“The Daily Caller” qəzeti “Ermənistan” fondunun qanunsuz əməlləri və Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı barədə yazır

358

Amerikada çıxan “The Daily Caller” qəzetində Yaxın Şərqin, Avrasiyanın və Türkiyənin geosiyasəti və geostrategiyası üzrə fransız eksperti Maksim Qauinin “Antikorrupsiya həbsləri yalnız başlanğıcdır, lakin Ermənistan həqiqətən “öz bataqlığını” quruda biləcəkmi?” sərlövhəli məqaləsi dərc edilib. Materialda “Ermənistan” fondunun qanunsuz hərəkətlərindən, Sarkisyan rejiminin və onun ailəsinin korrupsiyaya qurşanmasından və Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edilir.

Müəllif yazır ki, ABŞ-dakı erməni diasporunun “maliyyə vəsaitləri toplayan maşını” ciddi bir problemlə – genişmiqyaslı korrupsiya ilə üzləşib. Bildirilir ki, iyulun 3-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Ümumdünya “Hayastan” fondunun (“Ermənistan” fondu) icraçı direktoru Ara Vardanyanı həbs edib. O, vəsaitlərin israfçılığında və onlardan təyinatı üzrə istifadə edilməməsində ittiham olunur. Ermənistan hakimiyyət orqanlarının verdiyi məlumata görə, Vardanyan “Ermənistan” fondunun kredit kartından onlayn azart oyunlar üçün istifadə etməsini boynuna alıb. O, etiraf edib ki, fonda ianə edilmiş vəsaitlərdən kredit kartının hesabını doldurmaq və özünün dələduzluq fəaliyyətini ört-basdır etmək məqsədilə ödənişlər etmək üçün istifadə edib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə Vardanyan 2016-2018-ci illərdə 270.000 ABŞ dollarını mənimsəyib.

Qauin yazır ki, bir həftə bundan əvvəl Yerevan polisi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanı qanunsuz silah saxlamaqda şübhəli şəxs kimi həbs edib. Onun həbs edilməsindən əvvəl, bu il may ayında Federal Təhqiqat Bürosu tərəfindən eks-prezidentin qardaşları Aleksandr və Levon Sarkisyana qarşı “bəyan edilməli mülkiyyəti olmasının gizlədilməsi” və “qeyri-qanuni varlanma” ittihamları üzrə cinayət işi açılıb. Müəllif vurğulayır ki, Sarkisyan qardaşları Birləşmiş Ştatlarda daşınmaz əmlak almaq üçün milyonlarla dollar xərcləyib və Ermənistanın siyasi maraqları üçün xaricdə vəsait toplayan şirkətlərdə mühüm rol oynayıblar. Aleksandr erməni mafiyasının aparıcı bossu, Levon isə Ermənistan XİN-də köhnə səfirdir. Bu yaxınlarda həyata keçirilmiş həbslər vəsait toplanması və lobbiçilik üzrə erməni-Amerika mexanizminin daxilində korrupsiyanın dərin kök salmasını nümayiş etdirir. Məqalədə daha sonra deyilir ki, bu mexanizm “özlərini guya erməni xalqını dəstəkləməyə çalışan xeyirxah aktorlar kimi göstərən” qruplardan ibarətdir.

1992-ci ildə Ermənistan prezidentinin fərmanı ilə təsis edilmiş “Ermənistan” fondu “ölkənin çətinliklərini aradan qaldırmaq, Ermənistanda və Arsaxda (yəni Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda) davamlı inkişafa kömək etmək məqsədilə Ermənistandakı və xaricdəki erməniləri birləşdirmək üçün” nəzərdə tutulur. Əslində “Ermənistan” fondu özünü yalandan “humanitar” təşkilat kimi qələmə verən, həqiqətdə isə yalnız siyasi lobbi cəbhəsi olan bir kontordur. Qauin qeyd edir ki, ABŞ tərəfindən Ermənistana və işğal edilmiş Dağlıq Qarabağdakı qanunsuz rejimə maliyyə yardımının artırılması üçün uzun müddətdir ki, Konqresdə kampaniyalar keçirən iki iri lobbist qrup – Amerika Erməni Assambleyası və Amerika Erməni Milli Komitəsi “Ermənistan” fondunun affilə edilmiş təşkilatlarıdır.

Bu təşkilatlar Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımayan və Dağlıq Qarabağın gələcək statusunu “tərəflər arasında danışıqlara aid məsələ” hesab edən Dövlət Departamentinin siyasətini təhrif etməyə çalışırlar. Onlar Ermənistanın iqtisadi problemlərini, o cümlədən yoxsulluğun yüksək səviyyəsini, kənd təsərrüfatından ifrat asılılığı, sürətli inflyasiyanı daha da kəskinləşdirir, erməni xalqı üçün son dərəcə zəruri olan yardım üçün nəzərdə tutulan Amerika ianələrini Dağlıq Qarabağdakı qanunsuz rejimin maliyyələşdirilməsinə yönəldirlər. Qəribə də olsa, Konqresin bəzi üzvləri, o cümlədən senator Bob Menendes, konqresmen Bred Şerman, konqresin üzvü Ceki Spiyer, Frenk Pallone və digər şübhəli qanunvericilər bu qondarma “xeyriyyə təşkilatları”nı dəstəkləyirlər. Bu da öz növbəsində, onların özünün korrupsiyaya qurşanması barədə sual doğurur.

Ekspert öz məqaləsinin sonunda yazır ki, Ermənistan və onun yeni peyda olmuş lideri Paşinyan Vardanyanın, Aleksandr və Levon Sarkisyanın, həmçinin korrupsiyaya qurşanmış bütün başqa fərdlərin fəaliyyətindən ibrət dərsi almalıdırlar. Artıq Paşinyanın “Ermənistan” fonduna, Amerika Erməni Milli Komitəsinə və həm erməni, həm də Amerika xalqını aldadan digər cəbhəçi qruplara qarşı doğru mövqe seçərək həm Ermənistan daxilində, həm də beynəlxalq səviyyədə öz ölkəsi üçün yeni tarix yazmasının vaxtı çatıb. azərtac