Teatrşünas reallığı təbliğ etməli və təhlil etməlidir  

698

Anar Burcəliyev: “Valideynlərim sənət müəllimlərimdir. Onların sənətlərini, yaradıcılıqlarını təhlil etdikcə bu gün də hələ də onların sənət məktəbindən öyrənirəm.”

 Respublikada çapdan çıxan qəzet və jurnallarda 400-dən artıq məqalə, ressenziya, oçereklərin və eləcə də müsahibələrin müəllifi tanınmış teatrşünas-tənqidçi Anar Məhəmməd oğlu Burcəliyevlə Mingəçevir Dövlət Dram Teatırında görüşdük. Qeyd edək ki, müsahibimiz  Mingəçevir şəhərini də Gəncə qədər sevdiyini bildirib. O, dəfələrlə bu  teatırın qonağı olub,  tamaşalara öz fikir və mülahizələrini bildirib.

– Niyə məhz teatrşünas oldunuz?

Bilirsiniz ki, mənim mərhum valideynlərim respublikanın xalq artistləri, Məhəmməd Burcəliyev və Sədayə xanım Mustafayeva ömürlərini Azərbaycan Mədəniyyətinin inkişafına, xüsusi olaraq Gəncə mədəni həyatının formalaşmasına həsr ediblər. Mən özümü dərk edəndən Gəncə Dövlət Dram Teatrına getmişəm. Demək olar ki, bu teatrın divarları arasında böyümüşəm. Hətta orta məktəbdə oxuyan illərdə daha tez yay tətilinə çıxmağı səbirsizliklə gözləyirdim. Çünki Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi yay mövsümündə respublikamızın bölgələrinə qastrol səfərlərində olurdular. Mən də yaradıcı kollektivlə bu qastrol səfərlərində olurdum. Yaxşı yadımdadır ki, 1988-ci ilin sentyabr ayında Gəncə Dövlət Dram Teatrında rejissor, respublikanın əməkdar incəsənət xadimi Oruc Qurbanov böyük Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi üzərində yaradıcılıq işinə başlamışdı. Tamaşaya baxandan sonra səhnə traktofkasında olan mizanlar və aktyor oyunu mənə o qədər təsir etmişdi ki, tamaşa haqqında fikirlərimi bir balaca kağız üzərində qeydlər etdim. Sonra bu yazını axşam atam Məhəmməd Burcəliyev evdə olarkən ona oxudum. Çox diqqətlə dinlədi və heç nə demədi. Səhəri məni tezdən yuxudan oyadıb dedi ki, yazını da götür gedirik. Mən hara gedecəyimizi bilmirdim. Biz o zamanlar “Kirovabad kommunisti”, indiki “Gəncənin səsi” qəzetinin redaksiyasına gəldik. Qəzetin baş redaktoru, Gəncəmizin sayılıb-seçilən ziyalılarından biri olan Sabir Hacıyevlə görüşdük. Atam yazını ona təqdim etdi. Təxminən on gündən sonra 7 fevral 1989-cu ildə bu yazının çap olunduğunu gördüm. Əlbəttə, sevincimin həddi-hüdudu yox idi. İlk dəfə idi ki, dövrü mətbuatda yazım dərc olunmuşdu. Sonradan atamın təkidi ilə bir çox teatr tamaşaları haqqında məqalələrim dövrü mətbuatda çap edildi. Atam həmişə deyirdi ki; “Sən çalış ki, obyektiv öz fikirlərini yazasan. Sənin çox yaxşı qələmin var”.

Orta məktəb illərində mən həmçinin burada keçirilən əbəbi-bədii gecələrdə çox yaxından iştirak edirdim və Gəncədə fəaliyyət göstərən Pionerlər evində dram dərnəyinin üzvü idim. Vaxt-vədə yetişdi, mən 1991-ci ildə orta məktəbin 11-ci sinfini bitirdim. Bu zaman valdeynlərimin təklifi ilə sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” fakültəsinin əyani şöbəsinə verdim. O illərdə bu fakültəyə respublika üzrə cəmi 4 nəfərin qəbulu vardı və o illərə xas olan çox böyük bir konkurs mövcud idi. Qəbul olmaq istəyənlər də çoxluq təşkil edirdi və qəbul sənədlərinin içindən seçim də sözsüz ki, çox idi. Mən dörd imtahanı uğurla verib, elə həmin ildə də bu fakültəyə qəbul olundum. Bununla da valideynlərimin sənətini davam etdirmək mənə nəsib oldu.

– Teatrşünaslıq, bu peşəyə sevgi və obyektivlik tələb edir. Bu günün prizmasından baxdıqda o dönəmdə də yanaşma təxminən eyni idi?

Hər zaman belə olub. Ümumiyyətlə, bu ixtisas sənətin elə bir növüdür ki, burada obyektivlik əsas şərtdir. Sənətin məziyyətlərini bilmədən bu sənətə gəlmək olmaz. Teatrşünas reallığı təbliğ etməli və təhlil etməlidir. Məhz o illərdə də sənət müəllimlərimizdən bunu öyrənmişik. Teatrşünasın dünya görüşü və təhlil prizması dövrü üçün aktual olmalıdır. Əgər reallığı görüb deməyi bacarmayacaqsansa, demək, heç oxunmayacaqsan da. Hər bir teatrşünas bu amili unutmamalıdır.

– İndiki gənclərə, teatrdan yazanlara münasibətdə də daim obyektivsiniz?

Sözsüz. Hər zaman obyektivliyi qorumağa çalışıram. Xüsusilə gənc aktyorların yaradıcılığını təhlil edərkən bir az da tənqidi anlayacaq və başa düşəcək tərzdə yumşaq sintezlə etmək istəyirəm ki, sənətdən yorulmasınlar. İndiki gənclər həm də çox tələbkardırlar. Əksər yaradıcı gənclər daha dolğun və dürüst tənqidin tərəfdarıdır. O üzdən bu kimi məsələlərdə anlaşılmamazlıq olmur. Əksinə.

– ilk tənqidinizi yəqin yaxşı xatırlayarsınız…

Bəli… İlk tənqidim Gəncədəki Zərrabi Poeziya teatrının bir tamaşasının daxili baxışı zamanı olub. Tamaşanın daxili baxışında hazırlanan əsəri və rejissor işini tənqid etdim. O illərdə hələ universitetin ikinci kursunda təhsil alırdım. Hətta Bədii şura mənim tənqidi fikirlərimi əsas götürərək tamaşanın ictimaiyyətə təqdim olunmasını dayandırdı. O zamanda da obyektivlik əsas şərt idi və bu prizmadan cıxış etmişdim.

– Bəs indiki aktyorların peşəkar olaraq sizlərin tənqidinə münasibəti necədir?

– Bu gün obyektiv tənqid hər zaman dinlənilir. Qərəzli münasibət olmasa deyilən hər bir həqiqət sənətdə normal qarşılanır. Düzdür, aralarında özündən və sənətindən müştəbeh, yüksək emosialı fikirləri olanları da olur. Çox zaman tənqidi qəbul edə bilmirlər. Bu kimi hallarla da rastlaşırıq. Ancaq yenə də sənət öz sözünü deyir. Çünki bu sənət elə bir formada inkişaf edir ki, mütləq şəkildə təsadüfi gələn istedadsızları çox tez saf-cürük edə bilir. O üzdən də zamanla özləri sənətdən kənar olduqlarını anlayır və tənqidlərimizi qəbul edirlər. Hər zaman belə olub və indi də belədir.

– Tənqid etdiyiniz, lakin çap etdirməkdən çəkindiyiniz məqaləniz olubmu?

– Xeyr. Heç zaman belə olmayıb. Çox zaman tənqidlərimdən küsən sənət dostlarımda olub. Ancaq zamanla onlar da bunun həqiqət olduğunu biliblər və etiraf ediblər. Heç bir zaman fikirlərim və düşüncələrimi gizlətməmişəm. Hər zaman açıq düşüncəli və obyektiv olmağa calışmışam. O üzdən də fikirlərim və düşüncələrimi deməkdən cəkinmirəm.

– Azərbaycanın müasir teatrı hansı üslubdadır və o sizin teatrşünas üslubunuzdadırmı?

-Hər bir teatrın öz üslubu var. Teatrşünasın isə repertuar siyasətinə uyğun olaraq ancaq baxışları olur. Çox zaman bu baxışların üst-üstə düşmədiyi vaxtlarda mövcuddur. Bu da onunla bağlıdır ki, çox zaman teatrlarımızda müasir dövrümüzlə ayaqlaşmağı bacaran repertuar siyasəti olmur. Hərdən belə də olur.

-Tez-tez bölgə teatrlarında olursuz, teatrların bəziləri  texniki baxımdan tam təmin olunub.  Bu günkü yaradıcı gənc cəbhəçilər barədə nə deyə bilərsiniz?

-Hansı cəbhəçidən söhbət gedir? Ümumiyyətlə, sənətdə cəbhəçi anlayışı yoxdur. Sənətdə sağlam mübarizə və yaradıcılıq axtarışları var. Sağlam mübarizə, sağlam yaradıcılıq sağlam düşüncə deməkdir.

-Bu gün teatr tamaşalarına maraq varmı, tamaşaçı teatra gəlirmi?

-Hər zaman canlı teatra maraq olub. Bu gün tamaşaçını teatra cəlb etmək üçün onu düşündürən sənət əsərini səhnəyə gətirmək lazımdır. Teatr öz tamaşaçısının dalınca qaçmağı bacarmalıdır. Tamaşaçı duyumu olan hər bir teatrın bu gün müasir dövrümüzdə yenə də öz tamaşaçısı olacaq.

Belə bir deyim var. Şagird müəllimindən, oğul atasından irəli getməsə inkişaf olmaz. Siz sənətkarlar ailəsində dünyaya göz açmısınız, valideynlərinizdən qabağa   gedə bilmisinız?

– Valideynlərim sənət müəllimlərimdir. Onların sənətlərini, yaradıcılıqlarını təhlil etdikcə bu gün də onların sənət məktəbindən öyrənirəm.

– Sizin üçün teatrın əsas fiquru kimdir? Təbii ki, dramaturq-rejissor-aktyor üçbucağını nəzərdə tuturam.

– Təbii ki, hər ücü. Belə olmasa sənəti yaşatmaq olmaz.

– Dövrün ziyalısı öz ziyalı ampluasındadırmı?

-Sözsüz. Hər zaman ziyalı sözünə, ziyalı düşüncəsinə və məsləhətinə ehtiyac olub. Bu gün də var və daima da ehtiyac olacaq. Ziyalısı, xalqının düşünən beyni olmasa yaşamaq olmaz ki.

Dövrü mətbuatda 400-dən artıq məqalə, ressenziya və ocerklərin eləçə də 4 kitab müəllifisiniz. Bu gün teatrşünas-tənqidci Anar Burcəliyev hansı məqalə və ya kitab üzərində işləyir?

–  Bu gün silsilə yazılarımdan olan “Sənət fədailəri və ya unudulmağa məhkum olanlar” dövrü mətbuatda dərc olunur. Eləcə də digər sənətkarlar və teatr tamaşaları haqqında da ressenziyalar yazıram. Bunlarla yanaşı bu ilin sonuna artıq iki kitabım işıq üzü görəçək. Onlardan biri Gəncə Dövlət Dram Teatrının istedadlı aktyoru, Respublikanın əməkdar artisti Ramiz Vəliyevin yaradıcılığına həsr olunan “Teatr, zaman və Məkan” adlanır. Digəri isə “Məqalələrim, ressenziyalarım və oçerklərim”dir ki, bu kitab da artıq hazırdır. Bu kitabın birinci cildi 1989-2018-ci illəri əhatə edir. Daha sonra isə iki kitab üzərində də yeni işləməyə başlamışam: böyük şair Novruz Gəncəli yaradıcılığına həsr olunan “Üfüqdən qalxan al səhər mənəm…” və şairə, dramaturq Fəridə xanım Əlyarbəylinin yaradıcılığına həsr olunacaq kitablardır. İnşallah, ömür vəfa etsə, gələn il bu kitablar da işıq üzü görəcək. Sağlıq olsun.

-Gənc aktyorlardan daha nə gözləyirsiniz? Və ya gənclərin sənət yolundakı məqsədlərini aydın sezirsinizmi?

– Gənc aktyorlarımıza sənətdə ancaq öz sənət yolunu seçmələrini, tapmalarını arzu edirəm. Təlqin etmək heç də uğur demək deyil. Bənzəmək olar, ancaq ki, öz dəsti-xətti ilə. Daha bayağı, təkrarçılıq sənət uğuru demək deyil. Amalları, məqsədləri uğrunda ancaq sağlam sənət arzu edirəm.

– Geniş və maraqlı müsahibə üçün təşəkkür edirik.

 

Esmira Hidayətova,

Mingəçevir