Telekanallarımız günahlarını yumağa başlayıblar?

412
Günah yumaq… Yox, mən ifadənin çox dərinliklərinə baş vurmaq niyyətində deyiləm.
 Sadəcə, onu qeyd etmək istəyirəm ki, bu ifadə dilimizdə təqsirindən keçilmək üçün cəzalanmalı olan hərəkətinin əvəzində yaxşı işlər görmək anlamındadır. Bəli, bu günlərdə daha bir artistimiz, özü də əməkdar artistimiz ha, ATV-nin “Qonaq gəl bizə” verilişində öz “biliyini” nümayiş etdirəndə həmin ifadə fikrimdən keçdi. Bu fikir məsələsini burada yarımçıq qoyub xatırlatmaq istəyirəm ki, bu verilişdə əməkdar artistimiz ona təqdim olunmuş fotoşəkillərdəki sənət aləmimizdə dərin izlər qoymuş sənətkarlarımızı – Adil İsgəndərovu, Məlik Dadaşovu, Fazil Salayevi, hətta Qara Qarayevi tanımayıb. Sadəcə, həmin əməkdarımız aparıcıya deyib ki, siz də elə adamları tapıb çıxarmısınız ki, bunları bulvarda kimə göstərsəniz, biri də tanımayacaq. Onun bu “mədəni gəzişməsi”, həmçinin verilişdən sonra jurnalistlər barədə işlətdiyi ifadənin də üzərində dayanmaq istəyirəm.

Sadəcə, xatırlatmaq istərdim ki, bundan əvvəl də buna oxşar əhvalat baş vermişdi. Belə ki, bir xalq artistimiz Səməd Səmədov “Space”in efirində yayımlanan “Hər bir havada” verilişində “Qurban Pirimov kimdir?” sualına əcaib cavab vermişdi: “Söndürün kameranı. Mənim dörd dənə itim var. Hərdən onların da adı yadımdan çıxır”. Onu da qeyd edək ki, bu, “toylar kralı” kimi təqdim olunan şəxslə bağlı ilk belə olay deyildi. O, bundan öncə Azərbaycanın dövlət himninin müəlliflərini tanımamağı ilə gündəmi zəbt etmişdi. Mən hələ onun Kəlbəcərlə Kaliforniyanı “səhv salmasını” demirəm.

Burada yeri gəlməsə də, qeyd etməyi özümə borc bilirəm ki, nədənsə dövlət himnimizi bilməyənlərin sayı lap çoxdur. Hətta dövlət tədbirlərində belə himnimiz lazımı formada oxunmur. Bu yerdə isə yadıma bir xanım xalq artistimizin acı bir etirafı düşdü. O deyir ki, 1995-ci ildə Məhəmməd Füzulinin 5000 illik yubileyində iştirak etmək üçün avtobusla Kərbəlaya gedəndə soruşdular ki, kim himnimizi bilir? Heç kimdən səs çıxmadı. Halbuki avtobusdakıların əksəriyyəti xalq artistləri idi. Nə isə, deyəsən, mətləbdən çox uzaqlaşdıq.

Bəli, bu sözlərlə mən nə əməkdar, nə də xalq artistlərimizi topa tutmaq fikrindəyəm. Güman edirəm ki, topa tutsam belə, onları öz aləmlərindən ayıra bilməyəcəyəm. Heç əməkdən, xalqdan xəbərsizlərə niyə belə titullar verilir də deməyəcəyəm. Amma demək istəyirəm ki, belələri bu adları almaq üçün o qədər dəridən-qabıqdan çıxırlar ki, son anda sevinclərindən yazıqların bildikləri də yadlarından çıxır. Bu mənada mən onlara qarşı çox insafsız münasibət də sərgiləmək fikrində deyiləm.

Zənnimcə, bu məsələdə belələrini bu kimi adlara təqdim edənlər onlardan daha çox günahkardırlar. İkincisi də, əsas günahkarlardan biri, bəlkə də birincisi elə televiziya kanallarımızdır. Məhz televiziya kanallarımız onları bəh-bəhlə millətə təqdim edir. Məhz onların sayəsində belələri millətin sənətkarına çevrilir. Bəli, bir də görürsən ki, sıradan bir müğənninin saraya bənzər evində çəkiliş aparırlar. Müğənni də düşür aparıcının yanına, həvəslə bələdçilik edir. Deyir ki, bax bu mənim son model avtomobilimdir, bu, yataq otağımdır, bu mətbəximdir, bu mənim qarderobumdur. Hə, bir də görürsən ki, itindən, pişiyindən, onların yeməyinə, geyiminə filan qədər pul xərclədiyindən söz açır. Hətta onları evləndirməkdən bəh-bəhlə danışır. Yaxud da görürsən ki, hansısa müğənninin yersiz atmacası, qalmaqalı efirdə silsilə müzakirə obyektinə çevrilir, tamaşaçıya sensasiya kimi təqdim olunur. Özü də belə verilişlər saatlarla davam edir. Daha deyə bilmərəm, televiziya kanallarının bu məsələdə maraqları nədən ibarətdir. Elə bu səbəbdən bunun da üzərində dayanmaq istəmirəm. Yəqin, deyəcəksiniz, sənin bir dayanacağın olacaq, ya yox… Əlbəttə, olacaq. Bəli, onları bu mərhələyə qaldıran elə televiziya kanallarımız olub. İndi mənə elə gəlir ki, televiziya kanallarımız bu və ya digər verilişləri ilə bir vaxtlar təbliğ etdikləri müğənnilərin iç dünyalarına səyahət etməklə onların mənəvi dünyalarını da millətə göstərməyə başlayıblar. Güman edirəm ki, bu tipli verilişlərdən sonra ekranda görünməyə can atanların, artistlərimizin sayı azalacaq. Bu mənada mən deyərdim ki, televiziya kanallarımız öz günahlarını yumağa başlayıblar. Bu yerdə: “Həmişə təmizlikdə” deməkdən savayı söz tapmaq çətindir.

Qvami Məhəbbətoğlu