Tariximizin qüruru 28 May

407

May ayı Azərbaycanın tarixində həm torpaq itkisi, həm də müstəqilliyimizin əldə edilməsində önəmli hadisə kimi yadda qalıb. Bu baxımdan 1918-ci ilin may ayının 28-də Azərbaycan tarixinə qızılı hərflərlə yazılan bir hadisə baş verdi. 100 ildən artıq bir müddət ərzində Rusiyanın əsarəti altında əzilən Azərbaycan özünün illərlə həsrətində olduğu azadlığına qovuşdu. Azərbaycan azadlıq mücadiləsinin böyük oğlu Məmməd Əmin Rəsulzadənin də dediyi kimi tökülən şəhid qanları hesabına azadlıq bayrağı yenidən qos-qoca bir Vətənin-Turan-Türk yurdunun canı və qanı olan Azərbaycanın başı üzərində dalğalanmağa başladı. Onu da deyək ki, Azərbaycanın öz müstəqilliyini elan etməsi olduqca çətin və mürəkkəb bir şəraitdə baş vermişdi. Erməni daşnakları və əlləri qana batan bolşeviklərin 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın hər yerində törətdikləri qanlı qırğınların yarası hələ sağalmamışdı. Vətənin hər yeri, hər daşı, hər evi hər ocağı şəhid gedən on minlərlə övladlarına qan ağlayırdı. Belə bir vəziyyətdə ruhdan düşməyərək Azərbaycanın dövlət müstəqilliyini elən etmək həqiqətən də böyük bir iradə və qəhrəmanlıq tələb edirdi. Onu da deyək ki, hələ 1918-ci ilin əvvəllərində Azərbaycan, Gürcüstan və Ermənistandan təşkil edilən Zaqafqaziya seyminin dağılacağının ilkin görüntüləri meydana çıxmışdı. Çünki Rusiyada baş verən fevral burjua inqilabından sonra-1917-ci ilin may ayında Moskvada qurulan bu seym daxilində ziddiyyətlər kifayət qədər dərin idi. Seym faktiki olaraq qurum daxilində gedən etnik münaqişələrin qabağını almağa qadir deyildi. Üstəlik Zaqafqaziya seymi 1918-ci ilin aprel ayında burada təmsil olunan Azərbaycan nümayəndə heyətinin etirazlarına məhəl qoymadan Osmanlı dövlətinə müharibə elan etmişdi. Bütün bunlar da seymin dağılması prosesini sürətləndirdi. 1918-ci il may ayının 26-da Zaqafqaziya seyminin son iclası keçirildi. İclas zamanı məlum oldu ki, artıq Cənubi Qafqazın bu üç respublikasının bir dövlət daxilində fəaliyyət göstərməsi mümkün deyil. Bütün bunları nəzərə alan Gürcüstan Milli Şurası elə həmin gün dövlət müstəqilliyini elan etdi. May ayının 27-də isə seymə daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi. Müzakirələr zamanı yaranmış vəziyyət nəzərə alınaraq Azərbaycanın müstəqilliyinin elan edilməsi məqsədəuyğun hesab edildi. Bununla bağlı Müvəqqəti Milli Şura yaradıldı. Məmməd Əmin Rəsulzadə isə Milli Şuranın sədri seçildi. Eyni zamanda Azərbaycanı idarə etmək üçün 9 nəfərdən ibarət İcraiyyə komitəsi yaradıldı. Fətəli xan Xoyski icraiyyə komitəsinin sədri seçildi. May ayının 28-də keçirilən İclasda Azərbaycanın müstəqilliyini elan etməsi məsələsi ətrafında da qızğın diskussiyalar getdi. Nəhayət məsələ səsə qoyuldu. Səsvermədə iştirak edən 24 nəfər müstəqilliyimiizn lehinə səs verdi, iki nəfər isə bitərəf qaldı. Bununla da Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsi elan edildi.

Bəyannamədə ölkənin sərhədləri müəyyənləşədirilmiş və burada yaşayan bütün xalqların eyni hüquqlara malik olduğu xüsusi vurğulanmışdı. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.

İstiqlal bəyannaməsi elan olunandan sonra ölkənin idarə olunması məqsədilə F.Xoyskiyə hökuməti təşkil etmək tapşırıldı. İlk hökumətdə Xoyski Nazirlər Şurasının sədri, Xosrovpaşa Sultanov isə hərbi nazir seçildi. İlk demokratik cümhuriyyətin xarici işlər nazir vəzifəsinə isə Məmməd Həsən Hacınski təyin edilmişdi. Yeni yaranan müstəqil dövlətimiz dərhal qardaş Türkiyə ilə sıx əlaqələr qurmağa başladı. İyun ayının 4-də Batumidə Türkiyə ilə Azərbaycan arasında sülh və dostluq müqaviləsi imzalandı. Bunun ardınca Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıdı. Azərbaycan hökuməti müstəqilliyinin qorunması üçün Türkiyədən hərbi yardım istədi. Buna cavab olaraq həmin il iyun ayının ikinci yarısında Osmanlı hərbi birləşmləri Azərbaycan ərazisinə daxil oldular.

İyunun ortalarında isə Azərbaycan hökuməti Gəncəyə köçürüldü. 1918-ci ilin iyun-sentyabr aylarında Ənvər və Nuru Paşanın komandanlığı altında ölkəmizin yardımına gəlmiş Qafqaz islam ordusu yeni yaradılan Azərbaycan ordusu ilə birlikdə Bakını düşmən əsarətindən azad etdi. Bundan sonra paytaxt Gəncədən Bakıya köçürüldü.

Şərqdə ilk müstəqil demokratik cümhuriyyət olan Azərbaycan hökuməti qısa müddətdə xalq üçün böyük işlər gördü. Bu hökumət dünyada ilk dəfə qadınlara seçim imkanı verərək qadın-kişi bərabərliyini hüquqi sənədlə təsdiq etdi, azad və demokratik seçkilər keçirdi.

Bolşevik işğalı olmasaydı Azərbaycan daha böyük uğurlar əldə edəcəkdi. İlk müstəqil cümhuriyyət devriləndən 71 il sonra Azərbaycan yenidən ay ulduzlu üçrəngli bayrağını başı üzərinə qaldırdı. Bu gün Azərbaycan böyük öndər Məmməd Əmin Rəsulzadə tərəfindən göylərə ucaldılan azadlıq bayrağının altında çətin yollarla gələcəyə doğru gedir. Müstəqilliyin sönməz və əbədi olsun Azərbaycan.