Tariximizin qan yaddaşı – Qaraqoyunlular (2)

Mir Həmzə Nigari, Xas Məhəmməd Şirvani, Molla Məhəmməd Yaraqi, Cəmaləddin Qazıqumuqlu və digərləri onun sevimli müridləri olub.
 Xas Məhəmməd Şirvani və Molla Məhəmməd Yaraqi bu təriqəti Dağıstana kecirən və orada yayan şeyxlərdir. Daha sonra gələn Cəmaləddin Qazuqumuxlu və müridləri Qafqazda bu təriqəti daha geniş yayıblar. Nəqşibəndinin Dağıstanda yayılmasında Molla Məhəmməd Yariqinin (Yarıqlının)Yaraq kəndindəki mədrəsəsi müstəsna rol oynayıb.  Ruslara qarşı azadlıq mübarizəsinə qalxan mücadilənin rəhbərləri olmuş Qazı Məhəmməd, imam Şamil kimi şəxsiyyətlər həmin məktəbin yetirmələridir. Şirvaninin Qarabağ bolgəsində fəaliyyətləri isə xəlifəsi Mir Həmzə Nigari ilə bağlıdır. O, Qarabağ xanlığınınn Cicimli kəndində 1805-ci ildə dunyaya gəlib. Əvvəlcə, Şəkinin Dəhnə kəndində təhsil alıb, sonra Sivasa köçərək İsmail əfəndinin yanına gedib. Təhsilini tamamlayaraq Qarabağa qayıdıb. Həmzə Nigari Qarabağ bölgəsindən başqa Şərqi Anadoluda Azərbaycanın Qarabağ və şimal-qərb bölgəsində bir cox mürid yetişdirərək bunlarla şöhrət tapıb. Xüsusi ilə Aslanbəyli Hacı Mahmud Əfəndinin geniş fəaliyyəti nəticəsində Borçalı, Qarabağ və Qazax bölgəsində xalqın böyük hissəsi Şeyx Nigarinin müridi olub. Bunların bir hissəsi daha sonra Türkiyəyə köçərək Amasiya və ətrafında yerləşiblər.

Bu təriqət bizim bölgə olan Qaraqoyunlu dərəsində də çox geniş yayılmışdı. Şeyx Nigari haqqında məlumatlara Firidun bəy Köçərlinin qeydlərində rast gəlinir. Firidun bəy Köçərli Şeyx Nigarini şəxsən görmüş Hacı Mirzə Abdul Kərim adlı şəxsin dediklərini olduğu kimi kağıza köçürüb.

Firidun bəy Köçərli yazır: “Şeyx Nigari ucaboylu, xoşsifət imiş, ibadət zamanı təbii halını dəyişib başqa hala düşürmüş. Kənardan onun bu halını görənlər heyrət və əndişəyə düşərmiş.  6 yaşı olduğu zaman anası onu qaraqaşlı Mahmud əfəndinin yanına təhsil almağa göndərir. Təhsilini Şəki qəzasının Dəhnə kəndində şikəst Abdullanın yanında davam etdirir, sonra isə Amasiyaya böyuk filosof Hacı Siracəddin əfəndinin yanına gedərək orada ondan dərs alır. 1839-cu ildə Cicimliyə dönür və burada  Əminə xanımla evlənir və sonra birmüddət Qazax mahalının Xanlıxlar kəndində yaşayır. Çar Rusiyası onun ətrafına yiğılanlardan təşvişə düşərək Azərbaycandan çıxmasını israrla tələb edir. Ona qədər bütün dindarlar Tambov şəhərinə sürgün edilirdi. Seyid Osmanlıya köç etməyə məcbur olur. Osmanlı dövləti onu Elazığın Harput kəndində yerləşdirir. Nigari 29 iyun 1885-ci ildə Harputda vəfat edir. Onun  cənazəsi Amasiyaya gətirilir və orada dəfn edilir. Seyidin ən sevimli müridlərindən biri Hacı Mahmud əfəndi Veysəl Qarani oğlu olub (1835-1896). Hacı Mahmud əfəndi 1835-ci ildə Qazax qəzasının Aslanbəyli kəndində doğulub, ilk təhsilini atasından alandan sonra Şəki şəhərində təhsilini başa vurur. 1870-ci ildə Amasiyaya gedir. Seyidin müridi olur. 5 il sonra doğma kəndinə dönür və burada elmi bilikləri təbliğ etmək üçün öz vəsaiti hesabına mədrəsə açır. Ruslara qarşı mübarizədə Şeyx Şamili açıq şəkildə mudafiə etdiyinə görə təqiblərə məruz qalaraq iki dəfə həbs olunur. Birinci dəfə Qazaxda (Şəkərin qalasında), ikinci dəfə isə Tiflisdə (Tamara) qalasında həbs cəzasını çəkir. Həbsdən çıxdıqdan sonra Çar hökuməti ona müsəlman ölkələrin birinə köçməsinə icazə verir. Hacı Mahmud əfəndi isə Türkiyəyə köç edir və orada müəlliminin vəfat etdiyini eşidir. Sevimli müəlliminin adını əbədiləşdirmək üçün dostu və məsləkdaşı Mir Həsən əfəndi ilə birlikdə qəbirin üzərində cami tikməyə qərar verir. Müəyyən müddətdən sonra pulları qurtarır. Hacı Mahmud əfəndi ailəsini və uşaqlarını Mir Həsən əfəndinin yanında qoyub özü Azərbaycana dönür. Azərbaycandakı müridlərin yardımı ilə Amasiya şəhərində Mir Həmzə Nigarinin qəbrinin üzərində cami tikdirir. Azərbaycana döndüyü zaman burada xeyli mürid yetişdirir. Qaraqoyunlu dərəsində Hacı Rəsul əfəndi (Göyərçinli kəndi), Hacı Hətəm əfəndi (Çaykənd), Hacı Haşım əfəndi (Gölkənd), Hacı Mahmud əfəndinin müridləri olub. Onlar Nəqşibəndini təbliğ etmişlər”.

“Azərnəqliyyatinşaat” şirkətinin direktoru Mahir Alıyevin sözlərinə görə, 1896-cı ildə  Hacı Mahmud əfəndi rəhmətə gedib. Onu anadan olduğu Qazaxın Aslanbəyli kəndində dəfn ediblər. Mahir müəllim həmin dövrdə Hacı Mahmud ağanın Yavuz əfəndi adlı sevimli bir şagirdinin olduğunu da xüsusi qeyd edir.  Yavuz şiə idi və  Hacı Mahmud Əfəndidən əvvəl vəfat etmişdi.  Mahir müəllim deyirki Hacı Mahmud əfəndinin böyüklüyü onda idi ki, o vəsiyyət etmişdi ki, məni şiə məzhəbinə mənsub olan müridim Yavuz əfəndinin yanında dəfn etsinlər. Bununla da o sünni- şiə ayrılığını aradan götürmək istəmiş və bununla da özündən  sonra gələnlərə bir ibrət dərsi  vermək istəmişdi. Onların qəbri  qoşadır, bir yerdədir.  Nəqşibəndi təriqətinin ən fəal  davamçılarından biri olan Xuluflu Hüseyn əl- İstanbuli isə onlardan xeyli sonra Haqqın rəhmətinə qovuşdu. Mahir müəllimin araşdırmalarına görə, Hüseyn Xuluflu əl İstanbulinin bir əsəri var. Mahir müəllim: “Hüseyn Xuluflu əl-İstanbulinin əsərində deyilir ki, Qazax qəzasının Dağlıq hissəsinə Darlıq dərəsi deyilir. Darlıq dərəsində məni aşağıda adı sayılan insanlar qonaq apardı. Hacı Rəsul, Hacı Hətəm, Hacı Həşim. O, əsərində dördün-nün adını çəkir. Mən bunlarla maraqlandım, Qaraqoyunluda bunları tanıyan olmadı. Amma bildirdilər ki, Hacı Rəsul mənim nənəmin birinci ərinin qaynı olub. Türkiyəyə gedəndə mən Türkiyədəki  Qaraqoyunlu nəslinin məşhur simalarından biri olan tanınmış cərrah İbrahim Yıldırıma zəng etdim ki, həmin adamları tanıyırsınızmı? O məşhur professordur, həkimdir, eyni zamanda bu sahənin çox gözəl bilicisidir. Ədalət Tahirzadə “Azərbaycan” qəzetində onun haqqında geniş bir məqalə ilə çıxış etmişdi. Nə isə,  İbrahim Yıldırımdan soruşdum, o da dedi ki, Mir Həsən əfəndi Hacı Rəsulun qucağında öldü. İndiki Slovanın Ayrançı kəndində dəfn edilib. Tale elə gətirdi ki, o rəhmətə gedəndən sonra Nigarinin qəbri üzərində Siracəddin əfəndinin oğlu Türkiyənin sonuncu sədr-əzəmi öz hesabına  məscidi tikdirdi. Bu gündə o məscid Şirvanlılar məscidi adlanır, hazırda bu məscid Amasiyanın yuxarı hissəsindədir”,- deyir.

Mahir müəllim Qaraqoyunludan Türkiyəyə  olan köçləri də xatırladaraq bildirir ki, Nəqşibəndi təriqəti Qaraqoyunlular arasında geniş yayıldığından və ona etiqad olduqca güclü olduğundan yerli əhali öz şeyxlərinin ardınca Türkiyəyə köç etmək barədə qərar qəbul etdilər. Bu köçün birinci dalğası 1892-ci ildə başladı.

1892-ci ildə indiki Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsindən əhalinin  Türkiyənin Amasiya vilayətinə ilk köçlər getdi. Qaraqoyunluların Osmanlıya köç etməyə başlaması çar hökuməti tərəfindən məmnunluqla qarşılandı. Çünki onlar boşalmış ərazilərdə malakanları  məskunlaşdırmaq niyyətində idilər. Öz, növbəsində Osmanlı hökuməti Qaraqoyunluları aranda, isti ərazilərdə yerləşdirdi. Adət etmədikləri isti hava isə Qaraqoyunluları ağır vəziyyətə salmışdı. Onlar Aranın isti havasına dözə bilmirdilər. Ona görə də Qaraqoyunludan köç edənlərin bir hissəsi geri-dədə-baba torpaqlarına qayıtmağa məcbur oldu. Qaraqoyunluların yeni yerdə vətən həsrətini, doğma torpaqlar üçün darıxdıqlarını Osmanlıya köç edənlər onlar arasında yazı-pozu bilən 3-5 nəfərdən biri olan Hacı Əmirxanın yurd yerində qalan Molla Məhəmmədə yazdığı şeir də sübut edir.

O, molla Məhəmmədə yazır ki, Qaraqoyunlu üçün ürəyim tökülür, gözüm çıxır.  Yaz görüm nə var, nə yox oralarda.

O, məktubunda belə bir şeir də yazır:

 

 

Əmirxeyrin Bəryabadın meşəsi,

Açılıb laləsi, tər bənövşəsi.

Dəstə-dəstə gəzir  gəlin, qızlar  dəstəsi,

Bu yerləri  qoyub gedən ağlasın.

 

Püstə,  Dikdaş, bir də Nigar bulağı,

Qarayasdı Tuklutəpə oylağım.

Tazucan gərdəni Qanqallı dağı,

Bu yerləri gəzib görən aglasın.

 

Yanıqpəyə, Xalıkəndi, Xaraba

Qaraqaya, Kilsə gəlir xəyala,

Ceyran, Cüyür, qarışıbdır marala,

Bu yerləri görüb gedən ağlasın.

 

Mahir müəllim: “Qaraqoyunluların bir hissəsi doğma dədə-baba torpaqlarına qayıtsa da, onların digər hissəsi  Osmanlıda qaldı. Ona görə də indiki Türkiyə ərazisinin Əzirkörpü, Tokat, Sivas, Amasiya, Merzifonda Qaraqoyunlular yaşayırlar. Amma onları orada şirvanlı, ya da qarapapaqlar kimi tanıyırlar.  Onu da deyim ki, Qaraqoyunluların bəzilərinin dədə-baba torpaqlarına qayıtması ilə bağlı rəhmətlik babam deyirdi ki, onlar istiyə dözə bilməyiblər. Rəhmətlik babamın sözlərinə görə, Qaraqoyunluların qayıtmasına səbəb su içən camışın boğazına zəli yapışması olub. Babamın babası bunu görüb deyibmiş ki, mən Göytalada maral ovlayıram, nə gəzirəm bu istidə. Ona görə də ağsaqqalların dediklərinə görə köç edən qaraqoyunluların 25 faizi geri dədə-baba torpaqlarına qayıdıb”,- deyir.

Amma geri qayıdanların da başqa bir problemi ortaya çıxmışdı. Belə ki, onların qoyub getdikləri dədə-baba torpaqlarındakı  boş evlərində çar hökuməti malakanları yerləşdirməyə başlamışdı.