Tariximizin qan yaddaşı – Qaraqoyunlular (3)

586
Alıyev Mahir Məhəmməd oğlu1962-ci ildə Qərbi Azərbaycanın ( indiki Ermənistan) Krasnoselo rayonun Bəryabad kəndində anadan olub. 1979-cu ildə B. Əfəndiyev adına Çaykənd orta məktəbini əla qiymətlərlə bitirib. Həmin ildə də Azərbaycan Politexnik İnstitunun Avtomobil nəqliyyatı fakultəsinə qəbul olunub. 1984-cü ildə institutu əla qiymətlərlə başa vurub. Göndərişlə Dövlət  neft şirkətində müxtəlif vəzifələrdə işləyib. 1996-cı ildən “Azərnəqliyyatinşaat” şirkətinin direktorudur. Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan mayordur.
Həmin vaxt geriyə qayıdan Qaraqoyunluların öz doğma torpaqlarında yenidən yerləşə bilməsində Xınna dərəsindən olan Allahyar bəy Zülqədərovun böyük rolu olub. Allahyar bəyin oğlı Əli bəy Qafqaz canişininin köməkçisi olub. O, Novorossiysk Universitetinin hüquq fakultəsini bitirmişdi. O canişinin Xınna dərəsinə qonaq gətirib və orada ona məsələni xatırladaraq kömək istəyib. Sonra isə çara məktub yazaraq geriyə-vətənə qayıdan Qaraqoyunluların yenidən dədə-baba torpaqlarında yerləşməsinə onun razılığını alıb. Babalarımız deyərdilər ki, Əlibəy çar II Nikolaya bununla bağlı teleqram da vurmuşdu.

Mahir müəllim təəssüflə qeyd edir ki, “xalq” qəhrəmanı kimi tanınan Qatır Məmməd şəxsi ədavətə görə Allahyar bəy Zülqədərovun bir qızından başqa bütün bir nəslini qırıb.

Mahir müəllim: “Qatır Məmməd Zülqədərovun bütün nəslini qırdı. Onun sağ qalan yeganə qızı isə Parisə qaçmağa məcbur oldu. 1942-ci ildə onun Allahyar bəyin nəsli  barədə bir əlyazması ortaya çıxıdı. Rusca yazılan bu əlyazmada Qaraqoyunluarın o dövrdəki tarixinə dair qiymətli məlumatlar var. O əlyazma gəlib mənə çatıb”,-deyir.

Burada bir maraqlı məqama da toxunmaq istəyirik: Mahir müəllim deyir ki, Qazax qəzasının Darlıq dərəsindən bir elat Osmanlı dövlətinə köç etdi. Köçün səbəblərini hərə bir cür bilir. Mahir müəllim: “Amma həqiqət mən aşağıda yazdığım kimidir. Yəni Qaraqoyunlular təriqət dalınca Osmanlıya köç etmişdilər.”

Qaraqoyunludan ilk 3 şəhid

Çar Rusiyası tərəfindən qədim  Azərbaycan torpaqlarına, hazırda Ermənistan adlanan Qərbi Azərbaycana köçürülən ermənilər XIX əsrin sonlarından və XX əsrin əvvəllərindən başlayaraq soydaşlarımıza qarşı qətllərə əl atmağa başladılar. Ermənilər Qaraqoyunludan da yerli camaatı qovmağa çalışırdılar. Onlara qarşı Qaraqoyunlular bir nəfər kimi ayağa qalxmışdı. Onda qaraqoyunlular ermənilərə böyük müqavimət göstəriblər. 1905-1907-ci ildə ermənilərlə  toqquşmalarda 3 nəfər Qaraqoyunlu kənd sakini şəhid oldu. Mahir müəllim ermənilərlə döyüşdə şəhid olanların adlarını da ağsaqqalların söylədiklərindən yadında saxlayıb. Mahir Alıyev: “Ermənilərlə döyüşdə Qaraqoyunlular 3 nəfər şəhid verdi. Tanrıverdioğlu Qurban, Göyərçinlidən Malçı, biri də Çölkənddən bir nəfər şəhid oldu, onun adını yadımdan çıxarmışam. Tanrıverdioğlu Qurban bu döyüşdə əsl qəhrəman kimi şəhid olmuşdu. Qaraqoyunluya erməni hücumunu dəf edən

Tanrıverdioğlu Qurban bir kötüyün dalına yatıb ermənilərlə döyüşürmüş: döyüşdə dayandoldurumu varmış, dayandoldurum da lülədən dolurmuş. Onunla gələni vururmuş. Yanındakı Pırtdağ Məmməd deyən biri lülədən tüfəngi doldurub Tanrıverdioğlu Qurbana verir, o da başını qaldıran ermənini vurur, onlara göz açmağa imkan vermirmiş. Tanrıverdioğlu Qurban Pırtdağ Məmmədə də deyirmiş ki, tüfəngi doldur ver, atım. Amma Pırtdağ Məmməd birində  dayandoldurumu doldura bilməyib, ləngiyib. Düşmən də gəlirmiş, bunu görüb Tanrıverdioğlu Qurban  Pırtdağ Məmmədin üstünə qışqırıbmış ki, tez tüfəngi ver. Onun ləngidiyini görüb, qalxıb istəyib ki, dayandoldurumu özü götürsün, onda ermənilər onu vurmuşdular.

Bundan sonra Tanrıverdioğlu Qurbanın iki bacısı oğluna – Qara Əhməd və Pirməmmədə xəbər  verirlər ki, bəs dayını vurdular. Araşdırmalar zamanı məlum olur ki, Tanrıverdioğlu Qurbanı vuran Çarxas erməniləri olub. Qara Əhməd və Pirməmməd dayılarının intiqamını alır, həmin kənddən iki ermənini tutub dayılarının qəbri üstündə güllələyirlər. Biz Ermənistandan köçənə kimi Tanrıverdioğlu Qurbanın və digər iki şəhidin qəbri müqəddəs sayılırdı.”

1905-1907-ci illərdə Qaraqoyunlular öz kəndlərini müdafiə edə, onu düşməndən qoruya bildilər. Amma 1918-ci ildə  Qərbi Azərbaycanda kütləvi qırğınlara əl atan ermənilər bu dəfə daha böyük qüvvə ilə Qaraqoyunluya hücum etdilər. Qaraqoyunlular düşmənlə qəhrəmancasına vuruşsalar da, qüvvələr qeyri-bərabər idi. Ona görə də onlar kəndi tərk edərək Gədəbəyə köç etməyə məcbur oldular.

O günləri ürək yanğısı ilə xatırlayan Mahir Alıyev: “Qaraqoyunlunu tərk edən  dədə-babalarımız Gədəbəyin müxtəlif kəndlərində, o cümlədən Söyüdlüdə yerləşdilər. Köç zamanı Qaraqoyunlular erməni hücumlarına məruz qalmışdılar. Amma Mehralı koxanın igidliyi  camaatımızın ölümdən xilas olmasına imkan verdi. Mehralı koxa ermənilərlə döyüşdə qüvvələrimizin az olduğunu görüb Gədəbəydə igidliyi ilə tanınan Məcid bəyə müraciət etmiş və ondan yardım istəmişdi. Məcid bəyin Qaraqoyunlulara köməyə gəlməsi ilə düşmən məğlub olmuşdu. O vaxt babamın bir qardaşı itkin düşdü. Dedilər ki, Topaşanda arabada qalıb…

Ermənistanda sovet hökuməti qələbə çalandan sonra Qaraqoyunlular təzdən qayıtdılar ata yurdlarına”,-deyir.

 

Toylar

Qaraqoyunluların toy adət-ənələri  də özlərinə xas olan tərzdə idi. Toyları aşıqlar aparar, idarə edərdilər. Mahir müəllimin sözlərinə görə, bu toylar əsl bayrama çevrilər, o günlərdə hamı dərdini, ağrısını, acısını unudardı: “Bu toylarla bağlı çox şeylər yadımda qalıb.  Yadımdadır, kəndimizdə Sərvəz deyən biri vardı, onun toyu olurdu. Toyu aşıq İsrail aparırdı. O “Dilqəm” dastanını elə danışdı ki, səhərin necə açıldığını hiss eləmədik. Onu tər aparırdı, yadımdadır aşıq tez-tez tərini silirdi. Onu məcbur edirdilər ki, dastanı axıra çatdırmalısan, yoxsa camaatın ürəyi partlayar. Axırda aşıq naəlac qalıb dedi ki, ay camaat, bu dastanın dalı məndə yoxdu, bilmirəm… Aşıq toyları bir aləm idi. Bu toylar bir el məktəbi, xalq folklorunu yaşatmaq, insanları yaxşı işlərlə tərbiyə etmək, onları vətənpərvərliyə, qəhrəmanlıqlara səsləmək məktəbi idi. Mən instituta gələnə kimi toylarımız aşıqla çalınırdı. Müğənni toyları sonradan çıxdı. O vaxt toylar iki-üç gün çalınırdı. Başqa adətlər də vardı toylarda, lopa gəzdirir, tüfəng atır, bir sözlə, gecə səhərə kimi bütün kənd ayaqüstə olurdu. Zurnaçı səhər tezdən zurna çalırdı ki, hər şey normaldır…

Yas adətləri belə idi ki, ölü ölən günü hökmən dəfn olunar, imkan olan qədər onu sabahkı günə saxlamırdılar Bunlar barədə  günlərlə danışsam yenə qurtarmaz”….

 

Qaraqoyunlunu ziyalıları

Qaraqoyunlular arasından tanınmış məşhur ziyalılar yetişib. Mahir müəllimin sözlərinə görə, Qaraqoyunlular arasından 200-dən yuxarı tanınmış alim, ziyalı çıxıb. Qaraqoyunlular arasında hələ keçmişdə, yəni Rusiyanın Azərbaycanı işğal etməsindən əvvəl tanınmış ziyalılar çıxıb, amma təəssüflər olsun ki, onların çoxunun adı yaddan çıxıb. Mahir müəllim deyir ki, məşhur dramaturq Nəcəfbəy Vəzirov  1 878—1886-cı illərdə Dilican və Qaraqoyunlu dərəsində baş meşəbəyi işləyib. Qaraqoyunlunun adlı-sanlı insanlarından olan Ocaqqulu Tanrıverdioğlu və Gülməmməd Həsənoğlu onunla bərabər işləyiblər. Bəryabad və Gölkənd kəndlərindəki Şamlıq meşələri də həmin dövrdə salınıb.

Mahir Alıyev: “Qaraqoyunluda sivil təhsillə bağlı ilk məlumatlar XIX əsrin əvvələrinə aiddir.

Əhməd Seyidov “Qori Müəllimlər seminariyası və onun məzunları”adlı kitabında Qaraqoyunluda təhsillə bağlı bəzi məqamlara aydınlıq gətirib. Qori Müəllimlər Seminariyasının məzunlarından biri olan Nəcəf bəy adlı biri (soyadını unutmuşam) indiki Qazax rayonunun Qaymaqlı kəndində bir rus-tatar məktəbi açır. Sonra Qazax qəzasının Qaraqoyunlu dərəsinin coğrafi mərkəzi olan Çaykənddə rus-tatar məktəbi açılır. Onun ilk məzunlarından biri, (indi o birilərini bilmirəm), məşhur inqilabçı Bala Əfəndiyev olub. Bala Əfəndiyevin əmisi Molla Məhəmməd (Asif Atanın babası) savadlı, çox mərd  və məşhur bir adam olub. O, öz dövrü üçün çox uzaq görən ziyalı adam idi”,-deyir.

Azərbaycanda sovet hökuməti qurulandan sonra isə Qaraqoyunlular arasında yeni ziyalılar nəsli yetişdi, onlarla alm çıxıdı. Mahir müəllimin sözlərinə görə, cəmi 50-60 evi olan Əmirxeyir kəndindən 2 general, 6 elmlər doktoru, 20-dən çox elmlər namizədi var: “Təkcə keçmiş təhsil naziri Misir müəllimin anadan olduğu Göyərçinli kəndindən 6 professor, təxminən 20-30-da elmlər namizədi çıxıb.  Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Qarayev Zakir də Göyərçinli kəndindəndir. Bundan əlavə Göyərçinli kəndindən 2 polkovnik çıxıb və onlar müxtəlif rayonlarda polis rəisi işləyirlər

Gölkənd Qaraoyunlunun ən böyük kəndidir, orada 7-8 elmlər doktoru, 30-a qədər də elmlər namizədi var. Onların adlarını, elmimizin inkişafına verdikləri əvəzsiz töhfələri bir-bir saysaq, gördükləri işlərdən danışası olsaq cild-cild kitablara sığmaz”.

Türkiyəyə köç edən Qaraqoyunlular arasından da çoxlu sayda ziyalı, elm, mədəniyyət xadimi çıxıb. Onlardan ən məşhuru Dünya  Plastik Cərrahiyyəsinin prezidenti olaq, Azərbaycan xalqının dostu doktor  İbrahim Yılmazdır

 

Yurd yanğısı

SSRİ dağılan ərəfədə  erməni millətçiləri  tərəfindən doğma, qədim dədə-baba torpaqlarında yaşayan azərbaycanlıların qətliamı başladı. Belə vəziyyətdə heç yerdən kömək almayan və başdan-ayağa  silahlanan ermənilər qarşısında əliyalın qalan Qaraqoyunlular da dədə-baba torpaqlarını tərk etməyə məcbur oldular. Onlar, əvvəlcə, Şəmkirə və digər rayonlarımıza köç etdilər. Sonra isə Sumqayıt və Bakı ətrafında yerləşdilər.

Mahir Alıyev isə silaha sarılaraq könüllü şəkildə düşmənlə döyüşlərə getdi. 1992-ci ildən 1996-cı ilə kimi düşmənlə döyüşdü. 1996-cı ildə mayor rütbəsində o, döyüşən ordudan ehtiyata buraxıldı. Ehtiyata buraxıldıqdan sonra müxtəlif işlərdə  işlədi. Hazırda  Mahir Alıyev “Azərnəqliyyatinşaat” şirkətinin direktorudur.

Mahir müəllim o ağır günləri həyəcanla xatırlayır və özü də hiss etmədən gözləri dolur. Bu dünyada yurd itkisindən, yurd yanğısından  ağır yanğı, böyük dərd ola bilməz. Amma bu yurd yanğısı yalnız Qaraqoyunluların, Qərbi Azərbaycanda yaşayanların deyil, bizim bütün azərbaycanlıların yanğısıdır.  Vaxt gələcək  əsarət altında olan  torpaqlarımız düşməndən azad ediləcək, Qaraqoyunlular da, işğal edilmiş dədə-baba torpaqlarımızı tərk etməyə məcbur olan digər soydaşlarımızın da hamısı yenidən ana yurda qayıdacaq, onda  əcdadlarımızın ruhları da buna görə  o torpaqlara qayıdanları səssiz salamlayacaq, onlarla sevinəcək, şadlıq edəcəklər…ƏZIZ MUSTAFA