Telekanallar “aşk” saçır

350

Nə qədər inkar eləsək də boynumuza alaq ki, televizor həyatımızın ayrılmaz parçasına çevrilib. Bilmirəm, bəlkə də ilin-günün bu vaxtında zamanını başqa məşğuliyyətlərlə keçirənlərimiz də az deyil, amma etiraf edim ki, boş vaxtımı ən çox ekran qarşısında keçirənlərdən biri də mənəm. Xeyr, xeyr, serial xəstəsi deyiləm, baxdığım ancaq elmi söhbətlər, bəlgəsəllər, xəbərlər proqramıdır. Nəsə bir şey öyrənmək, dünyada nə baş verdiyindən xəbərdar olmaq, bəzən də dincəlmək üçün baxıram. Ən çox da insan talelərindən söhbət açan proqramlara baxarkən dincəlirəm. Bəzən də Türkiyə reallığı haqda nəsə öyrənmək üçün baxıram. Xüsusilə də Qara Dəniz bölgəsinə aid telekanallarda göstərilən təbiət mənzərələri, çaylar, meşələr, ov mənzərələri, elmi-dini söhbətlər, müzakirələr mənə rahatlıq verir. Türkiyənin yerli kanallarını seyr eləyirəm, Malatyadan, Adıyamandan, Sivasdan, Kıbrısdan, İzmirdən, Antalyadan, Şanlıurfadan, Qəhrəmanmaraşdan mənzərələrə baxıram, hansı vilayətin, hansı şəhərin nəyi ilə məşhur olduğunu, harada hansı yemək növlərinin çox sevildiyini, insanların nə ilə məşğul olduğunu öyrənirəm. Amma burdan-ora, ordan bura gəzərkən gözə sataşan iyrənc serialların da mətləbini, məğzini anlamağa çalışıram. Serialların adına diqqət edin, əkşəriyyəti “aşk”la bağlıdır: “Aşk lafdan anlamaz”, “İnadına aşk”, “Aşk və Mavi”…
Beləsinə … deyirlər
Boynuma alım ki, bu üç nöqtənin yerinə hansı sözü yazmağın daha doğru olacağını heç özüm də ayırd edə bilmədim. Amma bildiyim bir şey var ki, o söz yaxşı söz olmayacaq, ona görə də elə üç nöqtənin qalması yaxşıdır. Kim nə istəyir, onu da düşünsün.
Yəqin düşünürsünüz ki, niyə belə qəzəbli danışıram. Əslində bu mövzuda sakit danışmaq mənim üçün çox çətindir. Söhbət nədən gedri bilirsinizmi?- Bu seriallarda Türkiyənin və eləcə də bu qardaş ölkənin telekanallarını seyr edən ölkələrin, xüsusilə də Azərbaycan gəncliyinin əxlaqı aşındırılır. Təsəvvür edirsinizmi, bir oğlan eyni zamanda iki bacı ilə könül əyləndirir. İki bacı bir-birindən xəbərsiz bir eyni oğlanla görüşürlər. Nə qədər iyrənc və şərəfsiz mənzərədir, təsəvvür edirsinizmi? Məsələ burasındadır ki, bu cür iyrənclikləri göstərə-göstərə millətin gözündə adiləşdirirlər. Əsl faciə də onda başlayır ki, millət bu cür şeylərə adi gözlə baxmağa başlayır, üsyan eləmir, beləsinə tüpürmür. Baxır, hələ üstəlik o serialdan atdığı həyəcanla kiminsə tərəfini tutur, o hadisələrə qatılır, bu iyrənc ssenarinin necə inlişaf edəcəyi, hadisələrin necə sonuclanacağı haqda düşünür. Son dövrdə bu istiqamətdə sanki gözəgörünməz əllər tərəfindən idarə olunan bir səlib yürüşü gəlir üstümüzə.
Bibin qurban!!!
Bir vaxtlar əcaib bir serila da vardı, “Aşki-məmnu”. Həmin serialda da “qəhrəman” bibisinə aşiq olur, əmisi arvadına. Əmisinin çörəyi ilə böyüyb, onun arvadı ilə oynaşır. Doğrudur, əminin arvadı da gəncdir, özündən yaşda ən azı iki dəfə böyük olan əri ilə kifayətlənmir, gözü orda-burdadır, amma nə olur-olsun, yaşı-başı, istəyi, tamahı hara qədər uzanır-uzansın, əminin arvadı elə əminin arvadıdır. Bundan o tərəfini düşünmək şərəfsizliyin böyüyüdür. Bir də ki, burdan o tərəfə daha nə qaldı ki?
Hər şeyi ayaq altına atırlar, hər şeyə tüpürürlər. Millətin dəyərlərinə tüpürürlər, dinin tələblərinə tüpürürlər, dədə-babaların min illər boyunca yaşadığı və yaşatdığı insanlıq anlayışına tüpürürlər.., yaxşı bildiyin, insanlıq adına layiq hesab elədiyin hər şeyə tüpürürlər.
Bunlar çox təhlükəli düşmənlərdir, millətin şüurunu, gələcəyini zəhərləyirlər. Xalqın dəyərlərini, inancını, həyata baxışını əlindən alandan sonra onu bir kütlə, bir sürü kimi istədiyin səmtə yönəldə bilərsən. Tam əminəm ki, bu işlərin kökündə çox məkrli planlar dayanır. Osmanlıdan qalmış əxlaqı, inancı hər fürsətdə zəhərləmək, Osmanlı nəvələrini nəfsinin köləsi halına gətirəndən sonra yadların təqlidçisinə, yaltağına çevirmək uğrunda bir-birindən məkrli ssenarilər həyata keçirilir.
Gecə “ovçu”ları
Bir çox telekanallar “ovçuluq”la məşğuldurlar. “Ov” da kimlər olsa yaxşıdır?- Ən məşhurlar. Tarkanın əski sevgilisi kiminlə yaxalandı.., filan futbolçu hansı manikenlə oturub-durur, hansı iş adamı hansı sənətçi xanıma nə bağışladı, hansı məşhur prodüser toylarının yubileyində xanımını hansı sürprizlə sevindirdi… filan aktrisa növbəti dəfə kiminlə nikah masasına əyləşməyə hazırlaşır, hansı məşhur restorandan kiminlə çıxarkən kameraların ekranına tuş gəldi… Bir deyil ki, beş deyil ki, hamısı da bir-birindən iyrənc. Adamın ağzının içinə girirlər. Bu, jurnalistlik deyil, alçaqlıqdır, kim harada bir qələt eləyirsə, çəkib dünyaya göstərirlər, daha doğrusu o qələti təbliğ edirlər, yayırlar, hələ yetişməmiş, dünyagörüşü formalaşmamış gənclərin şüuruna yeridirlər. Kim harada nə … yeyir-yesin, bu onun öz qələtidir, bunu yaymaq o qələti işləməkdən qat-qat ağır qələtdir. Ümumiyyətlə, bu cür şeylərin qarşısı qanunla alınmalıdır.
Qutudan çıxan milyonlar
Əyləncəli proqramlarda ətək-ətək pullar paylanır. Bir proqramda qutu açırlar, birində kart çəkirlər, bir başqasında hansısa suala cavab tapırlar… Sıradan hər kəsin qibtə aparacağı məbləğlər qazanılır. Bu proqramlara qatılmaq üçün yüz minlərlə gənc telekanallara müraciət edir. Bir çox şou proqramlarda gənc ailələr birlikdə yarışırlar. Evlilik proqramlarının özəl qəhrəmanları var, qarşı tərəfdən “elektrik ala” bilmədikləri üçün illərdir “şöhrətin zirvəsində” əyləşirlər. Adama qəribə gəlir, utanmaq əvəzinə, “hər kəs bizi tanıyır” deyə qürur duyurlar.
Bəlkə də heç bir ölkədə lotereya ilə məşğul olan xüsusi dövlət müəssisəsi yoxdur. Türkiyədə isə bu məsələyə cox ciddi baxılır. Təsəvvür edin ki, oynanan lotereya-uduş məbləğinə “böyük ikramiyyə” deyilir. Ölkənin dini rəhbərləri lotereyanın qumar, yəni haram olduğunu söylədilər, amma nə faydası?
Beləcə gənclik müftə, havayı pullar qazanmaq üçün iyrənc yollara təşviq edilir. İndi dur görüm, bu cazibənin qarşısında necə durursan.
Həzrət Əli demişkən…
Özünüz baxın, amma baxarkən də düşünün: görün hansı telekanal millətə nə aşılayır. Görməmək mümkün deyil, hər şey göz qabağındadır. O telekanalları yasaqlayın, nə xəbərlərinə baxın, nə seriallaərına. Həzrət Əlinin (Alah ondan razı olsun!) bir sözü var: “Uşaqlar validenlərindən çox öz zəmanəsinə oxşayırlar”. Bu bir gerçəkdir ki, uşaq heyranlıqla baxdığı hər qəhrəmanından bir şey götürür. Bəzən nə uşağın özü, nə də siz bunun fərqində olursunuz. Bir gün baxıb görürsünüz ki, sizin qızınız ədası ilə Seda Sayana bənzəyir, yeriyəndə Əbru Gündeş kimi yan basır, Gülbən Ərgən kimi geyinir, ədası, mimikası eynən Sibel Canı xatırladır. Heç şübhəsiz, diqqət yetirsəniz, oğlunuzun da kimlərəsə bənzədiyini görə bilərsiniz. İndi neyləyək? Evimizin içinə soxulmuş bu xəyanət mərkəzlərinə qarşı necə müqavimət göstərək? Necə eləyək ki, evdəki xanım da, uşaqlar da bu cazibəli bataqlıqdan yan keçə, bu zəhərli baldan imtina edə bilsinlər? Dəqiq bir resept verə bilməsək də bildiyimiz bir şey var: Maariflənmək və maarifləndirmək. İndi bu işi necə həyata keçirmək lazımdır, hansı plan, proqram hazırlanmalıdır, hər kəs bu barədə baş sındırmalıdır. Yoxsa həqiqətən də bir gün baxıb görəcəyik ki, evimizdə böyütdüyümüz övladda bizə bənzəyən sir-sifətdən başqa doğma bir şey qalmayıb.

Əli Çərkəzoğlu