çevrildi. Roma-katolik kilsəsinin sabiq başçısı II İohann Pavelin 2002-ci ildə respublikaya etdiyi tarixi səfər isə xüsusi əhəmiyyət daşıyırdı. Bakıda olarkən Papa Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdi. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz burada sığınacaq tapıblar.

Çar Rusiyası dövründə Rusiyada ayrı-seçkiliyə məruz qalan duxoborlar, staroborlar, malakanlar indi Azərbaycanda rahatca yaşayır-yaradır və inanclarını sərbəst davam etdirirlər. Dünyada bir neçə min olan udinlər də Azərbaycanda öz dini inanclarını yaşadırlar.

Sonda onu qeyd etmək istərdim ki, müsəlmanların müqəddəs “Qurani Kərim”ində insana seçim azadlığı tanınır və onun din seçiminə belə müdaxilə olunmur. Bununla bağlı müqəddəs kitabımız tolerantlıq və qarşılıqlı etimad mühitinin inkişafı üçün lazım olan yolları da açıq şəkildə insanlara göstərib. Azərbaycanın tolerantlıq sahəsindəki təcrübəsi dünya üçün nümunəvi bir model rolunu oynayabilər və biz bu istiqamətdə güclərimizi daha da artıqmalıyıq. Eyni zamanda, 2015-ci il may ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmini də biz unutmamalıyıq.

 Əziz Mustafa