Tofiq Abbasov – Damanskin azərbaycanlı qəhrəmanı (3)

811
Çin SSRİ-yə qarşı ərazi iddiaları irəli sürərək, sərhəddə vəziyyəti gərginləşdirməkdə idi. Bu gərginlik özünü, xüsusilə, Tofiq Abbasovun xidmət etdiyi Ussuriysk çayındakı cəmisi 0, 74 kvadratkilometr sahəsi olan Damansk adasında özünü daha çox hiss etdirməkdə idi. Ada SSRİ-yə mənsub olsa da, orada çinlilər təsərrüfat işləri ilə məşğul olurdular və buna görə onlara heç kim bir söz demirdi. Ancaq adada təsərrüfat işləri ilə məşğul olan çinlilərə buna görə heç nə deyilməməsi qarşı tərəfi şirnikləndirmiş və onlar adaya qarşı ərazi iddiaları ilə çıxış etməyə başlamışdılar.
Adada vuruşan sərhədçilərə təcili şəkildə əlavə hərbi qüvvə, o cümlədən Tofiq Abbasovun da xidmət etdiyi 69-cu sərhəd zastavasının əsgərləri göndərildi. Tofiq Abbasov və yoldaşları düşməni adadan çıxarmaq üçün  döyüşlərə başladılar. Sonralar döyüş yoldaşları Tofiq Abbasov haqqında: “İlk döyüşdəcə Tofiq Abbasov sərrast atəşlərlə düşmənləri yerə sərir, onlara başlarını qaldırmağa imkan vermirdi. O, özünü əsl döyüşçülərə xas olan tərzdə aparır və yoldaşlarına ürək-dirək verərək onları qələbəyə ruhlandırırdı”,-demişdilər.

Qızğın döyüşlərdən sonra çinlilər 284 nəfər itki verərək, tutduqları mövqeləri tərk edərək geri çəkilməyə məcbur oldular.

Əziz Mustafa

Həmin dövrdə  döyüş meydanından minlərlə kilometr uzaqlarda Dəvəçi (Şabran) şəhərində Tofiqin valideynləri, qohumları, yaxınları da Ussuri çayındakı Damansk adasında baş verən toqquşmaları narahatlıqla izləyirdilər. Çünki onların ciyərparəsi Tofiq məhz Damanskda qızğın döyüşlər gedən yerdə xidmət edirdi. Lakin onlar Tofiqə bir şey ola biləcəyinə inanmırdılar. Tofiqin valideynləri bütün SSRİ vətəndaşları kimi, ölkə rəhbərliyinin qəti addımlar atacağına və bir daha canlı qüvvə sarıdan itkilər verməmək üçün düşmənin birdəfəlik yerində oturdulacağına ümid edirdilər. Tofiqsə evlərinə yazdığı son məktubunda xidmətinin yaxşı getdiyini və tezliklə hərbi xidməti başa vuraraq doğma Dəvəçiyə qayıdacağını yazaraq, valideynlərinin ondan narahat olmamalarını istəmişdi. Amma vətənə qayıtmaq, yenidən doğma ata-anasını, qardaş-bacılarını  qohumlarını görmək ona qismət olmadı…

Baş verən toqquşmalarla bağlı SSRİ rəsmi şəkildə Çinə etiraz notası verməyə məcbur oldu. Amma Çin adanı işğal planından əl çəkmək niyyətində deyildi. Çin adanı tutmaq üçün yeni hərbi plan hazırlamışdı. Bu plana əsasən, adaya ağır hərbi texnika, o cümlədən tanklar çıxarılmalı və ələ keçirilməli idi. SSRİ sərhəd komandanlığı adada baş verən son toqquşmalardan sonra oranın mühafizəsini gücləndirmişdi. Lakin hadisələrin gedişi göstərdi ki, bu, Çinin hücumlarının qarşısını almaq üçün yetərli deyil.

 

Əbədiyyətə gedən yol

Martın 2-də Damanskda baş verən döyüşlərdə Tofiq Abbasov sonradan yardıma göndərilən qüvvələrin tərkibində iştirak etsə də, əsl qəhrəmanlıq göstərmiş və bununla da diqqəti cəlb etmişdi. Həmin dövrdə Tofiqi bütün əsgərlərə nümunə göstərir, onun qəhrəmanlığından ağızdolusu danışırdılar. Amma Damanskda ölüm küləkləri əsməkdə davam edirdi. Çin heç cür Damanskın SSRİ-də qalmasını həzm edə bilmirdi. Düşmən bu dəfə adanı qəti şəkildə ələ keçirmək üçün hazırlıqlar görmüşdü. Həmin dövrdə SSRİ Müdafiə Nazirliyi də münaqişə bölgəsinə əlavə hərbi qüvvələr yeritmişdi. Ancaq Çinin sərhəddə təxribatının ötəri olduğuna inanan SSRİ rəhbərliyi məsələnin ciddiliyini tam şəkildə qəbul edə bilməmişdi. Hətta düşməni qıcıqlandırmamaq üçün martın 14-də, saat 15.00-da əmr verilmişdi ki, sərhədçilər adanı tərk etsinlər. Halbuki Çinin adaya hücum üçün ciddi hazırlaşdığını Ussuri çayının bu tərəfindən də aydın görmək mümkün idi.  Nə qədər qəribə olsa da, dünyanı barmağına dolayan və ən ciddi qorunan sirləri əldə etməyi bacaran SSRİ kəşfiyyatı Çinin adaya yeni hücuma hazırlaşmasından xəbər tuta bilməmişdi. Yoxsa SSRİ Müdafiə Nazirliyi qarşı tərəfi qıcıqlandırmamaq üçün adadan sərhədçilərin çıxarılması barədə göstəriş verməzdi. Bu isə sərhədi mühafizə edənləri də çaşbaş salmışdı. Amma Müdafiə Nazirliyi bu qərarın səhv olduğunu yalnız həmin gün axşama yaxın anladı. Amma artıq gec idi.

SSRİ sərhəd xidməti əsgərləri adanı tərk edən kimi dərhal çinli əsgərlər oraya çıxaraq, Damanska nəzarəti ələ aldılar. Buna cavab olaraq, podpolkovnik E. Yanşinin rəhbərliyi altında 57-ci sərhəd alayı əsgərləri yenidən adaya qayıtdılar. Bundan sonra çinlilər adanı döyüşsüz tərk etdilər. Amma 1969-cu il martın 15-də səhər Çin əsgərləri adaya çıxarmağa nail olduqları iki tankın köməyi ilə Damanskdakı sərhəd-mühafizə xidməti əsgərlərinin üzərinə hücuma keçdilər. Həmin gün Tofiq Abbasov adada keşik çəkən əsgərlərlə birgə idi və hərbi vəzifəsini həyata keçirirdi. Düşmən məhz Tofiq Abbasovun xidmət etdiyi zastava üzərinə hücuma keçmişdi. Qızğın döyüşlər başladı. Tofiq Abbasov və əsgər yoldaşları qəhrəmancasına müdafiə olunur, düşmənə göz açmağa aman vermirdilər. Bu döyüşdə Tofiq Abbasov 15-dən artıq düşməni məhv etdi. Ancaq düşmən sayca çoxluğundan istifadə edərək hücuma ara vermirdi. Bəzi yerlərdə düşmən xeyli irəliləyə bilmişdi. Adadakı sovet əsgərlərinə hərbi yardım gəlsə də, düşmənin sayca çox olması öz sözünü deməkdə idi.  Bütün gün ərzində gedən döyüşlərdə ada 8 dəfə əldən-ələ keçdi. Tofiq Abbasov bu döyüşlərdə yaralansa da, qəhrəmancasına döyüşməkdə davam edirdi. O, sərrast atəşlə 20-yə yaxın düşməni məhv etmişdi.  Saat 16-da  komandanlıq sovet əsgərlərinə adanı tərk etmələri barədə əmr verdi. Çünki Çin tərəfi ağır itkilər verməsinə baxmayaraq, adaya əsgər çıxarmaqda davam edirdi. Üstəlik, ada Çin sahillərinə daha yaxın olduğundan  qarşı tərəf orada döyüşənlərə operativ şəkildə kömək göstərə bilirdi. Adaya yardıma gedən əsgərlərimiz Ussuri çayında düşmən tərəfindən atəşə tutulur və çaydan adaya çıxmaq get-gedə böyük itkilər hesabına başa gəlməkdə idi. Ona görə də komandanlıq müvəqqəti olaraq adanın tərk edilməsi barədə əmr verməyə məcbur oldu. Yaralı Tofiq Abbasov və dostları adanı tərk edərkən düşmən tərəfindən açılan atəşlə zabitlərdən biri vuruldu. Onu döyüş meydanında qoymamaq üçün yardıma gedən Tofiq Abbasov da düşmən gülləsinə tuş gələrək, qəhrəmancasına həlak oldu… Həmin gün düşmənlə döyüşdə 4 zabit və 58 əsgər həlak oldu, 8 zabit 94 əsgərsə yaralandı.

 

“Qrad”lar köməyə gəlir

Vəziyyətin ağır olduğunu görən və çinlilərin adanı tutandan sonra  çayın bu biri sahilinə də hücum edəcəyindən ehtiyat edən Uzaq Şərq Hərbi Dairəsinin komandanı, general-polkovnik O. İ. Losik o vaxt üçün olduqca gizli saxlanılan “Qrad” reaktiv atəş sistemlərindən düşmən üzərinə atəş açılması barədə əmr verdi. Halbuki SSRİ rəhbərliyi bu silahdan istifadə edilməməsi barədə Uzaq Şərq Hərbi Dairəsinin komandanlığına göstəriş vermişdi. Amma general-polkovnik Losikin riskə getməkdən başqa çarəsi qalmamışdı. Çünki çinlilərin adanı ələ keçirəndən sonra çayın bu biri sahilinə  də hücum edəcəyi ehtimalı kifayət qədər böyük görünürdü. Böyük dağıdıcı gücə malik olan  “Qrad”ların ilk atəşi düşməndə dəhşət yaratdı. Belə ki  “Qrad”lar düşən yerlər yerlə yeksan olur, böyük dağıntılar əmələ gəlirdi. Bir neçə dəqiqənin içində “Qrad” zərbələri nəticəsində, belə demək mümkünsə, adanın altı üstünə çevrildi. Onlarla düşmən əsgəri həlak oldu. Adaya çıxarılan düşmən əsgərləri başlarını itirmişdilər və hara gəldi qaçırdılar. Ancaq ada “Qrad”lar üçün kiçik idi və həmin gün oraya hücum edən çinli əsgərlərdən biri də canını sağ qurtara bilmədi. Düşməndən gələ biləcək təhlükəni aradan qaldırmaq üçün  “Qrad”lar Ussuri çayının o biri tərəfini də hədəfə aldılar.  Atəşlə düşmənin adanın o biri tərəfindəki hərbi kazarmaları və digər obyektləri alt-üst edildi. “Qrad”  zərbələri düşmən tərəfdə o qədər böyük dağıntılara səbəb olmuşdu ki, əhali və əsgərlər Ussuri çayından 30 kilometrə kimi geriyə çəkilməyə məcbur olmuşdular. Saat 17.10- da adaya yenidən sovet qoşunları çıxarıldı. Bundan sonra düşmən bir daha adaya hücum etməyə cəsarət edə bilmədi. “Qrad”ların düşmənə verdiyi böyük tələfat isə bu silahın adı ətrafında əfsanələrin dolaşmasına gətirib çıxardı. Guya döyüşdə düşmənə qarşı “Qrad”lardan deyil, lazer silahından istifadə edilmişdi. Nəticədə yüzlərlə düşmən əsgəri və texnikası külə dönmüşdü… Amma bu günə kimi həmin döyüşlərdə lazer silahından istifadə edildiyini göstərən bir sübut belə yoxdur.  ƏZIZ MUSTAFA