“Tıq-Tıq və Taq-Taqın yeni il macəraları”

553

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə öz tamaşaçılarını sevindirməyə hazırlaşır. Daim yeni proqramlar, tamaşa və əyləncəli konsertlərlə uşaqların görüşünə gələn teatrın yaradıcı kollektivi bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, dekabrın 26-dan yanvarın 4-dək uşaqlarımız əsl yeni il əhvalında, bayram təntənəsində bir tamaşa izləmək şansı qazanacaqlar. Teatrın baş rejissoru Qurban Məsimovun maraqlı yanaşması sayəsində bu il də fərqli bir tamaşa – “Tıq-Tıq və Taq-Taqın yeni il macəraları” adlı səhnə nümunəsi hazırlanır. Əyləncəli tamaşa maraqlı ideyası ilə seçilir. Bu barədə rejissorun dedikləri: “Tamaşada biz balacalara fərqli qəhrəmanların təqdimatında müsbət və mənfi keyfiyyətlər, onların pis nəticələri, daha doğrusu, yaxşılıq etməyin vacibliyini aşılamağa çalışmışıq. Əsas obrazlarımız Tıq-Tıq və Taq-Taq yeni il şənliyinə hazırlaşırlar. Bunun üçün artıq müəyyən tədarük də görüblər. Amma hiyləgər tülkü və küpəgirən qarı onların şənliyinə mane olmaq istəyirlər. Buna görə də Nakaş və Dakaş adlı iki sadəlövh cini pis əməllərinə alət edirlər. Tıq-Tıqın evinə gələrək ona sehrli almanı yedirir və bütün bayram azuqələrini mağaralarına daşıyırlar. Meşədən şam ağacı gətirməyə gedən Taq-Taq döndüyündə dostunun bu halın görür və köməyə Şaxta babanı çağırır. Onun gəlişi ilə sehr pozulur və hiyləgərlər cəzalandırılır. Pis əməllərindən əl çəkməyə söz verən hiyləgərlər də şənliyə qatılmaq şansı qazanırlar”. Beləcə birlikdə əyləncənin gözəlliyi və pis əməllərdən uzaqlaşmaqla daha səmərəli işlərə maraq oyadan 45 dəqiqəlik tamaşa uşaqlara xoş istirahət vədi verir.