“Teatrımızın sabahını düşünürüksə…”

0
646
İlham Namiq Kamal… İncəsənət aləmində ifa etdiyi rolları ilə öz sözünü demiş bu insanı kim tanımır ki? Odur ki, onu geniş təqdim etməyə ehtiyac duymadıq. Beləliklə, bu dəfəki həmsöhbətimiz “Şöhrət” ordenli, Qızıl Dərviş mükafatçısı, Prezident təqaüdçüsü, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor İlham Namiq Kamal oğlu Əhmədovdur.
– İlham müəllim, bu yaxınlarda 65 yaşınız tamam oldu. Ötən illər bu sənətə olan marağınıza hansı yeni çalarlar əlavə edib?

– Mən 20 yaşımda teatra məbədgah, aktyorluğa isə müqəddəs peşə kimi baxmışam, elə indi də bu fikirdəyəm. Mənim aləmimdə hətta aktyor sənəti o qədər müqəddəsdir ki, onun sevgisini içində daşıyan adam heç kimin qabağında əyilməməlidir. Çünki aktyorun qüruru ölərsə, ondan aktyor olmaz… Mən bu çətin işdə öz qürurumu həmişə qorumağa çalışmışam. Bütün bunlara rəğmən, onu da deyim ki, istər rejissor, istərsə də aktyor kimi potensialımın 35 faizini ortaya qoya bilmişəm.

– Hansı illəriniz, yaxud rollarınızı korrektə etmək istərdiniz?

– Mən ötən illərimə xor baxa bilmərəm. Çünki o illəri yaşamışam. Bu sözləri oynadığım rollar haqqında da deyə bilərəm. Onları da sevə-sevə zərgər dəqiqliyi ilə tamaşaçılara təqdim etmişəm. Heç: “Kaş belə edəydim”, – ifadəsini də işlətməmişəm.

– Yorğunluğunuzu hiss edirsiniz?

– Hələ ki yox… Bu yerdə ustadım Rza Təhmasibin bir fikrini söyləmək istərdim. O deyərdi ki, nə qədər aktyorun plastikası, səsi yerindədir o, tamaşaçının qarşısına çıxmalıdır. Çıxmasa, çox böyük günaha yol verər.

– Xor dirijoru, Dadaşbala, Pşa Pşayeviç… Siz tamaşaçıların yaddaşında bu obrazlarla qalmısınız. Lakin mənə elə gəlir ki, son illər həmin obrazlar qalereyanıza sanki başqa bir obraz əlavə olunmur.

– Niyə ki? Onlardan başqa mənim qalereyamda kifayət qədər yeni obrazlar var. Lakin sizinlə razıyam ki, onlar qeyd etdikləriniz qədər populyar deyil. Bilirsinizmi, bunun səbəbi nədir? Son illər hazırlanan tamaşaların ekranlarda nümayiş etdirilməməsi. Bir də indi teatrlar istəmir ki, hazırladığı tamaşanı ekranlarda nümayiş etdirsin. Axı onda sabah teatra gəlib həmin tamaşaya baxan olmayacaq. Bir də o vaxtlar teatrlardan aldığı tamaşaların pulunu ödənilirdi. İndi belə şey yoxdur axı…

– Son illər seriallarda görünmürsünüz  Niyə uzaq düşmüsünüz?

– Doğrudur, seriallar çəkilir. Amma orada aktyorlara elə zəhməthaqqı verirlər ki… Bəzən bir seriyaya görə 50 manat… Amma etiraf edək ki, öz işini bilən aktyorların çəkildikləri seriallar daha maraqlı alınır. Məsələn, mənim qardaşım Cəfər Namiq Kamal “Üç bacı” serialında Maarif rolundadır. Çox maraqlı obraz oynayır. Bunu ona görə demirəm ki, mənim qardaşımdır, həqiqətən, elədir. Hərdən deyirəm ki, kaş həmin serialın adı “Üç bacı və Maarif müəllim” olaydı. Yəni digər seriallarda da Cəfər səviyyəsində aktyorlar olsa, onlara maraqla baxarlar? Bir də mən elə bir peşəkar rejissor tanımıram ki, o, hazırda serialla məşğul olsun… Amma mənə elə gəlir ki, yaxın illərdə serial sahəsində də hər şey yoluna düşəcək. Unutmayaq ki, bu hələ başlanğıcdır. Yeri gəlmişkən, ölkə başçısı da bu sahənin inkişafına vəsait ayırıb. O ki qaldı mənə… İnşallah, qismət olarsa, görərsiniz. Görünür, indiyədək rejissorlar çəkdikləri seriallarda mənə uyğun rol görməyiblər. Uyğun rol görsəydilər, yəqin, dəvət edərdilər.

 

 

“Ümidsiz olmaq lazım deyil”

– Ötən ilin yayında siz “Şöhrət” ordeninə layiq görüldünüz..

– Bəri başdan deyim ki, ölkəmizdə sənət adamları, eləcə də sənət ocaqları diqqət mərkəzindədir. Baxın, son illər neçə teatr ocağımız yenidən qurulub… Hətta mən deyərdim ki, yenidən tikilib e… Onların maddi-texniki bazaları müasir avadanlıqlarla təmin olunub. Təbii ki, bütün bu işlər ölkə başçısı cənab İlham Əliyevin sayəsində baş tutub. O ki qaldı mənim təltifimə, təbii ki, bu təqdimat məni daha çox işləməyə sövq edir.

– “Şöhrət”in sevincini necə yaşadınız?

– Sözün düzü, bu sənətə gələndə Əməkdar artist, daha sonra Xalq artisti adına layiq görüləcəyimi düşünmürdüm. Görünür mənim də qismətimdə fəxri adlar, üstəlik, “Şöhrət” ordeni də varmış. Amma nə gizlədim. “Şöhrət”in sevinci məni daha çox silkələdi. Onu da deyim ki, bu yalnız İlham Namiq Kamalın deyil, bütövlükdə sənət aləmimizə – teatrımıza mənim simamda verilən bir töhfə idi.

– Sənət adamları ifadəniz Nəsibə xanım Zeynalovanın sizin haqqınızda dediyi bu sözləri yadıma saldı: … “Qaynana” filimində İlham oğlumun dostu İlqar rolunda mənlə tərəf-müqabili oldu. İnsafən, o, bu rolu o qədər gözəl oynadı ki, hərdən çaşıb İlham əvəzinə ona İlqar deyirəm”. Onun dediklərindən belə anlaşılır ki, o zamanın sənət adamları gəncləri həvəsləndirməkdə maraqlı idilər.

– Bəli, Ağasadıq Gəraybəyli, Əlağa Ağayev, İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanov, Nəcibə Məlikova, Leyla Bədirbəyli kimi sənətkarlar yeni nəslin yetişməsində çox maraqlı idilər. Obrazlı şəkildə desək, bu cür istedadlı insanların özlərindən yaşca kiçik istedadlar üçün ürəkləri gedirdi. Mən də onlar kimi hərəkət etməyə çalışıram. Yəni harada istedadlı insan görsəm, onları sənət aləminə cəlb etməyə səy göstərirəm. Fikrimcə, bugünkü sənət adamı tək özünü yox, teatrımızın sabahını da düşünməlidir. Yəni gəncləri sevməli, onlara etimad göstərməklə yanaşı, kömək etməlidir. Kömək edə bilmirsə, onlara mane olmamalıdır.

– Son illər bir çox korifey sənətkarlarımızı itirdik. Sizə elə gəlmirmi, əgər belə demək mümkünsə, teatr kisəmiz boşalır?

– Vəfa Fətullayeva, Əlabbas Qədirov, Səməndər Rzayev, Yaşar Nuri, Telman Adıgözəlov… Həqiqətən, onların hər biri teatrımızın bir sütunu idi. Amma ümidsiz olmaq lazım deyil. Düşünürəm ki, xalqımız indiyədək müxtəlif sahələr üzrə çoxlu istedad yetişdirir. Bu istedadlar bizim sahədə də yenidən peyda olacaqlar. Yəni demək istəyirəm ki, teatrımız dünən var idi, bu gün də var, sabah da olacaq.

– Amma etiraf edək ki, bu sənətin çətinlikləri nədənsə səngimək bilmir ki, bilmir…

– Bəli, bu gün bu aləmə gələnlər 120-150 manat maaşa işləmək məcburiyyətindədirlər. Onlar başqa işlə də məşğul ola bilmirlər. Axı saat 11.00-dan 14.00-a qədər tamaşa, 14.00-dan 16.00-a qədər rəqs, 16:00-dan 18:00-a qədər orkestrlə məşqdə olan insan hara üz tuta bilər? Saat 19:00-da tamaşa başlanır. Halbuki savadsız bir qabyuyan restoranda 500 manatdan aşağı maaşa qab yumur. Yaxud elə bir kababçı yoxdur ki, o, 900 manatdan aşağı maaşa restoranda kabab çəksin? Mənim yetişdirdiyim tələbə isə sənət aləmində 120-150  manata işləyir. Belə vəziyyətdə aktyor necə yaşasın, özünə necə ailə qursun? Onların heç olmasa minimum yaşayış stimulu olmalıdır da… İndi çoxları övladlarının bizim universitetə gəlmələrini belə istəmirlər. Bu məsələdə valideynləri qınamaq fikrində deyiləm. Çünki onlar da istəyirlər ki, övladları sabah ailələrini təmin edə bilsinlər. Odur ki, indi çoxu övladlarını tibb, gömrük və digər sahələrdə görmək istəyir. Sözün düzü, bu problem məni çox düşündürür. Teatrımızın sabahını düşünürüksə, bu gənclər barədə də düşünməliyik. Mənə elə gəlir ki, prezidentimizin teatra olan diqqəti bu kimi məsələləri də yoluna qoyacaq.

– Teatr bu sahənin fədailərinin sayəsində inkişaf edir. İlham müəllim, ola bisin ki, bu sahə üzrə istedadlı gənclərimiz kifayət qədərdir. Bəlkə də, elə bu səbəbdən bu sahəyə üz tutmurlar.

– Ola bilər yox, bu həqiqətən belədir.

– İlham müəllim hərdən Milli Dram Teatrdan da gileylənir… Niyə?

– Əslində bu, giley deyil. Bilirsinizmi, teatrda əsas sima baş rejissordur. Son vaxtlar bəzi teatrlarda baş rejissorların kənarda qalması məni narahat edir. Deyə bilərlər ki, aktyorsan, get işinlə məşğul ol da. Amma unutmayaq ki, bizdə teatrlar həmişə baş rejissorların: məsələn, Zəfər Nemətovun, Tofiq Kazımovun, Şəmsi Bədəlbəylinin, Hüseynağa Atakişiyevin adı ilə bağlı olub. Mənə elə gəlir ki, bu ənənə davam etdirilməlidir. Kim bilir, bəlkə də, bu gün belə məsləhətdir. Amma zaman gələcək, bu, bərpa olunacaq. Çünki bu gün bütün dünyadakı sənət ocaqlarında baş rejissorun öz yeri var.

– Teatr islahatlarının tərkib hissəsi kimi əcnəbi rejissorlar bizim sənət ocaqlarında tamaşalar qoyurlar. Effekti necə olur?

– Mənə elə gəlir ki, öz gənclərimizi yetişdirməliyik. Lazım gələrsə, öz istedadlı gənclərimizi xaricə göndərməliyik. O gələnlərin hələ ki, mən bir perspektivli tamaşasını görməmişəm. Axı onların qoyduğu hansı tamaşa 3-4 ay maraqla izlənilib? Əgər mədəniyyətimizə öz töhfəsini vermiş Tuqanov kimi rejissorlar gələrlərsə, nəyə isə nail olmaq olar. Amma bu gələnlər…

 

“Nəzarət altında saxlanılan şagirdlərdən biridir”

– Bu yaxınlarda sizin haqqınızda Vaqif Yusiflinin yazdığı “İstedad” yazısını oxudum. Sizi aktyor, pedaqoq kimi xarakterizə edən müəllif yazır: “Hər aktyorun içində bir rejissor mürgüləyir”. Və sizin bu sahənizdəki fəaliyyətinizdən də söz açır. İçinizdə daha nələr mürgüləyir?

– Qismət olsa, gördüyüm, ünsiyyətdə olduğum müqtədir sənətkarlar haqqında xatirələr yazmaq fikrindəyəm.

– Bəlkə onlardan birini bizim oxucularımıza nəql edəsiniz?

– Yəqin, Əlağa Ağayevin dünyadan necə köçməsi barədə məlumatınız var. İnsanlara həmişə gülüş bəxş edən sənətkar məclislərin birində bir lətifə danışıb. Və məclis əhli ilə birgə söylədiyi lətifəyə ürəkdən güləndə dünyasını dəyişib. Mən dünyasını belə dəyişən sənətkara rast gəlməmişəm. İndiyədək mən belə bir suala cavab axtarıram: “Niyə o gülə-gülə getdi?”

– Yəqin ki, həmin kitabda özünüzlə bağlı maraqlı əhvalatlar da yer alacaq?

– Hə, yaxşı yadıma saldın. Bizim bir müəllim var idi – Əliheydər Qasımzadə. (Allah rəhmət eləsin!) Sinif rəhbərimiz idi. O vaxt hər il sinifdən-sinifə keçəndə mənim haqqımda yazardı: “Əhmədov İlham Kamal oğlu dərslərində davamiyyətlidir, qiymətləri 4-5-dir. Yoldaşları arasında böyük hörməti var, intizamlıdır. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir”. Dalınca isə əlavə edirdi: “Nəzarət altında saxlanılan şagirdlərdən biridir”. İndi də Əliheydər müəllimin həmin qeydləri yadıma düşəndə məni elə gülmək tutur ki…

– Yəqin, şuluq uşaq olmusunuz da…

– Bir o qədər də yox. O zaman müəllimlərə çox suallar verərdim. Sual demişkən, 9-cu sinifdə oxuyanda tarix müəlliminə belə bir sual verdim: “Müəllim, konfransla konqresin fərqi nədədir?” Müəllim cavab verə bilmədi. Məni artıq-əskik sual verməkdə günahlandıraraq başladı ağlamağa. Bu zaman direktor da gəlib çıxdı. Həmin rüb mənə “nizam -intizamı pozduğuma görə” əxlaqdan “2” yazdılar. Bir-iki aydan sonra başa düşdülər ki, mənim heç bir təqsirim yoxmuş.

– Hansı müəlliminizi fəxrlə xatırlayırsınız?

– İbtidai sinif müəlliməm Sitarə müəllimə olub. Onu həmişə fəxrlə xatırlayıram. Bir də Əlağa Heydərlini – ədəbiyyat müəllimimizi. Bir dəfə, daha doğrusu, 1964-cü ildə o, bizim sinfi Pavlik Morozova həsr olunmuş tamaşaya gətirdi. Həmin tamaşada belə bir epizod var. Deməli, Pavlik atası tərəfindən zirzəmidə gizlədilmiş taxılın yerini gələn adamlara nişan verir. Bu zaman zalda Əlağa müəllimin səsi eşidildi: “Bizim uşaqlar, durun ayağa”. Biz də bir nəfər kimi bayıra çıxdıq. Məktəbə çatan kimi o, bizə dedi: “Atasını satan uşaq bizim millətə xas ola bilməz. Ataya həmişə hörmət-izzət göstərmək lazımdır”. Sovetlərin asıb-kəsən vaxtında belə hərəkət etmək xüsusi cəsarət tələb edirdi. Yeri gəlmişkən, o illərdə teatrlara tez-tez üz tutardıq. O vaxtlar hər məktəbdə dram dərnəyi var idi. Amma indi hansı məktəbimizdə belə bir dərnək var? İndi hamı deyir futbol klubları açaq, əla… Amma biz istəyiriksə, incəsənət inkişaf etsin, o dərnəkləri bərpa etməliyik. Yeri gəlmişkən, mən bununla bağlı müvafiq qurumlara da müraciət etmişəm.

– Xoşbəxtsinizmi?

– Xoşbəxtəm ki, Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin imzası, dəst-xətti ilə Xalq artisti, möhtərəm Prezidentimiz İlham Əliyevin fərmanı ilə “Şöhrət” ordeninə və Prezident təqaüdünə layiq görülmüşəm.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here