“Telefon, televizor uşağın sosial fəaliyyətinin yerini doldura bilməz”

551

Müasir dövrdə inkişaf edən texnologiya insanları bir çox sosial fəaliyyətlərdən uzaqlaşdırır. Mobil telefonların bir neçə funksiyasını özündə birləşdirməsi, gündən-günə genişlənən virtual aləm insanları daha çox özünə cəlb edir. Qeyd etmək lazımdır ki, virtual dünyanın sakinləri təkcə böyüklər deyillər. Artıq müxtəlif oyunlar yüklənmiş telefonlar azyaşlı uşaqların da əlindən düşmür. Bir çox valideynlər bu yolla uşağının intellektual səviyyəsinin inkişaf etdiyini düşünür; televizorun önündən çəkilməyən uşağın yeni informasiyalar öyrəndiyini zənn edirlər. Lakin elə valideynlər də var ki, bunu fərqli metodla edirlər. Uşaqlarını teatra, muzeyə və sirkə aparmaqla onların maraq dünyalarını bəzəyirlər. Uşağın həm ədəbi, həm incəsənət, həm də sosial adaptasiyasını təmin edən bu cür fəaliyyətlər eyni zamanda onların dünyagörüşünü zənginləşdirir. Bəs, görəsən, valideynlər bunu nə dərəcədə nəzərə alırlar? Teatr, muzey kimi sosial məşğuliyyətlər uşaqlarımızda hansı müsbət cəhətləri formalaşdırır?

“8 yaşından sonra uşaqlar üçün sosial fəaliyyətlər öz aktuallığını itirir”

Uşaq vaxtı teatra ancaq məktəb illərində gedirdik. O da Yeni il şənlikləri üçün məktəbin satdığı biletlərin hesabına. Bizi teatra cəlb edən şey də tamaşa deyil, şaxtababanın hədiyyəsi idi. Bizim üçün tamaşa hədiyyələri alana qədər davam edirdi. Payımızı alan kimi israrla bizi aparan müəllimdən oradan çıxmağı tələb edirdik. Səbəb də parkı gəzmək, yelləncəklərə minmək istəyi idi. Tamaşada maraqlı heç bir şeyin olmadığını düşünürdük. Əslində isə nələrdən uzaqlaşdığımı 10 il sonra anlamağa başladım.

Bir gün əmimin uşaqlarını muzeyə apardığını eşitdim. Bu xəbər mənə o qədər təəccüblü gəldi ki, elə bil yeni bir materik kəşf olunmuşdu. Bundan daha təbii nə ola bilərdi ki? Bəlkə də teatra, muzeyə yalnız məktəbdən getməyə öyrəşdiyim üçün idi bu maraq. Demək ki, uşaqları bu cür sosial məşğuliyyətlərə həm də valideynləri ilə birlikdə getmək daha çox cəlb edə bilər.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə bildirdi ki, ölkəmizdə teatra həmişə maraq, diqqət olub. Ancaq ötən illərə nisbətən bu il teatra gələnlərin sayında, demək olar ki, çox az sayda artım olub. 2007-ci ildən bəri vəziyyət stabil olaraq qalıb. Nə azalıb, nə də müqayisə olacaq qədər çoxalıb.

Uşaq psixoloqu Narınc Rüstəmova uşaqlarda 7 yaşına qədər sosial fəaliyyətlərin öz aktuallığını qoruduğunu bildirdi: “Valideynlər, xüsusilə, bu dövrdə uşaqları teatr, muzey və ya hər hansı sosial xarakterli məşğuliyyətlərə cəlb etməli və onların boş vaxtlarını səmərəli şəkildə keçirmələrini təşkil etməlidirlər. 8 yaşdan sonra bu fəaliyyətlər uşaqlar üçün aktuallığını itirir. Bu dövr uşaqların sosial inkişafı, intellektual səviyyəsi, ətraf mühitlə münasibətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Burada Kukla Teatrının xüsusi rolu var. Çünki uşaqlar ətraf aləmi, hadisələri sözlə öyrənməyi sevmirlər. Onlara edilən “oyuncağını paylaş”, “uzağa getmə”, “tanımadığın insanların dediyi sözə inanma” kimi xəbərdarlıqları qəbul edə bilmirlər. Lakin uşaqlar bütün bu deyilənləri hekayə vasitəsilə, oyuncaq və ya hər hansı bir obrazın üzərində öyrəndikdə onu daha tez mənimsəyirlər. Çünki 3-6 yaş arası uşaqlarda aparıcı rol oyunlardır. Bağçalarda müxtəlif tamaşaların təşkil olunması, uşaqların fərqli obrazlarda çıxış etməsi onlarda sosial aktivliyin formalaşmasına, auditoriya qorxusunun aradan qalxmasına yardım edir”.

“Teatr, muzey və bu tipli məşğuliyyətlər uşağın intellektual səviyyəsini inkişaf etdirir”

Psixoloq sosial məşğuliyyətlər baxımından bağçaların da əvəzsiz rolu olduğunu vurğuladı: “Bu tip məşğuliyyətlərə gedən uşaqlar intellektual inkişafı ilə yanaşı, ünsiyyətə girmə bacarığı da digərlərindən fərqlənir. Bizdə belə bir fikir formalaşıb ki, bağçaya gedən uşaqlar məktəbə daha tez uyğunlaşırlar. Lakin bağça təkcə kollektiv demək deyil, burada rollu oyunların da böyük payı var. Valideynlər çalışmalıdırlar ki, bunları nəzərə alsınlar və yaxşı olardı ki, uşaqlarını 6 yaşına qədər bağçaya həvalə etsinlər. Bəzi valideynlər tənbəllik edir və ya bağçanı lüzumsuz hesab edirlər. Lakin nəzərə almaq lazımdır ki, uşaqlar ətraf mühiti bu yolla öyrənirlər. Teatrlar, muzeylər, sirk və ya bu tipli yerlərdə uşaqlar maraqlı informasiyalar əldə edirlər. Valideynlər bu boşluğu nə telefon, nə də televizorla doldura bilməzlər. Elə valideynlər var ki, “Discovery” kanalını açırlar və bu yolla uşağının intellektual biliklərini artırdıqlarını düşünürlər. Lakin televizorda görməklə canlı izləmək eyni effekti vermir. Həm də nəzərə almaq lazımdır ki, televizorda uşaq informasiyanı birtərəfli alır, yəni burada ünsiyyət yoxdur”.

“Uşağın asudə vaxtını səmərəli təşkil etmək onu zərərli vərdişlərdən uzaqlaşdırır”

N. Rüstəmova cəmiyyətin ən böyük problemlərindən birinin sosial fobiya olduğunu qeyd etdi: “Bu gün cəmiyyətimizin ən böyük problemi sosial fobiyadır. Cəmiyyətdə insanlar sıxıntı yaşamağa başlayırlar. Artıq telefon aludəçiliyi formalaşıb, ətraf mühit televizor, kompüter həyatına çevrilib. İnsanlar bir-birinə qarşı soyuqlaşıb və onlar arasında ünsiyyət qeyri-verbala çevrilib. Buna görə də valideyn bunları övladına uşaq vaxtından təlqin etməməli, uşaqlarını sosial xarakterli məşğuliyyətlərə öyrətməlidirlər. Sevindirici haldır ki, bizim cəmiyyətdə bu gün teatrlara maraq yüksək səviyyədədir. Hətta çox vaxt bilet tapmaq çətin olur. Bizim cəmiyyətdə incəsənətə böyük maraq var. Bunun ən bariz nümunəsi, demək olar ki, hər ailədə pianonun olmasıdır. Uşağı aktivləşdirməyə yönəlik bir xalqıq. Biz çox vaxt Avropaya həsəd aparırıq, amma deyim ki, başqa millətdə mədəni fəaliyyətlərə maraq bizdəki səviyyədə deyil. Elə valideynlər var ki, uşaqlarını həddindən artıq yükləyirlər. Onu həm idman, həm musiqi, həm də əlavə məşğələlərə cəlb etməyə çalışırlar. Düzdür, bunu xəstəlik səviyyəsinə çatdırmaq da doğru deyil. Lakin uşağın asudə vaxtı nə qədər doğru və səmərəli təşkil edilərsə, o qədər zərərli vərdişlərdən, texniki vasitələrdən uzaq olacaq. Biz kiçik yaşda uşaqlarımızın maraq dairəsini aktivləşdirməliyik ki, gələcəkdə onun fəsadlarını yaşamayaq. Hər zaman diqqət edin, özünəqapalı uşaqlarda intihar hallarına daha çox rast gəlinir. Özünü ifadə edə bilməyən uşaqlar ünsiyyətdən qaçır və cəmiyyətdə özünə yer tapa bilmirlər. İnsan nə qədər aktiv olarsa, bir o qədər təhlükədən uzaq olar. Biz sosial bir varlığıq. Bizi digər canlılardan fərqləndirən cəhət nitqimizdir. Buna görə də nitqimiz gözəl olmalı, intellektual inkişafımız və sosial sferada pozulma olmamalıdır ki, özümüzü rahat ifadə edə bilək”.

Xəyalə Sadıqova