Tariximizin qan yaddaşı – Qaraqoyunlular (1)

0
482
Qaraqoyunlular Azərbaycan tarixində özünəməxsus bir iz qoyan və orta əsrlərdə güclü bir dövlət quraraq adlarını tariximizə qızıl hərflərlə yazdıran türk tayfalarındandır.
 Sonralar müəyyən səbəblər üzündən Qaraqoyunlular öz müstəqilliklərini itirsələr də, onların nümayəndələri uzun müddət Azərbaycanın həm şimalının, həm də cənubunun ictimai, siyasi həyatında önəmli rol oynamaqda davam ediblər. Hazırda Azərbaycanın həm şimalında, həm də cənubunda, o cümlədən Türkiyədə məskunlaşan Qaraqoyunluların törəmələrinin arasından onlarla məşhur elm, dövlət, sənət xadimləri çıxıb və onlar bu gün də ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməkdədirlər. Qaraqoyunlular bölgədə gedən müxtəlif tarixi proseslər nəticəsində Azərbaycanın müxtəlif bölgələrinə səpələnsələr də, onlar özlərinin şanlı tarixlərini, keçmişlərini unutmur, qədimlərdən gələn adət və ənənələrimizi yaşatmağa çalışırlar.  Qaraqoyunluların tarixini olduqca dəqiq bilən və bununla bağlı qeyri-adi yaddaşa malik olan ziyalı Alıyev Mahir Məmməd oğlu da belə vətənpərvər ziyalılarımızdandır.  Yeri gəlmişkən, onu da deyim ki, bu yaxınlarda “Qaraqoyunlu.com” saytında Mahir Alıyevin ağsaqqaların danışdıqlarından yadında saxladığı Hacı Əmirxanın qürbətdən Molla Məhəmmədə yazdığı “Darıxmışam vətən üçün” şeirini oxudum. Həzin və olduqca kövrək üslubda yazılan bu şeir mənə olduqca güclü təsir bağışladı. Mahir müəllim bu şeiri dərc etdirməklə Qaraqoyunluların keçmişinə, zəngin mənəviyyatına, mədəniyyətinə ,dünyagörüşünə bir daha işıq salaraq onları unudulmağa qoymamağa çalışıb. Mahir müəllimin  danışdıqlarına qulaq asanda bu qədər zəngin biliyə, tarixi keçmişimizə dərindən bələd olmasını, o dövrdə baş verənləri dəqiqliklə xatırlamasına heyrətlənməyə bilmirsən. Mahir müəllimlə bizim söhbətimiz də daha çox Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından didərgin salınan Qaraqoyunluların törəmələri, onların dünəni və bu günü haqqında oldu

Qaraqoyunlunun tarixi yaddaşlarda yaşayır

Mahir müəllim deyir ki, Ermənistandakı Qaraqoyunlu dərəsi Qərbi Azərbaycanın İcevan və Krasnoselsk ərazilərində məskunlaşan aşağıdakı kəndlərdən ibarət idi:

Hakkıxlı , Ağkilsə, Polad, Mirteyil, Salah, Qaraqaya,Yanıxpeyə, Xalı kəndi (1920-ci ilə qədər yaşayış məskəni olub), Çaykənd, Beryavat, Əmirxeyir, Golkənd, Civixli.

Mahir müəllim: “Bu kəndlərdə Qaraqoyunluların torəmələri məskunlaşmışdılar. İnqilaba qədər bizim dərənin rəsmi ünvanı belə idi: Gəncə quberniyası, Qazax qəzasının Qaraqoyunlu dərəsi. Ağsaqqallarımız deyirdilər ki, vağzalımız Ağstafa, bazarımız bizim Tiflis( Tbilisi) idi.

Onu da deyim ki, babalarımızın Qaraqoyunlu dərəsində məskunlaşması 1800-cü illərə təsadüf edir. Ona qədər Qaraqoyunlu dərəsi yaylaq yeri kimi istifadə olunurdu. Yenə də ağsaqqallarımızın dediklərinə görə, Qaraqoyunluda ilk qəbir Qacar Alı deyilən kişinin qəbri olub. 1970-ci ildə həmin qəbrin uzərində olan yazını oxumuşlar. Həmin qəbrin 150 yaşı var. Ona qədər ölənləri Qazax rayonunun Coğaz deyilən hissəsindəki Qaraqoyunlu qəbiristanlığında dəfn edirdilər. Bununla bağlı el arasında belə bir deyim yaranmışdı: Məni çiynində Hacıtəpəyə apar”, -deyə Qaraqoyunluların şanlı keçmişini yenidən xatırladır.

Qaraqoyunluların Qərbi Azərbaycana haradan köç etmələri ilə bağlı da çoxsaylı ehtimallar mövcuddur. Bəziləri onları Qarabağdan, digərləri isə başqa yerdən gəlmə hesab edir. Amma bu məsələdə bir faktın üstündən sükutla keçmək olmur. Bu da Qaraqoyunlu  dövlətinin süquta uğramasından sonra onların törəmələrinin çoxsaylı siyasi səbəblərdən Azərbaycanın şimal və cənubudan müxtəlif yerlərə köç etmələri, yer dəyişmələri ilə əlaqədardır. Belə yerdəyişmələr o vaxt tez-tez baş verdiyindən hansı  tayfanın hara köç etməsini müəyyənləşdirmək çətindir. Bu məsələdə ən etibarlı mənbə nəsildən-nəslə ötürülən məlumatlar, qan yaddaşıdır. El ağsaqqallarından eşitdikləri isə Mahir müəllimin çox yaxşı yadında qalıb. Mahir müəllim bu barədə belə deyir: “Ağsaqqallarımızın söylədiklərinə görə, Qaraqoyunlu dərəsi ərazisinə Qaraqoyunlular Qarabağdan gəliblər. Bu, harada isə təxminən 1840-1850-ci illərdə baş verib. O vaxt Qaraqoyunlu dərəsinə köç edən Qaraqoyunlulardan birinin qardaşı  indiki Naftalanın Qaşaltı Qaraqoyunlu kəndində qalıb, adı da Allahverdi olub. Onlar aslanlılar kimi tanınırlar, soyadları Aslanov yazılır, amma bilmirlər keçmişlərini, bizlər Qaraqoyunlular isə az-çox bilirik tariximizi. Allahverdinin törəmələri indiki Qaşaltı Qaraqoyunlu (Naftalanda), Tapqaraqoyunludadır (Goranboy). Deməli, qardaşların birinin, Allahverdinin törəmələri oradadır. Hətta  o vaxt belə xəbər gəlmişdi ki, Qaraqoyunludan birinin atası ölüb, uşaq yetim qalıb, gəlin yetiminizə sahib çıxın. Mənim ulu babam Həsənoğlu Gülməmmədlə gedib o uşağı gətiriblər. Bizdə ona qərib deyiblər. Onun törəmələri indi də yaşayırlar. Tapqaraqoyunlunu, Qaşaltını gedib gəzmişəm. Onların da “burada bir qərib vardı”,- deyə yadlarında az-çox qalıb.

Yadımdadır, kəndimizdə bir Layış paşa vardı, məni onların niyə belə adlanması çox maraqlandırırdı. Layışlardan rəhmətlik Balakişi vardı, haradasa 110 il yaşadı.  Bir dəfə ondan sorudum ki, bəs sizə niyə Layış deyirlər. Dedi ki, mənim dədəmin ulu-babalarının qonşuları lahıclar idi. Ona görə onlara lahıc-layış deyirdilər. Bu tayfanın adamları İsmayıllıdakı Girdman çayının adını da özləri ilə yeni yerə gətirmişdilər. Çaykənddən Dəryavada qalxanda bir uçurum yer vardı, ona Kirdivan deyirdilər…”

Bütün bunlar isə onu göstərir ki, qaraqoyunlular arasında Qaraqoyunlu dərəsinə Azərbaycanın müxtəlif yerlərindən köç edən Qaraqoyunlu törəmələri olub.

Onu da deyək ki, Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra qədim Azərbaycan torpaqlarına İran və Türkiyədən ermənilərin, Rusiyadan isə malakanların və ya duxoborların köçürülməsinə başlanılmışdı. Çarizm bununla da Azərbaycanda yaşayan yerli xalqı buradan tədricən sıxışdırıb çıxarmaq, onların yerinə köçürülən  erməni və rusların simasında özünə dayaq tapmaq niyyətində idi.

Qaraqoyunlular yaşayan ərazilərə də Rusiyanın müxtəlif yerlərindən malakanları, xoxolları köçürürdülər.  Malakanların köçürüldüyü kənd inqilaba qədər Mixaylovka adlanırdı. 28 noyabr, 1921-ci ildə Ermənistanda sovet hakimiyyəti qələbə calandan sonra Mixaylovkanın adını dəyişib, Krasnoselo qoydular.1937-ci ildə həmin ad altında rayon yaradıldı.

Nəqşbəndiliyin yayılması və Qaraqoyunlular

Mahir müəllimin sözlərinə görə, Qaraqoyunluların bir hissəsi 1892-1896-cı ildə Türkiyəyə köç edib.  O deyir ki, köçə səbəb Qaraqoyunlular arasında geniş yayılan Nəqşbəndi təriqəti olub. Mahir müəllim Qaraqoyunluların köçünə səbəb olan Nəqşbəndi təriqəti barəsində elə həvəslə danışır ki, onun  bununla bağlı bildiklərinə sahəni araşdıran məşhur tədqiqatçılar belə həsəd apara bilərlər.

Onun sözlərinə görə, türk dünyasında islamın yayılması əsrlər boyu davam edib  Bu işdə müxtəlif təriqətlərin böyük rolu olub. Onlardan biri də Nəqşbəndi təriqətidir. Nəqşbəndi təriqəti Orta Asiyada yaranmışdı və onun  banisi “Şah Nəxşibendi”kimi tanınan buxaralı türk Bahəddin olub. Bu təriqət 15-ci əsrdə yaranaraq yayılmağa başladı. Bu təriqətin Azərbaycana gətirilməsi isə İsmail Siracəddin Şirvaninin adı ilə bağlıdır.

Mahir müəllim deyir: “Haci Siracəddin Şirvani 1783-cü ildə Şirvan xanlığının Kürdəmir kəndində doğulmuşdu və ilk təhsilini atasından almışdı. Sonra Şamaxı, Ərzincan,Tokat, Bağdadda mükəmməl təhsilə yiyələndi. Bağdad şəhərində  Xalid Bağdadinin müridi oldu, onun təlimini tam mənimsədi. 1807-ci ildə mürşidindən icazə alaraq, Kürdəmirdə mükəmməl bir məktəb açır. 1812-ci ildə Həccə gedir və Yaxın Şərqin bir çox şəhərlərini gəzir. Yenidən Kürdəmirə qaydıraq yaratdığı məktəbin fəaliyyətini davam elətdirir. Bu məktəbin sorağı Azərbaycanın və Dağıstanın hər yerinə yayılır. Nəticədə bütün bölgələrdən həmin məktəbə oxumağa Şirvaninin müridi olmağa insanlar gəlir. Böyuk sərkərdə Şeyx Şamilin müəllimi Molla Məhəmməd Yarıxlı da həmin məktəbin məzunu olub. Rus üsul-idarəsinin təzyiqi ilə Azərbaycandan çıxarılana qədər Hacı Siracəddin Şirvani, buradakı məktəbdə fəaliyyət göstərir. 1826-ci ildə, əvvəlcə, Ahıskaya köçür. Ahıskanın ruslar tərəfindən işğalından sonra Anadoluya gedərək Osmanlı dövlətinin himayəsinə girir. Sivasda 9 il qaldıqdan sonra 1841-ci ildə Amasiyaya yerləşən Şirvani vəfatına qədər burada fəaliyyət göstərir. Şirvani Azərbaycan və Dağıstanda bir çox mürid yetişdirib.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here