Telefon danışıqlarından çox istifadə etdiyimiz üçün qiymətlər yüksəkdir

495
”Azərbaycanda mobil rabitə operatorlarının qiymətlərinin yüksək olması, əhalinin alıcılıq qabiliyyətinin və təlabatın yüsksək olması ilə bağlıdır. Bunu jurnalistlərə müsahibəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. “Aparılan tədqiqatlar göstərir ki, Azərbaycan əhalisi dünya ölkələrinin əhaliləri arasında telefon danışıqlarından ən çox istifadə edən əhalidir. Bu da qiymətlərə təsir edir. Keçirilən kampaniyaları belə nəzərə almasaq, mobil danışığın qiymətləri elə də pis deyil”.
Əli Abbasov bildirib ki, Azərbaycanda mobil rabitə qiymətləri Şərqi Avropa ölkələri ilə eyni səviyyədədir:

”Dünya İqtisadi Forumunun son hesabatında mobil xidmətlərin ölkələr üzrə qiymətləri də açıqlanıb. Bu hesabatda birinci operatorun – “Azercell”in qiymətləri əsas götürülür. Biz də bilirik ki, Azərbaycanda ən aşağı qiymətləri təqdim edən “Nar Mobile”dir. Hətta “Azercell”in qiymətləri ilə müqayisə etdikdə, Azərbaycanda mobil rabitə xidmətlərinin qiyməti, Türkiyə, İran, Şərqi Avropa ölkələri ilə eyni səviyyədədir. Düzdür, bəzi ölkələrdə, məsələn Gürcüstanda, Rusiyada  mobil rabitənin qiymətləri aşağıdır. ABŞ-da və Yaponiyada isə qiymətlər Azərbaycan ilə müqayisədə 2 dəfə bahadır.  Burada əsas odur ki, Azərbaycanda alıcılıq qabiliyyəti və əhalinin təlabatı çox yüksəkdir, bu da qiymətlərin yüksək olmasına səbəb olur”. Nazir əlavə edib ki, internetin də qiymətlərinin yüksək olmasının səbəbi əhalinin alıcılıq qabiliyyətinin və təlabatın yüsksək olması ilə bağlıdır.