Tariximizin qan yaddaşı – Dərbənd qalası

0
673

Bakıdan 3-4 saatlıq məsafədə Rusiya Federasiyası ərazisində həsrətimizin yanğısı, arzularımızın arzusu hesab edilən Dəmirqapı Dərbənd şəhəri yerləşir.

Rusiyanın bu qədim yurd yerimizi işğal etməsinə kimi Azərbaycanın şimala açılan qapısı rolunu oynayan Dərbənd şəhəri min illər boyu türk şəhəri kimi şöhrət tapmışdı. Amma rus işğalına baxmayaraq, Dərbənd şəhəri türk yurdu olaraq qalıb və indinin özündə də qalmaqda davam edir. Bu baxımdan Dərbəndin qədim türk yurdu, qədim türk mədəniyyət mərkəzlərindən biri olması əksər tarixçilər tərəfindən sübuta yetirilib. Eramızın ilk yüzilliklərində Dədə Qorqud bu ulu yurd yerində at oynatmış, hündürboylu türk alp ərənlərin qəhrəmanlıqlarına söz qoşmuş, qopuzu ilə onları öymüş, tərifləmiş, onlara göstərdikləri igidliklərə uyğun da ad vermişdi. Tanınmış tədqiqatçıların bəzilərinin fikrincə, Dədə Qorqudun da qəbri Dərbənd şəhərindədir. Şəhərin yaşı bilinmir. Arxeoloqlar və tanınmış tədqiqatçı tarixçilərdən bəziləri onun 3 min, bəziləri isə 5 min yaşı olduğunu söyləyirlər. Amma bu qədim türk yurdunda – Dəmirqapı Dərbənddə aparılan son qazıntı işləri onun eramızdan 4-5 min il əvvəl salındığını göstərir. Təsadüfi deyil ki, “Kitab-i Dədə Qorqud”da Dəmirqapı Dərbəndin də adı çəkilir. Dərbənddə qədim tariximizi yaşadan çoxlu tarixi mədəniyyət abidələrimiz var. Onlardan biri də əzəməti ilə seçilən və tariximizdə şanlı qəhrəmanlıq səhifəsi kimi qalan Dərbənd qalasıdır.

Bu qala Dərbəndin müdafiəsi üçün yaradılıb. Qeyd edək ki, Böyük Qafqazın Calqan dağ silsiləsi Xəzərə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi başlanğıcında bu keçidi qapayırdı. Hələ e.ə. VI əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən “Kaspi qapısı” adlı keçidi xatırlatmışdılar. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı.

Hunların ən qüdrətli çağında – Avropanın yarısını fəth etdikləri V əsrdə onlara qarşı yaradılan Dərbənd səddi Dərbənd qalası və Dağbandan ibarətdir. Narınqalanın cənub-şərq bucağından başlayan Dağbarı meşəlik və yarğanlı keçilməz dağlarla qərbə – Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalıqlarının uzunluğu indi 40 km-dən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan Dağban bütün ətraf ərazini nəzarət altında saxlayırdı. Onun quruluşu az qüvvə ilə böyük qoşun hissələrinin hücumlarının qarşısını kəsməyə imkan verirdi.

Dərbənd qalası ilkin orta əsrlərin Azərbaycan istehkam tikintisinin şah əsəridir. İnşaat texnikasının yüksək səviyyəsinə, rəngarəng relyefə uyğun planlaşma-məkan quruluşuna, memarlıq kütlələri, biçimlərinin emosional təsir gücünə görə Dərbənd şəhəri tikinti və şəhərsalma sənətimizin görkəmli uğuru idi. Dəmirqapı Dərbənd – el içində bu adla tanınmağın bir səbəbi onun hərbi-strateji baxımdan çox məsuliyyətli bir yerdə keçidi qapayan iki paralel divar arasında yaranmış möhkəm qapı-şəhər olması idi. El yaddaşında, eləcə də səyyahların yol yazılarında Dərbənd Dədə Qorqudun basdırıldığı müqəddəs yer kimi də anılır. Dərbənd qalası bu gün də əzəməti ilə görənləri heyrətə salmaqda tariximizin daşlaşmış yadigarı olaraq qalmaqda davam edir…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here