Ter-Petrosyan: Erməni xalqını yenidən itkilər və məyusluq gözləyir

39

1997-ci ildən bəri Ermənistandakı bütün siyasi qüvvələr Qarabağ problemininin layiqli və əlverişli həll olunması üçün bütün cəhd və təşəbbüsləri məhv ediblər

Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan Qarabağda 44 günlük müharibədəki məğlubiyyətdə yalnız Nikol Paşinyanın günahkar olmadığını bildirib.

ilur.am saytına müsahibəsində Ter-Petrosyan Paşinyanın sələflərini də bu məğlubiyyətdə iştirak etməkdə təqsirləndirib. Söhbət, xüsusilə bir neçə ay əvvəl Paşinyanı devirmək məqsədilə yaranan “Vətənin xilası hərəkatı”nı yaradan siyasi qüvvələrdən gedir. O bildirib ki, müxalifət Paşinyanı zəiflətməklə Bakının xeyrinə oynayır.

Petrosyan qeyd edib ki, Paşinyanın müxalifləri onu məğlubiyyətdə günahlandıranda həqiqətin yarısını səsləndirirlər – əslində Nikol Paşinyanı özlərinin yaratdıqlarını, onların fikirlərinin nəticəsi olduğunu qəbul etmək istəmirlər.

Ter-Petrosyana görə, 1997-ci ildən bəri Ermənistandakı bütün siyasi qüvvələr Qarabağ problemininin layiqli və əlverişli həll olunması üçün bütün cəhd və təşəbbüsləri məhv ediblər. Bu qüvvələr Qarabağdakı status-kvonu qorumaq və hər hansı bir kompromisi rədd etmək siyasətini tətbiq ediblər. Nəticədə ölkəni bu günkü fəlakətə sürükləyiblər.

Petrosyan Ermənistan hökuməti və diasporunun məğlubiyyətdən heç bir nəticə çıxarmadıqlarını sözlərinə əlavə edib.

Müharibədən sonrakı ritorika yenə xarici dünyadan boş, mənasız gözləntiləri, Türkiyə və Azərbaycana qarşı təhdidləri ehtiva edir. Ter-Petrosyan bu tendensiyanın seçki kampaniyası dövründə daha da güclənəcəyinə şübhə etmir ki, bu da vəziyyətin yaxşılaşacağına ümid etməyə imkan vermir. Bu isə o deməkdir ki, erməni xalqını yenidən itkilər və məyusluq gözləyir.