Telekanallarımız intellektual əyləncəli verilişlərə niyə az önəm verirlər?

598

Televiziya həyatımızda əvəzolunmaz yer tutur. Müasir dövrdə sosial şəbəkələr və saytlar vasitəsi ilə dünyada olub-bitəndən xəbər tuta bilsək də, daha geniş və daha dəqiq məlumat almaq üçün televiziya kanalları internetdən daha etibarlı hesab olunur. İstər yorucu dərs günündən evə qayıdan şagird və tələbələr, istər gərgin iş saatlarının yorğunluğunu çıxarmaq istəyənlər çox vaxt televizor qarşısına keçirlər. Lakin bu da reallıqdır ki, bənzər ssenarili filmlər və şou-biznes xəbərləri ekran arxasında əyləşənləri yorur. Bu zaman əksər insanlar özlərinə maraqlı gələn təbiət haqqında sənədli filmlərin və ya intellektual əyləncəli verilişlərin axtarışına çıxırlar.

Amma bizim yerli kanallarımızda deyə bilərik ki, bu tipli verilişlər azdır. Efirlərimizdə olan “Xəmsə”, “Parlaq zəka”, “Mən azərbaycanlıyam” “Qarabağnamə” kimi verilişlər gənclərin əksəriyyətinə maraqlı gəlir, yəni bu proqramlar həm öyrədir, həm də əyləndirir.

İntellektual əyləncəli verilişləri müxtəlif formatlarda, müxtəlif formalarda hazırlamaqla müxtəlif təbəqədən olan insanları cəzb etməyin yollarını əcnəbi kanallar, deyəsən, bizimkilərdən yaxşı bilirlər.

“Burada yaş amili də nəzərə alınmalıdır”

Bəs intellektual əyləncəli proqramlar tamaşaçıya nə qazandırır? Qafqaz Universitetinin psixoloqu Hüseyn Xəlilov bu barədə fikirlərini bizimlə bölüşdü: “İntellektual verilişlərin və yarışların uşaqların və gənclərin mənəvi inkişafında rolu böyükdür. İstər məktəbdə keçirilən bu tip yarışlar, istər televiziya vasitəsilə yayımlanan bilik yarışları məntiqin inkişafına birbaşa təsir edir. Əlbəttə, burada yaş amili də nəzərə alınmalıdır. Məsələn, belə proqramlar 1-ci və 4-cü sinif şagirdləri üçün təşkil olunursa, onların maraqları nəzərə alınmaqla tərtib edilməlidir. Çünki bu yaşlarda insan özünü dərk etməyə başlayır və uşaqlarda şəxsiyyətin formalaşmasının ilk illəridir. Təsadüfi deyil ki, bu yaşlarda uşaqlar valideynlərinə az qala gördükləri hər şey barədə sual verirlər. Ona görə də uşaqların belə verilişlərə baxmaları sualların doğru cavabını tapmalarına da kömək edir. Əgər həmin müddətdə uşaq öyrənmək, bilmək istədiklərini bilməsə, bu, onun şəxsiyyətinin formalaşmasına təsir edə bilər. Hətta gələcəkdə introvert olmasına – özünə qapanmasına səbəb ola bilər. Gənclərin, tələbələrin isə şəxsiyyəti, həyata baxışı, həyat tərzi artıq müəyyən mənada formalaşmış sayılır. Onların yaş səviyyəsinə uyğun proqramlar isə gələcək iş həyatlarında sosial aktiv bir gənc kimi addımlamalarına, düşüncələrini sərbəst ifadə etmələrinə müsbət təsir edir. Çünki öyrəndiyimiz hər yeni şey özümüzə inamımızı artırır. Həm də bir vətəndaş kimi tariximizi, mədəniyyətimizi, dilimizi mükəmməl bilmək hamımızın borcudur”.

“Onların bəziləri sünidir və formal xarakter daşıyır”

Əməkdar jurnalist, tele-tənqidçi Qulu Məhərrəmli isə mövzunu “Zaman-Azərbaycan”a belə şərh etdi: “Yerli kanallarda belə proqramlar, həqiqətən də azdır. Mənə elə gəlir ki, bunun başlıca səbəbi kanal rəhbərlərinin belə verilişlərin izləyicisinin az olacağını düşünməsidir. Bir neçə kanalımızda belə verilişlər verilir. Ancaq onların da bəziləri sünidir və formal xarakter daşıyır. Elə izləyicinin az olmasının səbəbi də budur. Ümumiyyətlə, 1990-cı illərdə intellektual əyləncə proqramları xeyli dəyişdi, yeniliklər belə proqramlara maraq qatdı. Məsələn, bizdə Yakuboviçin təqdim etdiyi “Pole çudes” proqramı kimi əyləncəli veriliş yoxdur. Həmçinin “Milyonçu” artıq beynəlxalq intellekt yarışmasıdır. Proqram hazırlayarkən diqqətli olmaq lazımdır. Yəni tamaşaçını cəlb edəcək elementlər olmalıdır həmin proqramda”.

“Bu, insanda özünəinam və inadkarlıq yaradır”

Tələbələr arasında keçirdiyimiz sorğu bunu deməyə əsas verir ki, gənclər daha çox “Xəmsə” proqramını bəyənirlər. Seçilmiş sualların qruplara və mövzulara ayrılmasının, həmçinin komanda şəklində aparılan mübarizənin maraqlı olduğunu deyirlər. Universitetlərdə isə intellektin artırılması üçün keçirilən əsas yarışlar debatlardır. Hər il hər universitetlərarası debat çempionatı keçirilir. Debat yarışlarının keçirilməsində əsas məqsəd gənclərin nitqlərini mükəmməlləşdirmək, dedikləri sözün və irəli sürdükləri fikirlərin səbəbini düzgün izah etmələrinə kömək etməkdir. Bu, insanda özünəinam və inadkarlıq yaradır. Debat klublarda iştirak edən bəzi tələbələr isə bildirdilər ki, televiziyada yayımlanan verilişlərdən əlavə, hər bir universitetdə intellektlərinin artmasına kömək edəcək əlavə bilik yarışları keçirilsə, daha yaxşı olar. Çünki belə olsa, hər tələbə elə universitetdə ən azı ildə bir dəfə iştirakçı kimi özünü sınaya bilər.