“Telekanallarımızdakı bəzi verilişlər insanların beynini yuyur”

0
577

Telekanallarımızda bayağı verilişlərin bağlanması, səsləndirilən iradlar efir məkanımızda yeni, sanballı verilişlərin olacağına ümidləri bir qədər artırıb. Ancaq ortada hələ ki, ciddi bir nəticə yoxdur. Telekanal rəsmiləri, həmin verilişlərin aparıcıları isə çox vaxt səsləndirilən tənqidi fikirlərlə razılaşmırlar. Telekanalların gətirdiyi əsas budur ki, həmin verilişlər tamaşaçıların istəyinə görə hazırlanır, yəni camaat baxır…

Həmin verilişlərin bəzilərinin ucuz şousu, tamaşaçıları daimi gərginlikdə saxlamaları və bunun ziyanları barədə sosioloq Cavid İmamoğlu ilə söhbətləşdik.

– Cavid müəllim, son vaxtlar telekanallarımızda bayağı verilişlər bağlanır. Bu verilişlər barədə siz nə düşünürsünüz? Bağlanıb bağlanmamasını demirik, ümumiyyətlə, bu tip verilişlər insanlara necə təsir göstərir?

– Cəmiyyətin formalaşması üçün ən vacib institutun tərkibində olan televiziya və radiolar mühüm əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, bir çox cəmiyyətlərdə hədəf elə bu vasitələrdən istifadə olunaraq azdırılır. Yəni belə deyək, əgər bizim hədəfimiz cəmiyyət qurmaqdırsa – ailə institutu, din institutu, iqtisadiyyat institutu maariflənməyə çalışmalıdır. Yəni cəmiyyət mümkün olan qədər rifaha çatsın. Rifaha nə zaman nail olunur? O zaman ki hər bir institut ailə üçün, cəmiyyət üçün, fərd üçün işləyir. Amma biz görürük ki, bəzi hallarda televiziya kanallarında və yaxud radiolarda tamamilə maarifdən uzaq, şouya və yaxud əyləncəyə, özü də hansı əyləncəyə – intellektual əyləncəyə yox, kor-koranə əyləncəyə istiqamətlənmiş verilişlər verirlər.

– Televiziya verilişləri ilə bağlı fikirlər müxtəlifdir. Sizcə, radio və televiziyalarımız cəmiyyətin ruhunu oxşaya bilirlərmi?

– Söhbət ondan gedir ki, bizim radio və televiziyalarımız cəmiyyətin ruhunu oxşaya bilmirlər, ehtiyaclarını qarşılaya bilmirlər. Ümumiyyətlə bütün dövlətlərdə televiziyalar, yəni verilişər, kinolar, seriallar ona hesablanır ki, cəmiyyətdə hansısa böhranları aradan qaldırsınlar. Bir çox xarici filimlərə baxıram – mənə ləzzət eləyir onların problemlərə yanaşması. Onlar deyə bilmirlər ki, din abortu qadağan edir, amma onun əvəzində bir film çəkirlər və orada bir ananın övladına görə əzab-əziyyətə qatılmağını duyğulu şəkildə göstərirlər və bu, bütün cəmiyyətə təbliğ edilir. Dediyim odur ki, bir çox dəyərləri yerində olan Azərbaycan cəmiyyətinin bu gün televiziya kanalları vasitəsilə beynini yuyurlar. Beyin yumaq prosesi artıq 15-20 ildir televiziya kanalları vasitəsilə davam eləyir. Bunun artıq acı nəticələrini görürük.

– Nə mənada?

– Ümumiyyətlə, jurnalistikada, televiziya proqramlarında etik tərəf gözlənilməlidir. Bu etik çərçivəni heç vaxt aşmaq olmaz. Bu etik tərəf ondan ibarətdir ki, hadisələr çılpaqlığı ilə göstərilməməlidir. Problemlər, xüsusilə də məişət, ailə səviyyəli, cəmiyyətlə bağlı problemlər detallı şəkildə göstərilməməlidir. Əgər göstərilirsə, cəmiyyətdə bunu təqlid edənlərin sayı artacaq.

– Kriminal verilişlərdə çox vaxt cinayət hadisələri detallı şəkildə efirə verilir.

– Bəli. Deyək ki, hər hansı bir cinayət baş verib. Bu cinayət efirdə nə qədər təsvirli verilsə, bir o qədər onun mahiyyətini beynində qəbul eləyib bunu reallaşdırmaq istəyənlərin sayı çoxalacaq. İntihar baş verirsə, biz onu nə qədər təsvirli veririksə bir o qədər intihar etmək istəyənlərin sayına təsir eləyəcək.

– Avropa ölkələri də yəqin ki, nə vaxtsa bu mərhələni keçiblər.

– Avropa və Amerikada bu, yəni televiziya və radio proqramlarının kriminal verilişlərə üstünlük vermələri, bayağılıq, şou bumu tez bir zamanda orada kütləvi intiharlar, kütləvi zorakılıqlar, kütləvi ailə məişət problemləri, o cümlədən narkomaniyanın artmasına səbəb oldu. Orada başa düşdülər ki, televiziyada problemləri çılpaq şəkildə qoymaq, əslində cəmiyyətin birbaşa xeyirindən çox zərərinə səbəb olur.

Başqa bir misal deyim. Bu gün Rusiya telekanallarında adi bir uşaq göstərəndə onun üzünü mütləq bağlayırlar. Amma Azərbaycan kanalında o uşağı, yeniyetməni televiziyaya çıxarırlar, qınayırlar, onun gələcək həyatını müzakirə edirlər. Bu vəziyyətlə üzləşən uşaq, yeniyetmə sabah cəmiyyətə istədiyi kimi fayda verə bilməyəcək. Çünki sabah özünü dərk eləyəndə və görəndə ki Azərbaycan xalqı onun bütün acılarını, belə deyək, sınmağını görüb, bu, artıq onda emosional oyanmaya səbəb olacaq.

Təəssüflər olsun ki, şou və ucuz şou məqsədli, yəni güldürməkdən çox boşluğa salan, insanların beynini yuyan şou yönümlü verilişlər cəmiyyətin iflasına, cəmiyyətdəki problemlərin artmasına səbəb olacaq.

– Bəs necə verilişər olsa faydası daha çox olar?

– Ümumiyyətlə, televiziya proqramlarının məqsədi həm də asudə vaxtın səmərəli təşkilidir. İkincisi, informasiya mənbəyidir. Yəni insanlar məlumatı əsasən televiziyadan əldə edirlər. İnsanların asudə vaxtlarını səmərəli keçirmək üçün televiziyaya üz tutmaları telekanalların üzərinə müəyyən vəzifələr qoyur. Bunlar nələrdir? Birincisi, asudə vaxtın səmərəli təşkili üçün daha çox intellektə, mənəviyyata, mədəniyyətə, yəni bunların zənginləşdirilməsinə hesablanmış proqramlar hazırlasınlar, layihələr versinlər. Təbii ki, belə olarsa, məsələn, bir televiziya proqramı gün ərzində camaatın yaşayış səviyyəsinə uyğunlaşdırılarsa, əhəmiyyəti də artmış olar. Amma bizdə belə olur ki, telekanallar insanları gün ərzində psixoloji olaraq çox yükləyirlər.

– Kriminal verilişləri qeyd etdiniz. Başqa nələr var?

– Məsələn, səhər-səhər xəstəliklərlə bağlı proqramları efirə verirlər. Məhz buna görə də sosiologiyanın qanunu pozulur. İnsanlar efirə zəng vururlar, müayinəsiz, analizsiz həkimlər onları istiqamətləndirirlər. İnkişaf etmiş ölkələrdə siz bunu görə bilməzsiniz. Türkiyə telekanallarında olan bu cür verilişlər isə professional səhiyyəyə aid deyil, türkəçarə səhiyyəyə aiddir. Bu cür verilişlər insanları neqativ şəkildə yükləyir. Hər gün hansısa klinikanın reklamı, hər gün hansısa xəstəliklər barədə məlumatlar və s. Ola bilər ki, biz hansısa xəstəlik haqqında heç ömür boyu fikirləşməyək. Amma həmin verilişlərdə hər gün bunu bizim yadımıza salırlar. Bu, cəmiyyətin ümumi ab-havasına, psixikasına mənfi təsir göstərir.

Bir xəstəni ziyarət eləyəndə tövsiyə olunur ki, ona ruh verəsən, ümid verəsən, deyəsən ki, bu gün daha yaxşı görünürsən və s. Hətta bilsən ki, bu adam sabah ölə bilər yenə də xoş sözlərini əsirgəməməlisən. Sənin sözün ola bilsin ona xoş təsir göstərsin, ümid yaratsın. Ümid çox vacibdir.

Bizdə isə əksinə, olmayan xəstəliklərimizi də telekanallar hər gün yadımıza salırlar. Neqativ şəkildə yükləyirlər camaatı.

– Efirlərimizdə yayımlanan kinolar barədə nə düşünürsünüz?

– Kinolara gəlincə, fikrimcə, cəmiyyətin mənəvi ab-havası nəzərə alınmadan 18+ hesab olunan kinoları 14+ adı ilə camaata təqdim edirlər. Hansı ki, bunlar insanımızın adətinə, mentalitetinə, yaşayış tərzinə, ailə dəyərlərinə ziddir. Təəssüflər olsun ki, biz eyni kanalda həm ailə dəyərlərinin barbar təbliğini görə bilərik, eyni zamanda ailə dəyərlərinin aradan qaldırılması yönündə olan veriliş və yaxud kinolara baxa bilərik. Bu özü bir paradoksal vəziyyətdir. Paradoksal vəziyyət ondan irəli gəlir ki, televiziyalar bu istiqamətdə sosialoji tədqiqatlar, sorğular keçirmirlər. Əhalinin inkişaf prioritetləri müəyyənləşdirilmir. Belə olmadığı təqdirdə, mütəxəsisslər olmadığı təqdirdə, hər kəs öz düşüncəsinə uyğun söhbətlər eləyir. Radioda bir cür, televiziyada bir cür. Hərə öz ideyasını təbliğ eləyir, hərə öz düşüncəsini təbliğ eləyir. Heç kəs mahiyyətə varmır, hər kəs öz fikrini çatdırır ki, bu da mənim fikrimcə, etik kodeksə görə böyük qəbahət hesab olunmalıdır.

– Televiziya rəhbərləri bildirirlər ki, camaat bu cür verilişlərə baxır, məhz ona görə də efirə belə verilişlər verilir.

– O məntiqə qalsa onda gərək biz uyuşdurucu maddələri əlçatan eləyək. Çünki çox adam ondan istifadə eləmək istəyir. O məntiqlə biz gərək uşaqlarımıza siqaret çəkməyə icazə verək. Çünki uşaqlar da çəkmək istəyirlər. O məntiqlə biz gərək yüngül həyat tərzi keçirən qadınlara qadağa qoymayaq. O məntiqə qalsa gərək biz bir çox şeyləri icazəli eləyək. Amma məsələ burada nədir – mən bu məsələdə televiziya kanallarının siyasətini qəbul eləmirəm ki, şou proqramlara rəng qatırlar, amma mədəniyyət və yaxud maarifləndirmə proqramına rəng qatmırlar. Yəni bütün imkanlarını şou proqramlara qoyurlar – musiqi, rəngarənglik, diqqəti cəlb eləmək üçün mümkün qədər əlavələr edirlər, bundan başqa, verilişin vaxtını elə seçirlər ki, təbii olaraq baxılacaq. Çünki oradan daha çox gəlir əldə edirlər. Məsələn, bəziləri üçün müğənnini efirə çıxarmaq ondan həm də pul almaq deməkdir.

Yəni özlərinin reklam siyasətinə uyğun olaraq iş qururlar, camaatı da buna şərik eləyirlər. Amma əslində elə olmamalıdır. Mədəniyyət və yaxud maarifləndirmə proqramlarına lazım olan çalarları qoysalar – dizayner, normal prodüsser, pul ayırsalar, mütəxəssislər işləsələr, uyğun vaxtda efirə versələr, belə verilişlərə daha çox baxılar.

– İnanırsınız ki, efirə belə verilişlər verilsə baxılacaq?

– Əhalini bu gün ilk növbədə maarif, tərbiyə maraqlandırır. Heç bir ana inanmıram ki, övladının inkişafına səbəb olan verilişi qoyub kanalı çevirsin. Bu, mümkün deyil. Çünki, hər bir ana – hətta Azərbaycan reallığında övladını zəif tərbiyə edən ana olsa belə, görsə ki, ekran başında çox dəyərli söhbət gedir ona baxacaq. Məsələn, bu gün İctimai Televiziyada, “Mədəniyyət” kanalında verilişlər var ki, ona hamı baxır.

– Verilişlərə dövlət nəzarəti barədə nə düşünürsünüz?

– Dövlət nəzarəti də olmalıdır mənim fikrimcə. Çünki buna ehtiyac var. Dövlət nəzarəti olmazsa özəl kanallar öz bildiklərini eləyəcəklər. Yaxşı olardı ki, maraqlı layihələr hazırlasınlar, bu işə pul ayırsınlar. Mən özüm şəxsən maraqlı layihə hazırlayıb televiziya kanallarına təklif eləmişəm, ancaq deyiblər ki, reklamını, sponsorunu özün tapmalısan. Lakin mən razılaşmamışam. Yəqin ki, belə vəziyyətlə başqaları da üzləşirlər. Belə verilişlərin yerini isə başqaları doldurur.

Nicat İntiqam