“Tofiq Bəhramov”un tarixi: 16 oktyabr, yoxsa 16 sentyabr?

698

Hazırkı Tofiq Bəhramov adına Respublika Stadionunun rəsmi açılışı nə zaman keçirilib? İnternet materiallarına inansaq, 1951-ci ilin 16 oktyabrında. Amma araşdırmalarımız nəticəsində məlum olub ki, bu tarix yanlışdır.

Ümumittifaq dərəcəli hakim, Əməkdar junalist, AFFA-nın inzibati binasının birinci mərtəbəsində fəaliyyət göstərən Futbol Muzeyinin direktoru, futbolumuzın canli tarixini öz yaddaşında yaşadan Abas Əzimovun sözlərinə görə, 50-ci illərə qədər futbol üzrə SSRİ çempionatının oyunlarını keçirməkdən ötrü Bakıda iki stadion var idi. Bunlardan biri keçmiş “Azərbaycan” mehmanxanasının yerindəki “Dinamo”, ikincisi isə Bakıxanov qəsəbəsindəki indiki İsmət Qayıbov adına stadion idi: “Hazırkı Tofiq Bəhramov adına Respublika Stadionunun təməli 1939-cu ildə qoyulub. Lakin Böyük Vətən müharibəsi ilə əlaqədar tikintisi təxirə salınıb. Stadionun layihə müəllifləri İ. Qonsiorovsk, P. İsayev və A. Sergeyev olub. Alman əsirləri tərəfindən inşa olunmuş stadiona hündürdən baxdıqda (işıq tablosu və soyunub-geyinib otaqları tikilməmişdən öncə) nəhəng qurğu “C” hərfini xatırladır. Bu da o illərdə SSRİ-yə rəhbərlik edən İosif Stalinin təxəllüsünün kiril əlifbasındakı baş hərfi ilə bağlı olub.

“Neftyanik” “Lokomotiv”lə qarşılaşmalı idi

Bu stadionun rəsmi açılışı 1951-ci il sentyabr ayının 6-da keçirilməli idi. Həmin gün “Neftyanik” Moskvanın “Lokomotiv” komandası ilə qarşılaşması nəzərdə tutulmuşdu. Lakin komandamızın “Lokomotiv”ə uduzmaq ehtimalı olduğuna görə belə bir addım atılmadı, yəni stadionun rəsmi açılışı təşkil olunmadı. Çünki idman rəsmilərimiz o zaman komandamızın oyunlarını izləyən Azərbaycan SSR Kommunist Partiyası MK-nın I katibi Mircəfər Bağırovun qəzəbinə tuş gəlmək istəmirdilər. Həmin matçı izləmiş bir tamaşaçı kimi deyə bilərəm ki, Bakı futbolçuları bu oyunu yüksək səviyyədə keçirdilər. Yəni bu oyunda “Neftçi” 2:1 hesabı ilə qələbə çaldı.

Gözləniləi gün

Nəhayət, hamının səbirsizliklə gözlədiyi gün gəlib çatdı. 1951-ci ilin sentyabr ayının 16-da İosif Stalinin adını daşıyan bu stadionun təntənənəli açılışı oldu. Tədbiri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi T. Yaqubov açdı. SSRİ bədən tərbiyəsi və idman komitəsi sədrinin müavini S. İvanov, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi N. Hacıyev, Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin üzvü, professor M. Topçubaşov çıxış etdilər. Azərbaycanın məşhur idmançıları – İbrahimpaşa Dadaşov, Musa Babayev, Xandadaş Mədətov, Vladilen Busalayev, Züleyxa Hacıyeva və başqaları Azərbaycan bayrağını stadiona gətirdilər. Və himnin sədaları altında bayrağı yüksəldiblər. Sonra müxtəlif idman cəmiyyətlərinin yetirmələrinin nümunəvi çıxışları oldu. Bədii hissə başa çatan kimi havada təyyarə göründü. Təyyarə stadion üzərində bir dövrə vurduqdan sonra yaşıl örtüklü meydana qırmızı lentlə bağlanmış top atıldı. Meydana top atıldıqdan sonra stadiona oyunçular çıxdılar. Həmin gün SSRİ çempionatında “Neftyanık”in rəqibi Vilnüsün “Spartak” komandası olub. “Neftyanik” həmin gün aşağıdakı heyətlə meydançaya çıxmışdı: Vladimir Karmayev, Valentin Xlıstov, Viktor Şevçenko, Aleksandr Kadakov, Qriqori Yamkoçyan, İsay Abramaşvili, Viktor Maçaltadze, Anatoli Terentyev, Viktor Anikşin, Ələkbər Məmmədov, Manoli Pavlodi. Onu da deyim ki, Vilnüs futbolçuları əvvəlki turda Yerevanda olmuş və 1:0 hesabı ilə qələbə qazanmışdılar. Onlar Bakıya lilder kimi gəlmişdilər. Lakin Bakı futbolçuları stadionun açılışına layiq oyun nümayiş etdirdilər. Bu matçın 36-cı dəqiqəsində Ələkbər Məmmədov rəqibin iki müdafiəçini keçərək qapıçı ilə təkbətək çıxdı və hesabı açdı. Daha sonra Viktor Maqaltadze, Ələkbər Məmmədov və Viktor Anişkin hərəyə bir qol vurdular. Və “Neftçi” 4:0 hesabı ilə qalib gəldi”.

Nə inkar, nə də təsdiq edə bilmərəm

Yeri gəlmişkən onu da qeyd edək ki, tanınmış futbolçu Ələkbər Məmmədov müsahibələrinin birində həmin oyunu belə xatırlayıb: “Açılış oyununa Azərbaycan SSR-in o zamankı rəhbəri Mircəfər Bağırovdan başqa, SSRİ-yə başçılıq edən İosif Stalinin oğlu Vasili də gəlmişdi. Stadionda nəinki oturmağa, heç ayaq üstə durmağa da yer yox idi. İçəri girə bilməyənlər çıxıb ağacların başından oyuna baxırdılar. Bağırov Stalinə zəng edərək “Sizin adınıza stadion tikmişik. Açılış mərasiminə Sizi də dəvət edirik” demişdi. İosif Stalin isə xəstə olduğunu bildirərək, tədbirə oğlunu göndərmişdi”. Bu barədə Abas Əzimov belə deyir: “İosif Stalinin oğlu Vasilinin həmin tədbirdə iştirakı ilə bağlı məndə elə bir məlumat olmadığına görə bu faktı nə inkar, nə də təsdiq edə bilərəm. Amma öz təxəyyülümə əsasən onu deyə bilərəm ki, Vasili həmin illərdə Hava Hücumundan Müdafiə Qüvvələrinin nəzdindəki futbol komandasının əsas fiqurlarından biri idi).

Sonrakı oyunda Petrozavodsk komandası ilə görüşdə “Neftçi” 1:3 hesabı ilə uduzub. Eşitdiyimə görə, Bağırov oyun 0:2 olanda tribunanı tərk etmişdi”.

Bu stadion nələrə şahid olmayıb ki?

Abas Əzimov yaddaşını bir az da vərəqlədi: “Bu stadionda futbolla yanaşı, idmanın digər sahələri ilə bağlı yarışlar da keçirilib. Məsələn, məşhur idmançımız Mais Şeydabəyov stolüstü tennis üzrə ilk dəfə SSRİ çempionu adına məhz bu stadionda layiq görülüb. 1957-ci ildə Bakının kişilərdən ibarət basketbol komandası Türkiyənin məşhur “Qalatasaray” komandasına 45:35 hesabı ilə qalib gəlib. Bu görüşdə basketbolçularımızdan Aleksandr Petrov və Nazim Hüseynov xüsusi fərqləniblər. Yüngül atetlərimizdən Xandadaş Mədətov, Yuri Konovalov, Ziba Ələsgərova, Adil Dementyev, Aleksandr Kornelyuk və başqaları ilk addımlarını bu stadionda atıblar.

Stadion 1953-cü ilədək Stalinin adını daşıyıb. Onun vəfatından sonra bura Leninin adı verildi. 1993-cü ildən isə dünya şöhrətli hakim Tofiq Bəhramov dünyasını dəyişəndən sonra stadion onun adını daşımağa başladı. Dünyada hakimin adını daşıyan yeganə futbol arenası olan Tofiq Bəhramov adına Respublika stadionu indiyədək minlərlə qolun şahidi olub.

Məlumat üçün onu da bildirim ki, 2004-cü ilin 14 oktyabrında dünya futbolunun ulduzları T.Bəhramovun xatirəsinə həsr olunmuş seçmə oyunlarda Azərbaycan və İngiltərə yığmasının oyununu izləmək üçün Bakıya gəldilər. Həmin gün əfsanəvi hakimin şərəfinə ucaldılan abidənin açılış mərasimi də keçirildi. Mərasimdə FİFA-nın prezidenti Yozef Blatter, icraiyyə komitəsinin üzvü Mişel Platini, Ceff Herst və digər görkəmli futbolçular da iştirak ediblər.

16 avqust 2012-ci ildə isə Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Mərasimdə ölkə başçısı İlham Əliyev də iştirak edib.

Qvami Məhəbbətoğlu