“Televiziya, internet, telefon və s. uşaqlarda nitqin inkişafına mane olur”

1145

Narınc Rüstəmova: “Uşaqlar 3 yaşına qədər elektron cihazlardan uzaq tutulmalıdırlar”. Aida Nəbiyeva: “Qorxulu filmlər kəkələməyə səbəb olan amillərdəndir”.

Nitq insanın ən vacib psixi funksiyalarından biridir. Nitq insanlar arasında sosial əlaqələri formalaşdırır, idrakı inkişaf etdirir, uşaqların ətraf aləmi qavramalarında böyük rol oynayır, onların təfəkkürünə təsir göstərir. Buna görə də uşaqda düzgün nitq tərbiyəsi vacibdir. Bundan əlavə, nitq həm də körpələrin şəxsiyyət kimi formalaşması, əqli və psixi inkişafı üçün çox gərəklidir. Nitqin hər hansı bir səbəbdən pozulması uşağın həm əqli, həm də psixi inkişafında müəyyən çətinliklər törədir. Düzgün və səlis nitqin olmaması uşaqları utancaq, özünə qapanmış və aqressiv edir. Belə uşaqlar cəmiyyət içərisində həmişə özlərini narahat hiss edirlər. Çünki özləri ilə həmyaşıdları arasındakı fərqi daha kəskin şəkildə duyurlar. Bu da uşağın ümumi inkişafına mənfi təsir göstərir. Məhz buna görə də valideyn və tərbiyəçilər uşaqlarda düzgün və səlis nitq mədəniyyətinin inkişafına çalışmalıdırlar. Uşaqlarda zəngin lüğət ehtiyatına malik, qrammatik cəhətdən düzgün və tələffüzünə görə aydın nitq tərbiyə etmək lazımdır. Ancaq müasir dövrdə uşaqların çoxu ünsiyyətdən qaçır. Çünki dövrümüz texnika dövrüdür. Televiziya, kompyuter, internet uşaqların diqqətini daha çox cəlb edir. Uşaqlar televizora baxır və fikri tamamilə orada olur. Belə olduqda bəzən uşaqlarda ikidillilik yaranır. Mövzu ilə bağlı ərtaflı məlumat almaq üçün Nitq İnkişaf Mərkəzinə müraciət etdik. Mərkəzin rəhbəri Elmira Kazımova nitq qüsurlarının yaranmasının müxtəlif səbəbləri olduğunu bildirdi: “Nitqdə qüsurların yaranmasının əsasən 4 səbəbi ola bilər. Bunlardan birincisi, mərkəzi nitq aparatındakı qüsurlardır ki, bu da anadangəlmə və ya soradan qazanılma ola bilər. İkincisi, uşaqlarda dişlərdə, dilaltı pərdədə problem olduqda, ya da damaqda yarıqlar və dovşandodaqlıq olduğu zamanı yarana bilir. Üçüncü səbəbi valideynlərin uşağa məsuliyyətsiz yanaşması, onlarla ünsiyyətdə olmaması və evdə ikidillilikdir. Uşaqlarda ikidilliliyin yaranmasına əsas səbəb Azərbaycan dilində olmayan xarici cizgi filmlərin az olmasıdır. Dördüncü səbəb isə, psixoloji problemlərdir. Məsələn, uşaq şiddətə məruz qalırsa, psixoloji travma alırsa (ailə fərdlərinin ayrılması), ailədaxili münaqişələrə şahid olursa, nitqində geriləmə və ya da kəkələmə halları müşahidə olunur”.

“Televiziya, internet, telefon və s. uşaqlarda nitqin inkişafına mane olur”

Mərkəzin rəhbəri E. Kazımova vurğuladı ki, televiziya, internet, telefon uşaqlarda nitqin inkişafına mane olur. Çünki bu zaman uşaq birtərəfli münasibət qurur. Televiziya ona nəsə deyir ancaq uşaq öz sözünü deyə bilmir. Nəticədə uşağın məlumat bazası çox zəifləyir. Ölkəmizdə Azərbaycan dilində uşaq kanallarının olmaması da uşaqların dilinə mənfi təsir edir. Uşaqlarda ikidillilik yaranır. Onlar bəzən sözün mənasını başa düşmür. Uşaq danışarkən bir sözü iki, üç dildə deyir. Ancaq lüğət ehtiyatı çox kasıb olur.

“Uşaqların gec danışmalarına əsas səbəb valideyn məsuliyyətsizliyidir”

“Uşaqların gec danışmalarına səbəb nədir?” sualına cavab verən mütəxəssis bildirdi: “Uşaqlar normal olaraq, 1 yaş və ya 1 yaş 6 aylığında minimum 5 sözdən istifadə edərək danışmalıdır. Uşaqların gec danışmalarına səbəb genetik də ola bilər. Son illər ərzində mərkəzimizə müraciət edən uşaqların çoxunun nitqi 2 yaş və ya 2 yaş 6 aylığında inkişaf etməyə başlayır. Buna səbəb əsasən valideyn məsuliyyətsizliyidir. Valideyn uşaq sakit dayansın deyə ya televizorun qarşısında qoyurlar, ya da telefonla oynamasına icazə verirlər. Hətta uşaq bir az ağlayan kimi onun istədiyini edirlər. İcazə vermirlər ki, uşaq ağlasın. Belə olduqda da uşaqlarla ünsiyyət problemi yaranır və uşaq danışmağa, özünü izah etməyə ehtiyac duymur”.

Digər bir problemin də valideynlərin uşaqlarla uşaq dilində danışması olduğunu deyən E. Kazımova əlavə etdi ki, belə olduqda uşağın nitqə ehtiyacı olmur. Çünki özünü xüsusi kəlmələrlə başa sala bilir. Bu da uşağın müxtəlif səsləri çıxarmasına, kəlmələri düzgün tələffüz etməsinə mane olur. Uşaq 5 yaşının tamamına qədər artıq ən çətin səsləri (r, l) də, tələffüz edə bilməlidir: “Bütün bu problemlərin yaranmaması üçün valideynin üzərinə böyük məsuliyyət düşür. Bəzən nənə, baba deyir ki, uşağın əmisi, atası gec danışıb. Uşağın da gec danışması normaldır. Ancaq bir müddət sonra anlayırlar ki, uşağın danışmamasına səbəb genetik qohumluq deyil. Hətta vəziyyət o səviyyəyə gəlib çatır ki, bu gecikmə uşaqda psixi ləngiməyə səbəb olur”.

E. Kazımova sonda onu da vurğuladı ki, uşaqlarda nitq problemlərinin olmasını, gec danışmasını, kəkələməsini ilk olaraq sahə həkimi görməlidir və valideynə uşağın yaşına uyğun danışmadığını bildirməlidir. Valideyn isə gec olmadan mütləq loqopedə müraciət etməlidir. Problemlərin aradan qaldırılması üçün, loqopedlə məşğələlər aparılmalıdır.

“Uşağın nitqinə birinci növbədə mane olan amil əmzikdir”

Mövzuya psixoloji cəhətdən yanaşan “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmova bildirdi ki, valideynlər uşaqlarda nitq artikulyasiya aparatının nə vaxt inkişaf etdiyini bilməli və bu vaxt çox həssas davranmalıdırlar: “Uşağın nitqinə birinci növbədə mane olan amil isə əmzikdir. Əmzikdən çox istifadə edən uşaqların nitqində fiziki qüsurlar yaranır. Çünki əmzik damağın aşağı enməsinə mane olur və ağızda təzyiq yaradır. Bu da səslərin doğru tələffüz edilməməsinə, kəkələməyə və uşağın gec danışmasına səbəb olur”.

“Uşaqlar 3 yaşına qədər elektron cihazlardan uzaq tutulmalıdırlar”

Psixoloq N. Rüstəmova əlavə etdi ki, nitq aparatı birbaşa eşitmə ilə bağlıdır: “Əgər uşağın nitqində geriləmə varsa, birinci növbədə uşağın eşitməsi yoxladılmalıdır. Çünki bəzən uşaqlar eşitməsə də, dodağı oxuyur və hərəkətlərə təqlidi olaraq cavab verirlər. Uşaqda eşitmə ilə bağlı bir problem yoxdursa, loqopedik və psixoloji dəstəklə bunu aradan qaldırmaq mümkündür. Hiperaktiv uşaqlarda da çox vaxt nitq ləngiməsi baş verir. Çünki belə uşaqlarda zehin o qədər sürətli inkişaf edir ki, uşağın nitqi ona tab gətirə bilmir və kəkələmə baş verir. Uşaqlarda kəkələmə 5 yaşından yuxarı özünü göstərirsə, deməli, bu problem qorxudan yaranıb. Yox, əgər erkən yaşlarda başlayıbsa, bu orqanik mənşəli kəkələmə hesab edilir. Araşdırmalar göstərir ki, televizora çox baxan uşaqların nitqində də, geriləmələr olur. Bəzən valideynlər televizordan dayə kimi istifadə edirlər. Bu da uşaqlarda ünsiyyətin zəifləməsinə səbəb olur. Ümumiyyətlə, uşaqlar 3 yaşına qədər elektron cihazlardan uzaq tutulmalıdır”.

“Son zamanlar çox rast gəlinən autizm (inkişaf ləngiməsi xəstəliyi) xəstəliyindən əziyyət çəkən uşaqlarda nitq və sosial bacarıqlarda geriləmə baş verir”, – deyən psixoloq bildirdi ki, belə uşalar 18-ci ayından başlayaraq, tək-tək sözlərlə danışmağa başlayır. Ancaq birdən nitqində geriləmə və nitq dayanmağa başlayır. Bu zaman valideyn də fikirləşir ki, uşaq qorxduğu üçün nitqi dayanıb. Ancaq bu autizm xəstəliyinin gedişatıdır. Valideynlər belə hallar müşahidə etdikdə uşaqları nevroloji və uşaq psixoterapevti tərəfindən müayinədən keçirməlidir”.

“Nitq qüsurlu insanlarda özünə inam sarsılır və o özünü əskik hiss edir”

Psixoloq N. Rüstəmova sonda onu da vurğuladı ki, nitqində problemlər olan uşaqlar utancaq olur; heç kimlə danışmır, yalnız bir nəfərlə ünsiyyət qurur: “Bəzən elə olur ki, uşaqda nitq əvvəl olur, sonra dayanır. Buna səbəb çox vaxt ailəyə yeni bir körpənin daxil olmasıdır. Bu zaman uşaq düşünür ki, körpə danışmır deyə daha çox əzizlənir, sevilir. Belə olduqda uşaq kiçik bacısını və ya qardaşını qısqanır. Bundan əlavə, kəkələmə uşaqlarda özünə güvəni azaldır və nəticədə uşaq ünsiyyət qurmaq istəmir. Bəzən uşaqlar işarə dilindən istifadə edirlər. Məsələn, uşaq danışanda anasının üzünə baxır ki, anası ona cavab verməkdə kömək etsin və ya onun yerinə cavab versin. Uşaq özü qısa və tək-tək sözlərdən ibarət cümlələr qurur və tez-tez ağlayır. Bu zaman uşaqlarda nevroloji problemlər yaranır. Göz qırpma, əllərlə oynama, dodaqlarını gəmirmə kimi vərdişlər yaranmağa başlayır. Sanki bədən sözü çıxartmaqda əziyyət çəkir. Bu, uşaqlarda məktəb fobiyasına da səbəb ola bilir. Çünki onlar danışmaq, ünsiyyət qurmaq istəmirlər. Bu problem nəinki uşaq vaxtlarında, hətta gələcək həyatda da problemlərə səbəb ola bilir. Belə şəxslər özlərini həmişə əskik hiss edirlər. Onlarda natamamlıq kompleksi yaranır. Nəticədə qısqanclıq, aqressivlik yaranır və işə uyğunlaşa bilmir”.

Kəkələmənin müalicəsi üçün təkcə loqopedə yox, psixoloqa da müraciət olunmalıdır. Çünki kəkələmə əsəbiləşəndə, gərginlik olanda daha çox özünü göstərir. Buna görə də mütləq şəkildə psixoloqa müraciət edilməlidir. Psixoloq ona stresdən uzaqlaşmağı, onunla mübarizə aparmağı öyrədir. Kəkələmə bir ay davam edərsə, həkimə, loqopedə və psixoloqa müraciət edilməlidir. Bir aydan sonra keçib gedərsə, narahat olmağa dəyməz. Bu problemlərə vaxtında müdaxilə olunarsa, insan həm maddi, həm də mənəvi cəhətdən rahatlaşar.

“Qorxulu filmlər kəkələməyə səbəb olan amillərdəndir”

“Aida” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Aida Nəbiyeva isə bildirdi ki, uşaqların kəkələməsinə, nitq qüsurlu olmasına səbəb əsasən onların baxdığı qorxulu filmlər, ailədaxili münaqişələrdir: “Qorxu ilə bağlı olan emosional hisslər kəkələməni yaradan əsas səbəblərdəndir. Belə uşaqlar məktəbdə dərs danışmaqdan imtina edirlər, cəmiyyət içində öz sözlərini deməkdən çəkinirlər. Nəticədə valideynlər məcbur olurlar ki, loqopedə müraciət etsinlər. Ancaq kəkələmə başlayar-başlamaz bunu etmək lazımdır. 3 ay davamlı olaraq məşğul olduqda uşaqların kəkələməsində 30-40 faiz düzəlmə olur. Bunun üçün loqoped, həkim və psixoloq birlikdə işləməlidirlər”.

Nərmin Haqverdiyeva