“The Guardian”ın növbəti təxribatı: böthan, qarayaxma…

Son illər Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana, üstəlik regionda söz sahibinə çevrilən Azəbaycanın beynəlxalq arenada nüfuzu xeyli artıb. Lakin bəzi məkrli qüvvələr Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində əldə olunmuş bu kimi nailiyyətlərimizi həzm edə bilmirlər. Odur ki, onlar ölkəmiz, eləcə də dünya liderləri arasında özünəməxsus yeri olan dövlət başçımızın, həmçinin onun ailə üzvlərinin əleyhinə hərdən qarayaxma kampaniyaları aparmaqla bu nailiyyətlərə kölgə salmağa çalışırlar. Bu günlərdə yenə də belə bir kampaniyaya cəhd olunub. Belə ki, Böyük Britaniyanın “The Guardian” nəşri respublikamizin imicinə xələl gətirən məqalə ilə çıxış edib.

Siyasətçilərin fikrincə, bu qəzet ölkəmizə qarşı qərəzləri ilə daha çox “seçilir”. Belə ki,  Birinci Avropa Oyunları zamanı Azərbaycanı hədəf götürən bu mətbu orqan hətta Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı əyləncəli turizm mövsümü üçün ən yaxşı istiqamətlərin siyahısına daxil edib. Üstəlik, qondarma rejimin dəvəti ilə Dağlıq Qarabağa qanunsuz səfər edənlərə xüsusi canfəşanlıqla yanaşıb. Bu siyahıya “The Guardian”ın digər əməllərini də əlavə etmək olar.

Yeri gəlmişkən, qeyd edək ki, “The Guardian” Ermənistanda baş vermiş neqativ hadisələrə elə siyasi don geyindirir ki… Bu cür faktlara diqqət yetirəndə həmin nəşrin ölkəmiz əleyhinə təbliğat aparmasının məqsədi bütün çılpaqlığı ilə üzə çıxır. Bu, hər  şeydən əvvəl həmin media qurumunun Böyük Britaniyadakı erməni lobbisinin təsiri altında olmasından və onun cızdığı marşrut üzrə hərəkət etməsindən xəbər verir. Buradan eyni zamanda, belə qənaətə gəlmək olar ki, “The Guardian” açıq-aşkar korrupsiyaya qurşanıb. Başqa sözlə desək, Azərbaycana qarşı böhtan xarakterli yazıların arxasında maddiyyat dayanır. Bununla da Britaniyada bir zamanlar idarəolunmaz nəşr kimi tanınan “The Guardian” indi necə idarə olunduğunu ortaya qoyub. Ümumiyyətlə, Böyük Britaniyada azad mətbuatdan söz açmağa dəyməz. Belə ki, Böyük Britaniya Kraliçası II Yelizavetanın müəyyənləşdirdiyi Xartiyaya əsasən, Kraliçanın, hətta onun nəvələrinin şəxsi həyatlarına müdaxilə edilməsi faktlarına görə jurnalistlərin və Britaniya vətəndaşlarının cəzalandırılması nəzərdə tutulur. Görünür, həmin sənəd “The Guardian”ın əl-qolunu bağlayıb. Odur ki, bu mətbu orqan ölkə xaricindəki qarayaxma kampaniyaları ilə baş saxlamağa, qazanmağa üstünlük verməyə başlayıb.

…Bu mənada qəzetin son günlər apardığı kampaniyanı əvvəlkilərin davamı hesab etmək olar. Lakin onların əməlləri zaman-zaman ifşa edilib. Bununla da ölkəmizlə bağlı çirkin kampaniya təşkil etmək cəhdləri iflasa uğrayıb. Məsələn, bir neçə il öncə israilli fotoreportyor Tomer İfrah  “The Guardian” qəzetində dərc edilmiş Azərbaycan haqqında fotoreportajına verilmiş şərhlərin ona məxsus olmasını təkzib edib. Araşdırmalar zamanı məlum olub ki, daha əvvəl T. İfrahın Azərbaycan haqqında reportajı Avropanın müxtəlif mətbu nəşrlərində dərc edilib və yalnız  müəllifin müsbət rəyləri ilə müşayiət olunub. Bu isə bir daha o deməkdir ki, “The Guardian” Azərbaycanla bağlı məlumatları öz prinsiplərinə, öz “ideyalarına” uyğunlaşdırmaqla dərc edir.

Qəzetin ölkəmiz əleyhinə yazdıqlarının, daha doğrusu, ölkəmizin imicini korlamağa hesablanmış məqalələrinin heç biri öz təsdiqini tapmayıb. Bu mənada “The Guardian”ın Prezidentimiz və onun ailəsi ilə bağlı dərc etdiyi məqalə bu nəşrin dövriyyəyə buraxdığı növbəti yalan, iftira, təxribatdır. Başqa sözlə desək, Azərbaycan və onun dövlət başçısına qarşı yönələn qarayaxma xarakterli növbəti kampaniyadır. Bu kampaniya isə siyasətçilərin fikrincə, beynəlxalq ictimai rəyi çaşdırmaq, Azərbaycanın yüksək nüfuzunu ləkələmək cəhdindən başqa bir şey deyil. Bu növbəti cəhdin də baş tutmaması artıq göz önündədir. Bununla da Azərbaycanı mümkün qədər qara rəngdə təsvir etməyə çalışan “The Guardian” özünü yetərincə qaralayıb. Əlavə edək ki, Azərbaycana qarşı hədyan yağdıran “The Guardian”ın mövqeyini heç də həmin ölkəni təmsil edən rəsmilərin baxışı kimi yozmaq doğru olmaz.

Qvami Məhəbbətoğlu, “İki sahil”